Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / WUF13 siyasi uğurlarımızın növbəti təsdiqidir

WUF13 siyasi uğurlarımızın növbəti təsdiqidir

23.05.2026 [23:07]

Bakı beynəlxalq əməkdaşlıq və qlobal dialoq məkanı kimi

Son illərdə Azərbaycanın beynəlxalq nüfuzu və qlobal siyasətdə rolu ardıcıl şəkildə artmaqdadır. Bakı regional təhlükəsizliyin möhkəmləndirilməsi, enerji və nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, Şərqlə Qərb arasında strateji körpü rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətlə beynəlxalq münasibətlər sistemində mühüm mövqe qazanıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan irimiqyaslı layihələr və beynəlxalq tədbirlər ölkənin diplomatik imkanlarını, təşkilatçılıq qabiliyyətini və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.

COP29 kimi qlobal əhəmiyyətli tədbirin uğurla təşkilindən sonra Bakının növbəti dəfə Ümumdünya Şəhərsalma Forumuna – WUF13-ə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha bir göstəricisinə çevrildi. 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı forum bu günədək keçirilmiş ən genişmiqyaslı Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Bu fakt Azərbaycanın artıq yalnız regional deyil, həm də qlobal miqyasda siyasi, iqtisadi və humanitar məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrildiyini göstərir. Bakının belə mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi ölkənin müasir infrastrukturunu, təhlükəsiz mühitini və diplomatik potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq əməkdaşlıq və qlobal dialoq məkanı kimi nüfuzunu təsdiqləyir. WUF13 çərçivəsində müzakirə olunan urbanizasiya, dayanıqlı şəhər inkişafı və iqlim çağırışları kimi mövzular Azərbaycanın qlobal gündəliyin formalaşmasında aktiv iştirak etdiyini bir daha sübut edir.

Azərbaycanın qlobal nüfuzunun real göstəricisi…

Qəbul olunduğu kimi, 2030-cu ildən sonra yeni nizamın inkişaf ştrixləri daha fərqli – innovativ, müasir standartları özündə birləşdirən və yeni metodolagiyaya əsaslanan amillərlə səciyyələnəcək. Bakı isə bu yeni gələcək üçün bir nümunə, bir standart  formalaşdırır. İşğaldan azad edilmiş regionlarda görülən meqafəaliyyət bu standartı bütün dünya üçün normativə çevirir – çevik, sürətli, keyfiyyətli və müasir çağırışlara əsaslanan şəhərsalma qlobal dünyada da maraqla qarşılanır. Prezident İlham Əliyevin tədlbirin açılış mərasimindəki çıxışında da bildirib ki, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır: "Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir".

Bəli, WUF13 Azərbaycanın dayanıqlı inkişaf strategiyasının beynəlxalq səviyyədə maraq doğurduğunu ortaya qoydu. Vurğulandığı kimi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji siyasəti və müasir urbanizasiya yanaşmaları forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın mühüm göstəricisi isə Foruma marağın miqyasının yüksək olmasıdır – 27 dövlətin rəhbər şəxslərinin Bakıya gəlişi Azərbaycanın qlobal mühitdə oyndağı ırolu təsdiqləyir. Bu tədbir Azərbaycanın həm təşkilatçılıq imkanlarını, həm də qlobal proseslərə təsir gücünü nümayiş etdirdi.

Dünya Bakının təşəbbüslərini dəstəkləyir…

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi isə forumun siyasi əhəmiyyətini daha da artırdı. Mayın 18-də təşkil olunmuş bu xüsusi seqmentdə dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli qonaqlar iştirak etdilər. Liderlərin Bakıda bir araya gələrək qlobal məsələlər ətrafında müzakirələr aparması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun aydın göstəricisi oldu. Sessiyada iştirak edən liderlər Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsini, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, bu tədbirin mühüm əhəmiyyətini qeyd ediblər. Bu,  Azərbaycanın təşəbbüslərinə verilən böyük siyasi dəstək kimi qiymətləndirilir. Bu qiymət eyni zamanda Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Liderlərin bəyanatları Azərbaycanın qlobal sülhə, əməkdaşlığa və sivilizasiyalararası dialoqa verdiyi töhfələrin dəstəkləndiyini ortaya qoyur.

Regional liderlik mövqeyi…

Beləliklə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi-diplomatik gücünün və təşkilatçılıq imkanlarının növbəti mühüm təsdiqi oldu. Vurğulandığı kimi, tədbir həm də Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirdi. Bakı beynəlxalq təhlükəsizlik, dayanıqlı inkişaf, urbanizasiya və qlobal əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm mərkəz kimi çıxış edir. WUF13 bir daha sübut etdi ki, Bakı isə özünü Cənubi Qafqazın aparıcı siyasi və diplomatik mərkəzi kimi təsdiqləməyi bacardı.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31