Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qəbulə xanım və I Pyotr

Qəbulə xanım və I Pyotr

16.07.2025 [08:45]

Əvvəli ötən saylarımızda

Qəbulənin I Pyotra məktubu: “Salyan mahalı 122 ildir ki, mənim əcdadlarım tərəfindən idarə olunur”

Digər mühüm bir amil. I Pyotr salyanlı Qəbulə xanımdan ehtiyatlanmağı tövsiyə edəndə, qanlı hadisə hələ baş verməmişdi. Bəs Rusiya imperatoru Qəbulə ilə bağlı informasiyanı kimdən öyrənə bilərdi?  Səfəvinin son, Rusiya imperatorluğunun ilk illərində, Xəzəryanı bölgələrimizdə, o cümlədən, Salyanda rus kəşfiyyatının mövcudluğu absurddur. Amma Salyan hakiməsinin siyasi oriyentasiyasının Rusiya tərəfindən nəzarətə götürüldüyünü təkzib etmək qətiyyən mümkün deyil... Rusiya Xarici Siyasət Arxivində Bakı komendantı Baryatinskiyə keçmiş Salyan xanının arvadı tərəfindən yazılmış məktublar var. Xanın arvadı onun ailəsinin razılığı olmadan Salyana rus hərbi birləşməsinin yerləşdirilməsinə etiraz edir və bu işdən narazı qaldığını Baryatinskinin diqqətinə çatdırır. Salyan xanının arvadı I Pyotra da məktub yazıb. Bildirib ki,  Salyan mahalı 122 ildir ki, onun əcdadları tərəfindən idarə olunur. İndi isə rusların onun dədə-baba torpaqlarında əsgər yerləşdirməsindən rəncidədir. Burda mühüm olan başqa məsələdir. Deməli, Qəbulənin nəsli XVII əsrin ilk illərindən etibarən Salyana rəhbərlik edib. Digər mühüm məqam. I Pyotr Xəzərətrafı bölgələrimizdə Stepan Razinin fəaliyyətindən xəbərdar idi. Bunu Puşkinin əsərindən bilirik. “Pyotrun göstərişini alan Şipov soruşdu ki, iki batalyon kifayətdirmi? Pyotr cavab verdi: “500 kazakla Stenka Razin onlardan qorxmurdu”.

Hər iki hadisə Romanovların dövründə baş verib. Biri Pyotrun atası Aleksey Mixayloviç Romanovun  hakimiyyəti illərində, digəri də Pyotrun öz dövründə. Və hər iki dövrdə Salyan xanının ailəsini Qəbulənin nəsli təmsil edirdi.

Qeyd: Qəbulə xanımın törətdiyi hadisədən sonra rus ordusunun  general-mayoru Şipovun təskilatçılığı ilə Kürün mənsəbinə yaxın bir ərazidə, çayın cənub sahilində (ya Oryad qəsəbəsində, ya da indiki Neftçala şəhərinin ərazisində) hərbi retranşement - istehkam inşa edilir. 1724-cü ilin ikinci yarısında Pyotrla Salyanın işğalı ilə bağlı söhbət edən general-mayor Şipov 1727-ci ilin 12 sentyabrında Salyanda - həmin istehkamın qurulduğu ərazidə dünyasını dəyişib.

Salyan polku... Salyan kazarmaları

Bakıdakı Salyan kazarmalarının tarixi dərindən tədqiq olunmayıb. Salyandakı hadisədən az sonra I Pyotr öldü. Osmanlının Rusiyaya təzyiqləri gücləndikcə, ruslar əldə etdikləri torpaqları sahibinə qaytarmaqdaydı. Aleksandr Samsonovun bildirdiyinə görə, Salyan qarnizonu Bakıya çəkildi. Rus postları Kür sahillərini tərk edərək Bakı buxtasına yaxınlaşdılar. Salyan kazarması anlayışı da elə həmin illərdə dövriyyəyə girib. Məlumdur ki, Salyan kazarması istilahı Bakıda müstəsnadır, anoloqu yoxdur. Və bu, Qəbulənin Salyanda törətdiyi hadisənin ardından rus ordusunun Salyanı tərk edib Bakıya çəkilməsi ilə əlaqədardır. Çox sonralar - 1911-ci ildə imperator II Nikolayın əmri ilə 206-cı Salyan alayı üçün tikilmiş şəhərcik ilk dövrlərdə Nikolayın oğlunun şərəfinə  “Aleksey kazarmaları”, yaxud sonralar sovetlər dövründə “Qızıl şərq” adlansa da, tarix öz yaddaşında Alekseyin də, Qızıl Şərqin də adını yaşatmadı; istər Rus imperiyası dövründə, istər sovetlər dönəmində rus hərbçiləri də, Azərbaycan xalqı da onu  “Salyan kazarması” adı ilə tanıdı.

Rus hərb tarixçiləri Salyan kazarmasında yerləşdirilən Salyan alayının niyə məhz bu adla adlandırılmasına cavab veriblər. Vladimir Kolyabin yazır ki, “V Rossii suhestvovala tradiüiə nazıvatğ voinskie çasti v çestğ zaxvaçennıx qorodov. Nado polaqatğ, çto Salğənskiy polk bıl nazvan tak v çestğ kreposti Salğən, vzətoy Russkoy armiey  v xode voennoy kampanii 1723 qoda”. (“Rusiyada hərbi hissələrin ələ keçirilən şəhərlərin şərəfinə adlandırılması ənənəsi var idi. Çox güman ki, Salyan alayı da 1723-cü il hərbi yürüşü zamanı rus ordusu tərəfindən ələ keçirilmiş Salyan qalasının şərəfinə belə adlandırılıb”.)

Müasir rus hərb tarixçiliyi məsələyə tam olmasa da, qismən aydınlıq gətirir. Amma maraqlıdır, əgər ruslarda alayların işğal etdikləri şəhərlərin adı ilə adlandırılması ənənəsi vardısa, niyə Bakıda “Şamaxı kazarması”, “Qusar kazarması”, “Dərbənd kazarması” yoxdur? Qusar alayı Qusarda, Şirvan alayı Şamaxıda, Yelizavetpol alayı Gəncədə, Zaqatala alayı Zaqatalada yerləşdiyi halda, bölgələr baxımından Bakıda dislokasiya olunan  yeganə alay Salyan alayı idi və onun da yerləşdirildiyi məkan “Salyan kazarması” adlandırılırdı. Həm də 1911-ci ildə indiki yerinə köçürülsə də, Nikolaydan əvvəl, XIX yüzilin əvvəllərində Salyan kazarması İçərişəhərdə yerləşirdi.

İstər-istəməz “Salyan kazarmaları” istilahının oyandırdığı intiba birmənalı şəkildə Qəbulə xanımın adını, 1724-cü ildə baş vermiş hadisəni yansıdır... Mübahisəli görünə bilər, amma hələlik ortada bunu təkzib edəcək hansısa dəlil də yoxdur. Salyan kazarması zabitləri öldürülərək Salyandan çıxarılmış Salyan alayının xatirəsinə elə bu adla da tarixə keçib.

Bəs Qəbulə necoldu?

Yuxarıda qeyd etmişdim. Bəzi qaynaqlarda Razinin əsir götürdüyü salyanlı xanım da Salyan xanının Qəbulə adlı qızı kimi təqdim edilir. Bunu nəzərə alaraq, Azərbaycan tarixçiləri Qəbulə xanımın həyatının əvvəlki dönəmlərini də, sonrakı mərhələlərini də dərindən tədqiq etməlidirlər.

Amma əfsus ki, Qəbulə mövzusunda kələfin ucu çox qarışdırılıb. Sovet dövründə yazılmış “Azərbaycan tarixi” kitablarında, ümumiyyətlə  1724-cü ildə Salyanda baş verən hadisə, ya ötəri xatırlanır, ya da heç xatırlanmır. Yaxud rusyönlü qaynaqlarda eyni adamların adı fərqli şəkillərdə yazılır. Həsən bəy bəzən Qusan bəy, yaxud Asan bəy kimi,  Qəbulənin adı, bəzən sadəcə, knyaginya Xanum şəklində təqdim edilir. Yaxud Qəbulənin anası bəzən Xədicə, bəzən isə Fatimə olaraq tanıtdırılır.     

Digər ciddi bir məqam. Xəzərətrafı bölgələr Rusiyaya ilhaq ediləndən sonra bu yerlərin hərbi və mülki işləri Dolqorukova tapşırılmışdı. Dolqorukovun zamanında Salyan hakimindən başqa Dərbəndin də, Bakının da əvvəlki hakimləri - naibləri öz vəzifələrində qalmışdılar.   

Bəs Qəbulə necoldu?

Guya Salyan hadisələri ilə bağlı Salyana getdiyi bildirilən Bakı xanlarının əcdadı Dərgahqulu bəy Bakı komendantı Ostafyevə belə bir xəbər göndərmişdi ki, o, “Salyan hakiməsini öldürüb, Xanımın başını gətirib Bakı komendantına təhvil verəcək”. Olubmu belə bir hadisə? Rusiya Xarici Siyasət Arxivində qorunan bir sənəddə yazılmış bu fakt nə dərəcədə səhihdir, bilinmir.  Amma diqqətçəkən məqam budur ki, Dərgahqulu bəy 1727-ci ildə yenidən Bakının sultanı təyin olunub və Bakı xanlarının silsiləsi də onun övladları ilə davam edib.

Siyasiləşmiş tarixçilər Salyandakı hərəkəti ilə Peterburqu silkələyən o böyük xanımı tarixin qapısı arxasında saxladılar. Abidələşməsinə imkan vermədiər. Qəbuləni öz halal ocağına - övladlarının yaddaşına yaxın buraxmadılar... Halbuki Salyanın girişində Qəbulə xanımın heykəli ucaldılmalıydı... Nəinki heykəli olmadı. Bu qəhrəman qadının adı belə unutduruldu. Ondan sonra doğulan qız uşaqlarına Qəbulə adını verən olmadı; adını tarix səhnəsindən sildilər. Sonrakı aqibətindən bir sətir belə yazılmadı. O, sonuncu Qəbulə oldu...

Uzun illər Qəbulə xanımın tarix kitablarımızda nəzərə çarpmayan varlığı dərin və düşündürücü suallar doğurur. Məsələ burasındadır ki, I Pyotr salyanlı bir türk qızını özü və səltənəti üçün bu miqyasda təhlükə mənbəyi olaraq görürsə, sıradan qaçaqların belə xalq qəhrəmanı kimi ideallaşdırıldığı sonrakı dövrlərdə də Qəbulə xanım qəsdən unudulub və unutdurulubsa, deməli, onun  nadir şəxsiyyəti barədə dərindən düşünməyə dəyər...

Qəbulənin ilk portreti

Qəbulə xanm barədə əvvəlcə 2012-ci ildə “Darülmöminin” kitabımda yazmışdım.

Sonra “Ədəbiyyat qəzeti”nin 31 yanvar 2025-ci il tarixli sayında yazdım. Məqaləm  dərc olunandan sonra, yəni ertəsi gün günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərib, “Bu qadın kimdir?” deyə soruşdu. “Qəbulədir - dedim, Qəbulənin metafizik bir aləmdən baxan obrazıdır”.

Sakit Məmmədov “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm” dedi. Qəbulə 300 ildən sonra, bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi. Yaxşı ki yuxusuna gəldiyi adam rəssam idi. Özü də  yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi.  Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam.

Nəhayət, iki həftədən sonra tablo tamamlandı. Tamamlanmış əsərdə  Qəbulə xanım çox gözəldir. Rus ordusunun əslən, yəqin ki, çeçen olan zabiti Zambulatov Qəbulənin gözəlliyinə heyran olmasaydı, komandiri olduğu batalyonun zabit heyətini onun evinə aparardımı? Bir halda ki, “ondan ehtiyatlı olmaq lazımdır ki, bir fəlakət üz verməsin” deyə imperatorun tövsiyəsi də vardı... 

Sakit Məmmədov elə bir dövrün qadınının portretini yaradıb ki, o dövrdə yaşayan başqa bir qadınımızın portreti, ümumiyyətlə yoxdur, olmayıb. Çünki o dövrdə dəzgah boyakarlığı nəinki bizdə, heç Rusiyada, İranda, Osmanlıda mövcud deyildi.

O dövrdə nə Rusiyada, nə Osmanlıda, nə də İranda  portret janrı gəlişmişdi. Pyotr rus rəssamlığını inkişaf etdirmək üçün sənət  yetənəyi olan gəncləri Avropaya - İtaliyaya, Fransaya göndərir, yeni rəssamlar nəslinin yetişməsinə çalışırdı. Dövrün portretlərini isə Rusiyada rus rəssamları deyil, Avropa rəssamları yaradırdılar. Yaxud II Təhmasibin dövründə, təbii ki, səfəvi sarayında da portret yox idi və miniatür janrı tənəzzül edirdi. III Əhmədin zamanında isə Osmanlı Lalə dövrünü yaşayırdı. İstanbulun Lalə dövrünün detalları barədə məlumatı bu gün yalnız o dövrdə İstanbulda yaşamış fransız rəssamı Jan Batist Vanmurun əsərləri verir. Amma Rusiyaya, İrana rəğmən, türklər portreti iki yüz il əvvəl italyan rəssamı Bellinin fırçasından tanımışdı...

Qəbulə xanımın yaşadığı dövr - XVIII yüzilin 20-ci illəri dünya rəssamlığında borakko dövrünün son mərhələsidir. Sakit Məmmədov onsuz da əvvəlki əsərlərində, xüsusən,  Azərbaycanın İkinci Qarabağ savaşındakı zəfərindən sonra yaratdığı “Qarabağnamə” əsərində miniatür rəssamlığı ilə borakkonu uzlaşdıran nadir rəssamlardan biri kimi özünü təsdiq etmişdi.  Düzdür, onun “Qarabağnamə”dən əvvəl yaratdığı “Dünyadan qovulanlar” tablosu stil və fəlsəfə baxımından borakko tərzində çəkilmişdi.  Qəbuləni isə o, rənglərin ekspressiyası baxımından öz ənənəvi üslubunda və cərəyanında - opalizm cərəyanında yaratdı. Qəbulənin ilk portretində  Salyan hakiməsinin siyasiliyini, əsilzadəliyini və gözəlliyini bütövlükdə təqdim etdi. Salyan hakiməsi Qəbulə xanım - əsilzadə və gözəl qadın. 300 ildən sonra övladlarının və xalqının yaddaşına bu şəkildə qayıdır...

Azər TURAN

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31