Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avrasiya hegemonlarının “Ukrayna döyüşü”

Avrasiya hegemonlarının “Ukrayna döyüşü”

06.03.2014 [09:33]

“Ukrayna savaşı” uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq
Mühüm geostrateji məntəqədə yerləşən, əlverişli strateji resurslara malik olan Ukrayna müəyyən müddətdir ki, konfrantasiya və xaosla qarşı-qarşıyadır. Dünya siyasətinin başlıca tendensiya və qaydalarını müəyyənləşdirən güc mərkəzlərinin qarşıdurma episentri kimi çıxış edən bu ölkənin perspektivi, sözün əsl mənasında, sual altındadır. Hər halda görünən odur ki, “Ukrayna döyüşü”ndə qarşıdurma tərəfləri kimi çıxış edən Rusiya və Qərb (xüsusilə, ABŞ) öz mövqelərindən asanlıqla vaz keçməyəcəklər. Elə tərəflərin son bəyanatları da bunu göstərməkdədir. Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Con Kerri Kiyevə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Rusiya rəhbərliyini Ukraynanın yeni hakimiyyəti ilə dialoqa çağırıb. “Hesab edirik ki, Rusiya və bizim hamımız üçün böhrandan çıxmağa və diplomatik dialoqu bərpa etməyə kömək edə biləcək çoxlu variantlar var. Biz Rusiyanı danışıqlar masasına əyləşərək Ukrayna hökuməti ilə birbaşa danışıqlara başlamağa çağırırıq. Mən əminəm ki, bu danışıqlar bütün ziddiyyətləri aradan qaldırmağa kömək edəcək” - deyə, Kerri bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Madriddə Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Ketrin Eştonla görüşündə maraqlı fikirlər səsləndirib. S.Lavrov K.Eştonun diqqətini Rusiya prezidentinin martın 4-də keçirdiyi brifinqdə səsləndirdiyi bəyanatlara yönəldib. O qeyd edib ki, Ukraynadakı vəziyyətin normallaşması 21 Fevral razılaşmasına əsaslanmalıdır: “Buraya ölkənin bütün bölgələrinin maraqlarını nəzərə alan konstitusiya islahatlarının həyata keçirilməsi, milli birlik hökumətinin formalaşdırılması, qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi və onların küçələrdən uzaqlaşdırılması kimi məsələlər daxildir”.
S.Lavrov bildirib ki, Avropa İttifaqı və ABŞ fevralın 21-də Viktor Yanukoviçlə müxalifət arasında imzalanmış sazişin üstündən xətt çəkməyə çalışır.
Beləliklə, baş verən son olaylar deməyə əsas verir ki, Ukraynada yeni siyasi dönəm başlayır. Bir müddət öncə Qərb və Rusiya dilemması qarşısında ictimai-siyasi böhrana sürüklənən bu ölkə hazırda geosiyasi transformasiya ərəfəsindədir. Hadisələrin başlanğıcında qeyd etmişdik ki, Ukraynada baş verən proseslər, sözün əsl mənasında, Qərblə Rusiyanın “heartland” mübarizəsini təşkil edir. Bu gün isə proseslərdən qalib çıxan tərəf Avrasiya hegemonluğu yolunda əhəmiyyətli bir addım qət edəcək, desək, yanılmarıq. Şübhəsiz, mühüm geostrateji məntəqə olan Ukrayna ətrafında aparılan mübarizə bununla bitməyəcək. Başqa sözlə, geosiyasi baxımdan “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizələrini davam etdirəcəklər. Təsadüfi deyil ki, geostrateji planlarda ifadə edilən “Ukraynaya hakim olan Şərqi Avropaya hakim olacaq, Şərqi Avropaya hakim olan Avrasiyaya hakim olacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip nəhəng aktorların fəaliyyət mexanizminin baza prinsipini təşkil edir.
Dolayısıyla, dünya yeni geosiyasi şərait və zərurət qarşısındadır. Çünki Ukraynada baş verən məlum proseslərdən sonra ölkənin siyasi tarixində yeni bir səhifə açılmaqdadır. Bütün dünyanın böyük həssaslıqla izlədiyi hadisələr gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək.
Bəs Ukraynanın perspektiv durumu, mövqeyi və geosiyasi statusu necə olacaq? Hazırkı hadisələrin fonunda belə bir proqnoz vermək olar ki, “Ukrayna savaşı” uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq. Bir sözlə, Ukraynanı uzunmüddətli geostrateji mübarizə dalğası gözləyir.
Onu da qeyd edək ki, idarəçilik sükanının arxasına keçən yeni komandanın praqmatiklik səviyyəsindən asılı olaraq Ukraynanın perspektiv strategiyasının uğurluluq səviyyəsi müəyyən ediləcək. Amma hər halda, Ukraynanın gələcəkdə növbəti siyasi böhranlar burulğanına düşməsi mümkündür.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1428 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31