Qarabağa qürur səfəri
15.09.2026 [09:48]
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələr Qarabağ və Şərqi Zəngəzurda ikigünlük səfərdə olublar. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edib.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
Möhtəşəm qələbələrin rəmzi - Xankəndidə yaradılan Zəfər parkı
Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı möhtəşəm qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bunadək Azərbaycan xalqı dəfələrlə yadellilərin hücumları nəticəsində torpaq itkilərinə məruz qalmışdı və beləliklə də, sərhədlərimiz xeyli kiçilmişdir. O cümlədən iyirminci əsrin əvvəllərində imperialist güc mərkəzləri özlərinin xəbis planlarının tərkib hissəsi kimi, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmışlar. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində tarixi şəhərimiz olan İrəvanın ermənilərə verilməsi böyük cinayət idi. Sonrakı mərhələlərdədə Zəngəzurun bir hissəsi və digər ərazilərimiz əldən getdi. Bütövlükdə, XX yüzillikdə xalqımız Ermənistan ərazisində dörd dəfə dəhşətli deportasiyalara məruz qalıb.
44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəllifliyi ilə xalqımızın yeni tarixi yazıldı. Təxminən otuz ili əhatə edən işğala son qoyuldu, ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin edildi. Eyni zamanda, Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Bu qələbələri heç kim bizə hədiyyə etməyib. Onları igid, vətənpərvər Azərbaycan övladları canları, qanları bahasına qazanıblar. Azərbaycan var olduqca bu qələbələr də yaşayacaq və nəsillərdən-nəsillərə ötürüləcək.
Xankəndidə yaradılan Zəfər parkı da şanlı qələbələrimizin rəmzidir. Bir vaxtlar bu tarixi Azərbaycan şəhəri separatçıların yuvasına çevrilmişdi. Ölkəmiz və xalqımız əleyhinə cinayətkar planlar məhz burada hazırlanırdı. İndi isə bu şəhər doğma əllərdədir, burada Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Səfər çərçivəsində respublikamızda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkına gəlib və onunla yaxından tanış olublar.
Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.
Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.
Qalib Azərbaycanın gücünün, tarixi ədalətə və beynəlxalq hüquqa sadiqliyinin təntənəsi
Respublikamızda akreditə olunmuş diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfərini bir qürur tablosu kimi dəyərləndirə bilərik. İlk növbədə nümayəndə heyətinin tərkibi özlüyündə çox şey deyir. Yada salaq ki, müharibədən sonrakı ilk vaxtlarda işğaldan azad olunmuş ərazilərə belə səfərlərin təşkili bir sıra Qərb dairələrində ciddi müzakirələr yaradırdı. Hətta səfirlərinin Azərbaycanın dəvəti ilə Şuşaya, Xankəndiyə getməsinə icazə verməyən dövlətlər də var idi. Fransanın qanunvericilik orqanı, Avropa Şurası Parlament Assambleyası Qarabağda qeyri-qanuni rejimin tarixin arxivinə göndərilməsini, separatçıların “liderlərinin” qandallanaraq Bakıya gətirilmələrini, ermənilərin Qarabağdan könüllü olaraq köç etmələrini sinirə bilməyərək ölkəmizə qrşı heç bir əsası olmayan qərəzli qətnamələr qəbul edirdilər.
Bu gün biz şanlı zəfərlərimizdən fəxr hissi ilə söhbət açarkən işğal illərində rastlaşdığımız ədalətsizliyi də unutmuruq. Otuz il ərzində münaqişənin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupu, bir sıra güc mərkəzləri ikili standartlar ortaya qoydular, keçmiş status-kvonun sosnsuzluğadək qalmasına cəhdlər göstərdilər. Hətta BMT-nin dörd qətnaməsi belə kağız üzərində qaldı. Həmin dairələr 44 günlük müharibə dövründə irəliləyən, əzəli torpaqlarını işğaldan azad edən Azərbaycana mane olmağa çalışdılar. Sonradan isə müharibənin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrini qəbul etmək istəmədilər və cəfəng iddialar ortaya qoydular.
Azərbaycan isə tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanmaqla ardıcıl siyasət həyata keçirdi, öz mövqeyindən geri çəkilmədi və yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu. Bu, ölkəmizin gücünün, Prezident İlham Əliyevin uğurlu diplomatiyasının təntənəsidir. Ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşlər, birgə bəyanatın imzalanması, yekun sülh sazişinin paraflanması o demək idi ki, dünya artıq Azərbaycanın yaratdığı reallıqları qəbul edir və təqdirlə qarşılayır.
Qeyd etdiyimiz kimi, zamanında Azərbaycanın ədalətli mövqeyi ilə barışmaq istəməyənlər sırasında, həmçinin Avropanın bəzi dövlətləri və ayrı-ayrı qurumları da var idi. İşğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun, Fransanın ölkəmizdəki səfirinin də qatılmaları çox böyük siyasi önəm daşıyır. Görün, Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə etdiyi gedişlər, apardığı ardıcıl diplomatiya necə böyük keyfiyyət dəyişikliyi yaradıb və biz haradan hara gəlmişik. Kiçik Azərbaycan gücü, iradəsi, ədalətə və beynəlxalq hüquqa sadiqliyi sayəsində dünyanın və bir vaxtlar ermənilərin təəssübünü çəkən Avropanın mövqeyini tamam dəyişməyə nail olub. Sahədəki qələbələrimiz siyasi müstəvidə qazanılan qələbələrlə tamamlanır. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səsləndirdiyi bir sıra mesajlar diqqət çəkir. “Avropa İttifaqı (Aİ) Qarabağda sülhün təmin olunmasına yönəlmiş proses çərçivəsində Azərbaycan və region ölkələri ilə praktiki əməkdaşlığa hazırdır”, - deyə Maqdalena Qrono Xankəndiyə səfəri zamanı deyib. O bildirib ki, sülh prosesinə əsasən yerli aktorlar rəhbərlik edir və Aİ bunu tam şəkildə dəstəkləyir: “Biz hər iki hökumət və hər iki ölkə ilə çox praktiki fəaliyyətlərin həyata keçirilməsində tərəfdaş olmağa hazırıq”.
Vaşinqton görüşündən ötən son bir ildə regionda real sülh şəraiti hökm sürürür. O cümlədən Azərbaycan sülhə sadiqliyini ortaya qoyaraq öz ərazisindən üçüncü ölkələrin məhsullarının Ermənistana tranzit keçidinə şərait yaradıb və bu ölkəyə strateji əhəmiyyət daşıyan dizel, benzin ixracına başlayıb. Həmçinin ikitərəfli dialoq genişlənir. Liderlər arasında bu günlərdə ŞƏT-in Bişkek Zirvə tədbiri çərçivəsində baş tutan görüş konstruktiv keçdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı diqqətə çatdırıb ki, biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçün münaqişə bitib. Anladıq ki, sülh reallıqları altında yaşamaq çox böyük hissdir. Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və daha da möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək. Sülh həm də yerlərdəki bərpa və yenidənqurma səylərindən başlayır. Çünki sülh sadəcə qarşıdurmanın olmaması deyil, etimadın qurulması, bərpa və yenidənqurma deməkdir”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Erməni vandalizminin kədərli izləri
Hazırkı dönəmdə Ermənistan hakimiyyətinin özü ermənilərin uydurduqları dənizdən-dənizə Ermənistan, kilsə tabusu kimi miflərin üstündən qara xətt çəkir. 44 günlük müharibədə Ermənistan ordusunda 11 min fərari qeydə alındı ki, bu da “qəhrəman erməni xalqı” mifini tar-mar etdi.
Ermənilərin uydurduqları miflərdən biri də “mədəni xalq” xülyası idi. İşğaldan azad olunmuş ərazilərin vəziyyəti onların necə “mədəni xalq” olduqlarını bütün cəhətləri ilə ortaya qoyur.
Hətta tarixi mədəni-dini irs nümunələri də sərhəd tanımayan erməni vandalizmindən kənarda qalmayıb. Səfər çərçivəsində diplomatlar Şuşada Aşağı Gövhər Ağa məscidinə gəliblər. Qeyd olunub ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində əsaslı bərpa işləri aparılıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscid şəhərin tarixi-memarlıq rəmzlərindən biridir.
Şuşada nümayiş etdirilən güllələnmiş heykəllər də erməni vandalizminin kədərli izləri sırasında yer alır. Xarici korpusun nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini də ziyarət ediblər.
Ermənilərin işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda qoyduqları “mədəni” izlərdən biri də tarixi abidələrimizi özününküləşdirmələridir Bəli, bu, bir erməni xislətidir. Onlar harada məskən salırlarsa, orada torpaq altına xaçlar, digər erməni “izləri” basdırmaqla və sonradan qazıntı apararaq onları üzə çıxartmaqla özlərinə saxta tarix yazırlar. Ermənilər həmçinin işğal dövründə bu qəbildən olan saxtakarlıqlara əl atmaqla xristian keçmişimizə, alban mədəni irsimizə sahiblənməyə uğursuz cəhdlər göstəriblər.
Buna diplomatlar da şahidlik ediblər. Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında, Xaçınçayın sağ sahilində yerləşən Gəncəsər monastır kompleksinin əsas kilsəsi 1216-1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal Dövlənin təşəbbüsü ilə inşa edilib. 1993-2023-cü illərdə abidə işğal altında qaldığı dövrdə kompleksdə müxtəlif qanunsuz bərpa və yenidənqurma işləri aparılıb. Əldə edilmiş materiallara əsasən, abidənin tarixi mühitinə və memarlıq xüsusiyyətlərinə ciddi müdaxilələr edilib, o cümlədən 286 qəbrin yeri dəyişdirilib, mühafizə divarları müasir daş plitələrlə üzlənib, narteks və məbəddə qapı-pəncərə elementləri yenilənib, döşəmə, altar və bir sıra dekorativ hissələrə müdaxilə edilib. Kompleksin ətrafında yeni inzibati və seminariya təyinatlı tikililərin inşası nəticəsində abidənin tarixi mühiti əhəmiyyətli dərəcədə dəyişdirilib.
1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalan memarlıq abidələrindən biri də Kəlbəcər rayonundakı Xudavəng məbədidir. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.
Postmüharibə dönəmində isə işğaldan azad olunmuş ərazilərdəki tarixi irs nümunələrinin ikinci həyatı başlayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tarixi mədəni-dini abidələrin bərpasını öz üzərinə götürüb. İndiyədək Fondun dəstəyi ilə bir sıra abidələrin bərpası başa çatdırılıb, digərlərində isə işlər xüsusi layihələr əsasında davam etdirilir. Bununla da Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyeva tarixi mədəni irsimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini vermiş olur.
İşğaldan azad olunmuş ərazilərə səfər edən diplomatlar da Qarabağın və Şərqi Zəngəzurun tarixi və mədəni irsinin bərpasının əhəmiyyətini xüsusi vurğulayıblar.
“Bu, ümumbəşəri irsdir. Hökumət tarixi abidələrin bərpası və onların ilkin görkəminə qaytarılması istiqamətində çox yaxşı işlər görür. Çünki bu irs yalnız bir regiona və ya icmaya məxsus deyil, hamımıza aiddir”, - deyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib.
Diplomatların heyranlığı - ölkəmiz azad ərazilərin bərpasında dünyaya nümunə göstərir
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavodunun və Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar. Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.
Mütəxəssislərin rəyinə əsasən, unikal təbii şəraitdə formalaşan su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir.
Xankəndi tikiş fabrikinin qurulması isə Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib. Layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır.
Hər iki müəssisənin fəaliyyəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dirçəlişin, yeni həyatın gözəl nümunəsidir. Qalib Azərbaycan azad ərazilərin bərpasında da dünyaya nümunə göstərir. Son beş ildə bu ərazilərdə otuz illik işğalın kədərli nəticələrinin aradan qaldırılması, infrastruktur quruculuğu, yaşayış məntəqələrinin bərpası və məskunlaşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Qarabağ yenidən dirçəlir. Artıq 40 mindən çox keçmiş azərbaycanlı məcburi köçkün Qarabağa qayıdıb və daha çoxu da qayıdacaq. Bu, böyük qürurdur. 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Qarabağda təxminən 100 min mülki şəxs yaşayır, işləyir və təhsil alır.
Bütün bunlar Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində topladığı unikal təcrübədir və digər ölkələr də bu təcrübədən bəhrələnə bilərlər. Yeri gəlmişkən, diplomatlar da işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən heyranlıqlarını gizlətməyiblər. “Bu, mənim Qarabağa ilk səfərim deyil. Təxminən iki ayda bir müxtəlif səbəblərlə buraya gəlirəm və dövlətin “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm”, - deyə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
“Bu, Şuşaya üçüncü səfərimdir, bundan əvvəl Xankəndidə də olmuşam. Hər dəfə buraya gələndə hər iki şəhərdə böyük dəyişikliklərin şahidi oluram”. Bunu isə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao deyib.
Diplomatın sözlərinə görə, Xankəndinin, Şuşanın və bölgənin digər şəhərlərinin inkişaf dinamikası nikbinlik doğurur. “Ümid edirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Xankəndi, Şuşa və regionun digər şəhərləri daha da inkişaf edəcək”, - deyə Din Tao qeyd edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22

