Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı azadlığına qovuşdu

Bakı azadlığına qovuşdu

15.09.2026 [10:43]

Paytaxtın bolşevik-daşnak işğalından azad edilməsindən 108 il ötür

Eyni tarixi köklərə malik olan Azərbaycan və Türkiyə hər zaman xoş günlərin sevincini bölüşdükləri kimi, çətin günlərdə də daim bir yerdə olublar. İki xalqın dostluğu, qardaşlığı bir sıra ağır sınaqlardan keçərək daha da möhkəmlənib. Belə çətin sınaqlardan birini də 108 il bundan əvvəl - 1918-ci ilin 15 sentyabrında yaşamışıq.

Söhbət həmin tarixdə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulmasından gedir. Bu gün doğma, əziz şəhərimiz qədimliyin və müasirliyin unikal harmoniyasından yaranan təkrarsız gözəlliyi ilə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu şəhər Şərqdə Günəş kimi parlayan müstəqil Azərbaycan dövlətinin paytaxtıdır. Ancaq tarixi də unuda bilmərik. Tam əminliklə demək mümkündür ki, zamanında bəhs etdiyimiz hadisələr baş verməsə idi, gələcək nəsillərə Bakını Azərbaycanın paytaxtı kimi görmək xoşbəxtliyi nəsib olmayacaqdı.

Azərbaycana hərbi qüvvələr göndərildi

Bəhs olunan dövrdə regionda ziddiyyətli proseslər izlənilirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda da Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Elə bu səbəbdən də AXC respublikamıza idarəçiliyi Gəncədən həyata keçirmək məcburiyyətində qalmışdı. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri isə yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi.

Digər imperialist güc mərkəzləri də Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi amillər doğma şəhərimizin mümkün qədər tez bir zamanda erməni-bolşevik işğalından azad edilməsini həyati zərurətə çevirmişdi.

Həmin ərəfədə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin müstəqilliyini müdafiə etməyə, xalqı qorumağa qadir milli hərbi qüvvələri hələ tam formalaşmamışdı. Yenicə qazanılan müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi. Belə çətin dönəmdə 1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı.

Azad olunan Gəncədən Bakıya doğru

1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanda xilaskarlıq missiyasına buradan başladı. Bəhs olunan dövrdə Gəncədə vəziyyət ağır idi. Erməni-bolşevik qruplaşması Bakı kimi, Gəncəni də tamamilə öz nəzarəti altına keçirmək istəyirdi. Açıq demək lazımdır ki, Qafqaz İslam Ordusu Gəncəyə gəlməsə idi, burada AXC öz fəaliyyətini təşkil edə bilməyəcəkdi.

İyunun 10-da Gəncədə ermənilərin tərksilah edilməsinə başlanıldı. Ermənilərin tamamilə tərksilah edilməsi üç gün ərzində başa çatdırıldı. Bununla da Gəncədə AXC hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı.

Daşnak-bolşevik qüvvələrinin Gəncədə məğlubiyyətə uğraması və AXC-nin buradakı fəaliyyəti Şaumyan başda olmaqla Bakı xalq komissarları sovetinin rəhbərliyini hiddətləndirdi. Bakı xalq komissarları soveti tərəfindən AXC-nin və Qafqaz İslam Ordusunun fəaliyyətinə son qoymaq üçün xüsusi plan hazırlanmışdı. Elə bu məqsədlə də 1918-ci il iyunun 4-də 20 minlik Bakı soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Korqanovun əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qafqaz İslam Ordusu düşmən qüvvələrini Qaraməryəm ətrafında qarşıladı.

Düşmən qüvvələri ilk dəfə məğlubiyyətin acısını Göyçayda iyunun 27-də yaşadılar. Qafqaz İslam Ordusu düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Göyçayda aparılan uğurlu əməliyyatlardan sonra Qafqaz İslam Ordusu müdafiə taktikasını hücumla əvəzlədi və düşmən tərəf zəbt etdiyi ərazilərdən geriyə sıxışdırıldı. Ağsu, Kürdəmir düşməndən təmizləndi. İyulun 20-də Şamaxı Qafqaz İslam Ordusunun nəzarətinə keçdi.

“Sentrokaspi” ağ bayraq qaldırdı

Bakıya doğru hərəkət edən Qafqaz İslam Ordusunun əsgərləri iyulun 29-da və 30-da artıq Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatmışdılar. Milli qüvvələrdə böyük ruh yüksəkliyi var idi. Qafqaz İslam Ordusu qarşı tərəfə döyüşsüz təslim olmaqla bağlı müraciət etdi. Bakı sovetinin rəhbərliyinə bildirildi ki, şəhər döyüşsüz təslim ediləcəyi təqdirdə, ermənilərin oradan istədikləri yerə çıxıb getmələrinə şərait yaradılacaq. Erməni-bolşevik qüvvələri belə bir humanist təklifə müsbət cavab vermədilər.

Qafqaz İslam Ordusu hissələri Bakı uğrunda döyüşlərdə düşmənin müqavimətini qırdı. S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət - “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət daşnaksutyun partiyasının əlində idi.

Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı.

Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.

Vətən müharibəsində Türkiyə Azərbaycana güclü mənəvi-siyasi dəstək verdi

Dünya 108 il bundan əvvəl Gəncədə, Bakıda və digər ərazilərimizdə sarsılmaz Türk qardaşlığına şahidlik etmişdi. O dövrdə məhz Osmanlı Türkiyəsinin dəstəyi ilə müstəqil dövlətimiz təcavüzdən qorundu, şəhərlərimiz, o cümlədən də paytaxtımız erməni-bolşevik işğalından azad edildi.

Tale elə gətirdi ki, biz XX yüzilikdə - ötən əsrin doxsanıncı illərinin əvvəllərində ikinci dəfə müstəqilliyə qovuşanda yenidən güc mərkəzlərinin məkrli planlarına tuş gəldik. Həmin mərkəzlərin əlində alət olan Ermənistan respublikamızın ərazilərinin 20 faizini işğal altına aldı. Azərbaycan xalqı və dövləti təxminən otuz il ərzində işğal faktı ilə barışmadı və 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq ədalətli müharibəyə başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə ərazi bütövlüyümüzün hərbi-siyasi yolla azad edilməsi ilə nəticələndi. Vətən müharibəsində də Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirdi. Müharibənin ilk saatlarından Türkiyə iqtidarının respublikamıza mənəvi-siyasi dəstək verməsi, yanımızda olduqlarını bildirməsi bizim gücümüzə güc qatdı və biz tarixi zəfərimizə imza atdıq. Türk qardaşlığı budur - hər zaman, cətin günlərdə də, xoş günlərdə də bir yerdə olmaq!

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30