Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Misirdə gedən proseslər yeni dünya düzəninin formalaşması fonunda

Misirdə gedən proseslər yeni dünya düzəninin formalaşması fonunda

24.07.2013 [09:41]

Yaxın Şərq regionu dövlət hakimiyyətinin zəif olacağı, sosial-siyasi qarşıdurmaların davamlı hal alacağı, ölkələrin isə varlığını sürdürmək mücadiləsi aparacağı bir mərhələyə daxil olur
Məlum olduğu kimi, Misirdə ictimai-siyasi gərginlik yüksək həddə çatıb. Məhəmməd Mursi hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırıldıqdan sonra devrilmiş prezidentin tərəfdarlarının etirazları ara vermir. Hərbi qüvvələrin etirazçıları atəşə tutması nəticəsində onlarla insan öldürülüb, lakin Mursinin tərəfdarları təslim olmaq niyyətində deyil. Müvəqqəti dövlət başçısı Ədli Mənsurun rəhbərlik etdiyi hökumət qarşıdakı aylarda konstitusiyaya dəyişikliklərin təsdiq olunması üçün referendum keçirməlidir. Kütləvi aksiyaların davam etməsi isə göstərir ki, müvəqqəti hökumətin referendumdan sonra ölkədə parlament və prezident seçkilərinin keçiriləcəyi vədi də sabitliyi təmin etmək gücündə deyil.
Barışmaz qüvvələrin siyasi elitada təmsilçilik niyyətlərinin bir-biri ilə uzlaşmaması Misir daxilində hazırkı xaosun görünən tərəfidir. 2010-cu ilin sonlarına doğru qəfildən baş qaldıran “ərəb baharı” adlanan inqilab dalğası 2011-ci ilin yanvarında keçmiş prezident Hüsnü Mübarəkin devrilməsinə nail olarkən Misirin demokratik gələcəyə qədəm qoyacağına ümidlər yaranmışdı. Lakin həmin vaxtdan başlayaraq ölkə daxilində müxtəlif dini və siyasi görüşlü dairələr arasında ziddiyyətlər baş qaldırdı. Bu ziddiyyətlər 2012-ci ildə “Müsəlman qardaşları” hərəkatının təmsilçisi Məhəmməd Mursinin prezident seçkilərində səs çoxluğu ilə qələbəsindən sonra daha da kəskinləşdi. Yeni prezident cəmiyyət daxilində müxtəlif sosial kəsimləri bir araya gətirə bilmədi, dini azlıqlar, radikal islamçılar və liberallar Mursi hakimiyyətinin legitimliyini şübhə altına aldılar.
M.Mursi ölkə elitasındakı ciddi parçalanmaları da aradan qaldıra bilmədi, əksinə, “Müsəlman qardaşları”nın hakimiyyəti monopoliyaya almaq istəməsi barədə ittihamlar səsləndi. Mursi bir illik hakimiyyəti dövründə konstitusiya məhkəməsi və ordu rəhbərliyi ilə apardığı mübarizədə məğlub oldu. Lakin “Müsəlman qardaşları” mübarizəni dayandırmaq niyyətində deyil, bu isə qarşıdurmaların daha da kəskinləşəcəyindən xəbər verir.
Misirdə müxtəlif əqidəli, siyasi və dini görüşlü qrupların ortaq məxrəcə gələ bilməməsinin kökündə xarici təsirləri nəzərə almaq lazımdır. Xatırladaq ki, H.Mübarəkə qarşı etirazlar baş qaldıran zaman “Müsəlman qardaşları”nın açıq surətdə üstün gücə və nüfuza malik olduğu müxalifət çevrələri, Qərb dairələri tərəfindən dəstəklənirdi. Eyni zamanda, Misir ordusuna hər il ABŞ tərəfindən 1,3 milyard dollar maliyyə yardımı ayrılır. Bu ölkənin Məhəmməd əl-Baradeyi başda olmaqla liberal mövqeli vətəndaş qurumları da Qərbin dəstəyini qazanıb. Üstəlik, Misirdəki sonuncu hərbi çevrilişin əvvəlcədən planlaşdırıldığı və Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında xarici və daxili qüvvələrin əlinin olduğu da öz təsdiqini tapıb. Belə ki, Mursinin devrilməsindən bir müddət sonra çevrilişi dəstəkləyənlərdən olan milyarder Nəcip Saviris ölkəsində baş verənlərlə bağlı “Nyu York Tayms” qəzetinə verdiyi açıqlamasında çevrilişi qabaqcadan planlaşdırdığını etiraf edib. O, ölkədəki Liberal Partiyaya aid bütün təşkilatları üsyan üçün hazırladığını, televiziya kanalları və qəzetlər ilə ölkədə hərbi çevrilişə uyğun atmosferin hazırlanması üçün razılaşdığını bildirib. Saviris, hətta özünün televiziya kanalında tez-tez yayımlanan hərbi çevrilişdən bəhs edən videoçarxın hazırlanmasında şəxsən iştirak etdiyini də söyləyib. Saviris Misirdə küçələrə axışan Mursi əleyhdarlarına pul paylandığını, lakin etirazçıların onları dəstəkləyənin kim olduğunu bilmədiklərini də etiraf edib.
Göründüyü kimi, Misirdə bir çox müxtəlif düşüncəli və mövqeli qruplar demək olar ki, eyni və yaxın mərkəzlərdən dəstək alır, lakin nədənsə, zidd maraqlara malik olan bu çevrələrin ortaq məxrəcə gətirilməsinə beynəlxalq güclər ciddi səy göstərmir. Əslində, yaranmış vəziyyət yeni dünya nizamının formalaşmasında bir mərhələ olan Böyük Yaxın Şərq layihəsinin bölgəyə vəd etdiyi gələcəkdən xəbər verir. Bu gələcək demokratiya dəyərləri əsasında idarə olunan güclü, stabil inkişaf edən dövlətlərin regional əməkdaşlığı mənzərəsindən xeyli fərqlənəcək. Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, region dövlət hakimiyyətinin zəif olacağı, daxilində sosial sarsıntıların, siyasi çəkişmələrin baş verəcəyi, iqtisadi müstəqilliyini itirəcək ölkələrin demokratiya qurmaq bir yana, varlığını sürdürmək mücadiləsi aparacağı bir mərhələyə daxil olur. Kənardan idarə olunan xaos zəminində dövlət cəmiyyətə nəzarət imkanlarından məhrum olacaq, dərin ideoloji parçalanmalar milli birliyin yaradılmasına mane olacaq. Bütün bu prosesləri müşayiət edəcək iqtisadi tənəzzül, işsizlik, yoxsulluq isə sabitlik yaratmaq cəhdlərini tamamilə faydasız edə bilər. Belə vəziyyət isə regionda iqtisadi maraqlarını təmin etməyə çalışan imperialist dairələrin mənafeyinə uyğundur.
Bildiyimiz kimi, beynəlxalq münasibətlərdə dövlətlərin milli mənafeləri ilə imperialist çevrələrin maraqları arasında davamlı qarşıdurma mövcuddur. Yalnız daxildə milli birliyə malik, iqtisadi təməlləri güclü olan və dövlət maraqlarının qorunmasında prinsipiallıq nümayiş etdirən ölkələr imperialist dairələrin təzyiqlərinə davam gətirir. Misirdə gedən proseslər isə ictimai həmrəyliyin pozulmasının nəticəsi olub, ölkəni qaranlıq gələcəyə doğru aparır. Belə vəziyyətdə təbii ki, ölkədəki proseslərə müdaxilə edən xarici qüvvələrin məqsədinin heç də demokratiya quruculuğuna dəstək vermək olmadığı özünü göstərir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1473 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31