Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Cənubi Qafqazın inkişafı üçün...

Cənubi Qafqazın inkişafı üçün...

11.08.2026 [10:55]

Bakının formalaşdırdığı strateji yol xəritəsi Ermənistana yeni bir gələcək vəd edir

2020-ci il Vətən müharibəsi bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da regionda uzun illər davam edən münaqişə mərhələsi arxada qaldı və yeni inkişaf dövrünün təməli qoyuldu. Müharibədən sonrakı mərhələdə formalaşan reallıqlar təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün yeni imkanlar yaratdı. Ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, Bakı əldə etdiyi hərbi-siyasi üstünlüyü revanşizm və qarşıdurma siyasətinə deyil, əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlər sisteminin qurulmasına yönəltdi. Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən layihələr Şərq ilə Qərbi, həm də Şimal ilə Cənubu inteqrasiya yolu ilə birləşdirən mühüm logistika xəttinə çevrilmək potensialına malikdir. Beləliklə, Cənubi Qafqaz tarixi dönüş nöqtəsində dayanır - uzun illər münaqişələrin, siyasi gərginliyin və qarşılıqlı etimadsızlığın hökm sürdüyü region artıq əməkdaşlıq, iqtisadi inteqrasiya və sabit inkişaf imkanları ilə üz-üzədir. Məhz buna görə də bölgədə yaranmış yeni reallıqların düzgün qiymətləndirilməsi və davamlı sülhün təmin olunması gələcək inkişaf üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, regionun rifahı yalnız qarşıdurma səhifəsinin bağlanması və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi ilə mümkündür.

Bu, Ermənistan üçün də bir fürsətdir. Yeni dövrdə sülh prosesinin daha da inkişaf etdirilməsi, sazişin imzalanması İrəvana bölgənin yeni konfiqurasiyasında əsaslı rol vəd edir. Yaranan fürsətdən istifadə edə bilsə, İrəvan gələcəkdə müstəqil siyasi xətt, iqtisadi azadlıq əldə edə biləcək. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar isə bu yolda ilkin addımlardır.

İrəvandan Bakıya zəng...

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar. Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər. Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər. Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

İkitərəfli iqtisadi əlaqələr

Qeyd olunduğu kimi, Azərbaycanın apardığı siyasət revanşizmə deyil, regionun davamlı inkişafına hesablanıb. Post-müharibə dövründə Bakı yalnız bəyanatlarla kifayətlənməyərək, konkret addımlar atmaqla yeni yanaşmasını praktik müstəvidə nümayiş etdirdi. İlk növbədə sülh şəraitinin yaradılması istiqamətində görülən işlər diqqət çəkir. Azərbaycan hərbi qələbədən sonra bölgədə gərginliyi artıracaq addımlardan imtina edərək, diplomatik kanalları ön plana çıxardı.

Eyni zamanda Ermənistana neft məhsullarının ixracı, Ermənistan üçün ərazimizdən keçərək yük daşınmasına icazə verilməsi mühüm siyasi mesaj daşıyır. Bu addım göstərdi ki, Azərbaycan regionda iqtisadi blokadalarla deyil, qarşılıqlı əlaqələr və fayda prinsipi ilə hərəkət etməyə hazırdır. Neft və enerji məhsullarının ixracı məsələsində də Bakının konstruktiv mövqeyi özünü göstərdi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycan yalnız öz maraqlarını deyil, regionun ümumi rifahını nəzərə alan aktor kimi çıxış etdi.

Qeyd edək ki, Azərbaycanın Ermənistana son neft məhsulları ixracı bu ilin  aprel ayında həyata keçirilib. Beləliklə, Azərbaycandan Ermənistana ixrac edilmiş dizelin ümumi həcmi 6 312 tona çatıb. Bundan əlavə, 979 ton Aİ-92 və 2 955 ton Aİ-95 markalı benzin də göndərilib.  Bu prosesin başlanğıcı isə 18 dekabr 2025-ci ildə qoyulub. İlk partiyada SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzin 22 vaqonla Ermənistana yola salınıb.

Sonrakı böyük partiyalardan biri 8 yanvar 2026-cı ildə göndərilib: 1 000 ton Aİ-92, 1 000 ton dizel və 1 800 ton Aİ-95 benzini.

Bütün bu addımların ünvanı aydındır - Ermənistan yaranmış tarixi fürsətdən maksimum yararlanmalıdır. Bakı açıq mesaj verir: sülh qarşı tərəf üçün risk deyil, inkişaf şansıdır. Əgər İrəvan bu çağırışlara cavab verməzsə, regional layihələrdən kənarda qalmaqla siyasi və iqtisadi baxımdan uduzan tərəf olacaq. Azərbaycanın post-müharibə yanaşması artıq faktiki olaraq yeni regional davranış modelinə çevrilib və bu model beynəlxalq aləmdə də maraqla qarşılanır.

Zəngəzur dəhlizi (TRİPP): Avrasiyanın yeni iqtisadi aortası...

Azərbaycanın Cənubi Qafqaz üçün formalaşdırdığı ən mühüm yeni mərhələ isə Zəngəzur dəhlizinin (TRİPP) reallaşmasıdır. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün, xüsusilə İrəvan üçün mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi (TRİPP) ümumən regionun inkişaf dinamikasını artırma imkanına malikdir. Dəhliz Şərq-Qərb marşurutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Eyni zamanda, Zəngəzur dəhlizi (TRİPP) təhlükəsiz marşurut sayılır. İnfrastruktur baxımından da Zəngəzur dəhlizi (TRİPP) olduqca əlverişlidir. Zəngəzur dəhlizinin (TRİPP) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.

Vurğulandığı kimi, Ermənistan bu dəhlizin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRİPP) açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq. Paralel olaraq Türkiyə və Azərbaycanla əlaqələri normallaşcaq- bu da özlüyündə, Ermənistan iqtisadiyyatına geniş imkanlar yaradacaq. Yeni logistika və infrastruktur imkanları sayəsində nəqliyyat, ticarət, enerji və xidmət sektorlarında inkişaf sürətlənəcək. Eyni zamanda, Ermənistanda xarici sərmayə artacaq - açıq sərhədlər və sülh mühiti Ermənistan iqtisadiyyatına inamı artıracaq. İqtisadi dalan mühiti  aradan qalxacaq - Ermənistan üçün həm istehsal xərcləri azalacaq, həm də ixrac imkanları genişlənəcək.

Əsas şərt sülhdür...

Tarix göstərir ki, iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələr regional sabitliyin qorunmasının ən effektiv vasitələrindən biridir. Dövlətlər arasında iqtisadi əlaqələr nə qədər güclü olarsa, qarşıdurma ehtimalları da bir o qədər azalır. Bu baxımdan Cənubi Qafqazda əməkdaşlıq imkanlarının genişlənməsi bölgənin təhlükəsizlik mühitinə mühüm töhfə verə bilər. Müharibədən sonrakı dövrdə yaranan yeni geosiyasi vəziyyət region dövlətlərini əməkdaşlığa sövq edən əsas amillərdən biri kimi çıxış edir.

Əməkdaşlığın genişlənməsi xalqlar arasında etimadın formalaşmasına da xidmət edir. Uzunmüddətli sülh yalnız siyasi sənədlərlə deyil, iqtisadi və humanitar əlaqələrin inkişafı ilə möhkəmlənə bilər. Buna görə də əməkdaşlıq yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də təhlükəsizlik və rifahın təminatçısı kimi çıxış edir. Bütün iqtisadi layihələrin, inteqrasiya təşəbbüslərinin və əməkdaşlıq planlarının uğurla həyata keçirilməsi üçün əsas şərt davamlı və etibarlı sülhün təmin olunmasıdır. Müharibədən sonra yaranmış yeni reallıqlar region üçün böyük imkanlar açsa da, bu imkanların tam şəkildə reallaşdırılması yalnız sülh müqaviləsinin imzalanması ilə mümkündür. Sülh olmadan iqtisadi potensialın tam istifadəsi, investisiyaların cəlb olunması və regional inteqrasiyanın dərinləşdirilməsi çətinləşir. Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalaması təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, həm də bütün Cənubi Qafqazın gələcəyi üçün mühüm addım olacaq. Bu addım regionun uzun illər istifadəsiz qalmış iqtisadi potensialını üzə çıxara bilər. Azərbaycanın uzunmüddətli və ardıcıl xarici siyasət kursu nəticəsində formalaşmış beynəlxalq tərəfdaşlıq şəbəkəsi region dövlətləri üçün yeni imkanlar yaradır. Ermənistan da bu prosesə qoşulmaqla iqtisadi və siyasi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Lakin bunun üçün ilk növbədə siyasi iradə nümayiş etdirilməlidir. Regionda yeni dövrün tələblərinə uyğun davranmaq, keçmişin qarşıdurma siyasətindən imtina etmək və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərmək vacibdir. Qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması, münasibətlərin normallaşdırılması və hüquqi əsasların formalaşdırılması sülh prosesinin uğurunu müəyyən edən əsas amillərdir. Bunun üçün isə Ermənistan mütləq şəkildə Konstitusiyasında yer alan Azərbaycana qarşı əsassız iddialardan geri çəkilməlidir. Məhz bu halda Cənubi Qafqaz sabitlik, rifah və inkişaf məkanına çevrilə bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31