Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İqtisadi həmrəylik və əməkdaşlıq modeli

İqtisadi həmrəylik və əməkdaşlıq modeli

13.10.2026 [09:05]

Azərbaycan MDB çərçivəsində faydalı iqtisadi platforma yaradır

Müstəqil Dövlətlər Birliyi (MDB) bu quruma üzv olan ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 30 ildən artıqdır ki, təşkilatda yer alan  Azərbaycan daim öz milli maraqlarını rəhbər tutaraq regional layihələrin həyata keçirilməsində fəal rol oynayır, iqtisadi və nəqliyyat əlaqələrini genişləndirərək ümumi inkişafa faydalar verir. Bunun nəticəsidir ki, Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi son 3 ildə 40 faizdən çox artıb. Xüsusilə də, ölkəmizin bu qurumda təmsil olunan ölkələrə ixracında xüsusi dinamika müşahidə olunur, ələlxüsus da Rusiya Federasiyasına ixrac ən yüksək səviyyəyə çatıb. Bu göstəricilər MDB ölkələri ilə iqtisadi əlaqələrin Azərbaycan üçün praktik əhəmiyyət daşıdığını göstərən nümunələrdən biridir.

Azərbaycanın coğrafi mövqeyi onu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən mühüm ölkələrdən birinə çevirir. Rusiya və Belarus ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Mərkəzi Asiya respublikaları ilə isə Orta Dəhliz istiqamətində sıx əməkdaşlıq edir. Hazırkı reallıqlar fonunda MDB platforması çoxistiqamətli iqtisadi məsələlərin -  ticarət, investisiya, sənaye və sahibkarlıq sahələrində yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, öz nəqliyyat potensialı artırmaq və şaxələndirmək baxımından əhəmiyyət kəsb edir.

Coğrafi mövqeyimiz beynəlxalq tranzit imkanlarını genişləndirir

Oktyabrın 9-da Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən Prezident İlham Əliyevin vurğuladığı kimi, 35 illiyini qeyd edən MDB ötən illər ərzində siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib. Azərbaycan təşkilat daxilində iqtisadi-humanitar həmrəyliyə daim dəstək verir, təşəbbüskarlıq göstərir. Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan quraraq regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.

Həmçinin, yeni iqtisadi transformasiya dövründə MDB-də rəqəmsal ticarət əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və yeni investisiya imkanlarının yaradılması, turizm və xidmət sahələrində birgə layihələrin təşviqi iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə kömək edəcək.

Ümumilikdə, digər regional layihələrdə fəal iştirak Azərbaycanın qurum çərçivəsində iqtisadi dividentlər əldə etməsinə imkan yaradacaq. Ölkəmizin 2027-ci ildə MDB-yə həmsədrlik, 2028-ci ildə isə sədrlik etməsi isə siyasi-iqtisadi və digər sahələrdə qabaqcıl təşəbüslərin reallaşmasında, nəqliyyat dəhlizlərinin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və tranzit daşımalarının səmərəliliyinin artırılması, regional ticarətin genişlənməsində mühüm rol oynayacaq. Azərbaycanın təmin etdiyi təhlükəsiz və etibarlı tranzit imkanları MDB üzvü olan, ancaq dənizə çıxışı olmayan dövlətlərin qlobal bazarlara çıxışını asanlaşdırmaq baxımından da yeni fürsətləri reallaşdıracaq.

Xəzərin ekosisteminin qorunması: daimi əməkdaşlıq və təhlükəsizlik üçün vacib amil

Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammiti də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu tədbir bir neçə aspektdən müasir geosiyasi və geoiqtisadi mühitdə yeni yanaşmanın tətbiqi baxımından əlamətdardır. Birincisi, Xəzərin iqtisadi və strateji əhəmiyyətini artıran nəqliyyat və enerji marşrutlarının yeni fraqmentasiyalar fonunda rolunun daha da artmasıdır.

İkincisi, qlobal logistika və tranzit keçidlərində qırılmaların baş verməsi Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunmasını prinsipial dərəcədə artırır. Dəniz üzərindən Şərq və Qərb istiqamətində daşınmalar artır.

Üçüncüsü, ekoloji vəziyyətin tarazlığıdır. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə, nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Azərbaycan bu problemin həlli üçün daim öz mövqeyini çatdırır, hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etməklə narahatlığını ifadə etmişdi. İndiki gerçəkliklər həmin çağırışa təcili əməl edərək 5 dövlətin problemin ümumi həllində yeni təsiredici mexanizmin yaradılmasında aktivliyini labüd edir.

Dördüncüsü, Xəzərin həm də “yaşıl enerji” tranzitinə çevrilməsidir. Dənizin altı ilə Mərkəzi-Asiya-Azərbaycan-Qara dəniz-Avropa kabelinin və fiber-optik data xəttinin çəkilişi rəqəmsal tranzitlərin əhəmiyyətini artıracaq. Bu amil də dənizdə logistika təhlükəsizliyi üçün mühüm mıəsələlərdən biridir.

Beləliklə, bütün bu amillər Xəzərin nadir ekosisteminin qorunmasını sahilyanı dövlətlər üçün müştərək vəzifə kimi aktuallaşdırır. Bu məsələlər Xəzərdə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması üçün zəruridir. Azərbaycan Prezidentinin sammitdə bu mühüm məqamlara diqqət çəkməsi Xəzərin ümumi təhlükəsizliyi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, logistika potensialının artırılması və digər məsələlərin həlli baxımından yeni inkişaf modelinin yaradılmasını təmin edə bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31