Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Davamlı sosial siyasət...

Davamlı sosial siyasət...

12.08.2026 [16:00]

Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır

Azərbaycan sosial dövlətdir.  Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə bəyan edib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bu strateji kursa uyğun olaraq respublikamızın iqtisadi-maliyyə imkanları genişləndikcə sosial sferaya ayrılan vəsaitllərin həcmi də artırılır və vətəndaş məmnunluğunun yüksəldilməsi üçün daha genişmiqyaslı tədbirlər görülür. 2026-cı ilin birinci yarısının göstəriciləri təsdiqləyir ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsinə uyğun olaraq özünün dərinməzmunlu sosial siyasətinə davamlı sadiqlik nümayiş etdirir.

Büdcədə sosial sahənin prioritetliyi

Azərbaycan bir qayda ölaraq özünün sosial yönümlü büdcəsi ilə fərqlənir və bu sahənin prioritetliyi cari ildə də qorunub saxlanılıb. 2026-cı ilin dövlət büdcəsində sosialyönümlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manat həcmində müəyyənləşdirilib. Bu göstərici bütün büdcə xərclərinin təqribən 41,1 faizini təşkil edir. Bütövlükdə, son 7 ildə dövlət büdcəsində sosial  istiqamətdə ayrılan vəsaitin həcmi 2,2 dəfə artıb.

Cari ilin sosial büdcəsinin xərclərində aşağıdakı istiqamətlər xüsusi çəkiyə malikdir:

-Sosial müdafiə və təminat: 4 milyard 873,0 milyon manat. Qeyd olunan rəqəm 2025-ci ilin  göstəricisindən 121,2 milyon manat və ya 2,6 faiz çoxdur. Bu da son 7 ildə sosial müdafiə və sosial təminat istiqaməti üzrə ayrılan vəsaitin 2,1 dəfə artması deməkdir.

-Sosialyönümlü xərclərin strukturunda mühüm yer tutan sahələrdən biri kimi təhsil və elm xərclərinə ayrılan vəsait 5,2 milyard manat nəzərdə tutulub. Bu, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artmış olur. Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2025-ci illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edir.

-Səhiyyə xərclərinə 2 milyard 52,4 milyon manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 1,5 faiz, 2024-cü ilin icra vəziyyəti ilə müqayisədə isə 10,7 faiz çoxdur. Səhiyyə xərcləri ümumi büdcə xərclərinin 4,9 faizini təşkil edir.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2 faizinə bərabər olub. Hesabat dövründə dövlət büdcəsi xərclərinin 11 milyard 642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərə, 4 milyard 188,2 milyon manatı və ya 25 faizi əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Eyni zamanda, bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.

Pensiyalarda növbəti artımlar

Dövlət başçısının təsdiqlədiyi müvafiq Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 milyard 483 milyon 70 min manat məbləğində müəyyən edilib. Xərclərin maliyyələşdirilməsi fondun 8 milyard 323,1 milyon manat gəlirləri və əvvəlki illərdən formalaşmış 159,97 milyon manat ehtiyat hesabına təmin olunacaq.

Fondun gəlirləri əsasən məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır. Bu mənbə üzrə daxilolmalar 6 milyard 591,1 milyon manat təşkil edir. Büdcənin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən fonda 1,7 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Fondun xərclərinin 2026-cı ildə əsas hissəsi əhaliyə ödənişlərə yönəldilir. Belə ki, əmək pensiyalarının ödənilməsi üçün il ərzində 7 milyard 992,9 milyon manat, sosial sığorta haqları hesabına müavinətlərin verilməsi üçün isə 203,6 milyon manat vəsait ayrılacaq. Eyni zamanda, sanatoriya-kurort müalicəsi, sosial xidmətlərin təşkili, bank əməliyyatları və fondun idarəetmə xərcləri də büdcədə əksini tapıb.

Cari ilin birinci yarısında DSMF-nin ayrı-ayrı istiqamətlər üzrə fəaliyyəti uğurlu olub. Belə ki, birinci yarımilində fondun gəlirləri proqnozla müqayisədə 5 faiz və ya 197 milyon manat çox olmaqla 4 milyard 295 milyon manat təşkil edib. Qurumun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 199 milyon manat artaraq 3 milyard 432 milyon manat olub. Yanvar-iyun aylarında DSMF-nin xərcləri isə 4 milyard 124 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 380 milyon manat çoxdur.

Bu ilin birinci yarımilində DSMF tərəfindən pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldilib.

Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.  1 iyul 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb. Cari ilin birinci yarımilində 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə bütövlükdə 201 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Birinci yarımildə ümumilikdə 2,2 milyon şəxsə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım ödənilib, sosial təminat növlərinin hər biri üzrə ödənilən vəsaitlərdə artım olub.

Eləcə də Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin birinci yarımilində dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Onlardan:

 -505 min nəfərə müavinət olaraq 634 milyon manat,

-405 min nəfərə Prezident təqaüdü olaraq 407 milyon manat,

-129 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 85 milyon manat ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 6 faiz çox olub.

Bu ilin 6 ayında daha 75 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 954 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Həmçinin ölkəmizdə dövlətimizin başçısının 19 mart 2026-cı il tarixli Fərmanı ilə tibbi sığorta sisteminin idarəedilməsinin daha təkmil və effektiv təşkilinə hədəflənən yeni mühüm islahat mərhələsinə keçilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Hazırda icbari tibbi sığorta üzrə xidmətlərin tam rəqəmsallaşdırılması işləri aparılır. Əsas prioritetlər icbari tibbi sığorta üzrə xidmətlər üçün göndərişlərin şəffaflığının və operativliyinin təmin edilməsi, əhalinin tibbi xidmətlərlə təminatı işinin keyfiyyətinin yüksəldilməsidir.

200 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 82 min şəxs münasib işlərlə təmin olunub, 385 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. O cümlədən 9,1 min  şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 109,2 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib. Onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib. Qeyd edək ki, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu  təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.

Eləcə də, işğaldan azad edilmiş ərazilərə - doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təminatı işləri cari ildə də davam etdirilərək daha da genişlənib. Sakinlərdən məşğulluğu təmin edilənlərin sayı 11,1 mini ötüb. 900-dən çox sakin isə özünüməşğulluq proqramına cəlb olunub. Əsas hədəf qeyd edilən ərazilərdə məşğulluq proqramlarının genişləndirilməsidir və işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu sahədə birgə işlər görülür.

Reabilitasiya xidmətlərinin əhatə dairəsi genişlənir

Reabilitasiya xidmətlərinin genişləndirlməsi də böyük sosial əhəmiyyat daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 70 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 36,6 mininə ambulator, 17,2 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir. Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

O cümlədən Sosial Xidmətlər Agentliyi cari ilin birinci yarımilində əlilliyi olan 7424 şəxsi 297 min reabilitasiya vasitəsi ilə təmin edib. Qeyd olunan reabilitasiya vasitələrindən 666-sı təkərli oturacaq (o cümlədən 18-i mühərrikli təkərli oturacaq), 1133-ü aşağı və yuxarı ətraf protezi, 1805-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı, 127 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Müxtəlif sosial xidmətlərin proaktiv qaydada təqdim olunması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2026-cı ilin yanvar-iyun aylarında 3,9 milyon müraciət edilib. Bəhs olunan dövrdə 143 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 389 min elektron arayış verilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 204 milyon olub.

Son 6 ayda elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər davam etdirilərək daha da genişləndirilib. Bu ilin mühüm nailiyyətlərindən biri olaraq, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu proaktiv və şəffaf, əlçatan, ədalətli və inklüziv xidmətlərinə görə BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülüb. BMT-yə 63 ölkədən təqdim olunmuş 700 təşəbbüs arasından DSMF və digər ölkələrdən 7 müvafiq dövlət qurumu bu mükafatla təltif edilib. İyunun 23-25-də Gürcüstanın Tbilisi şəhərində keçirilən, 100-ə yaxın ölkədən 420 nümayəndənin iştirak etdiyi BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil olunan təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub.

 BMT-nin rəsmi bəyanatına görə, onun Dövlət Xidməti Mükafatı (“UN PSA”) dövlət xidmətləri sahəsində mükəmməlliyin tanınmasıdır. Bu mükafatla dünyanın müxtəlif ölkələrində daha səmərəli və çevik dövlət idarəçiliyinin formalaşmasına töhfə verən dövlət qurumlarının yaradıcı nailiyyətləri və fəaliyyət nəticələri təltif edilir.  Fond BMT-nin Dövlət Xidmətləri Mükafatına sosial təminat sahəsində son illər həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulmuş vətəndaşyönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığının, operativliyinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində əldə etdiyi mühüm uğurlara görə layiq görülüb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31