Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Altı ölümün öldürdüyü tək adam

Altı ölümün öldürdüyü tək adam

22.07.2026 [12:32]

Edqar Allan Ponun yaradıcılığı haqqında

əvvəli ötən saylarımızda

“Təzad cini” (1845) novellasında isə fiziki-bioloji varlığın, ruhundan ayrı dolanan bədənin ikili xarakterindən danışılır. Hekayə ölüm kamerasında yatan məhbusun dilindən nəql olunur. Onun fikrincə, yaranışdan hər bir insanın canına onu ağlının, idrakının hökmündən kənar gizli-gizli yönəldən, onu ağlasığmaz əməllərə təhrik eləyən, onu sağlam düşüncənin ziddinə getməyə, qaydaları pozmağa çağıran, tərs məntiqlə işləyən bir cin müsəllət olub - təzad cini. Bu cin uçurumun başında duran adamı özünü aşağı uçurlamağa səsləyir, dərin quyunun dibində marığa yatıb quyuya baxanları kamına çəkir. Qəhrəman əmindir ki, onu qətl törətməyə həmin o cin sövq eləyib. Bu irrasional təmayül özünüqoruma instinktiylə daimi münaqişə vəziyyətindədir, onun qoruduqlarını vurub dağıtmağa fürsət axtarır. Bu da bioloji orqanizmin ikili təbiətindən xəbər verir.

Hekayənin birinci yarısı deyilən yöndə nəzəri mülahizələr, ikinci yarısı müəllifin konsepsiyasına illüstrasiyadır. Təhkiyəçi mirasına göz dikdiyi bir nəfəri zəhərli şamın tüstüsüylə iz qoymadan necə öldürdüyünü yerli-yataqlı danışır. Polis ölümü bədbəxt hadisə kimi qeydə alır, qatildən heç kim şübhələnmir. Buna baxmayaraq adam illər boyu rahatlıq tapmır, bir gün çaşıb-dolaşıb sirrini faş eləyəcəyindən, özünü ələ verəcəyindən qorxur. Tez-tez özünə təskinlik, toxtaqlıq verir: “Qorxulu heç nə yoxdur”. Adam arasında müdam özünü suçlu, şübhəli aparır, qəfil yerindən qopub gücü gəldikcə qaçmaqla, sonra da dayanıb dəli kimi gülməklə özü də istəmədən camaatın diqqətini çəkir. Bu minvalla özüylə oynamaqdan bezib günün birində cinayətini boynuna alır, içini didən cini canından çıxartmaq üçün özünü ələ verib başını cəllad kötüyünün üstünə qoyur.

Dostoyevskinin Raskolnikovuna rahatlıq verməyən də elə həmin çuğul, cığal cin idi. Bu hekayəni təkcə “Cinayət və cəza”ya yox, Freydin şüursuzluq konsepsiyasına, Tanatos (ölüm instinkti) nəzəriyyəsinə də müqəddimə saymaq olar. Halbuki onda hələ psixoanalizin banisi dünyaya gəlməmişdi, Erosun təzad qardaşı Tanatosun kəşfinə də hələ yetmiş-səksən il qalmışdı.

                                                                                                            ***

“Qara pişik” (1843) novellasında ölümə məhkum olunmuş daha bir qatilin hekayəsini dinləyirik. Bu adam da “təzad cini”nin əlində əsir-yesir qaldığından, şərə qarşı immuniteti olmadığından qana batıb. Onun cini şərabla bəslənir (bir-iki qədəh içkinin təsirindən başını itirib adamlıqdan çıxan müəllif özü də ömrü boyu baxtını kor, taleyini viran qoyan belə bir cinlə güləşmişdi), əyyaşlığa qurşanandan xarakteri büsbütün dəyişir. İndi - başı cəllad kötüyünün üstündə olanda yaxşı xatırlayır ki, uşaqlıqda, gənclikdə necə həlim xasiyyəti vardı, insanlar öz yerində, heyvanlara necə məhəbbət bəsləyər, şəfqətlə yanaşardı. Evlənəndən sonra arvadında da özündəkinə bənzər xüsusiyyətlər kəşf eləyən qəhrəman ikiqat xoşbəxt olur. Əl-ələ verib evdə cürbəcür quşlar, qızıl balıqlar, cins itlər, bunlarla yanaşı dovşan, meymun, pişik saxlayırlar. Pluton adlı qara pişiyi yiyəsi qalan bütün heyvanlardan daha çox əzizləyir. Pişik də ona möhkəm bağlanır, hara getsə, qarabaqara dalınca gəzir.

Di gəl, şeytan südünə dadanandan sonra qəhrəmanımız tündməzac, qaraqabaq, əsəbi olur, arvadına əvvəl-əvvəl qışqırmağa, sonra onu döyməyə başlayır. Heyvanlar da bu dəyişikliyi hiss eləyirlər, sahibi onları nəinki diqqətdən kənarda qoyur, onlarla da kobud davranır. Bir axşam evə yenə sərxoş gələn yiyəsi Plutonla məzələnəndə pişik onun əlini gəmirir, onda adam bıçağını çıxarıb pişiyin bir gözünü oyur. Səhər ayılıb elədiyinə peşman olsa da, axşama günahını şərabla çimizdirib “təmizliyə” çıxarır, tünd spirtlə “arılanıb-durulanıb” rahatlıq tapır. Pişiyin gözü bir müddət keçmiş sağalır, amma daha zavallı heyvan qorxusundan yiyəsinə yaxın gəlmir: “Əvvəllər məni çox sevən pişiyimin indi məndən qaçdığını görəndə pərişan oldum, amma bu duyğu getdikcə məni qıcıqlandırmağa başladı. Ardınca da zavallı canımı uçurumun kənarına gətirmiş pislik, yamanlıq bütün ruhumu sardı. Bu ruhi vəziyyətə fəlsəfədə ad tapmaq mümkün deyil. Pisliyin də insanın ilk, təməl instinktlərindən biri olduğuna, insan xarakterinə yön verən duyğulardan birini əmələ gətirdiyinə adım kimi inanıram. Şüurumuza, məntiqimizə hopmuş ehkamları, adətləri, qanunları məhz toxunulmaz olduqlarına görə pozmağa meyillənmirikmi? Məhz bu tərs təmayül məni uçuruma sürükləyən sonuncu qüvvə oldu. Sırf canlılara əziyyət vermək, xarakterimə zidd davranış göstərmək üçün məsum heyvanlara yamanlıq eləyirdim”.

Bir səhər o, sevimli pişiyinin boynuna ip keçirib gözlərindən yaş süzülə-süzülə onu ağacdan asır. Ruhunun bağışlanma ehtimalı qalmasın deyə özünü belə bir ağır günaha batırır. Adam ən qansız yağıdan da artıq özünə düşmən kəsilir, canına müsəllət olmuş cin onu şeytan fəhləsi, günah arabasıtək müftə-müsəlləm özünün əleyhinə işlədir.

Həmin günün gecəsi nağılçının evi od tutub yanır. Ev yiyəsi, arvadı, bir də nökəri canlarını güc-bəlayla qurtarırlar. Evdən ancaq quru divarlar qalır. Plutonun kabusu yiyəsini qarabaqara izlədiyindən o, daimi sakini olduğu çirkli meyxanaların birindən asdığı pişiyə bənzər bir yiyəsiz pişik tapıb gətirir. Evə gətirəndən sonra eynən Pluton kimi bu pişiyin də bir gözünün oyulduğunu görür. Tezliklə o bu pişikdən də bezib diksinməyə başlayır, pişiyin ona, arvadına mehir salmağı ev sahibini əsəbiləşdirir. Zaman keçdikcə yiyəsi pişiyə əməlli-başlı kin bəsləyir, xəstəlikdən qaçırmış kimi ondan aralı durur. Pişiyə nifrəti artdıqca heyvan ona daha da çox yarınır. Yiyəsinin qara pişikdən qaçmağına bir səbəb də heyvanın boğazının altındakı ağ ləkəni kəndir yerinə bənzətməsi olur. Pişik əyyaş sahibinin gözünə Plutonun kabusu, günahının təcəllası, qarabasmatək görünür. Bu şeytani qarabasmaların təsiri altında xeyirin, yaxşılığın son qalıntıları da onun qəlbindən silinir: “Bir gün arvadımla birgə dağılmış evin zirzəmisinə endik. Ayağıma dolaşan pişik məni az qala pilləkəndən yıxacaqdı. Hirsimdən baltanı götürüb heyvanı vurmaq üçün qaldırdım. Arvadım qolumdan tutub pişiyi vurmağıma imkan vermədi. Bu, mənim şeytanımı daha da coşdurdu, baltanı var gücümlə arvadımın başına endirdim. O, cınqırını çıxarmadan yerindəcə keçindi”.

Meyidi gizləməyin yollarını axtaran qatil çox götür-qoydan sonra cəsədi divara hörməyi qərara alır. İzi yaxşıca itirib mərdimazar pişiyi axtarır, ancaq pişik tapılmır. Çox keçməmiş polislər evə gəlib onu dindirirlər, başdansovdu bir axtarış aparıb getməyə hazırlaşırlar. Demək, artıq rahat nəfəs almaq olar. Elə bu vaxt arxayınlaşmış qatil dilini, əlini saxlamayıb özü də bilmədən əməlini ifşa eləyir, içindən qəfil boylanıb meymun kimi quyruğunu oynadan, yiyəsini satan cini onu öz ayağıyla cəlladın hüzuruna göndərir. Uçurulan divardan həm qadının, həm də pişiyin cəsədi çıxır, günahları dil açıb əyyaş qatilin üzünə durur.

                                                                                                              ***

“Quyu və kəfkir” (1842) hekayəsini danışanın da səsi zindandan gəlir. Toledodakı inkvizisiya məhkəməsi onu ölümə məhkum eləyib, eşitdiyi son sözlər edam hökmünün mətni, son səs hökmü oxuyan inkvizitorun ona vızıltı kimi gələn avazı olub. Bundan sonra huşunu itirib, ayılanda özünü zülmət qaranlıq bir hücrədə tapıb. Hissiyyatı korşalsa da, ağlı hələ üstündədir: “Özümə gələndə yerimdən dik atıldım, bütün vücudum əsirdi. Əllərimi sağa-sola uzatsam da, addım atmaqdan çəkinirdim, diri-diri gömüldüyüm məzarın divarlarına toxunacağımdan qorxurdum. Bədənimi soyuq tər basmışdı, iri damcılar alnımda donub qalmışdı. Handan-hana tab gətirməyib ehtiyatla irəli yeridim, əllərimi qabağa uzadıb gözlərimi bərəltdim ki, bəlkə bir işıq ucu görə biləm... Nəhayət, əlim nəyəsə toxundu, deyəsən daş divar idi - hamar, yapışqan, soyuq. Divar boyunca ehtiyatla addımlayırdım, fəqət belə asta yerişlə zindanın boyunu ölçmək mümkün deyildi... Döşəmə soyuq, sürüşkən idi, birtəhər irəliləməyə başladım, ancaq ayağım dolaşdı, yıxıldım. Yorğunluq məni əldən salmışdı deyə qalxa bilmədim, eləcə yıxıldığım yerdə uzanıb yuxuya getdim. Oyananda hiss elədim ki, yanımda nəsə var, əlimi toxunduranda gördüm bir parça çörək, bir parç da sudur. Çörəyi tez təpişdirib doyunca su içdim...”

Sonra məhbus zindanın enini-boyunu ölçməyə bir də cəhd göstərir. Bu vaxt ayağı uzun dustaq köynəyinin ətəyinə ilişir, adam üzüqoylu yerə yıxılır. Başının çənədən yuxarı hissəsi, burnu boşda qaldığından aydın olur ki, burada dustaqlar üçün qazılmış dərin quyu var, əsərin qəhrəmanı da bu quyuya düşməkdən təsadüfən qurtulub. Görünür, suya nəsə qatıldığından çox keçməmiş dustağı yenə dərin yuxu aparır. Bu dəfə ayılanda başqa mənzərə görür: “Yerdən bir az hündür taxta oturacağın üzərində arxası üstə uzanmışdım. Məni belbağıya bənzər kəmərlə möhkəm bağlamışdılar. Kəməri üstümdən bir neçə dəfə aşırıb elə sıxmışdılar ki, yalnız başımı, bir də sol əlimi tərpədə bilirdim. Əlimin birini də ona görə azacıq boş saxlamışdılar ki, yanıma qoyulmuş saxsı qabdakı yeməyə uzada bilim. Su parçını görməyəndə dəhşətə gəldim...”

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31