Güclü dövlət və milli maraqlara xidmətin 34 illik inkişaf yolu

Güclü dövlət və milli maraqlara xidmətin 34 illik inkişaf yolu

 

Tarixdən bəllidir ki hər bir xalqın taleyində çətinli-asanlı günlər olub, həlli çətin olan problemlərlə üzləşərək çarəsiz qalan vaxtları olub.  Bütün xalqlar həmin çətinlikləri dəf etmək üçün nicat yolu axtarıb. Bəziləri həmin çətinliklərdən çıxa bilməyib, bəziləri isə özünün xilaskarını taparaq üzləşdiyi həlli çətin problemlərdən qurtula bilib. 

Məhz Azərbaycan xalqı da XX əsrin sonlarında yenidən müstəqillik əldə etdiyi zamanda belə bir çətin məqamla üz-üzə qalmış, sonda tanrının zamanında Azərbaycan xalqına bəxş etdiyi, millətinin xilaskarı olan ulu öndər Heydər Əliyevin sayəsində bu çətinliklərdən çıxmış, məhvolmaq təhlükəsindən qurtulmuşdur.

Belə ki, Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş Respublikalardan biri kimi Azərbaycanda da, müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başladı. 1990-cı ilin əvvəlində bir sıra siyasi partiyalar yarandı ki, həmin partiyalar da ölkəni düşdüyü ağır iqtisadi və siyasi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda, xalqın gələcək taleyini düşünən 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütöv bir xalqın arzu və istəklərinin ifadəsi idi.

Ulu Öndər Heydər Əliyev, xalqın tələbini əks etdirən müraciəti səmimi qəbul etdi, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Məhz, həmin ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq Müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, məhv olmaqdan xilas etdi. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

“Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, xalqın xoşbəxt gələcəyi üçün canından keçməyə belə hazır olmuşdur. Azərbaycanlı olmağı ilə fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamını reallığa çevirdi, özünün Azərbaycanda əbədi olmasını təmin etdi.

Bu bir aksiomadır ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla xalqımızı məhv olmaqdan xilas etdi,  müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən qurtardı, ölkəmizi tənəzzüldən-inkişaf yoluna çıxardı. Ulu Öndər 2003-cü ilin oktyabr ayında Prezident seçkiləri öncəsi xalqa müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin  dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək, xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi  və zaman Heydər Əliyevin bu inamını təsdiq etdi. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə  Azərbaycanın daha da  inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı.

Yarandığı gündən başlayaraq 34 illlik fəaliyyəti zamanı güclü dövlətin yaradılmasına və milli maraqların qorunmasına xidmət edən, dövlətə və xalqa sadiq olan Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən, ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya yoxdur.

Bu gün Cənubi Qafqazın ən güclü siyasi qüvvəsinə çevrilmiş,  öz sıralarında 740 mindən çox məsləkdaşı birləşdirən Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib.

Sözün əsil mənasında partiyamızın yaranmasından başlayaraq, ölkəmiz beynəlxalq təcriddən çıxmağa başladı. İqtisadi vəziyyəti düzəltmək, xarici sərmayəni əldə etmək üçün ilk növbədə 1994-cü ilin may ayının 12-də cəbhədə atəşkəs elan edildi. Sentyabr ayının 20-də isə "Əsrin kontraktı" imzalandı və ölkəyə böyük investisiya axını gəlməyə başladı. Eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu və Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır, bu siyasət uğurla davam etdirilir və bundan sonra da davam etdiriləcək.

Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin edib. Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın öz ata-baba torpaqlarına Böyük Qayıdışı təmin olunur.

34 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkə rəhbərinin bu günki qələbələrimizin əsasının Yeni Azərbaycan Partiyasının təsis qurultayında qoyulduğunu söyləməsi, görülən işlərdə və əldə olunan nailiyyətlərdə partiyamızın fəallarının mühüm töhfəsi olduğunu qeyd etməsi, dövlətçiliyimizin inkişafına, xalqımızın daha xoşbəxt gələcəyinə hədəflənmiş vəzifələr barədə verdiyi tapşırıq və tövsiyələr, qürurverici olmaqla yanaşı hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti daha da artırır.

Bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur.  Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.        

Nəticə etibarı ilə ölkədə dərin iqtisadi islahatlar aparılır, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq üçün lazımi tədbirlər görülür, qeyri neft sektorunun inkişafı üçün gözəl perspektivlər açılır. Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını həm istehsal edir, həm də ixrac edir. Valyuta ehtiyatlarımız  ildən-ilə artıraraq 90 milyard dollara çatıb.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın inkişafı daimi olacaq, Ulu Öndərin yaratdığı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafeləri istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.

Ulu Öndərimizin Partiyanın I qurultayında qeyd etdiyi kimi: “Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə verməyəcək, get-gedə öz yerini möhkəmləndirəcəkdir”.

Bu fikir bu gün olduğu kimi, gələcəkdə də öz qüvvəsini, aktuallığını saxlayacaqdır  və ona əməl etmək isə,  partiyamızın və qədirbilən xalqımızın ən ümdə vəzifəsidir.

 

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri