Yaxın Şərq yenidən od-alov içində...
24.07.2026 [09:12]
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Hazırda region od-alov içindədir. Pakistanın və bir sıra digər ölkələrin vasitəçiliyi ilə ABŞ-la İran arasında 14 maddəlik çərçivə sənədinin razılaşdırılması cari ilin fevralından başlayan və bütün dünyanın təsirləndiyi dəhşətli müharibənin nəhayət sonuclanacağına müəyyən ümidlər yaratsa da, gözləntilər doğrulmadı. Şimali Atlantika Alyansının (NATO) iyulun birinci ongünlüyündə Ankarada baş tutan 36-cı Zirvə Görüşündə ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin bitdiyini bildirən kritik əmri imzalayıb və bundan sonra İrana zərbələr endirilməsinin yeni dalğası başlayıb. “İranla atəşkəslə bağlı razılaşma bitdi”, - deyə D.Tramp NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata açıqlamasında bildirib.
Dəhşətli gecə hücumları
D.Tramp və onun komandasında yer alan digər rəsmilər müvəqqəti atəşkəsdən sonra müharibənin yeni dalğasına başlanılmasını İranın NATO sammiti ərəfəsində Hörmüz boğazından keçən Qətərə məxsus gəmiyə atəş açması ilə əlaqələndiriblər. Bu hadisə, necə deyərlər, bardaqdakı suyu daşdıran son damla olub.
ABŞ hərbi qüvvələri İrana qarşı zərbələri əsasən gecə vaxtı həyata keçirirlər. Artıq dəhşətli gecə zərbələrinin sayı 12-yə çatıb. ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) gələn məlumatlarda bildirilir ki, gecə əməliyyatları zamanı İranın hərbi komanda məntəqələri, dəniz obyektləri, təyyarə anqarları, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr və hərbi logistika infrastrukturu hədəfə alınıb. Məqsədin İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək imkanlarını zəiflətmək olduğu qeyd edilir. Qurumun açıqlamasında, həmçinin son üç ay ərzində İranın Hörmüz boğazından keçən 30-dan çox ticarət gəmisinə hücum etdiyi iddia olunub. CENTCOM bu hücumların yüzlərlə dənizçinin həyatını təhlükə altına saldığını və beynəlxalq gəmiçiliyə mənfi təsir göstərdiyini bildirib. “Əməliyyat İranın bölgə sularında hərəkət edən mülki dənizçilər və kommersiya gəmiləri üçün təhdid yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə davam etdiriləcək”, - deyə CENTCOM İrana qarşı başa çatdırılan 12-ci gecə əməliyyatını şərh edərkən bildirib.
Ölkəyə qarşı 12-ci gecə əməliyyatının keçirildiyini İran tərəfi də təsdiqləyib. Yerli mətbuatda yayılan məlumatlarda ABŞ ordusunun İranın Hörmüz boğazı yaxınlığında yerləşən Hörmüzqan vilayətinin Sirik şəhərinə və İraq sərhədinə yaxın Xuzistan vilayətindəki Əhvaz şəhərinə hücum həyata keçirdiyi bildirilir. ABŞ tərəfindən Əhvaz, Ramşir və Sirik şəhərləri hədəf alınıb. Xuzistan Valiliyi Əhvaz şəhərinin bəzi nöqtələrinə ABŞ tərəfindən raket zərbələri endirildiyini açıqlayıb. Ramşir və Sirik şəhərlərinə hücumlar təşkil edilib.
Öz növbəsində İran da səssiz qalmır. İranın ABŞ-a birbaşa zərbələr endirmək imkanı yoxdur. Buna görə də ABŞ-ın regiondakı hərbi bazaları və müttəfiqləri hədəfə alınır. Gecə zərbələrinə cavab olaraq İran ABŞ-ın Küveyt, İordaniya, Bəhreyn kimi region ölkələrindəki hərbi bazalarına çoxsaylı PUA hücumları təşkil edib və raketlər atıb.
Hər ötən gün itkilər artır
Gecə zərbələrindən geriyə yanğınlar və miqyası çox böyük olan dağıntılar qalır. Eyni zamanda, hər iki tərəfdə canlı qüvvə itkilərinin sayı getdikcə artır. İran Səhiyyə Nazirliyinin yaydığı məlumatda vurğulanır ki, ABŞ-ın iyunun 27-dən bəri hava hücumları nəticəsində 53 nəfər ölüb, 592 yaralı var. Bu barədə İran Səhiyyə Nazirliyinin iyulun 22-də “X” sosial media platformasında dərc olunmuş açıqlamasında bildirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Hüseyn Kirmanpur bildirib ki, itkilər 27 iyun saat 8:30-dan çərşənbə günü saat 05:30-dək qeydə alınıb.
O əlavə edib ki, yaralanan 535 nəfər tibbi yardım aldıqdan sonra evə buraxılıb, 36 nəfər xəstəxanada qalıb, 21 nəfər isə hadisə yerində müalicə alıb.
ABŞ-ın hərbi üstünlüyü aşkar olsa da, bu ölkə də itkilərə məruz qalır. Müharibə naziri Pit Heqset Senat dinləmələrində ABŞ-ın İrana qarşı müharibəsinin indiyə qədər 37,5 milyard dollara başa gəldiyini bildirib.
Heqset əlavə müharibə maliyyələşdirməsinin təcili və zəruri olduğunu və Prezident Donald Trampın təklif etdiyi 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin orduya investisiya olduğunu bildirib. “Bu vəsaitlər olmadan biz ciddi çatışmazlıqlarla üzləşirik”, - deyə nazir qeyd edib.
Həmçinin ABŞ-ın canlı qüvvə itkilərinin sayı da açıqlanıb. “Associated Press” agentliyinin məlumatına əsasən ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı yaralanan amerikalı hərbçilərinin sayı 500-ü ötüb. Bu rəqəm Pentaqonun açıqladığı rəsmi statistikadan yüksəkdir. Pentaqon indiyədək 482 hərbçinin yaralandığını açıqlayıb. Pentaqonun sözçüsü Şon Parnell isə son iki həftə ərzində İrana qarşı əməliyyatlarda təxminən 100 amerikalı hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığını qeyd edib.
Məlumata əsasən, indiyədək münaqişə zamanı ümumilikdə 18 ABŞ hərbçisi həlak olub. O cümlədən İranın gecə hücumlarına cavab olaraq İordaniyaya endirdiyi raket zərbəsi nəticəsində iki ABŞ hərbçisi həlak olub, biri isə itkin düşüb. Məlumata görə, hücum zamanı daha dörd ABŞ hərbçisi müalicə üçün İordaniyadakı xəstəxanalara təxliyə edilib. Onların vəziyyəti stabilləşdiyi üçün artıq xəstəxanadan buraxıldıqları bildirilib. Yüngül xəsarət alan digər hərbi qulluqçular isə yenidən xidmətə qayıdıblar.
Həmçinin rəsmi Vaşinqton Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi ilə əlaqədar dünya ölkələrinə və öz vətəndaşlarına ehtiyatlı olmaqla bağlı çağırışlar edib. Dövlət Departamenti dünyanın müxtəlif ölkələrində olan ABŞ vətəndaşlarına xəbərdarlıq ünvanlayıb. Xəbərdarlıqda Yaxın Şərqdəki təhlükəsizlik mühitinin mürəkkəb olaraq qaldığı və gözlənilməz eskalasiya riskinin yüksək olduğu bildirilir. “Hazırda Yaxın Şərqdə olan amerikalılar ehtiyatlı davranmalı, yüksək sayıqlıq nümayiş etdirməli, uçuşların ləğvinə, hava məkanının vaxtaşırı bağlanmasına və ehtimal olunan səyahət məhdudiyyətlərinə hazır olmalıdırlar. Bölgədəki bəzi aviaşirkətlər əvvəlki uçuş cədvəllərinin bərpasını təxirə salıb, digərləri isə müəyyən marşrutları ləğv edib”, - deyə xəbərdarlıqda qeyd olunur.
Həmçinin bildirilir ki, Yaxın Şərqdə və bölgədən kənarda ABŞ-ın diplomatik obyektləri hədəf alınıb.
Məhvə aparan yol - Hörmüz ətrafında artan gərginlik
Hörmüz boğazının müharibənin əsas düyün nöqtəsinə çevrildiyi reallığı ortadadır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dar dəniz yolunun onların nəzarəti altında olduğunu bəyan edir. İran tərəfi o mövqedən çıxış edir ki, Hörmüz boğazından gəmilərin keçidi bu ölkə ilə razılaşdırılmalı və tənzimlənməlidir.
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında alternativ marşrutlardan istifadə edilməməsi ilə bağlı xəbərdarlıq ünvanlayıb. Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir: “Hörmüz boğazının giriş və çıxışı məlumdur və tam nəzarətimiz altındadır. Alternativ marşrutlar təhlükəsiz deyil və ciddi risk daşıyır. Hörmüz boğazında alternativ marşrutlardan istifadənin geri dönməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirik”.
Eyni zamanda, İran ordusunun Hörmüz boğazının cənub hissəsindən keçən dəniz marşrutlarından birini minaladığına dair xəbərlər yayılıb. Bu barədə İranın IRIB telekanalı ölkənin hərbi komandanlığına istinadən məlumat verib. Telekanalın məlumatına görə, İran ordusunun bəyanatında Hörmüz boğazından keçən minalanmış cənub yolunun “məhvə aparan yol” olduğu vurğulanıb.
Rəsmi Vaşinqton isə tamam fərqli məzmunda açıqlamalar verir. CENTCOM İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazının giriş və çıxışına nəzarət etməsinə dair növbəti iddiasını təkzib edib. Qurum bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Bu məlumat yalandır. İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq dəniz yolu SEPAH-ın təhdid və hücumlarına baxmayaraq, tranzit üçün açıq qalır”.
Açıqlamada vurğulanıb ki, SEPAH gəmiləri boğazdan yalnız özünün müəyyən etdiyi marşrutla keçməyə məcbur edir. CENTCOM ticarət gəmilərinin ABŞ ordusunun dəstəyi ilə boğazdan istifadəni davam etdirdiyini diqqətə çatdırıb. Məlumatda bildirilir ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəminin boğazdan təhlükəsiz keçidini təmin edib.
Mülki infrastruktur təhdid altında
Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda mülki infrastruktur da təhdid altında qalıb. “Bundan sonra İran Hörmüz boğazında hər hansı gəmiyə raket, dron, eləcə də digər cihaz və ya silahla atəş açsa, Amerika Birləşmiş Ştatları həmin an bu ölkənin 1 körpüsünü və ya elektrik stansiyasını bombalayacaq”. Bunu Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, paytaxt Tehran və ətrafı da daxil olmaqla, ölkə ərazisindəki bütün körpülərə və ya elektrik stansiyalarına zərbələr endirilə bilər.
Trampın bu mesajına Tehrandan cavab gecikməyib. SEPAH D.Trampın İranın infrastrukturuna mümkün hücumlarla bağlı təhdidlərinə cavab olaraq xəbərdarlıq edib ki, ölkənin körpülərinə və ya elektrik stansiyalarına zərbə endiriləcəyi təqdirdə, ABŞ-in bölgədəki müttəfiqlərinin elektrik enerjisi təchizatı kəsiləcək.
Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi bəyanatında bildirib.
“Körpülərimizə və ya elektrik stansiyalarımıza hücum edilərsə, ABŞ-?n bölgədəki müttəfiqlərinin elektrik enerjisi kəsiləcək”, - deyə o vurğulayıb
Bab əl-Məndəb boğazında artan gərginlik - dəniz ticarəti daha da çətinləşə bilər
Yaxın Şərqdə artan geosiyasi gərginlik Hörmüz boğazından Bab əl-Məndəb boğazına qədər yayılıb. Xarici nəşrlərdə dərc olunan analitik materiallarda vurğulanır ki, ikinci vacib dəniz marşrutunun bağlanması təhlükəsi qlobal enerji təchizatı və dəniz gəmiçiliyində pozuntularla bağlı narahatlıqları da artırıb.
Davam edən ABŞ-İran münaqişəsi Hörmüz boğazından keçən kommersiya gəmiçiliyini, demək olar ki, dayandırıb. Bu vəziyyət neftin qiymətlərinin artmasına səbəb olub, “Brent” markalı xam neftin qiyməti bir barel üçün 90 dollara yaxınlaşıb.
İranın dəstəklədiyi yəmənli husilər ABŞ ilə İran arasında artan gərginlik fonunda Səudiyyə Ərəbistanına blokada tətbiq edib və Hörmüz boğazındakı hadisələrdən sonra Bab əl-Məndəbdə də gərginliyi artırıb.
Husilər iddia edirlər ki, Ər-Riyad Yəmənin Səna beynəlxalq hava limanına hava hücumu həyata keçirib və İranda dəfn mərasimindən qayıdan husi liderlərini daşıyan təyyarəni hədəf alıb. Onlar qisas aktı olaraq, Səudiyyə Ərəbistanının Əbha beynəlxalq hava limanına raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər.
Bəhs olunan qrup Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiçilik üçün Bab əl-Məndəb boğazını bağlayıb və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı Yəmən hava məkanında və limanlarda blokada tətbiq edib.
Bəyanatdan sonra Bab əl-Məndəb boğazından keçən xam neft tankerlərinin sayı 69 faiz azalıb. Bazar ertəsi günü boğazdan təxminən 16 gəmi keçib, çərşənbə axşamı isə bu rəqəm beşə düşüb. Çərşənbə günü Bab əl-Məndəb boğazından cəmi doqquz gəmi keçib.
“ING Group” şirkətinin baş nəqliyyat və logistika iqtisadçısı Riko Luman bildirib ki, yeni hücumların olmamasına rəğmən husilərin açıqlaması Bab əl-Məndəb boğazından keçməklə bağlı riskləri dərhal artırıb, yükdaşımalarının qiymətləri və sığorta haqları qalxıb və bu da əlavə xərclərə səbəb olub. O əlavə edib: “Bu, neft bazarlarına əlavə təzyiq göstərir, çünki Yanbu limanı Səudiyyə Ərəbistanı üçün alternativ ixrac mərkəzi kimi daha intensiv istifadə olunur. Təhlükəni aradan qaldırmaq üçün Aralıq dənizi vasitəsilə Afrikanın şimalına üzmək daha çox vaxt aparacaq. Konteyner daşımaları üçün bərpa planları da təxirə salına bilər. Çünki “Maersk” və “Hapag-Lloyd” Qırmızı dəniz vasitəsilə bəzi xidmətləri bərpa edib ki, bu da Afrika ətrafında uzunmüddətli dolama yollardan istifadəyə səbəb ola bilər”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08

