Bir nəslin xəstəlik tarixçəsi
08.03.2025 [09:15]
Emil Zolyanın “Ruqon-Makkarlar” silsiləsindən son romanı “Doktor Paskal” haqqında
Əvvəli ötən saylarımzda
Yaşı altmışa yaxınlaşan doktor Paskal yoxsul insanların dadına çatan, yeni müalicə üsulları, dərmanlar icad eləyən şəfqətli əyalət həkimidir. Onu tibbin həm nəzəri, həm də praktiki məsələləri maraqlandırır. İrsiyyət, genetika problemi bu məsələlərin başında gəlir. Öz nəslinin xəritəsini çəkib şəcərəsini tutmaqla, eyni kök üstə bitmiş ayrı-ayrı fərdlərin xarakterini, xüsusiyyətlərini, xəstəliklərini öyrənməklə o, bir din kimi tapındığı elmi həqiqətinə - irsiyyət nəzəriyyəsinə praktiki zəmin yaratmağa çalışır. Nəsil ağacını mükəmməl tərtib eləmək, hər bir fərdi xüsusiyyətin hansı genlərin kombinasiyasından, sintezindən əmələ gəldiyini müəyyənləşdirmək iyirmi ildən bəri onun həyatının başlıca amalına çevrilib. Bir sözlə, yekun romanın baş qəhrəmanı bir özgəsi yox, Emil Zolya özüdür - doktor Paskal iyirmi cildlik epopeyasında azman bir nəsil ağacı əkməklə təbiətin mübhəm sirrinin ovuna çıxmış müəllifin alter-eqosudur.
Paskal özü nəslin Ruqon qoluna mənsubdur, Dida nənə dedikləri Adelaida Fukun nəvəsi, Pyer Ruqonun oğlu, Ejen Ruqonun qardaşıdır. Gəncliyində atişləməz yollardan keçmiş səksən yaşlı anası Felisite oğlunun müəmmalı məşğuliyyətindən çox narahatdır, Paskalın kilid altında qorunan qovluqlarının ailə sirləriylə dolu olduğunu bildiyindən bir gün o sirlərin azadlığa çıxıb nəsli bütün aləmdə bədnam eləyəcəyindən, görünür, həm də öz əməllərinin gün işığına çıxacağından bərk qorxur. Təmkinli, mehriban doktor Paskalın həm də bu səbəbdən anasıyla arası yoxdur. O öz nəslinin keçmişini cəmi bəşərin tarixi kimi öyrənir, eynən Emil Zolya da böyük roman silsiləsində Adelaida nənədən başlanan Ruqon-Makkar ailəsinin tarixini homo-sapiensin genealogiyası kimi araşdırır. Bu gün genetika elmi də sübuta yetirir ki, təqribən yüz min il qabaq Afrikadakı dərələrin birində bütün bəşəriyyətin ocaq çatıb balalarını, nəvələrini başına yığan bir ümumi nənəsi olub - onu alimlər dindən gəlmə elmi təbirlə mitoxondrial Həvva adlandırırlar.
***
Doktor Paskalın nəsil-kök axtarışına çıxması, əslində, özünü, öz mənbəyini axtarmaqdır - özünə gələn yollara-cığırlara bələdləşmək, canına ötürülmüş genləri saf-çürük eləmək, sevincinin-kədərinin, ilhamının-istedadının, azar-bezarının qaynağına yetişmək, bir sözlə, təbiətin sirrinə əl aparmaqdır. Ondan təqribən otuz il sonra Tomas Mannın Buddenbrok ailəsinin axırıncı başıpapaqlısı da öz nəslinin şəcərə kitabında beləcə eşələnəcək. Doktor Paskalın ölümündən az qala yüz il keçəndən sonra Markesin Buendia nəslinin sonuncu nümayəndəsi də sələfi kimi ailəsinin şifrələnmiş taleyinin kodlarını çözməyə çalışacaq. Zaman ötdükcə bunlar hamısı baş verəcək, çünki əlahəzrət Təsadüfün əlindən bu həyata vəsiqə alan insan dünyada öz yerini, koordinatını, keçmiş-keçənini, gələcəyini, kökünü-budağını bəlləmək istəyir, özünə istinad nöqtəsi axtarır.
Bu axtarış Paskalı insanlardan aralı salıb, həkim öhdəliklərini yerinə yetirmək üçün şəhərə çıxdıqlarını saymasaq, bütün gün kabinetində Faust kimi elmin gücüylə varlığın qapısına düşən açar hazırlamaq üçün baş sındırır. Onun bir niyyəti də bütün xəstəlikləri sağaldan universal dərman icad eləməkdir. Həqiqət sorağına çıxmaqdan ötrü doktorun evində hər cür şərait var. Paskal bu yaşınacan evlənməyib, arvad-uşaq qayğısı çəkmir. Ona sevgiylə, pərəstişlə, vicdanla xidmət göstərən qulluqçusu Martina, bir də qardaşı qızı, yetirməsi Klotilda ilə bir dam altında yaşayır. Martina doktorla təxminən yaşıddır, işbaz Aristid Sakkarın qızı Klotildanın isə iyirmi beş yaşı var. Atası təzə arvad alandan sonra qızını başından eləyib subay qardaşının yanına göndərib, qız əmisinin evində, doktorla Martinanın gözünün qabağında böyüyüb.
Klotildanın başqa şəhərdə yaşayan otuz iki yaşlı varlı-hallı qardaşı Maksim bir müddət əvvəl iflic keçirib. Ruqon iştahasıyla silahlanmış atası indi də onun vərəsəlik payına göz dikib, gözləyir ki, oğlu öləndə onun sərvətini ələ keçirsin, hətta onun ölümünü tezləşdirməyə çalışır. On yeddi yaşı olanda Maksimin nikahdankənar bir oğlu doğulub, artıq uşaq on beş yaşına girib, fəqət Maksim oğlunun anasına nikah qıymayıb, bədbəxt qadını evinə, sərvətinə yaxın buraxmayıb. Zavallı Şarlın həm əqli, həm də fiziki çatışmazlığı var, nəvə-nəticələri iyirmi ildən bəri dəlixanada yatan Dida nənəyə baş çəkəndə Maksim övladının ulu nənəsinə necə bənzədiyinə heyrət eləyir. Elə buradaca deyim ki, əsər boyu Şarl da, Maksim də ölür, onun sərvəti arzulandığı kimi bacısına yox, atasına qalır.
Bir sözlə, tək Makkarların yox, Ruqonların da arasında salamat adam tapmaq çətindir. Onların həyatsevərliyi, yaşamaq ehtirası bəzən xeyirxah işlərə rəvac versə də, çox vaxt şərə çevrilir, aqressiya törədir. Ruqonların duru həyat enerjisiylə Makkarların bulanıq ölüm enerjisi bir mənbədən yola çıxıb axa-axa şaxələnir, sonda yenə bir mənsəbdə, bir dəhnədə qovuşur - həyatla ölüm, Erosla Tanatos əkiz qardaşdır.
***
Maksimlə oğlunun vətənə gəlişi münasibətilə qohumlar yaşlı doğmalarına baş çəkirlər. Əzrayılın unutduğu yüz dörd yaşlı Adelaida Fuk onlara laqeyd, biganə nəzərlərlə baxır, qarının nəsil, doğmalıq instinkti çoxdan sıradan çıxıb. Onu görəndə doktorun beynindən bütöv bir yüzilliyin mənzərəsi keçir: Adelaida, Makkar, Felisite, Paskal, Klotilda, Maksim, Şarl...
Makkar əmi də artıq səksəni adlayıb. Qoca əyyaş, köhnə quldur sinninin bu çağında da səksən dərəcəlik konyak içməyindən qalmır. Əcəli də elə içkidən gəlir, sərxoş halda kresloda oturuqlu yuxulayanda qəlyanının qoru şalvarına düşüb onu korun-korun yandırır, Makkar əmi yanıb-yanıb bir ovuc külə çevrilir. Hadisə əsnasında evinə gələn Felisite sərxoş qohumunun yenicə od tutub alışmağa başladığı məqamda məsələdən duyuq düşsə də, köhnə quldurdan zəhləsi getdiyinə görə faciənin qarşısını almaqdan ötrü onu bir-iki ağız səsləməkdən başqa heç bir tədbir görmür. Beləcə, qoca Makkar içki hopmuş, içindən qızmış canının odunda bişib heçə-puça çıxır, onu dəfn eləməyə belə heç nə tapılmır...
Damarında baş qaldıran ehtirasları boğa-boğa asketik həyat tərzi keçirməyə alışmış doktor Paskal ömrün qürubuna doğru Klotildanın təzə-tər gözəlliyinin təsiriylə yaşamaq, arzulamaq, törəmək azarına mübtəla olur. Qız onun istəyinə həvəslə qarşılıq verir. Onu da deyim ki, Zolya üçün bütün başqa pozitiv duyğular kimi sevgi də hər cür romantikadan, idealizmdən xali emosional-fizioloji hal, orqanizmdə baş verən bioloji təbəddülatların, kimyəvi reaksiyaların nəticəsidir.
Gözünü eşq pərdəsi örtən Paskal xalis gənclik şövqüylə ona qiymətli hədiyyələr daşıyıb gətirir, zinət əşyaları alır, reallıq duyğusunu itirib əlində-ovcunda olan bütün ehtiyatını Klotildanın üzünü güldürməyə xərcləyir (doğrudur, sonralar dara düşəndə bu tələfxərcliyin altını çəkirlər). Nəhayət, gecikmiş eşq həvəsi doktora baha başa gəlir, Paskal əkdiyini becərmədən, ömrünün barını dərmədən can evini yerindən oynadan zəlzələnin dağıntıları altında qalır.
***
Təbiət qanunlarına səcdə qılan doktor Paskal nədən bu qanunu pozub öz qardaşı qızıyla insestual əlaqəyə girir, yaxud eyni pərəstişlə təbiəti özünə müəllim seçmiş yazıçı onu belə bir əmələ niyə təhrik eləyir? Burada hansısa dərin, gizli məna axtarmağa dəyərmi?
Ola bilsin, müəllif bununla Ruqonlara xas həris, yırtıcı həyat enerjisinin daha bir fəsadını bizə göstərmək istəyib. Eyni günaha “Yüz ilin tənhalığı” romanının sonunda da rast gəlirik, ancaq onun fəsadı da, cəriməsi də çox ağır olur. Markesdən fərqli olaraq Zolya bir azdan Freydin də psixoloji dəlillərlə çözməyə çalışacağı insest aktını günaha yozmağa can atmır, əksinə, bunu xoşxassəli şiş kimi, daim yenilənməyə, törəməyə çalışan həyatın təntənəsi kimi qələmə verir. Atasının ölümündən neçə ay sonra dünyaya gələn körpənin süd əməndə yuxarı qaldırdığı toppuş əlini göyə ucalmış həyat bayrağına bənzədir, bu körpə oğlancığazın gələcəkdə bir dahi, ya peyğəmbər olacağına gümanını, ümidini dilə gətirir. Markesin yüz il sonra qoparacağı qiyamət küləyi bu romanın üstündən əsmir, əsər (yəni bütövlükdə silsilə) Zolyanın yaradıcılığı üçün də xas olmayan sakit, hüznlü bir nikbinliklə, bayağı çıxmasa deyərdim ki, həyatın ölüm üzərində qələbəsiylə başa çatır. Hərçənd doktor Paskalın xəzan vurmuş bağında boy göstərən bu körpənin aqibətinin nə olacağı, həyatın ona yiyə durub-durmayacağı, durarsa, onun həyatdan nə umacağı hələ bilinmir.
Ola da bilsin, müəllif bu insestual aktla öz quyruğunu udan ilan sayağı Ruqon-Makkar nəslinin çevrəsini qapatmağa, bəşəriyyətin taleyi haqda yazdığı dastanı bitirməyə çalışıb. Əgər Monmartr qəbiristanlığındakı məzarından başını bircə anlığa qaldıra bilsəydi, deyərdi ki, ona qalsa, yer üzündə insanlar arasında hər cür cinsi təmas insestdir, çünki bütün bəşəriyyət bir ananın övladıdır. Əminəm ki, Zolya belə deyərdi. Həyatın qüdrətini, sevincini vəsf eləyən düşüncə üçün həyat bütün hallarda haqlıdır.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 14:24
Sosial
04 Dekabr 14:18
Dünya
04 Dekabr 14:17
İqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31

