Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarşıdakı 4 ildə...

Qarşıdakı 4 ildə...

17.04.2026 [11:12]

Ortamüddətli büdcə çərçivəsi nə vəd edir?

Maliyyə Nazirliyi (MN) “2027-2030-cu illərə dair “Ortamüddətli büdcə çərçivəsi” (OMBÇ) sənədini ictimaiyyətə təqdim edib. Sənəd büdcə siyasətinin əsas  istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini,  ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir-xərclərinin proqnozlarını,habelə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrində nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları özündə əks etdirir.

OMBÇ sənədinə əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 dollar olacağı fərz edilib. Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 fazidən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı fərz edilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,2 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə qeyri-neft-qaz  gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 8,1 faiz-bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8 faiz artaraq 28,4 milyard manat təşkil edəcək. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17 faiz azalaraq dövrün sonunda 12,7 milyard  manata qədər aşağı düşəcək.

2027-ci ildə əsas kapitala investisiya qoyuluşlarında 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1 faiz artım olacağı, həmçinin kapital yatırımlarında dəyişikliklər fonunda 2026-cı ildən 2028-ci ilin sonuna  doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6 afziə düşəcək.

Makroiqtisadi proqnozlara əsasən, 2027-2030-cu illər  üzrə  manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin  səviyyəsində götürülüb. Ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata qədər yüksəlməsi gözlənilir.

2027-2030-cu illərdə büdcə siyasətinin istiqamət və hədəfləri

2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə  siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Ötən dövr üzrə fiskal siyasət üçün xarakterik olan bir sıra çağırışlar, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli  Prioritetlər” in icrası, işğaldan azad olunmuş ərazilərə Böyük  Qayıdışın  təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qorumaqdadır.Bununla yanaşı, rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlər, su təchizatı və nəqliyyat infrastrukturunun inkişafı, sosial, ərzaq təminatı və digər sahələr üzrə qəbul edilmiş strategiya, dövlət proqramları və qərarlar fiskal siyasətin formalaşmasına təsiredici amillər sırasında yer alır.

Qarşıdakı 4 ildə büdcənin gəlirlər üzrə siyasətində əsas istiqamətlər ölkənin iqtisadi inkişafını təmin etmək, iqtisadi şaxələndirməni genişləndirmək  və investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu  çərçivədə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır. Bununla yanaşı, dövlət büdcəsi gəlirlərini təmin edən  orqanlarla vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində addımların atılması  davam  etdiriləcək. Qeyd  olunanlar nəzərə alınmaqla, 2027-2030-cu illər  üzrə vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, müddəti  bitən vergi güzəşt və  azadolmalarına yenidən  baxılması, fiskal  və  iqtisadi  səmərəliliyinin  yenidən qiymətləndirilməsi nəzərdə tutulur.

Büdcə gəlirlərinin təmin edilməsi tədbirləri çərçivədə müxtəlif fəaliyyət  sahələri üzrə vergitutma obyektlərinin konkretləşdirilməsi, iqtisadi əməliyyatların daha dolğun uçotunun təmin edilməsi və vergi bazasının genişlənməsinə xidmət edən normativ-hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsi əsas prioritetlərdən biridir. Habelə vergi  borcları  üzrə  möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi, vergi  borclarının  idarə olunması sahəsində borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi əsas məqsədlərdəndir. Habelə qeyri-rezidentlərin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməs, müasir iqtisadi münasibətlər və sərhədlərarası əməliyyatların genişlənməsi şəraitində əsas istiqamətlərdən biri qeyri-rezident şəxslərin Azərbaycan mənbəli gəlirlər üzrə vergiyə cəlb edilməsinin daha effektiv mexanizmlər  əsasında təşkili və bu sahədə  hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Bu ssenariyə əsasən, rəqəmsal xidmətlər, elektron ticarət, beynəlxalq xidmət göstərilməsi  və digər sərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarının dəqiqləşdirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi planlaşdırılır.

Xərclər üzrə siyasətin əsas prioritetləri

2027-2030-cu illərdə dövlət xərclərinin əsas istiqamətləri dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, qeyri-neft sənayesində iqtisadi artımın sürətlənməsi, rəqəmsal inkişaf yönümlü və innovasiyatutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və qiymət sabitliyinin təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, biznes-investisiya mühitinin  yaxşılaşdırılması, eləcə də “kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılması ssenarilərinə əsaslanır. Hədəf çərçivəsində növbəti  dövrdə ölkənin enerji ixracı coğrafiyasının  şaxələndirilməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə strateji tranzit qovşağın formalaşması, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi və yükaşırma qabiliyyətinin artırılması gözlənilir ki, bu, büdcə strategiyasında mühüm amillər kimi nəzərə alınıb. Xərc prioritetlərinə əsasən, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun  təkmilləşdirilməsinə dair 2025-2030-cu  illər üçün Dövlət Proqramı”nın icrası, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamikanın artırılması məqsədilə əlavə resursların cəlbi planlaşdırılır.

Müdafiə və milli təhlükəsizlik tədbirləri xərc prioritetlərində əsas yerlərdən birini tutur. Ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, mina təmizləmə sahəsində ixtisaslaşmanın gücləndirilməsi, hərbçilərin sosial təminatının və xidmət  şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin  icrası üçün zəruri maliyyə təminatının yaradılması diqqət mərkəzində saxlanılacaq.Ordunun təchizatının daha da gücləndirilməsi, bu sahədə əhəmiyyətli paya malik olan müdafiə sənayesinin inkişafı və ixrac  imkanlarının genişləndirilməsi də xərc ssenarisində əhəmiyyətli yer tutur.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin davam etdirilməsi xərc paketində əsas maliyyətutumlu sahə kimi diqqətdə saxlanılacaq.

Rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri olan layihələrin dəstəklənməsi, “Azərbaycan  Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”  üzrə müəyyən edilmiş tədbirlərin  icrası büdcə siyasətinin əsas xərc prirotitetləri sırasında olacaq.

Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlər də diqqət mərkəzində saxlanılacaq və əhalinin sosial müdafiəsi, xüsusilə də həssas təbəqələrin təminatının gücləndirilməsi məqsədilə büdcədə müvafiq maliyyə təminatı yaradılacaq.

2027-2030-cu illərdə büdcə xərclərində prioritet sahələr kimi təhsilin innovativ inkişafının dəstəklənməsi, səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması da mühüm istiqamətlərdəndir.

Ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamının gücləndirilməsi, Dövlət Neft Fondunun aktivlərinin qorunması, xərclərin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, makro-fiskal çərçivənin tətbiqi də əsas ssenarilər sırasında yer alır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30