Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Serj Sarkisyan öz kriminal rejiminin ömrünü uzatmaq üçün seçkiləri total şəkildə saxtalaşdırdı

Serj Sarkisyan öz kriminal rejiminin ömrünü uzatmaq üçün seçkiləri total şəkildə saxtalaşdırdı

04.04.2017 [08:59]

Seçkilərin nəticələrini tanımayan müxalifət isə ölkədə kütləvi etiraz aksiyalarına hazırlaşır
Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri erməni analitiklərin əvvəlcədən proqnozlaşdırdıqları nəticə ilə də başa çatdı. Əslində başqa cür də ola bilməzdi. Çünki ölkədə yaratmış olduğu kriminal rejimin ömrünü daha da uzatmaq üçün Serj Sarkisyan bu seçkiləri saxtalaşdırmağa məcbur idi və bunu da etdi. “Tert.am” saytının yazdığına görə, Mərkəzi Seçki Komissiyasının aprelin 3-də açıqladığı məlumata əsasən, parlamentə seçkilərdə ən çox səs toplayan 4 siyasi təşkilat - hakim Respublika (49,15%) və “Daşnaksütyun” (6,58 %) partiyaları, eləcə də “Çarukyan”(27,37%) və “Elk”(7,78 %) seçki blokları partiyalar üçün 5 % və seçki blokları üçün 7% müəyyənləşmiş baryeri aşaraq parlamentdə təmsil olunmaq hüququ əldə ediblər. Müxalifət partiyaları isə, gözlənildiyi kimi, parlamentə mandat qazanmaqdan məhrum ediliblər.
Yerli ekspertlər belə hesab edirlər ki, Serj Sarkisyana parlament seçkilərini total şəkildə saxtalaşdırmaqdan başqa yol qalmamışdı. Belə ki, konstitusiyaya edilən dəyişikliklərə görə, Ermənistan artıq prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Bundan sonra ölkə prezidentinin əksər səlahiyyətlərini baş nazir icra edəcək və o, parlament tərəfindən seçiləcək. Digər tərəfdən, dəyişikliklərdən sonra majoritar seçki sistemi də ləğv edildiyindən, parlamentdə siyasi partiya təmsilçilərinin mandatlarının sayı təqribən iki dəfə artacaqdı. Başqa sözlə, bundan sonra qərarlar 50+1 sadə səs çoxluğu ilə qəbul ediləcəyindən, Serj Sarkisyan parlamentə mümkün qədər çox sayda tərəfdarını keçirməli idi. Və belə də oldu.
Ermənistanda “seçici”lərin sayı əhalinin sayından çoxdur?!
Yeri gəlmişkən Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkilərdə səsvermə hüquqlu 2 milyon 588 min seçicidən təqribən 1 milyon 575 min nəfər iştirak edib ki, bu da seçicilərin 60, 86 %-i deməkdir. Analitiklər isə belə hesab edirlər ki, bu, şişirdilmiş rəqəmdir və həqiqəti əks etdirmir. Belə ki, hakimiyyətin Ermənistanı sürüklədiyi indiki iqtisadi böhran vəziyyətində ölkədə qalan səsvermə hüquqlu insanların sayı heç 1 milyon nəfərə çatmır. Əmək qabiliyyətli insanlar işsizlik ucbatından öz ailələrini dolandırmaq üçün Rusiya və digər ölkələrə köç ediblər. Son on ildə hər il ölkədən köç edən ermənilərin sayı 10 minlərlə artmaqdadır. Rəsmi statistikaya əsasən, təkcə ötən il Ermənistandan 50 mindən artıq vətəndaş qazanc dalınca başqa ölkələrə üz tutub. Analitiklərin sözlərinə görə, belə bir şəraitdə seçkilərdə guya 1,5 milyon nəfərin iştirak etdiyini söyləmək sadəcə absurd səslənir və hakimiyyətin seçkiləri saxtalaşdırmaq üçün çirkin niyyətlərini həyata keçirməyə xidmət edir. Əslində Serj Sarkisyanın son iki ildən bəri ermənilərin başına açdığı oyunların əsl məğzi də elə bundan ibarət idi - parlamentə öz tərəfdarlarını keçirməklə istədiyi qərarları qəbul etdirmək!
Saxta seçkilərin nəticəsi: müxalifət parlamentdən kənarda qaldı
Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə diqqət yetirdikdə bunun bir daha şahidi olursan. Belə ki, parlamentdə mandat sahibi olan “Daşnaksütyun” partiyasının fəaliyyəti əslində elə hakim partiyaya xidmət etməyə yönəlib. “Çarukyan” bloku isə özünü son zamanlar müxalifyönlü kimi qələmə verməyə çalışsa da, blokun lideri, oliqarx Qaqik Çarukyanın Sarj Sarkisyanla ortaqlıqları yaddaşlardan silinməyib. Elə bu blokdan parlamentə mandat qazananların kimliyinə diqqət yetirdikdə - Ermənistanın sabiq baş naziri Ovik Abramyanın oğlu, Artaşad şəhərinin meri Aram Abramyan, Loridən milyarder Samvel Karapetyanın qardaşı Karen Karapetyan və başqaları - onların da hakimiyyətə müxalif olmayacaqlarını indidən söyləmək çətin deyildir. Ekspertlər belə hesab edirlər ki, yaranmış vəziyyətdə 101 mandatdan cəmi bir neçəsinə sahib olacaq “Elk” bloku təmsilçilərinin isə parlamentdə hər hansı təklifi dəstəkləməsi və yaxud irəli sürməsi mümkün olmayacaq. Əsl müxalifət partiyaları - “Azad demokratlar” (0,94 %), “Ermənistan Dirçəliş Partiyası” (3,72%), eləcə də Levon Ter-Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresi (1,65%), sabiq xarici işlər nazirləri Raffi Ovenesyan və Vardan Okanyanın da daxil olduğu “Oqanyan-Raffi-Oskanyan” (2,7 %) seçki bloklarının mandatdan kənarda saxlanması Serj Sarkisyana parlamentdə istənilən qərarları qəbul etməyə imkan verəcək.
Yerli analitiklər belə hesab edirlər ki, seçkilərin belə total saxtalaşdırılması Serj Sarkisyanın son ilyarım müddətində həyata keçirdiyi ikinci dövlət çevrilişidir. Əgər 2015-ci il dekabrın 6-da saxta referendum keçirməklə ölkənin konstitusiya quruluşunu dəyişməyə müvəffəq olmuşdusa, 2 aprel seçkilərini saxtalaşdırmaqla o, Ermənistandakı mövcud kriminal rejimin ömrünü daha bir neçə il müddətinə uzatmış oldu.
Doğrudur, Serj Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə sona çatır. Lakin ekspertlərin qənaətinə görə, hakim partiyanın təşəbbüsü və dəstəyi ilə onun yenidən ölkənin birinci şəxsi - parlament tərəfindən seçiləcək baş nazir olması üçün hər bir hazırlıqlar demək olar ki, başa çatmaq üzrədir.
Lakin bunlar hələlik hakim partiyanın, daha doğrusu, Serj Sarkisyanın gələcək arzularıdır. Bunların nə dərəcədə reallaşacağı isə müxalifətdən çox asılıdır.
Elektron aparat Sarkisyanı biabır etdi
Müxalifət təmsilçiləri isə Serj Sarkisyanın seçki saxtakarlığını həzm etmək niyyətində deyillər. “Tert.am”ın yazdığına görə, aprelin 2-də günorta saatlarınadək Ermənistanın baş prokurorluğuna 1317 seçki saxtakarlığı faktı üzrə şikayət daxil olub. Günün sonuna doğru bu rəqəm təqribən iki dəfə artıb. Şikayətlər seçkilərdə “karusel” əməliyyatından tutmuş, seçki qutularına topa-topa bülletenlərin atılması, seçici adlarının siyahılarda olmamasınadək - müxtəlif istiqamətləri əhatə edib. Bundan başqa, seçkiləri müşahidə edən müstəqil ekspertlərin sözlərinə görə, səsvermədə “kurioz” hadisə də baş verib. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan, parlamentin sədri Qalust Saakyan və keçmiş prezident Levon Ter-Petrosyan səs verən zaman elektron aparat onların heç birinin barmaq izlərini tanımayıb.
Saytın yazdığına görə, müxalifət düşərgəsi təmsilçiləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin yekun nəticələrinin açıqlanmasını səbirsizliklə gözləməkdədir. Bundan sonra seçki saxtakarlığına etiraz yürüş və mitinqlərinə start veriləcək. Saytın yazdığına görə, analitiklər belə hesab edirlər ki, hadisələrin belə bir şəkil alması Serj Sarkisyan üçün yaxşı heç nə vəd etmir. Və qarşıdakı günlərdə Ermənistanda daxili vəziyyət daha da gərginləşəcək.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 1249 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31