Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yəməndə vəziyyət qarışdı

Yəməndə vəziyyət qarışdı

15.09.2026 [09:20]

Husilər yenidən aktivləşir - Bab əl-Məndəb bağlanarsa...

Yaxın Şərqdə daha bir böhran yenidən alovlanır. Belə ki, Yəməndə kövrək atəşkəsə söykənən sükut pozulmaqdadır. Sentyabrın 10-da husi qiyamçıları bir çoxunun gözləmədiyi halda son illərin ən böyük strateji üstünlüyünə nail olublar. Onlar Qırmızı dənizdə Moha liman şəhərini, Yəmənin Qırmızı dənizdəki adalarını, yaxud 2,5 min kv. km ərazini ələ keçirməklə regionda gərginliyi artırıblar. Bir həftədən artıq davam edən döyüşlər nəticəsində hərbçilər və silahlı birləşmələrin döyüşçüləri də daxil olmaqla 500-dən çox adam ölüb, 18,5 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Son bir həftədə artan gərginlik...

İddia olunur ki, əvvəlcə Səudiyyə Ərəbistanı Yəməndə genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb - husilər Səudiyyə Ərəbistanını həbsxanaya zərbə endirməkdə ittiham ediblər. Onların məlumatına görə, hadisə nəticəsində 32 nəfər həlak olub, çoxlu məhbus dağıntılar altında qalıb. 11 sentyabrda husilərin hərbi sözçüsü Yəhya Saria Ənsar Allah qüvvələrinin Səudiyyə qüvvələrini qovmaq üçün Yəmənin qərb sahilində əməliyyat başlatdığını bildirib. O, əməliyyatın “son bir neçə ildə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən qüvvələrin qərb sahilindəki sakinlərə, kəndlərə və ərazilərə davamlı hücumları” ilə əlaqəli olduğunu iddia edib. 12 sentyabrda Ənsar Allah qüvvələrinin siyasi bürosunun üzvü Xuzam əl-Əsəd husilərin Bab əl-Məndəb boğazı ilə həmsərhəd olan qərbi Yəməndəki ərazilər üzərində nəzarəti ələ keçirmək əməliyyatını başa vurduğunu təsdiqləyib.

Husilər qurudan irəliləyişləri ilə yanaşı, Mohaya girişi kəsmək və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına yaxın ərazilərə doğru irəliləmək üçün Qırmızı dəniz sahillərinə və Taizin ətrafına raket və pilotsuz təyyarələrlə hücumlar etməyə başlayıblar. Qeyd edək ki, Ənsar Allah hərəkatı hücumlara görə məsuliyyəti öz üzərinə götürsələr də, ABŞ kəşfiyyat mənbələri zərbələrin İran tərəfdarı qruplar tərəfindən İraqdan buraxılan dronlar vasitəsilə həyata keçirildiyi ehtimalını istisna etməyib.

Səuidiyyə Ərəbistanına hücum - Husilər məsuliyyəti üzərinə götürür

Artıq bir neçə gündür ki, gərginlik artmaqda davam edir. Ənsar Allah (Husilər) Xamis Muşaytdakı Kral Xalid Hava Bazasına ballistik raketlər və PUA istifadə edərək bir sıra zərbələr endirdiyini bəyan edib. “Yəmən silahlı qüvvələri Xamis Muşaytdakı Kral Xalid Hava Bazasında təyyarə anqarları, radar sistemləri, uçuş-enmə zolaqları, sursat anbarları və digər hədəflər də daxil olmaqla hərbi qurğuları və infrastrukturu hədəf alan genişmiqyaslı əməliyyat həyata keçiriblər”, - deyə husilərin hərbi sözçüsü Yəhya Saria Telegram-da bildirib. O, əlavə edib ki, hücumda “onlarla ballistik raket və PUA” istifadə edilib.

Son bir ay ərzində hökumətyönlü qüvvələr Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) tərəfdarları ilə döyüşlərdə 500 döyüşçü itirib, təxminən 1500 döyüşçü yaralanıb. Bu rəqəmlər rəsmi mənbələr tərəfindən təsdiqlənib. Yəmən dövləti isə Moha bölgəsində husilərin hərbi texnikasının məhv edildiyini açıqlayıb. “9 avqust - 10 sentyabr tarixləri arasında cənub-qərbi Yəmən sahillərində gedən döyüşlər zamanı 500 müqavimət döyüşçüsü öldürülüb, 1500 nəfər yaralanıb” - bunu Əl-Cəzirə kanalı yayıb. Bildirilib ki, bu bölgədəki husi hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusu və müttəfiqlərinin dəstəyi ilə həyata keçirilib. Hökumət sözçüsü əlavə edib ki, müqavimət bölmələri onları mühasirəyə almaq planını pozmaq üçün yeni müdafiə xətlərinə köçürülüb.

Qlobal enerji bazarına zərbə...

Yəməndə başlanan döyüşlər qlobal enerji bazarına da mənfi təsirlər göstərməkdədir. Belə ki, “Reuters” mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bir neçə gün ərzində Şərq-Qərb neft kəmərinə xidməti bərpa etməsə, neft ixracı dalana dirənə bilər. Nəticədə, qlobal bazar tədarükün 4 faizə qədərini itirə bilər. Daha əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bir neçə hücumdan sonra Mədinə və Ər-Riyad yaxınlığında Şərq-Qərb neft kəmərinin profilaktik olaraq bağlandığını elan etmişdi.

“Reuters”-in bir mənbəsi təmir işlərinin beş-altı həftə çəkə biləcəyini bildirib. Başqa bir mənbə isə xidmətin daha tez bərpa oluna biləcəyini qeyd edib. Agentliyin məlumatına görə, Yanbu limanındakı neft ehtiyatları ixrac tələbatını beş-yeddi gün ərzində ödəmək üçün kifayətdir.

1200 kilometrlik boru kəməri Şərq əyalətindəki yataqlardan Qırmızı dəniz sahilindəki Yanbu limanına neft nəql edir. Onun ötürmə gücü gündə 7 milyon barelə çatır.

Asahi isə yazır ki, Səudiyyə Ərəbistanı neftinin Asiyaya çatdırılma müddəti 2,5 dəfə arta bilər. Yapon nəşri qeyd edib ki, Bab əl-Məndəb boğazı bağlanarsa, gediş-gəliş təxminən 100 gün çəkəcək. Belə ki, Yaxın Şərqdən Asiyaya neft nəqlinin ənənəvi marşrutu olan Hörmüz boğazından keçən uçuş 40 gün ərzində gedib-gəlirdi. Alternativ ola biləcək Bab əl-Məndəb boğazından keçən marşrut təxminən eyni vaxt aparır - 40- 50 gün aralığında. Hörmüz boğazındakı məlum vəziyyət, ardınca isə Bab əl-Məndəb boğazının bağlanması halında yeganə alternativ marşurut kimi önə çıxan Süveyş kanalı və Ümid burnundan keçən marşrutun gediş-gəlişi təxminən 100 gün çəkəcək. Asahi qeyd edir ki, bu, qaçılmaz olaraq daha yüksək nəqliyyat xərclərinə səbəb olacaq.

Bəzi ölkələr gözləmə mövqeyindədir...

Vəziyyətə bəzi ölkələr də reaksiya nümayiş etdiriblər. Rusiya bəyan edib ki, əhəmiyyətli dərəcədə gərginləşən situasiya izlənəcək. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib: “Gözləyək, görək vəziyyət necə inkişaf edəcək. Hazırda vəziyyət ciddi şəkildə qeyri-sabitləşib və əhəmiyyətli dərəcədə gərginləşmə ilə üzləşib. İndi ən vacib şey vəziyyəti sabitləşdirməkdir”. 

“Reuters” isə ABŞ ilə bağlı qiymətləndirmə yayıb. Bildirilir ki, Ənsar Allah üsyançı hərəkatının bir hissəsi olan Husilərə qarşı potensial ABŞ əməliyyatı Vaşinqtondan əhəmiyyətli qüvvələr cəlb etməyi tələb edir - hesabatda qeyd olunur ki, “ABŞ rəsmilərinin fikrincə, husilərə qarşı mübarizə üçün əhəmiyyətli dəniz və hava qüvvələri resursları, eləcə də ötən ildən bəri yerini dəyişən Husi mövqelərinin yerini müəyyən etmək zərurəti nəzərə alınmaqla ABŞ kəşfiyyat aktivlərinin yönləndirilməsi tələb olunacaq. Agentlik vurğulayır ki, “Əgər ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin gəmiləri Husi dronlarını və raketlərini vurmağa məcbur edilərsə, bu, ABŞ-ın silah ehtiyatlarını və tutucu raketlərini daha da tükəndirə bilər”.

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, husilər Vaşinqtona ABŞ-la döyüşmək istəmədiklərinə dair zəmanət veriblər. Daha əvvəl Axios mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud 10 sentyabrda Trampa iki dəfə zəng edərək ondan husilərin mövqelərinə zərbə endirməsini istəyib. ABŞ prezidenti Səudiyyə Ərəbistanına birbaşa hərbi yardımdan imtina edərək bildirib ki, ABŞ-ın bu mərhələdəki prioriteti İranla qarşıdurma və Hörmüz boğazını açmaqdır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30