Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə
04.04.2025 [10:54]
Respublikamızın Avropa İttifaqının aparıcı dövətlərindən olan Almaniya ilə xoş mərama əsaslanan əlaqələri davamlı olaraq genişlənir. Elə bu günlərdə Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer ölkəmizdə rəsmi səfərdə olub.
Səfər çərçivəsində bir sıra mühüm tədbirlər və görüşlər baş tutub. Prezidentlər İlham Əliyev və Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarında, eləcə də jurnalistlərin suallarını çavablandırarkən ikitərəfli münasibətlərin aktual məsələlərinə, xüsusilə də Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesinə diqqət çəkiblər və mühüm mesajlar veriblər. Mətbuata bəyanatında Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Müntəzəm olaraq aparılan siyasi dialoq
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il, Almaniyanın Azərbaycanda Səfirliyi isə 22 sentyabr 1992-ci il tarixində açılıb.
Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur. Dövlət başçıları müxtəlif platformalarda vaxtaşırı görüşürlər. İndiyədək Azərbaycan Prezidentinin Almaniyaya 17 rəsmi və işgüzar səfəri baş tutub. Digər səviyyələrdə də sıx təmaslar qurulub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, müstəqillik illərində Azərbaycanın xarici işlər naziri Almaniyaya 14 rəsmi və işgüzar səfər həyata keçirib. Almaniyanın xarici işlər naziri isə respublikamızda 8 rəsmi və işgüzar səfərdə olub. Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında 77 sənəd imzalanıb. Mətbuta verdiyi bəyanatında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz”, - deyə vurğulayıb.
Tarixi bağlara əsaslanan münasibətlər
Azərbaycanla Almaniya arasında bugünkü yaxşı münasibətlər həm də tarixi bağlara əsaslanır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar.
Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri alman əsilli Lorentz Kuntz olub. O, Azərbaycandakı alman icmasını təmsil edib. İndi də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir. Prezident Frank-Valter Ştaynmayer mətbuata bəyanatında ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışaraq şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırladıb. “Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik”, - deyə Almaniyanın dövlət başçısı vurğulayıb.
Sülhə çağırış
Yuxarıda qeyd etdiyimiz kimi, səfər çərçivəsində Prezident İlham Əliyev həm mətbuata bəyanatında, həm də jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesi barədə ətraflı məlumat verib və ölkəmizin prinsipial mövqeyini, sülhə sadiqliyini bir daha nəzərə çatdırıb. Bu gün Ermənistan tərəfindən verilən bəyanatlar, səsləndirilən absurd iddialar sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər formalaşdırır. Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında “sülh sazişini imzalamağa” hazırıq deməklə özündən “sülh göyərçini” obrazı yaratmağa çalışır. Halbuki baş nazirin hələ İkinci Qarabağ müharibəsindən əvvəlki dönəmdə nümayiş etdirdiyi davranışlar birbaşa müharibəyə təhrik etmək cəhdi kimi dəyərləndirilməlidir. O, Azərbaycanın işğal altına düşən ərazilərinə müntəzəm olaraq qeyri-qanuni səfərlərə gəlir, burada eyş-işrət məclisləri qurmaqdan çəkinmirdi. Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən məhz o idi. Hazırda isə Ermənistan hakimiyyəti sülhə təhdid siyasətini başqa bir formada davam etdirir. Sülhdən danışan bir ölkənin sürətlə silahlanmasının, regiondan kənar qüvvələri sərhədlərə cəlb etməsinin hansı məntiqi var?
Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Məhz 44 günlük müharibədə qazanılan tarixi Zəfərimiz sülh danışıqlarına yol açıb. Postmüharibə dövründə sülh təşəbbüsü ilk olaraq Azərbaycandan gəlib. Bu barədə dövlətimizin başçısı jurnalistlərin suallarına cavabında ətraflı bəhs edərək vurğulayıb: “...İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”. Dövlətimizin başçısı bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistanın təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur.
Bu günə qədər sülh müqaviləsinin 17 paraqrafdan ibarət mətni tam razılaşdırılıb. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Yekun sülh sənədinin imzalanması üçün Azərbaycanın birinci şərti artıq de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğvidir. Bundan başqa, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər aparılmalı və ölkənin əsas qanunundan Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22

