Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük zəfərin şirin meyvəsi

Böyük zəfərin şirin meyvəsi

29.10.2025 [10:58]

Qardaş Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur

Bu gün Türkiyə sevinc içindədir. Bu, hər zaman can Azərbaycanla bir yerdə olan qardaş ölkənin Cümhuriyyət bayramının sevincidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövləti ləğv olunub və Türkiyə Cümhuriyyəti elan edilib. Cümhuriyyətin elan olunması ilə Türkiyənin dövlətçilik tarixində yeni bir mərhələnin əsası qoyulub. Artıq 102 ildir ki, qardaş ölkə cümhuriyyət yolu ilə inamla irəliləyir və uğurlar qazanır. Müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk cümhuriyyət gününü ən böyük bayram kimi dəyərləndirib. Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə Cümhuriyyətini bütün imkansızlıqlara baxmayaraq , böyük bir zəfərin meyvəsi kimi səciyyələndirib.

Mustafa Kamal Atatürkün xilaskarlıq missiyası

Hazırda milli maraqlarını qətiyyətlə qorumaq iqtidarında olan Türkiyə dövləti qardaş ölkə vətəndaşlarının sonsuz qürur mənbəyidir. Güclü Türkiyə, eyni zamanda, bütün Türk dünyasının inam və güvənc yeridir. Lakin müasir Türkiyə dövlətinin qurulması, Cümhuriyyətin elan olunması son dərəcə ağır geosiyasi şəraitdə baş verib.  Əslində, vəziyyət o dərəcədə kritik idi ki, Türkiyənin dünyanın siyasi xəritəsindən silinməsi perspektivi tam real idi.

Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə üç il davam etdi. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı iqtidar (Sultan Mehmed Vəhidəddin hökuməti) ölkəyə nəzarəti itirmişdi.

Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail oldu. 1920-ci ilin avqustunda İstanbuldakı hökumət I Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914-cü ilə qədər olan ərazilərinin dörddəüçünü itirir, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürdü.

Bu, əsl təslimçilk aktı idi və xalqda ciddi müqavimətlə qarşılandı. Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi. Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən “Böyük Taarruz” (“Böyük Hücum”) əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi. 30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu. Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu. 1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyə ərazisi indiki sərhədlər çərçivəsində təsbit olundu. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından vurub çıxardı. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olundu.

Xarici müdaxilə dəf edilsə də, Cümhuriyyətin ilk illərində ölkə daxilində həmrəylik yox idi.  Xüsusilə də müxtəlif dini cərəyanlar dünyəvi respublika quruluşuna qarşı çıxırdılar və vətəndaş itaətsizliyinə cəhdlər göstərirdilər. Eyni zamanda, milli zəmində qiyamlar və separatçılıq baş qaldırırdı. Lakin Mustafa Kamalın öndərliyi ilə cümhuriyyət üçün yaranan bütün təhdidlər dəf edildi, ölkənin bütövlüyü qorundu. 1932-ci ildə TBMM-nin qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. Ümumilikdə, dörd dəfə (1923, 1927, 1931, 1935) prezident seçilmiş Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib.

R.T.Ərdoğanın liderliyi ilə böyük uğurlar qazanan Türkiyə

Ötən 102 ildə Türkiyə Respublikasının inkişafı müxtəlif mərhələlərdən keçib. Son 20 ildə isə qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük uğurlarla səciyyələnən yeni bir dönəmini yaşayıb. 2014-cü ilin 10 avqustunda Türkiyədə ilk dəfə Prezident xalq tərəfindən, ümumi səsvermə ilə seçilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanaraq ölkənin yeni dövlət başçısı olub. 2017-ci ildə keçirilən referendumla Türkiyə prezident üsul-idarəsinə keçid edib. Sonradan Rəcəb Tayyib Ərdoğan 2018-ci il və 2023-cü il prezident seçkilərinin də qalibi olub.

Türkiyə cəmiyyəti siyasi aktivliyinin kifayət qədər yüksək olması ilə fərqlənir. Bu ölkədə inam qazanmayan, uğurlara imza atmayan siyasətçilərin seçicilərin səsini almaları sadəcə mümkünsüzdür. R.T.Ərdoğanın dalbadal son prezident seçkilərinin qalibi olması da xalqın ona olan böyük etimadının göstəricisidir. Ərdoğan sözü və əməli üst-ütə düşən qətiyyətli liderdir, xalqının, ölkəsinin milli maraqlarını qətiyyətlə qoruyur. Xalqın Ona inamının əsasında da məhz bu amil dayanır. Xalq taleyini etibar etdiyi Prezidentinə inanır və dövlət başçısı da bu etimadı yüksək səviyyədə doğruldur.

Qardaş Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox ciddi uğur hekayələri yazıb. Cəmiyyətdəki möhkəm daxili sabitlik, xalq-iqtidar həmrəyliyi Türkiyənin böyük nailiyyətidir. Cəmiyyətin iqtidara olan sarsılmaz inamı Türkiyə Cümhuriyyətini 2016-cı il iyulun 15-də baş verən  dövlət çevrilişi cəhdindən qorudu. Ölkə daxilindəki satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları növbəti dəfə iflasa uğradı. Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında xain qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin  bir sıra Avropa dövlətləri ilə müqayisədə daha demokratik cəmiyyət quruculuğuna nail olması qardaş ölkənin digər böyük uğurudur. Bunu 2023-cü ilin mayında baş tutan son prezident seçkiləri əyani şəkildə bir daha təsdiqlədi. İki turda sonuclanan seçkilərlə Türkiyə dünyaya sözün əsl mənasında demokratiya dərsi keçdi.

Qürurverici haldır ki, bu gün Türkiyənin adı dünyanın ən nüfuzlu dövlətləri sırasında çəkilir. Son illərdə qardaş ölkə Prezident R.T.Ərdoğanın nüfuzu və onun rəhbərliyi ilə həyata keçirilən fəal diplomatiya, ədalətli yanaşmaları və əlbəttə ki, artan hərbi gücü sayəsində Yaxın Şərqdə geosiyasi proseslərin tənzimlənməsində ən güvənli dövlət kimi qəbul olunur. Suriyada yeni dövlət quruculuğunun məhz Türkiyənin arzuladığı ssenari əsasında getməsi, keçid hökumətinin Ankara ilə intensiv məsləhətləşmələr aparması bunun əyani təsdiqidir. Bir neşə gün bundan əvvəl Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzza ilə bağlı atəşkəs və sülh sazişi imzalandı. Türkiyə lap əvvəldən Qəzzada yaşanan insanlıq faciəsinə biganə qalmayıb və daim regionda qalıcı sülhü təmin etməkdən ötrü dünyanı həmrəyliyə çağırıb. Təsadüfi deyildir ki, Yaxın Şərq Sülh Sammitində Türkiyənin Qəzza məsələsinə prinsipial yanaşması, burada humanitar böhranın aradan qaldırəılmasına verdiyi davamlı dəstək xüsusi vurğulanıb. Son olaraq Rəcəb Tayyib Ərdoğan Şarm əş-Şeyxdə atəşkəs və sülh sazişini imzalayan liderlər sırasında yer aldı ki, bunun özü də Türkiyəyə və onun liderinə Yaxın Şərq dövlətlərinin, bütün dünyanın böyük etimad bəslədiyinin daha bir təsdiqidir.

Təbii ki, aparılan iqtisadi islahatlar Cümhuriyyətin gücünü heç vaxt olmadığı qədər artırıb. Son 20 ildə Türkiyə onlarla böyük ölkədaxili, regional və beynəlxalq layihəni gerçəkləşdirib, 150 illik Mərmərə Layihəsi xəyalını həyata keçirib. Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. 2023-cü il aprelin 4-də qardaş ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə yaşanıb -  Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub. Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi 2022-ci il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg” elektromobilini sınaqdan keçirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.

Artan hərbi qüdrət Cümhuriyyətin təhlükəsizliyinə güclü təminatlar yaradır

Bu gün dünyada ədalətin unudulduğu, beynəlxalq hüququn işləmədiyi, güc amilinin önə çıxdığı hər kəsə bəllidir. Belə bir şəraitdə hər bir dövlət öz suverenliyinin, toxunulmazlığının  təmin edilməsi qayğısına özü qalmalıdır.  Qardaş Türkiyənin artan hərbi qüdrəti də Cümhuriyyətin təhlükəsizliyinə güclü təminatlar yaradır. Qürurverici haldır ki, hazırda Türkiyə Şimali Atlantika Alyansında (NATO) ikinci ən böyük hərbi gücə malik dövlət səviyyəsinə yüksəlib. Təkcə son illərdə qardaş ölkə bir neçə yüksək texniki parametrlərə malik yeni nəsl hərbi txnikasını təqdim edib. İlk uçuşu 2022-ci ilin sonlarında uğurla baş tutan reaktiv pilotsuz qırıcı “Bayraktar Kızılelma” bunlardan biridir. Bu reaktiv qırıcı  hava-yer əməliyyatları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə həm də hava-hava tipli döyüş aparmaq imkanına malikdir. Qırıcı  8,5 ton qalxma çəkisinə və 1 min 500 kiloqram yük daşıma qabiliyyətinə malikdir.

2023-cü ilin  aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və milli müdafiə naziri Hulusi Akarın iştirakı ilə baş tutan mərasimdə  qeyd edilib ki, “Kızılelma”, “Hürjet” və “Bayraktar TB2” gəminin platformasına eniş edə bilər. “TCG Anadolu” dünyanın hər yerində hərbi əməliyyatlar aparmaq imkanlarına malikdir. Xatırladaq ki, hərbi gəminin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.

Dünyada bu miqyasda gəmiləri olan cəmi 12 ölkə var. “TCG Anadolu”nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul etmək imkanına malikdir. “Biz quruda və dəniz nəqliyyatında təkcə özümüzün deyil, həm də dost və müttəfiq ölkələrin ehtiyaclarını ödəyən bir ölkəyə çevrilmişik. Biz öz döyüş gəmilərini dizayn edə, tikə və onlara qulluq edə bilən 10 ölkə arasındayıq. Hazırda İHA, SİHA və TİHA istehsalında dünyanın ilk üç ölkəsi sırasındayıq”, - deyə Türkiyə lideri bildirib.

Türkiyənin müdafiə sənayesinin sürətlə inkişaf etməsi Cümhuriyyətin güvənliyini artırmaqla yanaşı, bütün Türk dünyasında qürur və iftixar hissi oyadır. Çox doğru olaraq Türkiyənin inkişafı Türk birliyinin güclənməsi anlamında qəbul olunur. Əlamətdar haldır ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı genişləndirirlər. Tarixi Şuşa Bəyannaməsi ilə bu sahədə əməkdaşlığın hüquqi əsasları təmin edilib. Eyni zamanda, postmüharibə dövründə Azərbaycanın Silahlı Qüvvələrinin  strukturunda Türkiyə modelinə uyğun komando birlikləri yaradılıb və onların sayı getdikcə artır.

Bu gün bütün Türkdilli dövlətlər Türkiyəyə bir mayak kimi baxırlar və onun bayram sevincinə şərik çıxırlar. Türkiyənin Cümhuriyyət bayramı Azərbaycanın və digər Türkdilli ölkələrin də bayramıdır!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31