Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Müasir çağırışlara əsaslanan təhsil islahatları

Müasir çağırışlara əsaslanan təhsil islahatları

26.06.2026 [09:30]

Elm və təhsil naziri Emin Əmrullayevin “Xəzər TV”,” APA” və “Trend” İnformasiya Agentliklərinə verdiyi müsahibədə Azərbaycan təhsil sistemində aparılan islahatlar, məktəbəqədər, ümumi, peşə və ali təhsilin inkişafı, tədrisin keyfiyyəti, rəqəmsallaşma və süni intellektin təhsildə tətbiqi, gələcəyin təhsil modeli və digər aktual məsələlərə dair fikirlərini bölüşdü. Bu, ölkəmizin təhsil sistemində aparılan islahatlara müasir baxışı əks etdirməklə, təhsilin məzmunu, təhsildə keyfiyyətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasəti

Təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. Ölkəmizdə təhsilə qayğı və diqqət, onun inkişafının dəstəklənməsi Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi mühüm yer tutmuşdur. Onun milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında isə belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının magistral və hamar yolu mütləq və mütləq milli təhsildən keçir. Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir. Buna görə də o, prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi.

Ulu Öndər tərəfindən əsası qoyulan müasir təhsil siyasəti təhsilin məzmununda köklü dəyişikliklərə və yenilənmələrə geniş hüquqi zəminlər yaratdı. Onun təhsil siyasətinin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarət idi. 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın təsdiq olunması bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter aldı, fənyönümlü təhsil sistemindən şəxsiyyətyönümlü təhsilə keçid təmin edildi. Həmin proqram əsasında digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparıldı, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olundu. 2000-ci il iyunun 13-də imzalanmış “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.

Həyata keçirilən islahatlar çərçivəsində ali təhsilin Avropa strukturları ilə Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində köklü addımlar atıldı. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq olunması ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsində güclü hüquqi zəmin yaratdı. İslahatın gətirdiyi yeniliklər təhsilin idarə olunmasında, məzmununda, təlim strategiyalarında, qiymətləndirmədə öz mühüm əksini tapdı.

Təhsil islahatları yeni mərhələdə

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə daxil olub. “Təhsil millətin gələcəyidir” deyən dövlət başçısı bu prinsipə sadiq qalaraq təhsilin həm maddi-texniki bazasının gücləndirilməsi, həm yeni innovasiya cəmiyyətinə uyğun inkişafı, həm də beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu, kompleks tədbirlər planı çərçivəsində təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulub, müəllimlərin sosial təminatı və peşəkar inkişafı yaxşılaşdırılıb, ali təhsildə beynəlxalq əlaqələr genişləndirilib, müasir texnologiyalar və işəgötürənlərlə əməkdaşlıq əsasında yeni ixtisaslar tədris olunub, rəqəmsal təhsil təşəbbüsləri genişləndirilib.

Ümumilikdə, son 23 ildə təhsilə dair qəbul edilən yeni Dövlət Proqramları, mühüm qanunvericlik aktları təhsilin keyfiyyətində əsaslı dəyişikliklərə səbəb oldu. Eyni zamanda, inkişafın əsas atributlarından biri olan neft kapitalının insan kapitalına çevrilməsi yönündə qətiyyətli addımlar atıldı. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” icra edilməkdədir.

Prezident İlham Əliyevin tövsiyəsi

Son illərdə cəmiyyətin tələbatı təhsilin inkişafını daha da sürətləndirib, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymaqdadır. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, rəqəmsal cəmiyyətdə sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi bir vaxtda təhsilin və elmin rolu daha da artmaqdadır. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında xüsusilə ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. Cənab Prezident İlham Əliyev cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində elm və təhsil sahəsində aparılan islahatlarla bağlı sualı cavablandırarkən bildirdi ki, “əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik”.

Dövlət başçısının çıxışından göründüyü kimi, rəqəmsal gələcəyin möhkəm təməli məhz təhsil sistemində atılan addımlarla qoyulur. Təhsildə əsaslı islahatlar yalnız tədris metodlarının yenilənməsi deyil, həmçinin təhsil mühitinin tamamilə modernləşdirilməsidir. Ələlxüsus da, rəqəmsal texnologiyalar tədrisdə öz dərin təsirlərini göstərməkdədir. Bu gün qlobal mühitdə rəqabətin yeni siması - süni intellekt mübarizəsi dərinləşir. Bir çox ölkənin iqtisadi dəyər zəncirində süni texnologiyalar və rəqəmsal xidmətlər əsas yer tutur. On il əvvəl bu sahə barədə heç kim danışmırdısa, indi inkişaf etmiş cəmiyyətlərin hərəkətverici bazisi süni zəka sektorudur. Dövlət başçısı müasir reallığı nəzərə alaraq Azərbaycanın elm və təhsil sistemində süni intellektin geniş tətbiqini tövsiyə edir.

Ali təhsildə rəqəmsal transformasiya

Ölkəmizdə də bu sahədə zəruri infrastrukturlar qurulub. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda erkən yaşlardan rəqəmsal səriştələrin inkişaf etdirilməsi, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Rəqəmsal transformasiya ali təhsil sistemində də öz əksini tapır. Elm və Təhsil Nazirliyi tərəfindən icra olunan “Code for Future” layihəsi isə Azərbaycanın rəqəmsal transformasiya hədəflərinə töhfə vermək məqsədilə həyata keçirilən irimiqyaslı təhsil təşəbbüsüdür. Layihənin əsas missiyası ali təhsil müəssisələrində təhsil alan tələbələri müasir əmək bazarının tələblərinə cavab verən praktiki IT bilik və bacarıqlarla təmin etmək, nəzəri biliklərlə sənaye təcrübəsi arasında körpü yaratmaqdır. Bu təşəbbüs, akademik dairələrlə qabaqcıl texnologiya şirkətləri arasında qurulmuş strateji tərəfdaşlıq sayəsində reallaşdırılır.

Layihənin effektivliyini və əlçatanlığını təmin etmək məqsədilə ölkənin nüfuzlu universitetləri, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə genişmiqyaslı əməkdaşlıq qurulub. “Code for future” proqramı çərçivəsində IT sahələri üzrə praktiki modullar  universitetlərin tədris prosesinə inteqrasiya olunub. Bu akademik şəbəkə layihənin müxtəlif  ixtisaslar üzrə təhsil alan minlərlə tələbəyə çatmasına imkan yaradır. Gələcək perspektivdə süni intellekt və əlaqəli sahələr üzrə yeni ixtisasların yaradılması, mövcud təhsil proqramlarının beynəlxalq təcrübəyə uyğun olaraq yenilənməsi və multidissiplinar yanaşmanın tətbiqi nəzərdə tutulur.

105 illik təhsil ocağı yeni inkişaf mərhələsində

Qeyd edilən məsələlərin konteksindən çıxış edərək təhsildə aparılan islahatların müasir flaqmanlarından biri kimi 105 illik qocaman təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) adını da xüsusi vurğulamaq lazımdır. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Universitet müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir”.

Dövlət başçısının verdiyi tapşırıqları uğurla icra etmək üçün ADPU-da davamlı şəkildə tədrisin keyfiyyətinin artırılması və müəllim hazırlığının müasir standartlara uyğunlaşdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Universitetin rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə aparılan əhatəli islahatlar Azərbaycan təhsil sisteminə verilən ən dəyərli töhfələrdən hesab edilə bilər. Pedaqoji Universitetdə tədris proqramlarının yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi, eləcə də praktik-laborator imkanların artırılması həm yüksək nəticə göstərən tələbələrin universitetə cəlb olunmalarında, həm də Pedaqoji Universitet məzunlarının MİQ imtahanlarında yüksək nəticələr əldə etmələrində özünü göstərir. İmtahanlarda yüksək nəticə göstərənlər arasında ADPU-nu son illərdə bitirən gənc müəllimlərin üstünlük təşkil etməsi universitetimizin uğurlu göstəricilərindən sayıla bilər.

ADPU-da 2021-ci ildən etibarən təhsilin təşkili və idarə olunması, təhsilin marketinqi, ali təhsilin idarə olunması, təlim və tədrisin təşkili və idarə olunması, eləcə də ümumi idarəetmə istiqamətlərində magistr hazırlığı aparılır. Bu ixtisaslaşmalar, o cümlədən ikili diplom və SABAH proqramları üzrə hazırda 429 nəfər təhsil alır ki, bu da ümumi magistrantların 42,4 faizini təşkil edir. Bu göstərici idarəetmə və təhsil liderliyi sahələrinə marağın artdığını nümayiş etdirir.

Son illər peşəkar kadr hazırlığı prosesində artan tələbatla bağlı olaraq ADPU-da magistratura səviyyəsi üzrə ixtisaslaşmaların sayı və qəbul planı ardıcıl şəkildə artırılıb. 2021-2022-ci tədris ilində magistrantların ümumi sayı 700-ə yaxın olduğu halda, 2024-cü ildə bu rəqəm 900-ü keçib. 2025-2026-cı tədris ilində isə universitetdə ümumilikdə 1012 magistrant təhsil alır. Mövcud magistrantların sayı və növbəti il üçün qəbul planı nəzərə alınarsa, gələn tədris ilində magistrantların sayının 1100 nəfərdən çox olacağı proqnozlaşdırılır. Həmçinin, 2025-2026-cı tədris ilindən etibarən magistratura səviyyəsində bütün ixtisaslaşmalar üzrə tamamilə yeni təhsil proqramları və yenilənmiş tədris planları tətbiq edilir. Bu yeniliklər müasir əmək bazarının tələblərinə cavab verən, analitik düşüncəyə və idarəetmə bacarıqlarına malik peşəkar kadrların hazırlanmasına xidmət edir.

Əsas yeniliklər arasında hibrid imtahan sisteminin tətbiqi, pedaqoji internatura proqramının işə salınması və beynəlxalq reytinqlərdə əldə edilən irəliləyişlər xüsusi yer tutur.

ADPU klassik pedaqoji dəyərlərlə yanaşı, innovativ yanaşmaları da tətbiq edir. Pedaqoji Universitetin dünya univertsitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığının qurulması, Türk dövlətlərinin Ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrinin güclənməsində və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi də nailiyyətlər sırasındadır. Mühüm uğurlardan biri kimi Corc Vaşinqton universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı tələbələrə beynəlxalq təcrübə qazanmaq imkanı yaradır. İndiyədək proqram üzrə 120-yə yaxın məzun olub, hazırda isə 26 nəfər təhsil alır.

Xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığın qurulmasında universitetin prorektoru Mahirə Hüseynovanın da fəaliyyətini ayrıca qeyd etmək istərdim.

2026-cı ilin əvvəlində ADPU ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi Avropa 2026” siyahısında 601-650-ci yerlər intervalında qərarlaşıb. Həmçinin ADPU “QS Avropa 2026”nın Qərbi Asiya regionu üzrə reytinq sıralamasında 140 ali təhsil qurumu arasında 54-cü sırada yer alıb. Bu, universitetimizdə rəqəmsal inkişaf üzrə fəaliyyət planının hazırlanaraq həyata keçirildiyini təsdiqləyir və eyni zamanda inkişaf transormasiyasına uyğun olaraq yeni ixtisaslaşmaların, beynəlxalq təcrübənin tətbiq olunduğunu təsdiq edir.

İslahatlar kursuna uyğun olaraq, universitetimizdə kəmiyyətdən keyfiyyətə keçid strategiyası əsasında növbəti illəri əhatə edən yenilənmiş “ADPU Strateji İnkişaf Planı” qəbul edilib və uğurla icra olunmaqdadır.

Beləliklə, Prezident İlham Əliyevin müdrik dövlət idarəçiliyi sayəsində əsas çağırışlardan biri olan təhsil sistemində müasir innovasiyaların genişləndirilməsi, rəqəmsal təhsilə keçidin gücləndirilməsi və insan kapitalının inkişafı istiqamətində aparılan islahatlar uğurla davam etdirilir. Məktəbdən ali təhsilə qədər qurulan bu sistemli yanaşma ölkəmizin rəqəmsal gələcəyinin möhkəm təməlinin formalaşdırılmasında mühüm rol oynayacaq.

Qızxanım Qəhrəmanova

Psixologiya elmləri doktoru, professor

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin

İbtidai Təhsil fakültəsinin dekanı

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30