Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan-Rusiya münasibətlərində gərginlik daha da artır

Ermənistan-Rusiya münasibətlərində gərginlik daha da artır

07.08.2018 [09:03]

Ekspertlərin qənaətinə görə, hadisələrin bu məcrada inkişafı N.Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir
Rusiya xarici işlər nazirinin kəskin bəyanatından sonra Ermənistan hökuməti ilə rəsmi Moskvanın münasibətləri daha da gərginləşib. Külli miqdarda pul qarşılığında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun avqustun 6-da Rusiyaya getməsinə icazə verilsə də, bu məsələnin fonunda Ermənistanla münasibətlərin perspektivləri Rusiya mediasının gündəmini zəbt etməkdə davam edir.
Rusiya hakimiyyətinin yüksək dairələrinə istinadən forpost Ermənistanla münasibələrin daha da gərginləşəcəyi barədə ehtimallar səsləndirilir. Çünki indiki Ermənistanın Rusiya ilə “siçan-pişik” oyununa bənzər tərzdə əlaqələrə rəvac verməsi, təbii ki, Kremldə normal qarşılanmır. Belə ki, işğalçı ölkədə keçmiş prezident Robert Koçaryanın həbs olunması, KTMT-nin baş katibinə qarşı oxşar ittiham irəli sürülməsi kimi hadisələr təkcə respublikanın özündə deyil, həm də Rusiyada böyük əks-səda doğursa da, baş nazir Nikol Paşinyan heç nə baş verməyibmiş kimi Sankt-Peterburqa yollandı, Ermənistan hakimiyyətinin Rusiyanın himayədarlığını qəbul etdiyini nümayiş etdirdi. Buna baxmayaraq, artıq Ermənistan KTMT baş katibi vəzifəsinə keçmiş müdafiə naziri (1999-2000) Vaqarşaq Harutyunyanın namizədliyini təqdim etmək istəyir. Bunun müqabilində Ermənistan parlamentinin 45 deputatının R.Koçaryanı təcridxanadan xilas etmək üçün prokurorluğa müraciətinin də Moskvadakı dairələr tərəfindən təşkil edildiyi barədə iddialar isə bəyanatlardan əməli fəaliyyətə keçidin baş verdiyini göstərir.
Hadisələrin bu məcrada davam etdiyi halda Ermənistan Xüsusi İstintaq Xidməti, əsasən, Rusiyanın dəstəklədiyi və iqtidarda olduğu vaxtlarda rəsmi Moskva ilə isti münasibətləri olan yüksəkvəzifəli şəxslərin həbsini davam etdirməkdədir. Baş nazirin sabiq müavini Armen Gevorkyana qarşı ittiham irəli sürülüb, növbəti şübhəlilər isə keçmiş prezident Serj Sarkisyan və aprel döyüşlərinə qədər müdafiə naziri vəzifəsində çalışan Seyran Ohanyan ola bilər. Rusiyadan olan analitiklər N.Paşinyanın sələflərinə qarşı yürütdüyü siyasəti müxtəlif səpkidə qiymətləndirirlər. “Pravda.ru” saytında gedən yazıda Ermənistandakı bəzi müşahidəçilərə istinadən qeyd edilir ki, 1998-ci ildən, yəni R.Koçaryanın hakimiyyətə gəldiyi andan respublika hökumətinin legitimliyi şübhə altına alınır. Buradan belə məntiqi nəticə alınır ki, Ermənistan son 20 ildə legitim olmayan hakimiyyət tərəfindən idarə edilibsə, 20 il ərzində qəbul olunan bütün qərarların, o cümlədən də ölkənin xarici siyasəti ilə bağlı qərarların legitimliyi sual altına düşür.
Bir məsələyə də diqqət yetirilir ki, N.Paşinyan real xarici siyasət aparmaq iqtidarında deyil, onun komandası baş verənlərin Ermənistanın daxili məsələsi olduğunu qabartsa da, rusiyalı analitiklər, hətta Ermənistanın Avrasiya İqtisadi Birliyindən və KTMT-dən çıxarılması (çıxması yox, çıxarılması) məsələsinin gündəmə gələ biləcəyini gizlətmirlər. Bu halda, N.Paşinyanın hakimiyyətə gəlməzdən qabaq daha çox qabartdığı KTMT-yə daxil olan Rusiya və Belarusun Azərbaycana silah satması məsələsinə gəlincə, buna cavab olaraq siyasi şərhçilər bildirirlər ki, KTMT-nin ən kiçik üzvü - Ermənistanın təcavüzkar olmasına baxmayaraq, neçə illərdir bu alyansda saxlanması heç bir hərbi-siyasi əxlaqa sığmır.
Rusiya mətbuatı Ermənistandakı yeni hakimiyyətin bu vəziyyətdən necə çıxacağının tamamilə anlaşılmaz olduğunu yazır: “Hazırkı regional konfiqurasiyada Rusiya Ermənistan üçün “süni tənəffüs” cihazıdır: Qazın qiymətinin digər respublikalara baxmayaraq, Ermənistan üçün 155 dollara satılması, illik 1 milyard dollarlıq köçürmələr, Rusiyada çalışan yüz minlərlə erməni vətəndaşı, milyonlarla dollar məbləğində kreditlər, hələ Ermənistan təhlükəsizliyinin qarantının, yeganə silahla təchizatçısının Rusiya olmasını demirik”. Son günlərdə Ermənistandan Rusiyaya göndərilən məhsulların olduğu yük maşınlarının Yuxarı Lars keçid məntəqəsində saxlanmasının da təsadüf olmadığı güman edilir. Hətta vəziyyət o həddə çatıb ki, N.Paşinyan nəqliyyat və rabitə naziri Aşot Akopyanı həmin keçid məntəqəsinə göndərib. Bu da olduqca acınacaqlı olan Ermənistan iqtisadiyyatına mənfi təsir göstərir. İqtisadçı Vahan Xaçaturyan da “Sputnik”ə verdiyi açıqlamada iqtisadiyyatın acınacaqlı vəziyyətdə olduğu, keçmiş hökumətdən N.Paşinyana 6,5 milyard dollar xarici borc qaldığı, son 10 ildə 450 min vətəndaşın ölkəni tərk etdiyi faktlarını ortaya qoyub.
Göründüyü kimi, artıq Ermənistanın işğalçı olduğuna və iqtisadiyyatının bilavasitə Rusiyadan asılılığına eyham vurulan şərhlərin yer aldığı yazılarda rəsmi İrəvana “dərs verməyin” vaxtı çatdığı qənaəti hakimdir. Ekspertlər, xüsusilə Ermənistanın sosial-iqtisadi vəziyyətinin acınacaqlı olduğu faktını daha çox qabardaraq bu sahədə yuxarıda qeyd edilən əngəllərin davam etməsinin N.Paşinyan hökuməti üçün yaxşı nəticə vəd etmədiyi fikrindədirlər.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1242 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31