Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir

Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir

18.09.2026 [12:43]

Azərbaycanın paytaxtı Bakı son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, eyni zamanda dini-mənəvi, elmi və mədəni dialoqun aparıldığı beynəlxalq platforma kimi də öz mövqeyini möhkəmləndirir. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Görüşdə dövlət başçısının çıxışı Azərbaycanın Türk dünyası və Qafqaz coğrafiyasında tutduğu xüsusi mövqeyə, ölkəmizin dini-mədəni irsin qorunmasına verdiyi önəmə və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə diqqət çəkir. Prezident İlham Əliyev qeyd edib ki, Bakıda eyni günlərdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və XV əsrin böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi rəmzi məna daşıyır.

Seyid Yəhya Bakuvi Azərbaycan tarixinin zəngin mənəvi-intellektual irsində xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin adlarını xronoloji ardıcıllıqla qeyd edərək Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük dühaların miqyasına diqqət çəkib. Bu irsin yalnız Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının və bəşəriyyətin mədəni sərvəti olduğu vurğulanıb.

Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq tədbirin məhz Bakı şəhərində keçirilməsi də təsadüfi deyil. Azərbaycanın tarixi-mədəni məkanı əsrlər boyu müxtəlif elmi, fəlsəfi və dini düşüncə məktəblərinin formalaşdığı coğrafiya olub. Bu irsin müasir dövrdə beynəlxalq səviyyədə öyrənilməsi və təbliği Azərbaycanın öz milli-mədəni dəyərlərinə münasibətinin göstəricilərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və mədəni əlaqələrinin qeyd olunmasıdır. Azərbaycan həm Türk Dövlətləri Təşkilatının üzvü, həm də Qafqazın mühüm ölkələrindən biri kimi iki böyük coğrafiyanın kəsişməsində yerləşir. Dövlət başçısı Azərbaycanın tarixinin bu əlaqələrin dərin köklərə malik olduğunu göstərdiyini bildirərək Qafqaz Albaniyasının və Atabəylər dövlətinin tarixindən nümunələr gətirib.

Bu baxımdan Bakıda müxtəlif ölkələrdən olan dini liderlərin bir araya gəlməsi yalnız dini xarakterli tədbir kimi qiymətləndirilə bilməz. Burada söhbət eyni zamanda xalqlar və cəmiyyətlər arasında qarşılıqlı etimadın, həmrəyliyin və dialoqun möhkəmləndirilməsindən gedir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan olan dini nümayəndələrin də görüşdə iştirakı bu platformanın coğrafi və mənəvi əhatəsinin genişliyini nümayiş etdirir.

Azərbaycanın belə bir dialoq məkanına çevrilməsində ölkənin multikultural və tolerantlıq ənənələrinin də xüsusi rolu var. Müxtəlif dini və mədəni icmaların uzun illər ərzində qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycanın beynəlxalq aləmdə təqdim etdiyi mühüm dəyərlərdən biridir. Bu ənənənin regional və beynəlxalq müstəvidə təşviqi dinlərarası və mədəniyyətlərarası anlaşmaya töhfə verən amillər sırasında yer alır.

Görüş zamanı İslam həmrəyliyi məsələsi də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışında dini liderlərin sözünün və mövqeyinin müsəlman dünyası üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan dini rəhbərlərin bir araya gəlməsi, fikir mübadiləsi aparması və ortaq mənəvi dəyərlər ətrafında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə səslənən fikirlərdə Azərbaycanın Qarabağ bölgəsinin dini-mədəni irsi də öz əksini tapıb. Nümayəndə heyətinin Ağdam məscidinə səfər etmək və konfransın işini orada davam etdirmək təşəbbüsü Azərbaycan tarixinin mühüm səhifələrindən biri ilə bağlı dini və mənəvi yaddaşın qorunması baxımından diqqətçəkəndir. Prezident İlham Əliyev Ağdam məscidinin tarixi əhəmiyyətini qeyd edərək onun Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.

Burada əsas məqamlardan biri də Azərbaycanın İslam dünyası ilə münasibətlərində dini dəyərlərlə yanaşı, sülh, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini önə çıxarmasıdır. Dünyada müxtəlif dini və mədəni zəmində qarşıdurmaların mövcud olduğu bir şəraitdə dini liderlərin dialoq platformalarının genişləndirilməsi cəmiyyətlər arasında anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin görüşdə irəli sürdüyü təkliflərdən biri də Türk dövlətlərinin müsəlman dini liderlərinin belə toplantılarının ənənəvi xarakter alması ilə bağlı olub. Dövlət başçısı bu cür görüşlərin hər il və ya iki ildən bir keçirilməsinin mümkünlüyünü qeyd edərək bunun fikir mübadiləsi, müzakirə və birliyin nümayişi baxımından faydalı ola biləcəyini bildirib.

Bütün bunlar göstərir ki, Bakı yalnız tədbirlərə ev sahibliyi edən şəhər deyil, həm də müxtəlif ölkələrin, xalqların və dini-mənəvi dairələrin dialoqu üçün mühüm platformaya çevrilməkdədir. Türk dünyası ilə Qafqaz arasında tarixi və mədəni bağların mövcudluğu Azərbaycanın bu prosesdəki rolunu daha da əhəmiyyətli edir.

Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın milli-mənəvi irsə münasibətini, Türk dünyası ilə əlaqələrə verdiyi önəmi və dini liderlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə baxışını bir daha ortaya qoydu. Bakıda keçirilən bu görüş və beynəlxalq konfranslar Azərbaycanı ortaq tarixi, mədəni və mənəvi dəyərlər ətrafında birləşən xalqlar arasında dialoqun mühüm ünvanlarından biri kimi təqdim edir.

Seyid Yəhya Bakuvinin irsinin müasir dövrdə yenidən gündəmə gətirilməsi isə xüsusilə əhəmiyyətlidir. Çünki əsrlər əvvəl formalaşmış elmi və mənəvi irsin öyrənilməsi yalnız keçmişə nəzər salmaq deyil, həm də müasir cəmiyyətlər üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Məhz bu baxımdan Bakı görüşünün əsas mesajlarından biri ortaq tarix və mənəvi dəyərlərin xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etməsidir.

Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm tədbirlər bir daha nümayiş etdirir ki, ölkəmiz Türk dünyasının və Qafqazın müxtəlif dini-mədəni platformalarını bir araya gətirən dialoq məkanlarından biri kimi çıxış edir. Bu prosesdə milli-mənəvi irsin qorunması, dini həmrəyliyin möhkəmləndirilməsi və xalqlar arasında qarşılıqlı hörmətin təşviqi əsas istiqamətlər kimi diqqət çəkir.
 

Lalə İskəndərova,

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30