Qitələri birləşdirən dəhliz...
29.08.2025 [12:15]
İlham Əliyev: İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin
44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı beynəlxalq hüququn və ədalətin təcəssümünə çevrildi. İllərlə icra edilməyən BMT TŞ qətnamələri ölkəmiz tərəfindən həyata keçirildi - paralel olaraq 30 ildən artıq blokadada qalan Naxçıvanla Azərbaycan arasında quru yolunun açılması perspektivi ortaya çıxdı. Azərbaycan tərəfindən irəli sürülən bu tarixi təşəbbüs bir çox mənalarda yüksək dividend vəd edir:
- Vurğulandığı kimi, Naxçıvanla Azərbaycan arasında quru yolu açılacaq və bu da gediş-gəlişin daha rahat şəkildə həyata keçməsinə şərait yaradacaq;
- Ermənistanın dalan dövlət statusundan çıxmasını, məhz bu yol vasitəsilə Şərq-Qərb kontentinə fəal şəkildə qoşulmasını təmin edəcək;
- Qlobal cəhətlər üzrə hərəkət intensivliyini və dinamikasını artıracaq;
- Regional əməkdaşlığın inkişafı üçün zəmin yaradacaq.
Beləliklə, Zəngəzur dəhlizi (Tramp yolu) layihəsi həm regional, həm də qlobal mənada böyük üstünlüklər formalaşdıracaq.
Tarixi həqiqət və ədalət...
Zəngəzur dəhlizi (Tramp yolu) layihəsi ilə növbədə Azərbaycan xalqının öz torpağına rahat gediş-gəlişinə imkan yaradacaq. Cəmisi 100 il öncə parçalanan və Qərb hissəsi SSRİ tərəfindən Ermənistana verilən Zəngəzur 30 ildir ki, Naxçıvan yolu üstündə bağlı qapıya çevrilib. Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsi bu bağlı qapının açılmasına, ədalətin bərpasına yol açdı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olaraq onu işğal edib. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru - bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı: “Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar. Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla - Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq”.
Bu isə həqiqətən böyük narahatlıqlar yaradır - bölgədə yeni siyasi situasiya formalaşdıran Azərbaycan bu çətinliyin həlli ilə bağlı ünikal təşəbbüs irəli sürdü. Zəngəzur dəhlizi (Tramp yolu) bu problemin aradan qalxması üçün real addımdır.
Biz sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik...
Azərbaycanın Qarabağ Zəfəri ədalətin təntənəsidir - bu, real faktlarla sübut olunur. 5 il öncəyə qayıdılsa, döyüş meydanında baş verənlər göz önünə gətirilsə, bu tezis daha asan qavranar. Cəmisi 44 gün ərzində işğal altındakı torpaqlarını ard-arda azad edən Azərbaycan Ordusu tariximizin zəfər səhifələrini yazırdı. Yüksək döyüş hazırlığına, eləcə də mənəvi ruh yüksəkliyinə malik Silahlı Qüvvələrimiz düşməni geri qovurdu - pərən-pərən düşmüş Ermənistanın silahlı birlikləri isə qaçmağa yer axtarırdı. Təsadüfi deyildi ki, həmin günlərdə Ermənistan ordusunda 12 mindən artıq fərrarilik halı qeydə alınmışdı. Həmin vaxt Azərbaycan öz gücü ilə Naxçıvan ilə Azərbaycan arasındakı cəmisi 40 kilometrlik ərazini də əldə edə bilərdi - amma biz bunu etmədik. Çünki Azərbaycan hər zaman və bütün addımlarında beynəlxalq hüquqa istinad edir. Prezident İlham Əliyevin də hər zaman bildirdiyi kimi, bizə heç kimin torpağı lazım deyil. Beləliklə, bizim məhz ədalət uğrunda mübarizə apardığımız - bütün kontekstlərdə bir daha sübut olundu. Dövlət başçısı müsahibəsində bildirib ki, Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər: “Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik”.
Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır!
Ermənistan ötən 5 il ərzində qeyri-konstruktiv mövqeyi ilə bu yolun açılmasına mane olub. Fərqli ölkələrin və hakimiyyətdə olan qüvvələrin təsiri və təzyiqi ilə məsələnin həllini ləngidib. Son dövrlərdə isə İrəvan artıq başqa yolunun qalmadığını anladı - xüsusilə, Donald Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə prosesin inkişafında yeni bir mərhələ başlandı. Tramp komandasının məsələyə konstruktiv yanaşması bu problemin həllinə yaxından kömək etdi. Təbii olaraq Azərbaycanın prioritetləri mövcud idi - təhlükəsizlik və rahatlıq təmin edilməli idi. Vasitəçi Tramp komandası məhz bu prioritetlər üzərindən TRİPP-in formalaşdırılması istiqamətində yardım etdilər. Dövlət başçısı müsahibəsində qeyd edib: “Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”.
Zəngəzur dəhlizi və ya TRIPP alternativ yaradacaq...
Qeyd olunduğu kimi, Zəngəzur dəhlizi və ya TRİPP həm də qlobal iqtisadi münasibətlər sisteminə yeni bir töhfədir. Azərbaycan hər zaman Şərq-Qərb dəhlizinin ən əsas logistik dayanacaqlarından sayılıb. Məsələn, 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə yaradılan və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə - Qara dəniz və Avropanı birləşdirən nəqliyyat dəhlizi, başqa sözlə Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Şərq-Qərb arasında yük daşımalarının artırılmasına xidmət edir. Orta dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.
Zəngəzur dəhlizi (Tramp yolu) isə qlobal ticari xətt üzərində yeni alternativdir. Bütün nəqliyyat yollarının əsas kəsişmə nöqtəsi olan Azərbaycan Şərq-Qərb tranzitinin ən mühüm stansiyası kimi yeni bir istiqamət təklif edir. Zəngəzur dəhlizinin (Tramp yolu) üstünlüklərinə nəzər salsaq:
- Zəngəzur dəhlizi (Tramp yolu) Şərq-Qərb marşrutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir;
- Zəngəzur dəhlizi (Tramp yolu) təhlükəsiz marşrut sayılır. Çünki ABŞ-ın təmsilçiliyi nəticəsində burada beynəlxalq təhlükəsizlik təminatı yaradılıb;
- İnfrastruktur baxımından da Zəngəzur dəhilizi (Tramp yolu) olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Bundan əlavə dəhlizin əlavə dəstəkçisi sayılacaq digər infrastrukturlar da hazır vəziyyətdədir. Füzuli Beynəlxalq Hava Limanı bu mənada xüsusi qeyd edilməlidir. Beynəlxalq statusa malik olan bu hava limanı yükdaşımalarda, sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edir;
- Zəngəzur dəhlizinin (Tramp yolu) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Şimal-Cənub xətti ilə də qovşaqda olmasıdır.
Bir sözlə, Zəngəzur dəhlizinin aktuallığı artıq Şərq-Qərb logistikasına marağı daha da artırır. Ermənistan isə bu dəhlizin üstünlüklərindən bəhrələnərək yeni inkişaf perspektivi əldə edəcək. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq: “İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15

