Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilanın dirçəlişi Zəfər tariximizin parlaq səhifəsidir

Zəngilanın dirçəlişi Zəfər tariximizin parlaq səhifəsidir

19.10.2026 [15:04]

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Zəngilan zəngin tarixi, təbii sərvətləri və milli-mənəvi dəyərləri ilə seçilən diyarımızdır. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon uzun illər doğma yurd həsrəti yaşayan sakinlərinin qayıdış gününü gözlədi. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək tariximizin yeni səhifəsini yazdı.

Zəngilanın azad olunması Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin mühüm mərhələlərindən biri oldu. Prezident İlham Əliyev bu münasibətlə xalqımıza müraciətində Zəngilanın azad edildiyi barədə müjdəni çatdırdı. Dövlət başçısının Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi “20 oktyabr həm zəngilanlılar üçün, həm bütün xalqımız üçün əbədi bir Zəfər günü kimi qalacaq” fikri bu günün tarixi əhəmiyyətini aydın ifadə edir.

Bu gün Zəngilan genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi məkana çevrilib. Yeni yaşayış kompleksləri, müasir infrastruktur layihələri, yollar və digər sosial obyektlər şəhərin gələcək inkişafına xidmət edir. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat imkanlarını genişləndirən mühüm addımlardandır. Doğma yurda qayıdan sakinlərin rahat yaşayışı üçün yaradılan şərait Böyük Qayıdışın ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilib. Həmçinin şəhərin azad olunması uğrunda döyüşlərdə igidlik və şücaət göstərən hərbi qulluqçuların xidmətlərini qiymətləndirmək məqsədilə “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Zəngilan Şəhəri Günü xalqımızın birliyini, ordumuzun qəhrəmanlığını və doğma torpaqlarımıza qayıdış əzmini təcəssüm etdirir. Bu gün azad Zəngilanın yenidən qurulması və dirçəlişi Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31