YAP Xaçmaz rayon təşkilatı tərəfindən Qarabağ iqtisadi rayonuna səfər təşkil edilib

YAP Xaçmaz rayon təşkilatı tərəfindən Qarabağ iqtisadi rayonuna səfər təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə və 27 Sentyabr – Anım Gününə həsr olunmuş Qarabağ iqtisadi rayonuna səfər təşkil edilib. YAP Xaçmaz rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələri, qazilər və partiya fəallarının iştirak etdiyi bu əlamətdar səfər həm tarixi Zəfərimizin bəxş etdiyi qüruru yaşamaq, həm də Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən misilsiz bərpa və quruculuq işlərini yaxından görmək baxımından müstəsna əhəmiyyət daşıyıb.

Səfər çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və İsa bulağını ziyarət ediblər. Anım Günü çərçivəsində şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, Qarabağın müqəddəs torpaqlarında qazanılan Qələbənin tarixi mahiyyəti bir daha dərindən hiss olunub.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının ruhuna uyğun olaraq, səfər iştirakçıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən qlobal miqyaslı şəhərsalma inqilabının, əmin-amanlıq və tərəqqi mühitinin canlı şahidi olublar. İllərlə erməni işğalı nəticəsində viran qoyulmuş Ağdam şəhərində həyata keçirilən sürətli və kompleks yenidənqurma layihələri, Xankəndi şəhərində formalaşan yeni elm və inkişaf mühiti – o cümlədən Qarabağ Universitetinin fəaliyyəti, Şuşanın əzəli memarlıq simasının və tarixi görkəminin bərpası istiqamətində görülən nəhəng işlər hər bir iştirakçıda böyük təəssürat yaradıb.

Qarabağa təşkil olunan bu səfər iştirakçılara Zəfər tarixinin qürurunu bir daha yaşamaqla yanaşı, azad edilmiş ərazilərdə dövlətimizin gücü və qüdrəti ilə reallaşan möhtəşəm quruculuq prosesini əyani şəkildə müşahidə etmək imkanı qazandırıb. Böyük Qayıdış proqramının uğurla icra olunduğu, doğma yurdların yeni nəfəslə dirçəldiyi bu reallıqlar səfər iştirakçılarında sonsuz fəxarət və qürur hissi doğurub. Bu qürurlu anları yaşamaq imkanını yaratdıqlarına görə YAP Xaçmaz rayon təşkilatının kollektivi və bütün səfər iştirakçıları Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.