Avropanın dəyişən rolu: iqtisadi nəhəngdən siyasi gücə çevrilmə axtarışı
13.08.2026 [09:55]
Avropa İttifaqının paradoksu: zəngin güc, məhdud siyasi təsir
XXI əsrdə Avropa İttifaqı dünya siyasətinin ən böyük paradokslarından birini yaşayır. Avropa iqtisadi baxımdan dünyanın ən güclü mərkəzlərindəndir, lakin bu iqtisadi potensial hələ tam siyasi gücə çevrilməyib. Bu gün Avropa İttifaqı 27 dövləti birləşdirir, təxminən 452 milyon nəfərlik bazara malikdir və qlobal ÜDM-in təxminən 17 faizindən çoxunu formalaşdırır. Aİ dünyanın ən böyük ticarət bloklarından biridir və qlobal mal və xidmət ticarətində aparıcı mövqelərdən birini tutur. Lakin beynəlxalq sistemdə təsir yalnız iqtisadi göstəricilərlə müəyyən olunmur. Dünya siyasətində dövlətlərin və siyasi birliklərin çəkisi həm də onların təhlükəsizlik imkanları, texnoloji üstünlüyü, enerji təminatı və strateji qərarvermə qabiliyyəti ilə ölçülür. Məhz burada Avropa İttifaqının əsas problemi ortaya çıxır. Avropa iqtisadi nəhəng olsa da, uzun müddət təhlükəsizlik məsələlərində ABŞ-ın hərbi imkanlarına əsaslanıb. NATO çərçivəsində ABŞ-ın rolu Avropa təhlükəsizliyinin əsas sütunlarından biri olub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına görə, ABŞ uzun illər ərzində NATO ölkələrinin ümumi müdafiə xərclərində ən böyük paya sahib olub. Avropanın müdafiə sahəsində asılılığı xüsusilə Ukrayna müharibəsindən sonra daha aydın göründü. 2022-ci ildən sonra Avropa dövlətləri təhlükəsizlik və müdafiə siyasətinə daha çox resurs ayırmağa başladı. Lakin Avropa ölkələrinin hərbi imkanları ABŞ-la müqayisədə hələ də məhdud olaraq qalır. ABŞ uzun illər ərzində NATO çərçivəsində Avropanın əsas təhlükəsizlik təminatçısı rolunu oynayıb. ABŞ-ın hərbi büdcəsi, texnoloji imkanları, qlobal hərbi bazaları və strateji imkanları Avropa təhlükəsizlik sisteminin əsas dayaqlarından biri olub.
Beynəlxalq münasibətlər üzrə tanınmış alman alim Herfried Münkler Avropanın geosiyasi vəziyyətini təhlil edərkən yazır ki, Avropa uzun müddət xüsusi tarixi şəraitdə inkişaf edib. Bu şəraitdə ABŞ-ın təmin etdiyi təhlükəsizlik mühiti Avropa dövlətlərinə əsas diqqəti iqtisadi inkişaf, sənaye modernləşməsi və sosial rifah sistemlərinin qurulmasına yönəltməyə imkan verib. Burada söhbət “təhlükəsizlik təmin olunmuş rifah modeli” anlayışından gedir. Bu ifadə o deməkdir ki, Avropa İttifaqı uzun illər ərzində iki mühüm üstünlükdən eyni vaxtda istifadə edib: xarici təhlükəsizlik baxımından sabit mühit və daxili iqtisadi inkişaf üçün əlverişli şərait.
İkinci Dünya müharibəsindən sonra Avropa ölkələri bir-biri ilə müharibə ehtimalını azaltmaq üçün iqtisadi inteqrasiya yolunu seçdi. 1951-ci ildə Avropa Kömür və Polad Birliyinin yaradılması ilə başlayan proses sonradan Avropa İqtisadi Birliyinə, daha sonra Avropa İttifaqına çevrildi. Əsas məqsəd yalnız iqtisadi əməkdaşlıq yaratmaq yox, Avropada uzunmüddətli siyasi sabitlik formalaşdırmaq idi. Bu model nəticəsində Avropa ölkələri böyük iqtisadi nailiyyətlər əldə etdi. Vahid bazarın yaradılması, sərhədlərin iqtisadi baxımdan açılması, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini artırdı. 1999-cu ildə avronun tətbiqi isə Avropanın iqtisadi inteqrasiyasında yeni mərhələ yaratdı. Lakin bu inkişaf modeli müəyyən xarici şərtlərə əsaslanırdı. Avropa təhlükəsizlik xərclərini nisbətən aşağı saxlaya bildiyi dövrdə daha çox sosial siyasətə, texnologiyaya, təhsilə və sənayenin inkişafına investisiya qoya bildi. Məhz bu səbəbdən Münkler hesab edir ki, Avropanın qarşılaşdığı əsas problem iqtisadi zəiflik deyil, dəyişən beynəlxalq mühitdə əvvəlki inkişaf modelinin artıq kifayət etməməsidir.
XXI əsrin ikinci onilliyindən etibarən dünya siyasətində fundamental dəyişikliklər baş verdi. Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsi, Çin iqtisadiyyatının və texnoloji imkanlarının sürətli yüksəlişi, ABŞ-ın qlobal strategiyasındakı dəyişikliklər Avropanı yeni təhlükəsizlik və inkişaf modeli axtarmağa məcbur etdi. Ən böyük dəyişiklik enerji sahəsində baş verdi. Uzun illər ərzində Avropa sənayesinin mühüm hissəsi nisbətən ucuz Rusiya enerji resurslarından istifadə edirdi. 2021-ci ildə Rusiyanın Avropa İttifaqının təbii qaz idxalında təxminən 45 faiz payı vardı. Bu asılılıq xüsusilə Almaniya kimi sənaye nəhəngi ölkələr üçün mühüm iqtisadi faktor idi. Lakin 2022-ci ildən sonra geosiyasi vəziyyət dəyişdi. Rusiya qazından asılılığın azalması Avropa üçün həm siyasi, həm də iqtisadi sınağa çevrildi. Avropa alternativ enerji mənbələri, yeni təchizat marşrutları və fərqli tərəfdaşlar axtarmağa başladı.
Bu hadisə mühüm bir həqiqəti ortaya çıxardı: XXI əsrdə iqtisadi güc yalnız maliyyə, texnologiya və sənaye imkanları ilə müəyyən olunmur, enerji təhlükəsizliyi, kritik xammallara çıxış və logistika imkanları da milli və regional gücün əsas elementlərinə çevrilib. Avropanın sənaye modeli yüksək texnologiyaya əsaslansa da, bu texnologiyaların işləməsi üçün böyük həcmdə enerji və xammal tələb olunur. Elektrik avtomobilləri üçün litium, kobalt və digər minerallar, rəqəmsal texnologiyalar üçün nadir torpaq elementləri, sənaye üçün sabit enerji təchizatı strateji əhəmiyyət daşıyır. Məhz buna görə Avropa gələcək strategiyasında yeni tərəfdaşlara daha çox diqqət yetirməyə başlayıb. Bu tərəfdaşlar arasında Xəzər regionu və Türk dövlətləri xüsusi yer tutur. Azərbaycan Avropa üçün yalnız enerji ixracatçısı deyil, həm də yeni nəqliyyat və logistika imkanları yaradan strateji tərəfdaşdır. Azərbaycan qazının Avropa bazarlarına çıxışı enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi mövqe Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Türkiyə isə Avropa üçün həm təhlükəsizlik, həm enerji, həm də nəqliyyat baxımından xüsusi əhəmiyyət daşıyır. Türkiyənin NATO üzvü olması, Qara dəniz və Aralıq dənizi regionlarında strateji mövqeyi, Avropa ilə geniş iqtisadi əlaqələri onu Avropanın mühüm tərəfdaşlarından birinə çevirir. Qazaxıstan Avropanın kritik xammal təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə uran istehsalında dünyanın aparıcı ölkələrindən biri olan Qazaxıstan nüvə enerjisindən istifadə edən Avropa dövlətləri üçün strateji əhəmiyyət daşıyır. Özbəkistan isə Mərkəzi Asiyada mühüm iqtisadi tərəfdaşlardan biridir. Ölkənin pambıq, tekstil, sənaye və logistika imkanları Avropa şirkətləri üçün yeni əməkdaşlıq istiqamətləri yaradır. Bu reallıqlar göstərir ki, Avropanın iqtisadi gücü müəyyən mənada geniş beynəlxalq əməkdaşlıq şəbəkəsinə əsaslanır. Avropa öz sənaye gücünü qorumaq üçün yalnız daxili imkanlarına yox, həm də etibarlı xarici tərəfdaşlara ehtiyac duyur. Buna görə də Avropanın qarşısında duran əsas məsələ artıq iqtisadi potensial yaratmaq deyil, bu potensialı siyasi təsirə çevirməkdir. Çünki XXI əsrdə qlobal liderlik yalnız böyük iqtisadiyyatla ölçülmür, enerji təhlükəsizliyi, texnoloji üstünlük, hərbi imkanlar, diplomatik çeviklik və strateji tərəfdaşlıq şəbəkəsi ilə formalaşır. Aİ-nin gələcəyi məhz bu suala cavabdan asılı olacaq: Avropa sahib olduğu iqtisadi gücü müstəqil siyasi təsirə çevirə biləcəkmi, yoxsa yeni dünya sistemində əsasən böyük iqtisadi bazar kimi qalacaq?
Avropanın yeni rəqabət meydanı: ABŞ, Çin və texnoloji güc uğrunda mübarizə
Avropanın XXI əsrdə qarşılaşdığı əsas çağırışlardan biri yalnız təhlükəsizlik və enerji məsələləri ilə bağlı deyil. Daha dərin problem qlobal iqtisadi modelin dəyişməsi və texnoloji rəqabətin yeni mərhələyə keçməsidir. XX əsrin ikinci yarısında Avropa sənaye, elm və texnologiya sahəsində dünyanın aparıcı mərkəzlərindən biri idi. Almaniyanın maşınqayırma sənayesi, Fransanın aerokosmik sektoru, İtaliyanın istehsal imkanları, Niderlandın yüksək texnologiya şirkətləri Avropanın qlobal iqtisadi çəkisini artırırdı. Lakin XXI əsrdə iqtisadi rəqabətin xarakteri dəyişib. Əvvəllər sənaye gücü əsasən polad, avtomobil, kimya və ağır istehsal imkanları ilə ölçülürdüsə, indi əsas üstünlük süni intellekt, yarımkeçiricilər, kvant texnologiyaları, rəqəmsal platformalar, robotlaşdırma və yüksək məhsuldarlıqlı istehsal sistemləri ilə müəyyən olunur. Məhz bu sahələrdə ABŞ və Çin arasındakı rəqabət Avropanın qarşısına yeni strateji suallar çıxarıb.
Avropa İttifaqı yüksək elmi potensiala malikdir. Qitədə dünyanın ən nüfuzlu universitetləri, böyük elmi tədqiqat mərkəzləri, qabaqcıl sənaye şirkətləri fəaliyyət göstərir. Lakin rəqəmsal iqtisadiyyatın əsas platformaları məsələsində Avropa ABŞ və Çinlə müqayisədə daha zəif mövqedədir. Məsələn, dünyanın ən böyük texnologiya şirkətlərinin böyük hissəsi ABŞ-da yerləşir. “Alphabet”, “Microsoft”, “Apple”, “Amazon”, “NVIDIA” kimi şirkətlər süni intellekt, bulud texnologiyaları və hesablama infrastrukturu sahəsində qlobal liderlərdir. Avropanın problemi ondan ibarətdir ki, o, güclü sənaye bazasına malik olsa da, rəqəmsal platformalar və qlobal texnologiya nəhəngləri yaratmaqda ABŞ və Çin qədər uğurlu olmayıb. Avropa Komissiyasının məlumatlarına əsasən, rəqəmsal texnologiyaların inkişafı Avropanın gələcək iqtisadi rəqabət qabiliyyətinin əsas istiqamətlərindən biri hesab olunur. Bu məqsədlə Aİ “Digital Decade” proqramı çərçivəsində 2030-cu ilə qədər rəqəmsal infrastrukturun, bacarıqların və texnoloji imkanların genişləndirilməsini qarşıya məqsəd qoyub. Lakin məsələ yalnız texnologiya yaratmaqla bitmir. Əsas sual budur: gələcəyin texnoloji standartlarını kim müəyyən edəcək? Bu sual xüsusilə ABŞ-Çin rəqabəti fonunda Avropa üçün mühüm əhəmiyyət daşıyır. Çin son onilliklərdə yalnız dünyanın istehsal mərkəzi olmaqla kifayətlənməyib. Pekin yüksək texnologiyalı iqtisadiyyat yaratmaq üçün dövlət səviyyəsində uzunmüddətli strategiya həyata keçirir.
Çinin “Made in China 2025” proqramı məhz bu məqsədə xidmət edir. Proqramın əsas istiqamətləri robot texnologiyaları, süni intellekt, aerokosmik sənaye, yüksək səviyyəli avadanlıq istehsalı və yeni enerji texnologiyalarıdır. Ölkənin sənaye siyasəti göstərir ki, Pekin gələcək iqtisadi rəqabəti yalnız bazar payı uğrunda mübarizə kimi deyil, texnoloji üstünlük uğrunda yarış kimi qiymətləndirir. Bu proses Avropada narahatlıq yaradır, çünki Çin artıq yalnız ucuz istehsalçı deyil. Çin şirkətləri elektrik avtomobilləri, batareya texnologiyaları, telekommunikasiya avadanlıqları və yaşıl enerji sahələrində qlobal rəqiblərə çevrilib.
Avropa İttifaqının Çinlə iqtisadi münasibətləri də bu baxımdan mürəkkəb xarakter daşıyır: bir tərəfdən Çin Avropa üçün böyük ticarət tərəfdaşıdır, digər tərəfdən isə bəzi strateji sahələrdə Çin şirkətlərinin üstünlüyü Avropa sənayesində narahatlıq yaradır. Avropa Komissiyasının məlumatlarına görə, Aİ-Çin illik ticarət dövriyyəsi yüz milyardlarla avro həcmindədir. Lakin Aİ ilə Çin arasında ticarət balansında Avropanın böyük kəsiri var. Bu vəziyyət Avropada “iqtisadi təhlükəsizlik” anlayışının daha çox müzakirə edilməsinə səbəb olub.
Avropanın qarşısında digər mühüm məsələ ABŞ-la münasibətlərdir. ABŞ Avropanın əsas təhlükəsizlik tərəfdaşı olmaqla yanaşı, həm də texnoloji və investisiya baxımından mühüm tərəfdaşdır. Lakin son illər transatlantik münasibətlərdə yeni suallar meydana çıxıb. ABŞ sənaye siyasətində daha fəal mövqe tutmağa başlayıb. 2022-ci ildə qəbul edilmiş CHIPS and Science Act ABŞ-da yarımkeçirici istehsalını gücləndirmək üçün təxminən 52 milyard dollar həcmində dövlət dəstəyi nəzərdə tutur. Bu addım göstərir ki, Birləşmiş Ştatlar da kritik texnologiyalarda xarici asılılığı azaltmağa çalışır. Avropa üçün əsas problem ondan ibarətdir ki, həm ABŞ, həm də Çin strateji texnologiyalar sahəsində böyük dövlət dəstəyi ilə irəliləyir.
Avropa isə daha çox tənzimləyici güc kimi çıxış edir. Bu yanaşmanın üstünlükləri də var. Avropa İttifaqı şəxsi məlumatların qorunması sahəsində dünyanın ən təsirli hüquqi çərçivələrindən birini yaradıb. 2018-ci ildə qüvvəyə minən Ümumi Məlumatların Qorunması Qaydaları (GDPR) qlobal rəqəmsal idarəetməyə ciddi təsir göstərib. Lakin texnologiya sahəsində əsas sual yalnız qaydaları müəyyən etmək deyil, həm də həmin texnologiyaları yaradan tərəf olmaqdır. Bu məsələdə avropalı ekspert Mark Leonardın yanaşması diqqətəlayiqdir. O, Avropa Xarici Əlaqələr Şurasının (European Council on Foreign Relations -ECFR) həmtəsisçisi və direktorudur. Leonard uzun illər Avropanın qlobal rolu, geosiyasi dəyişikliklər və böyük güclər arasında rəqabət məsələlərini araşdırıb.
Onun fikrincə, Avropa artıq əvvəlki kimi yalnız iqtisadi əməkdaşlıq layihəsi kimi fəaliyyət göstərə bilməz. Yeni dövrdə Avropa həm iqtisadi, həm texnoloji, həm də siyasi baxımdan daha strateji düşünməlidir. Leonard hesab edir ki, ABŞ-Çin rəqabətinin gücləndiyi bir dövrdə Avropa öz mövqeyini müəyyən etməlidir. Aİ nə tam şəkildə ABŞ-ın strategiyasının davamçısı olmalı, nə də Çinlə münasibətlərdə yalnız iqtisadi maraqlara əsaslanmalıdır. Əsas məsələ Avropanın öz maraqlarını qoruyan müstəqil strategiya formalaşdırmasıdır. Bu yanaşma Avropanın qarşısında duran əsas dilemmanı göstərir: əgər Avropa yalnız ABŞ texnologiyasından və təhlükəsizlik imkanlarından asılı qalarsa, onun strateji müstəqilliyi məhdudlaşa bilər; əgər Çin texnologiyasından həddindən artıq asılılıq yaranarsa, bu da gələcəkdə siyasi və iqtisadi risklər törədə bilər. Buna görə Avropa texnoloji imkanlarını artırmalı, innovasiya ekosistemini gücləndirməli və qlobal rəqabətdə daha fəal mövqe tutmalıdır.
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

