Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paşinyanın əməlləri erməni cəmiyyətində qəzəb yaradır

Paşinyanın əməlləri erməni cəmiyyətində qəzəb yaradır

28.09.2019 [10:03]

Buna səbəb verdiyi vədləri yerinə yetirməyən Nikolun şərəfinə dövlət büdcəsindən pulların göyə sovrulması, sıravi vətəndaşların isə bir parça çörəyə möhtac qalmasıdır
Ötən sayımızda Ermənistan baş nazirinin heç bir əhəmiyyət daşımayan ABŞ səfərinin ölkəsində də etirazla qarşılanmasından, oradakı erməni diasporunun və amerikalı konqresmenlərin dəstəyini almaq cəhdinin iflasa uğramasından yazmışdıq. Nikol Paşinyanın ABŞ-a səfəri davam etdiyi kimi, ona qarşı Ermənistan cəmiyyətində etiraz səsləri də səngimir. İşğalçı dövlətin əhalisi artıq hadisələrə və reallığa qeyri-adekvat reaksiyası ilə seçilən aşağı səviyyəli bir siyasətçinin fəaliyyətinə seyrçi qalmaq istəmir.
N.Paşinyan dövlət büdcəsini talamaqla məşğuldur
Ermənistan mediasında N.Paşinyanın və ailəsinin sürdüyü həyat tərzi ciddi tənqidlərə məruz qalır. Məsələn, “armenianreport.com” saytında Tevos Arşakyan adlı müəllif baş nazir N.Paşinyanı görməmişlikdə ittiham edərək müxalifətdə olduğu və etiraz hərəkatına rəhbərlik etdiyi zaman korrupsiyaya, inhisarçılığa, dövlət büdcəsinin yüksək vəzifəli şəxslər tərəfindən talanmasına qarşı mübarizə apardığını iddia etdiyi halda, hazırda özünün büdcəni dağıtmasından yazır: “Baş nazir olandan və geniş hakimiyyət rıçaqlarını əlində cəmləşdirəndən sonra N.Paşinyan zəngin həyat tərzinə çox tez öyrəşdi və artıq dövlət büdcəsini talamaqla məşğuldur. Cəmiyyətdə çaşqınlıq yaratsa da, hələ mən baş nazirin qızlarından birinin ad günündə bahalı “Monarx” restoranında yüksək vəzifəli şəxslərin iştirakı ilə ziyafət məclisi təşkil olunması və bundan ötrü məxsusi olaraq küçələrin bağlanması haqqında danışmaq istəmirəm”.
Gümrüdə minlərlə insan vaqonlarda yaşayır
Müəllif təəssüf hissi ilə yazır ki, baş nazir və ətrafındakılar sentyabrın 21-də müstəqillik gününü qeyd etmək üçün dövlət büdcəsindən təxminən yarım milyon dollar pul xərcləyiblər: “Əyləncələr, konsertlər və hava şarları üçün yarım milyon dollar xərcləməyə ehtiyac vardımı? Üstəlik, əsas şənliklər baş nazirin iştirakı ilə minlərlə insanın hələ də müvəqqəti sığınacaqlarda və vaqonlarda yaşadığı Gümrüdə qeyd edilib. Paşinyan gəlişi üçün xüsusi olaraq bərpa edilmiş mərkəzi küçələrdən kənara çıxsaydı, 30 il bundan qabaq Gümrüdə evlərini itirən insanların yaşadığı bu müvəqqəti daxmaları, 6 metr uzunluğunda, 2,5 metr enindəki metal vaqonları dərhal görə bilərdi. Bir nəfərin xatirinə bu qədər pulu göyə sovurmaq düzgündürmü? Yarım milyon dollara nə qədər mənzil tikilə bilərdi. Təəssüf ki, hökumətin hərəkətləri bayram çilçıraqlarının daha vacib olduğunu göstərir”.
Orta statistik Poğos gündə bir parça çörək üçün çalışır
Xatırladaq ki, yoxsulların qəhrəmanı “Robin Hud” qiyafəsində hakimiyyət pilləsinə qalxan baş nazirin bu qədər xərclərə göz yumması cəmiyyətin bütün təbəqələrinin etirazına səbəb olur. Məsələn, “Tert.am” saytı yazır ki, “Tək Ermənistan” partiyasının təsisçisi Artur Kazinyan da özünün “Facebook” səhifəsində N.Paşinyanı görməmişlikdə günahlandırıb: “Müasir uğursuz inqilabçılar hakimiyyətin təmin etdiyi rifahdan tam istifadə edirlər, çünki şüurlu həyatlarında belə bir imkanı heç arzulaya da bilməzdilər. Ermənistan tarixində ilk dəfə N.Paşinyan mənim və sizin hesabınızdan Ermənistan Respublikasının milli və dövlət maraqlarına aid olmayan və daha çox şəxsi səyahət xarakteri daşıyan bir səfər üçün 350.000 dollar dəyərində şəxsi təyyarə icarəyə götürüb. Bu xərclər yalnız ərəb şeyxlərinə xas olan həddədir”.
Müxalifət partiyasının sədri sual edir: “Bu pulla nə qədər ağrılı problemin həll ediləcəyini, neçə xəstə uşağın müalicə olunacağını, neçə evsiz ailənin mənzillə təmin olunacağını təsəvvür edə bilərsinizmi?”
Cavabında isə yazır: “Xeyr, kral mütləq kral həyatı yaşamalı və övladları çox sayda cangüdənlə təmin edilməlidir. Həyatlarında ekonom sinif biletdən və ən yaxşı halda dörd ulduzlu hoteldən başqa heç nə görməyən insanlar bu gün xüsusi təyyarədən istifadə edir, dünyanın ən bahalı hotellərinin lüks nömrələrində qalır və ən bahalı dəb mağazalarından alver edirlər. Orta statistik Poğos isə gündə bir parça çörək üçün çalışır”. Sonda müxalifət partiyasının lideri əhalini N.Paşinyan və onun komandasından xilas olmağa çağırıb.
Qeyd edək ki, Paşinyanın artıq erməni cəmiyyətində lüks həyatın atributları ilə əlaqələndirilməsi onun nüfuzuna ciddi şəkildə mənfi təsir göstərib. Aparılan son rəy sorğularına görə, baş nazirin reytinqi 25 faizdən də aşağı həddədir. Ona görə ki, Paşinyanın aradan qaldıracağını vəd etdiyi yoxsulluğun davam etdiyi, sıravi vətəndaşın isə bir parça çörəyə möhtac olduğu Ermənistanda baş nazirin və ailəsinin dəbdəbəli həyat tərzi sürməsi əhalinin kəskin qəzəbinə səbəb olub.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1360 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31