“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi xalqımızda sonsuz bayram əhval-ruhiyyəsi yaradıb. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət ordumuzun və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. Böyük təntənə ilə Zəfər Paradının keçirilməsi isə Azərbaycan Ordusunun qüdrətinin bir daha ortaya qoyulmasıdır. Eyni zamanda, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Zəfər Günü”, “Anım Günü”, həmçinin Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, şəhid ailələri və qazilərə yardım məqsədilə “YAŞAT” Fondunun yaradılması və digər addımlar Azərbaycan xalqının ürəyincədir”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, bununla yanaşı, Azərbaycan Prezidentinin birbaşa nəzarəti altında işğaldan azad edilən ərazilərimizdə çox ciddi quruculuq işlərinə başlanılıb: “Çox güman ki, yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikası ilə kommunikasiya əlaqələrinin bərpası üçün də mühüm işlərin görülməsinin şahidi olacağıq. Bütün bunların hamısı Vətən müharibəsində əldə edilən uğurların nəticəsidir. Ən əsası isə odur ki, Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Möhtəşəm Zəfərin nəticəsi olaraq ərazi bütövlüyümüz təmin olunub”.
Q.ZİYƏDDİNOĞLU