“Məlum olduğu kimi, bu günlərdə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya liderinin videokonfrans formatında keçirilən görüşü son dərəcə maraqlı bəyanatlarla yadda qalıb. Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatlarını təqdir edən, Ali Baş Komandan İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində yürütdüyü siyasətə birmənalı dəstək verən siyasi partiya rəhbərləri dövlət başçısının hərbi əməliyyatlar ərəfəsində göstərdiyi dəyanəti, atdığı müdrik addımları xüsusilə qeyd edirlər”.
Bu fikirləri Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
A.Səmədov deyib ki, videokonfransda çıxışları zamanı partiya sədrləri tərəfindən Ali Baş Komandanın qətiyyətli siyasətinin təqdir edilməsi Azərbaycanın haqlı mübarizəsində vahid mövqeyin, milli həmrəyliyin bariz nümunəsidir: “Tədbirdə Azərbaycan Ordusuna və Ali Baş Komandana yüksək etimadın və dəstəyin ifadə olunduğu bəyanatın imzalanması hakimiyyətlə siyasi partiyalar arasında aparılan dialoqun nəticəsi kimi dəyərləndirilib. Videokonfransda əməkdaşlığın bundan sonra da davam edəcəyinə və daha yüksək səviyyəyə qalxacağına dərin inam ifadə edilib”.
“Ermənistanın növbəti hərbi təxribatından sonra Ali Baş Komandanın əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusunun qazandığı qələbələr hamını vahid məqsəd - Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması naminə birləşdirib. Hakimiyyət təmsilçisi ilə siyasi partiya liderlərinin birgə iştirak etdikləri videokonfrans məhz bu birliyin nümunəsi olub”, - deyə A.Səmədov vurğulayıb.
QAŞQAY