“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbə nəticəsində qarşıda bizi doğma Qarabağ torpaqlarında görüləcək genişmiqyaslı işlər gözləyir. Eyni zamanda, dövlət başçısının müharibənin başa çatmasından sonra Zəfər və Anım günlərinin təsis olunması, həmçinin qələbəmizlə bağlı qəbul etdiyi digər qərarlar təqdirəlayiqdir. Bu tarixi zəfəri bizə yaşadan şəhidlərimizin anılması, onların yaxınlarına, eyni zamanda, qazilərimizə qayğı göstərilməsi, onların şücaətinin qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Dövlət tərəfindən döyüşdə fərqlənən hərbçilərə, o cümlədən zabitlərimizə ali hərbi rütbələrin verilməsi də olduqca müsbət addımlardır”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlanılması böyük əhəmiyyətə malikdir: “Təbii ki, bu məsələlərdə dövlət başçısının yürütdüyü siyasətə dəstək verməli və vahid mövqedən çıxış etməliyik. Tam əminliklə deyə bilərəm ki, böyük zəfər əldə edən xalqımız Vətən müharibəsi dövründə olduğu kimi, bundan sonra da bütün təxribatçı cəhdlərin qarşısını alacaq”.
Qaşqay