Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Prezident İlham Əliyev ədəbiyyatımıza xüsusi diqqət və qayğı göstərir

Prezident İlham Əliyev ədəbiyyatımıza xüsusi diqqət və qayğı göstərir

13.07.2013 [13:56]

Hazırda ölkəmizdə ədəbiyyata və mədəniyyətə xüsusi dövlət qayğısının göstərildiyi hər kəsə bəllidir. Məlum olduğu kimi, Azərbaycanda sözügedən sahələrə diqqət və qayğı siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə göstərilən tükənməz dövlət qayğısı da, Ulu öndər Heydər Əliyevin bu sahədəki ənənələrindən qidalanır. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına xidmət edən hər bir fəaliyyət hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Ölkə Prezidentinin ədəbiyyata və mədəniyyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi Onun bir sıra sərəncamlarına nəzər salmaq və bu sərəncamlardan irəli gələn işlərin həyata keçirilməsinin bir neçə nümunələrini xatırlatmaq istərdim. Məsələn, 2008-ci ildə dövlət başçısının Mikayıl Müşfiqin 100 illik yubileyi haqqında verdiyi Sərəncam bu barədə olduqca səciyyəvidir.
Qeyd edək ki, sözügedən Sərəncamda diqqəti cəlb edən cəhət Prezident İlham Əliyevin görkəmli şair Mikayıl Müşfiqin şəxsiyyətinə və yaradıcılığına, ədəbiyyat tarixində tutduğu mühüm yerə verdiyi qiymətdir: “Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır”.
Bu dərin məzmunlu iki cümlədə Mikayıl Müşfiq şəxsiyyəti və yaradıcılığı bütün mahiyyəti ilə əhatə olunmuşdur. Yəni, burada diqqət Mikayıl Müşfiqin “yenilikçi şair” olmasına, yaradıcılığının “romantik ruhuna”, “dərin ictimai məzmununa” yönəldilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, mühacirət həyatı yaşamış, repressiyaya uğramış görkəmli Azərbaycan şairi Almas İldırımın yubileyinin keçirilməsi barədə Prezidentin 2007-ci il 16 aprel tarixli Sərəncamı da ədəbiyyata diqqət və qayğı baxımından dəyərlidir. Almas İldırımın şəxsiyyəti və yaradıcılığı həmin Sərəncamda belə səciyyələndirilir: “2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadənin) anadan olmasının 100 illiyi tamam olur.
Almas İldırımın yaradıcılığı Azərbaycan mühacirət poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi, vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır”.
XX əsr Azərbaycan ədəbiyyatının dahilərindən biri olan Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 17 aprel 2007-ci il tarixdə imzaladığı Sərəncamın da məzmunu bu cəhətdən olduqca səciyyəvidir və Hüseyn Cavid irsinin öyrənilməsi istiqamətində Heydər Əliyev kursunun, ənənələrinin ləyaqətli davamıdır. Sərəncamda deyilir: “2007-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur.
Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur”.
Belə əhəmiyyətli sərəncamlardan biri də, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü ildə imzaladığı Sərəncamdır.
Məlumdur ki, müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın, təhsilimizin, mətbuatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalırdı. Kiril əlifbasını bilməyən gənc nəsil klassik ədəbiyyatımızın nümunələrini, dünya ədəbiyyatının incilərini, folklor ədəbiyyatını oxumaq imkanlarından məhrum idi. Bu boşluğu doldurmağa mühüm ehtiyac günün ən vacib məsələlərindən idi.
Beləliklə, ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrilmişdi.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev həmin Sərəncamı verməklə yeni nəsil azərbaycanlılara böyük bir mənəvi-ədəbi sərvət bəxş etmiş oldu.
Biz cənab Prezidentin sənət, elm və ədəbiyyat adamlarının, mədəniyyət işçilərinin yubileylərinin keçirilməsi, onlara fəxri adların və dövlət mükafatlarının verilməsi, orden və medallarla təltif edilməsi, prezident təqaüdlərinin təyinatı və s. barəsində imzaladığı onlarla, yüzlərlə olduqca əhəmiyyətli, vacib sərəncamların hamısını ayrı-ayrılıqda şərh etsək, böyük bir əsər alınar.
İndiki halda isə Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin son illər ərzində imzaladığı sərəncamları və bu sərəncamlardan irəli gələrək, həyata keçirilən bir sıra tədbirləri xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, bu istiqamətdə XII əsr klassiklərindən Nizami Gəncəvinin 870 illik, həmçinin, Məhsəti Gəncəvinin, XIX əsr klassiklərindən M.F.Axundovun, Xurşidbanu Natəvanın, XX əsrin əvvəllərində yaşayıb-yaratmış M.Ə.Sabirin, H.Cavidin, sonrakı mərhələnin klassiklərindən olan Rəsul Rzanın və İlyas Əfəndiyevin yubileylərin keçirilməsi barəsində verilən sərəncamlar və həmin sərəncamlardan irəli gələn möhtəşəm yubiley tədbirlərinin keçirilməsini xalqımız və ədəbi ictimaiyyət xoşluqla xatırlamaqdadır.
Həmin sərəncamları belə sıralamaqda məqsədimiz Prezident İlham Əliyevin bütün dövr ədəbiyyat tarixini diqqətdə saxlamasını xüsusən nəzərə çatdırmaqdır. Bunları bir də ona görə olduqca əhəmiyyətli hesab edirik ki, Prezident İlham Əliyev ən böyük vətənpərvər kimi imzaladığı sərəncamlarla Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, bununla da Azərbaycan xalqının kimliyini dünyanın gözləri qarşısında canlandırır.
Bu sərəncamlar həm də onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyəti və ədəbiyyatının milli-mənəvi həyatımızdakı yerini və rolunu olduqca dərindən bilir və onu yüksək dərəcədə qiymətləndirir, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük hörmət və məhəbbət bəsləyir. Yeri gəlmişkən, 2005-ci il 26 aprel tarixində Şamaxıda böyük klassikimiz İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev dərin məzmunlu nitqində klassik irsə münasibətin əhəmiyyətini dərindən təhlil edərək belə açıqlayıb: “Mənim üçün bu gün xüsusi əzizdir, ona görə ki, bu gün Azərbaycan xalqının dahi şairi İmadəddin Nəsiminin heykəlinin açılışında iştirak edirəm. Hesab edirəm ki, bu, bizim həyatımızda çox əhəmiyyətli bir hadisədir.
Otuz ildir ki, heykəlin ucaldılması haqqında qərar qəbul edilmişdir. Amma müəyyən səbəblərə görə, biz buna nail ola bilməmişdik. Amma indi, bu gözəl gündə dahi Nəsiminin Vətənində, gözəl Şamaxıda Nəsiminin heykəli ucaldılır və biz bunu qeyd edirik. Bu, çox əlamətdar hadisədir, onu göstərir ki, biz öz tariximizə, öz mədəniyyətimizə, öz ədəbiyyatımıza böyük hörmətlə yanaşırıq. Başqa cür ola da bilməz”.
Bu cəhətdən Nizami Gəncəvinin yubileyinin keçirilməsi öz möhtəşəmliyi ilə seçilir və bunun üzərində bir az ətraflı dayanmaq istərdik. Qeyd edək ki, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23 dekabr 2011-ci il tarixli Sərəncamının Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği işində misilsiz rolu var.
Ümumiyyətlə, Nizami Gəncəvinin Azərbaycan, o cümlədən, dünya mədəniyyət və ədəbiyyat tarixində tutduğu yeri hörmətli Prezidentimiz İlham Əliyev həmişə yüksək qiymətləndirmiş, böyük məhəbbət və ehtiramla, fəxarətlə bunu qeyd etmişdir. Yeri gəlmişkən, “AzərTAc”ın 22 aprel 2005-ci il tarixli məlumatında deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində Kişinyovda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olmuşdur.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, həmin mərasim 2005-ci il aprelin 21-də baş tutub. Hələ 2012-ci il 13 sentyabr tarixinə 7 il var. Amma sanki, Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli bünövrəsi 2005-ci ildə Moldovanın paytaxtı Kişinyovda dahi Azərbaycan şairinin heykəlinin açılışında qoyulmuşdur. Yeri gəlmişkən, həmin təntənəli açılışda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, Nizami Gəncəvi təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi: “Bildiyiniz kimi, bugünkü görüşümüzdən məqsəd Azərbaycan xalqının dahi oğlu, XII əsrin şair və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini açmaqdır. Nizami təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqincə zənginləşdirmiş və bütün Şərq xalqlarını bəşəriyyətin firavanlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin qızıl fondunun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur”.
Dövlət başçısı bildirmişdir ki, Nizaminin bütün fəlsəfəsinin mərkəzində varlığın ali dəyəri, mənəvi zənginliyin və biliklərin tükənməz mənbəyi kimi insan durur: “Nizami insanın cəmiyyətdə roluna öz baxışı prizmasından nəzər salaraq, antik irsi, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik poetik ənənələrini yaradıcılığında məharətlə əks etdirə bilmişdir. Böyük sənətkarların yaratdıqlarının ümumbəşəri əhəmiyyətinin xüsusiyyətlərindən biri budur ki, onlar həyati əhəmiyyətlidir, əbədiyaşardır, çünki onların mənası gözəllik və əzəmətdədir. Bu əsərlərdə əks olunmuş ümdə arzu - insanları xoşbəxt etmək istəyi ümumbəşəri mədəniyyət inkişaf tapdıqca, dünya miqyasında sivilizasiyanın səviyyəsi yüksəldikcə açıqlanır. Nizaminin yaradıcılığı bunun aşkar təsdiqidir. Onun bəşər sivilizasiyasının inkişafındakı rolunu bütün zəmanələrin bədii və fəlsəfi təfəkkürünün katalizatorları olmuş Aristotel, İbn Sina, Dante, Şekspir və Puşkin kimi dühalarla müqayisə etmək olar. Nizaminin əsl humanizm ideyalarını özündə birləşdirən fəlsəfi konsepsiyası onun ilhamlı lirikasının və qəhrəmanlıq dastanının bənzərsiz dünyasında ifadəsini tapmışdır. Məhəbbətin əbədiliyi, həyat və ölümün mənası, cəmiyyətin ideal quruluşu, kainatın böyük sirləri haqqında onun yaratdığı poemalar bu günədək Şərqdə örnək üçün meyar olaraq qalır. Dünya şöhrətli ölməz “Xəmsə”nin müəllifi olan Nizami humanizm, insan şəxsiyyətinin azadlığı ideologiyası, onun iradəsinin taleyin qaçılmaz iradəsindən və təbiətin fövqündə duran qüvvələrin hökmündən asılı olmaması kimi böyük fəlsəfi təlimlərin banilərindən biridir. O, bəşər tarixində ilk dəfə olaraq, insan qəlbinin saf və ülvi amallarının gözəl aləmini ilahiləşdirmiş, nəcib və pak məhəbbətin mükəmməl nəzəriyyəsini yaratmışdır”.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Nizami bu gün də müasirimiz olaraq qalır: “O, özünün ölməz humanist ideyaları ilə bəşəriyyətin işıqlı gələcəyinin qurulmasında iştirak edir. Xeyrin, ülvi olan hər bir şeyin gözəlliyinin mənəvi qüvvəsinə inamı ilə bu gün də bizimlədir. Fürsətdən istifadə edərək, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin sözlərini misal gətirmək istəyirəm. O, demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Məhz mədəni əlaqələr, mənəvi yaxınlıq xalqları getdikcə daha çox yaxınlaşdırır və dostluq münasibətlərini möhkəmləndirir”.
Hesab edirik ki, bu baxımdan Azərbaycan və Moldova təkcə siyasi, iqtisadi və digər sahələrdə deyil, mədəniyyət və incəsənət sahəsində də ikitərəfli əməkdaşlığı genişləndirməlidir.
Əziz dostlar, fürsətdən istifadə edərək qonaqpərvərliyə görə, Mənə və nümayəndə heyətimizə səmimi münasibətə görə, bu gün Moldova paytaxtında, Kişinyov şəhərində Azərbaycan xalqının dahi oğlu Nizami Gəncəvinin abidəsinin açılmasına görə Moldova Prezidenti hörmətli Vladimir Nikolayeviç Voroninə, Moldova hökumətinə təşəkkürümü bildirmək istəyirəm”.
Göründüyü kimi, bu dərin məzmunlu, fəlsəfi mahiyyətli lakonik nitqdə Nizami Gəncəvinin şəxsiyyətinin, yaradıcılığının dünya sivilizasiyasına nələri bəxş etdyi böyük elmi-nəzəri tezislərlə dünya ictimaiyyətinin nəzərinə çatdırılır.
Yeri gəlmişkən, keçirilən mühüm tədbirlərin hər birinin böyük əhəmiyyətini zərrə qədər də azaltmadan Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin üzərində dayanmaq istərdim. Bunlardan ən ümdəsi İtaliyanın mərkəzi və tarixi şəhəri, yeni dünya sivilizasiyasının beşiyi Romada dahi Nizami Gəncəvinin abidəsinin açılış mərasiminin olması və bu mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak etməsi və burada dərin məzmunlu nitq söyləməsidir.
“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir”, - deyən Mehriban xanım Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyindən danışmış, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırmışdır.
Mehriban xanım Əliyeva Nizami yaradıcılığının yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçildiyini vurğulamış, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləmişdir.
Dahi Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir: “Mən əminəm ki, belə möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da onun yaradıcılığına, poeziyasına diqqət və marağı artıracaqdır. Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcəkdir”.
Bəhs edilən istiqamətdə diqqəti cəlb edən mühüm faktlardan biri də, Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə UNESCO-nun yaydığı bəyanatdır. Bu bəyanatda Nizami irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycanın səyləri alqışlanır. Bəyanatda deyilir: “Dahi şair və mütəfəkkir Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir alimdir. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və UNESCO təşkilatı bu yubileydə iştirakdan böyük şərəf hissi duyur”.
Bu bəyanatın məzmunundan da göründüyü kimi, Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi barəsində verdiyi Sərəncamın çox mühüm nəticələri olmuş, dünya mədəniyyəti miqyasında rezonans doğurmuşdur.
Yeri gəlmişkən, Şərq poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubileyinin Çində də keçirilməsi istiqamətində Azərbaycan səfirliyinin apardığı işin nəticəsi olaraq Pekindəki Çaoyan parkında şairin büstünün qoyulması barədə razılıq əldə olunub. Büstün qoyulması üçün Çaoyan parkının seçilməsi təsadüfi deyil. Parkda müxtəlif xalqların dahi şəxsiyyətlərinin, o cümlədən, Fernand Magellanın, Simon Bolivarın, Taras Şevçenkonun, Mahatma Qandinin, Hristo Botevin və başqalarının büstləri var. Sahəsi 288 hektar olan park pekinlilərin, eləcə də, turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.
Nəhayət, Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011-ci il tarixli Sərəncamı ilə başlanan böyük, dünya miqyaslı tədbirlər silsiləsi 1 oktyabr 2012-ci ildə Bakıda, Heydər Əliyev Sarayında dahi Azərbaycan şairi, mütəfəkkir və filosof Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri ilə yekunlaşmışdı.
Təntənəli yubiley iclasındakı çıxışlarda Nizami Gəncəvi şəxsiyyəti və ədəbi-bədii irsi ümumi şəkildə belə təqdim edilmişdi - Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir.
Eyni zamanda, bütün Türk dünyasında Nizami Gəncəvi ili elan edilmiş, Nizami Gəncəvinin yubileyi TÜRKSOY daxilində və beynəlxalq səviyyədə də qeyd olunmuşdur. Ədibin əsərlərinin müxtəlif dillərə tərcüməsi təşkil edilmiş, dünyanın 25-dən çox ölkəsindən mədəniyyətşünaslar, Nizami araşdırmacıları, ədəbiyyatçılar, şairlər tədbirlərimizə dəvət olunmuş, həvəslə iştirak etmişlər. Yubiley tədbirləri TÜRKSOY xətti ilə türkdilli ölkələrdə, eləcə də, Moskva və Hindistanda, Çində, Meksikada, Moldovada, Almaniyada, Fransada, Amerikada, dünyanın bir çox başqa ölkələrində xüsusi şəkildə qeyd edilmiş, müsamirələr keçirilmiş, heykəllər, büstlər ucaldılmış, kitablar nəşr edilmişdir.
Nizami Gəncəvi irsi, xüsusən, XX əsrdə rus və Avropa tədqiqatçıları tərəfindən güclü şəkildə araşdırılmışdır. Hind mühitinə Nizami təsiri çox böyükdür. Əmir Xosrov Dəhləvi Nizaminin şagirdi adlanır. Hindistanda miniatür sənət sahəsində Nizami ilə bağlı saysız əsərlər, kitablar var. Mikayıl Rəfli, Həmid Araslı, Nüşabə Araslı, Azadə Rüstəmova, Rüstəm Əliyev, Teymur Kərimli, Qəzənfər Əliyev, eləcə də, bir çox rus, türk tədqiqatçısı Nizami Gəncəvi yaradıcılığının tədqiqatçılarıdır. Onların şair barədə yazdıqları əsərlər, eləcə də, Nizaminin öz əsərləri Azərbaycan, rus, ingilis, fransız, fars, ərəb, türk və dünyanın başqa dillərinə yenidən tərcümə edilərək Azərbaycan ədəbiyyatı nümunəsi kimi çap olunaraq yayılmış və bu proses davam etməkdədir.
Göründüyü kimi, böyük və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin belə təntənəli surətdə keçirilməsi onu və Azərbaycanı dünya mədəniyyəti miqyasında bir daha tanıtdı. Yeri gəlmişkən, xatırladım ki, Nizami Gəncəvi adına Ədəbiyyat Tarixi Muzeyinin yenidən qurulması və bərpası işi də Prezident İlham Əliyevin nəzərindən qaçmamışdır. Bu faktın özü də böyük Nizaminin adına və ədəbiyyat tariximizə qayğı və məhəbbətin ifadəsidir. Bu, Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi əvəzedilməz qayğısının Onun ləyaqətli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsində daha yüksək dərəcədə təzahürüdür.
Tərlan Novruzov
fil.elm.dok., ADPU-nun professoru,
Əməkdar müəllim

Paylaş:
Baxılıb: 2266 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31