Materiyanın çürük zənciri
29.11.2025 [09:31]
Saday Budaqlının “Fevral” povesti haqqında
əvvəli ötən saylarımızda
Adsız qəhrəman, qardaşının qardaşı kor-peşman evə qayıdası olur, avtobus dayanacağında fikrə dalıb sərinləyən şüurunu ovudur: “Evdə onu nə gözlədiyini, günün necə başlayıb necə qurtaracağını bildiyindən birdən-birə sakitləşmişdi. Hərdən-hərdən yenə qızları gəlib onu yoluxacaqdı, növbəylə ağları dəyişib yumağa aparacaqdılar, heç vaxt da onlarla ürək söhbəti eləyəmməyəcəkdi, dərdini, ağrısını onlardan gizlədəcəkdi, çünki həmişə fikirləşib ki, ata övladına ancaq sevinc verməlidi. Hərdən də bacısı bir qab qonşu payı gətirəcəkdi, bəzən heç söhbətə oturmayacaqdı da, evin səliqə-sahmanına ötəri göz gəzdirib xudahafizləşmədən, nəyisə fikrində götür-qoy edə-edə, dodağının altında mızıldaya-mızıldaya çıxıb gedəcəkdi. O da tək qalanda arvadını xatırlayacaqdı, çalışacaqdı haçansa evli olduğuna özünü inandırsın, arvadı süfrəyə yemək gətirəndə nə hiss keçirdiyini yadına salsın. Hər şey olmuşdu: yuxusuz gecələr də, doğulacaq uşağın sevinci də, məhrəm yaxınlığın xoş utancaqlığı da, ancaq ayrı-ayrı əhvalatlar kimi, bütün bunlar da elə bil başqa adamın başına gəlmişdi, ona bir qırıq da dəxli yoxdu...”
Əslində, o, qardaşının ölümünə ağlamaq istəyirdi, indi isə onun ölmədiyinə ağlayır: “Qardaşından ötrü birdən-birə darıxdı. Və çarpayıya çöküb bütün qocalar kimi astadan, için-için ağladı”.
***
Maddi-bioloji dünya ayrılıqlar, itkinliklər, yadlaşmalar üzərində qurulub. Nəsillər dəyişdikcə doğmalar yada çevrilir, qohumlar bir-birini tanımır. Şəhərdə bu proses sürətlə, kənd yerlərində bir az ləng gedir. İndi elm də sübuta yetirir ki, bütün bəşəriyyət bir kökdən törəyib, ancaq heç bir elmi kəşf, fəlsəfi ixtira insanlar arasındakı düşmənçiliyin qarşısını ala bilmir. Məsələnin paradoksal tərəfi burasıdır ki, yaxınlar, doğmalar arasında nifaq, barışmazlıq daha amansız, daha qəddar olur, dostun düşmənə dönməyi düşmənin dosta çevrilməyindən asan başa gəlir. Doğmalıq bağları bioloji saplardır, saysız-hesabsız mikrobun, virusun, bakteriyanın hesabına əmələ gəlib, ona görə də bu tellərin bəlli müddətdən sonra çürüməsi, qırılması, kollektiv orqanizmdə cürbəcür fəsadlar verməsi labüddür, təbiətin qanunudur. Təbiət bütün üzvi varlıqları yaradır, işlədir, köhnəldir, sonra da kamına çəkib aradan qaldırır - əlbəttə, bir çox halda proses məntiqi sonluğuna çatmayıb yarımçıq başa çatır. Tarixçəsini gözdən keçirdiyimiz ailənin taleyi kimi.
Əsərdə xatırlanan ata obrazı ana təbiətin həyata keçirdiyi yaradıcı prosesin birbaşa iştirakçısı, icraçısıdır. Övladları onun surətini Tanrının obrazı kimi, yaxud da dağınıq qövmünü toparlayıb qanadının altına yığan peyğəmbər, xilaskar kimi qavrayıblar. Ancaq eli, tayfanı bir yerə yığan ata özcə övladlarını başına toplaya bilmir, balalar böyüyüb gimrikləşdikcə yadlıq, düşmənlik virusları fəaliyyətə keçir, ayrılıqlar, itkinliklər başlayır. Bunlara görə kimisə qınamaq da çətindir (heç müəllif də məsələyə bu mövqedən yanaşmır), çünki bütün bu sayaq fəsadlar varlığın mayasından, materiyanın xassəsindən törəyir. Ayrılıq da, itkinlik də insanın qədəridir, ağacın budaqları bir-birindən aralı düşdüyü kimi insan da öz kökündən, doğmalarından uzaqlaşır, ayrıca istiqamət götürüb müstəqil həyata adlayır. Bu, əlbəttə, təbii yoldur, bəşəriyyəti min bir qövmə, tayfaya ayıran, min bir dildə danışdıran, min bir rəngə boyayıb min bir dona bürüyən təkamül prosesidir. Ancaq nəsil ağacının bu prosesdən qıraqda qalan, quruyub tumurcuqlamayan, bar verməyən, xüşk olub çırpıya, oduna dönən budaqlaı da var.
Bizim mərhum atamız - elindən-obasından ötrü isti yerindən didərgin düşən, qol-budağını qorumaqdan ötrü özünə münbit zəmin axtaran, bir zamanlar şəcərəsini müqəddəsləşdirməklə nəslini yaşatmağı dinə, əqidəyə çevirmiş qədim yəhudi peyğəmbərləritək qövmünün üstündə əsən el atası da əlahəzrət Təkamülün uğursuz qollarından, soldurmağa, qurutmağa qərar verdiyi talesiz nəsil ağaclarındandır. Böyük oğul itkin düşür, sümüyü də ələ gəlmir. Doğrudur, canı yanana qədər yer üzünə toxum səpməyə macal tapır, ancaq həmin toxum da artıq özgə bağçanın tağında çiçək açıb, doğma torpağından boy verməmiş, kökündən ayrı düşmüş o meyvə də itkin sayılmalıdır. Kiçik qardaş özünü əkməyə yer, becərməyə macal tapmayıb, onu bitirən budağın yolu burada tamamdır. Görünür, kiçik qardaş həm də elə bu səbəbdən çox qəddar, yovuşmazdır, daş ürəyi o dərəcədə bərkiyib ki, eqosunu yaralamaq, onu hətta olası övladıyla da paylaşmaq istəməyib, necə deyərlər, gözü çıxmış qardaşının miskin aqibətindən qorxub. O, elə sağkən itirilmiş övladdır, hələ dipdiri göz qabağındaykən itkindir.
***
O ki qaldı adsız qəhrəmanımıza, onu da Tanrı-atanın itkin balası saya bilərik. Doğrudur, onun bir cüt qızı, iki varisi var, ancaq onlar da artıq bibiləri kimi özgə evin ocağını qoruyur, özgə nəslin çırağını yandırırlar. Artıq onlar da doğmaca atalarına yaddırlar, müəllif bu yadlığı çox incə psixoloji detallarla nəzərə çatdırır: “İndi ancaq qızlarından çəkinir, gəlib yoluxanda, pal-paltarını yuyanda yüz yol “sağ ol” deyir, yerli-yersiz üzlərinə gülümsəyir ki, onları özündən bezdirməsin, qırpım-qırpım üzüləsi bağları birdən qırmasın. Onsuz da necə uzaqlaşdıqlarını görürdü, bu da onu təəccübləndirmirdi, bilirdi ki, belə də olmalıdı, Allah rəhmlidi: övlad ata-anadan uzaqlaşmalıdı, elə uzaqlaşmalıdı ki, onları nə vaxtsa itirəcəyi fikrinə öyrəşə bilsin, itirəndə də ağrı az olsun”.
Vəssalam. Bu da bizim qəhrəmanın itmiş axırı. Sonuncu sevinci də əlindən çıxandan sonra fevral sazağı tezliklə onu aparacaq. Bir gecə hamıdan xəbərsiz canını tapşıranda bəlkə də neçə gün onun öldüsündən xəbər tutan olmayacaq. Onun sonu heç də böyük qardaşı Vəlinin aqibətindən uğurlu gəlməyəcək. Kiçik qardaşı onun iylənmiş cəsədinə ikrahla, həqarətlə baxacaq, yanına düşüb xəstəxanaya necə həvəslə getdiyini istehzayla xatırlayacaq. Qızları, şübhəsiz, sevinəcəklər, ona sevinəcəklər ki, çiyinlərindən ağır bir yük götürüldü. Arvadı da dərindən nəfəs alıb rahatlaşacaq, onu uzaqdan-uzağa güdən bir cüt gözdən, dinşəyən bir cüt qulaqdan, marığa yatıb onun fəlakətini gözləyən pisniyyət bəndədən qurtulduğuna sevinəcək.
Bəs Lüdmila, bəs qardaşı oğlu? Onlar da üzünü görmədikləri adamın ölümünə çətin yanalar. Həm də zaman keçdikcə, yaş ötdükcə doğmalıq sapları çürüyür, qırılır, ayrılan ayrılır, itən itir, yadlaşan yadlaşır.
Çünki ayrılıq dünyanın mayasındadır. Bu dünyada gec-tez hamı ayrılacaq, hamı itkin düşəcək, unudulacaq. Yalnız böyük mənəvi güclə, ruhani enerjiylə dünyanın mahiyyətinə toxunmuş, qəlbinə nüfuz eləmiş azmanlar diri qalacaqlar. Yalnız könül səltənətində bayrağını ucaldanlar itib-batmayacaqlar, yaşayacaqlar. Doğmalıq tellərinə, bioloji saplara, materiyadan toxunma zəncirlərə etibar yoxdur; əgər olsaydı, bir atanın, bir ananın övladları min illərdir bir-birinə qənim kəsilməzdilər. Fakt odur ki, kəsiliblər, bu gün də bir-birini məhv eləməkdən ötrü, bir-birinin əcəlindən özlərinə həyat iksiri qayırmaqdan ötrü pusquda durublar.
Gerçək doğmalıq - mənəvi doğmalıqdır. Yalnız mənəvi tellər insanları doğrudan bir-birinə bağlamağa, adamlar arasından maddi sərhədləri götürməyə, həqiqi könül sarayında həqiqi birlik, ümumbəşəri məbəd yaratmağa qadirdir. Qalan bütün birliklər şaxələnən bir nəslin törəmələri kimi qəlpələnib dörd tərəfə səpələnməyə, doğmalıqdan yadlığa, dostluqdan düşmənliyə çevrilməyə məhkumdur.
P.S. Noyabrın 13-də Saday Budaqlının 70 yaşı tamam oldu. Bu münasibətlə görkəmli yazıçını təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

