Azərbaycan-Çin əməkdaşlığının yeni səhifəsi...
29.07.2026 [10:46]
Çoxvektorlu səciyyə daşıyan Azərbaycan-Çin əlaqələri hazırda özünün yüksəliş dövrünü yaşayır. İki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək dinamikaya malikdir. Liderlər bir-birinə dərin hörmət bəsləyirlər və bu kimi amillərə adekvat olaraq dost ölkələr arasında strateji tərəfdaşlığa aid mühüm sənədlər imzalanıb. Gələcəkdə isə Azərbaycanla Çin arasında əməkdaşlığın yeni səhifəsi açılacaq. Söhbət iki dost ölkənin müasir dövrün əsas çağırışlarından birinə çevrilən süni intellekt sahəsində birgə əməkdaşlıq qurulması perspektivlərindən gedir. Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir. Bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Meyin “İnnovativ inkişaf və hamı üçün fayda: 2026-cı il Süni İntellekt üzrə Ümumdünya Konfransı qlobal süni intellekt idarəetməsində yeni fəsil açır” adlı məqaləsində bildirilib.
Müasir dövrün əsas trendi
Çox doğru olaraq süni intellekt müasir dövrün əsas trendi kimi səciyyələndirlir. Getdikcə daha çox şəkildə aydın olur ki, həyatın hansısa bir sahəsini, ümumiyyətlə gələcəyi süni intellektsiz təsəvvür etmək mümkün deyil. Hazırda qlobal miqyasda süni intellektlə bağlı əsas çağırışlar aşağıdakılardan ibarətdir:
Məlumatların dəqiqliyi: süni intellekt sistemləri vasitəsilə həyata keçirilən qərarvermə proseslərində obyektivliyin təmin edilməsi üçün dəqiq və mötəbər məlumatların toplanılması, eləcə də məlumatların düzgün emalı və təmizlənməsi zəruridir;
-Kibertəhlükəsizlik riskləri: süni intellekt sistemlərinin kibertəhlükələrə qarşı dayanıqlılığını artırmaq üçün qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmaq mümkündür;
-Yüksək enerji xərcləri: Ayrı-ayrı ölkələrin yaşıl enerjiyə keçid etmələri göstərir ki, bu yanaşma həm iqtisadi, həm də ekoloji baxımdan faydalıdır;
-Mütəxəssis çatışmazlığı: rəqəmsal təhsil və təlim proqramlarının genişləndirilməsi;
-Qərarvermə proseslərində aşkarlıq: süni intellekt sistemləri vasitəsilə həyata keçirilən qərarvermə proseslərində tətbiq edilən metodologiyaların şəffaflığı və aşkarlığı təmin edilməlidir;
-Məlumatların mühafizəsi: dövlət sirrinin və əldə edilməsi məhdudlaşdırılan digər məlumatların mühafizəsi təmin edilməli və konfidensiallığı qorunmalıdır;
-Hesabatlılıq: qurumlar yaratdıqları və istifadə etdikləri süni intellekt sistemlərinə görə cavabdeh olmalı və məsuliyyət daşımalıdırlar.
2030-cu ildə süni intellektin 326 milyon işə təsir göstərəcəyi təxmin edilir. Araşdırmalara görə, 2030-cu ildə süni intellektin inkişafı və tətbiqinin sürətləndirilməsi nəticəsində qlobal ÜDM 14 faiz artacaq ki, bu da əlavə 15,7 trilyon dollar deməkdir.
Kanada dünyada süni intellekt üzrə strategiyanı ilk hazırlayan dövlətlərdən biri olaraq, “Pan-Canadian AI Strategy”ni 2017-ci ildə təqdim edib. Həmin strategiyanın əsas məqsədi Kanadanın mövqeyini qlobal süni intellekt lideri olaraq möhkəmləndirmək, bu sahədə innovasiyaları artırmaq və süni intellektin cəmiyyətə müsbət təsirlərini təşviq etməkdir.
Amerika Birləşmiş Ştatları “American AI Initiative” strategiyası vasitəsilə müvafiq sahədə tədqiqat və innovasiyaları maliyyələşdirir.
“Avropa Süni İntellekt Strategiyası”nda süni intellektin tətbiqi zamanı etik prinsiplər və sosial dəyərlər ön plana çıxarılır. Bu sahədə Avropa İttifaqı kiçik sahibkarlara maliyyə dəstəyi və tədqiqat proqramlarına ciddi investisiyalar da ayırır.
Eyni zamanda, Yaponiya “Cəmiyyət 5.0” konsepsiyası çərçivəsində texnologiyanın insan rifahına xidmət etməsini prioritet hesab edir və orada sosial problemlərin həllində texnologiyadan istifadə digər ölkələrin strategiyalarından fərqlənir.
Dünyada birlikdə ədalətli və rasional qlobal süni intellekt idarəetmə sistemi qurulmalıdır
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Meyin bəhs olunan məqaləsində indiki mühüm dövrdə Çinin 2026-cı il 17-20 iyul tarixlərində Şanxayda Süni İntellekt üzrə Ümumdünya Konfransına və Süni İntellektin Qlobal İdarəedilməsi üzrə Yüksək Səviyyəli Konfransa ev sahibliyinə diqqət çəkilib. Azərbaycanın da yüksəksəviyyəli nümayəndə heyəti ilə qatıldığı konfransda süni intellektin faydalı və inklüziv inkişafını qlobal miqyasda təşviq etməyin yolları müzakirə edilib. “İntellektual tərəfdaşlar - ortaq gələcək” devizi altında keçirilən tədbir çərçivəsində Çinin təşəbbüsü ilə süni intellekt üzrə əməkdaşlığa dair Ümumdünya Təşkilatının yaradılması ilə bağlı 29 dövlət tərəfindən Saziş imzalanıb.
Süni intellektlə əlaqədar aktual müzakirələrin aparıldığı konfransın Çində keçirilməsi təsadüfi deyil. Çin qarşısına süni intellekt sahəsində qlobal liderliyə nail olmaq hədəfi qoyub və bu hədəfə çatmaq üçün mühüm layihələr reallaşdırır. Çin hökuməti intellektual transformasiyanı fəal şəkildə qəbul edir və süni intellektin inkişafına ardıcıl olaraq böyük əhəmiyyət verir. 2016-cı ildə süni intellekt ölkənin 13-cü Beşillik İnkişaf Planına daxil edilib. 2017-ci ildə Çin hökuməti “Növbəti nəsil süni intellektin İnkişaf Planı”nı dərc edib. 2021-ci ildə 14-cü Beşillik Plan növbəti nəsil AI-ni elmi və texnoloji tədqiqatlar üçün yeddi prioritet sahələrdən biri kimi müəyyən edib. 2026-cı ildə 15-ci Beşillik Plan üçün təkliflər süni intellektin iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə inteqrasiyası üçün “AI-nin inkişafı+” təşəbbüsünün hərtərəfli tətbiqini tələb edir.
Bununla yanaşı, Çin hökumətinin dəstəyi ilə ölkənin süni intellekt sənayesi texnoloji inkişafdan tətbiq liderliyinə tarixi bir keçid edərək bu sahədə dünyanın aparıcı güclərindən birinə çevrilib. 2025-ci ildə Çinin əsas süni intellekt sənayesinin həcmi 1,2 trilyon yuanı keçib, müəssisələrin sayı 6200-dən çoxdur və əhəmiyyətli artım nümayiş etdirilib. Çin qlobal süni intellekt patent müraciətlərinin 60 faizindən çoxuna malikdir. Ölkənin irimiqyaslı modelləri qlobal ümumi həcmin 40 faizindən çoxunu təşkil edir, “Qwen” və “DeepSeek” kimi modellər qlobal yükləmələrdə ardıcıl olaraq liderlər arasında yer alır. Əsas sənaye sahələrində süni intellektin nüfuzu 80 faizi keçib və əlaqəli sektorlarda artım templərinin 2026-cı ildə 30 faizdən yuxarı qalacağı gözlənilir. Təcəssüm olunmuş zəka sahəsində humanoid robotlar “fabriklərə və emalatxanalara” girməyə başlayır və 2026-cı ilin sonuna qədər illik istehsalın 100 min vahidi keçəcəyi gözlənilir.
2026-cı il Süni İntellekt üzrə Ümumdünya Konfransı ərəfəsində Çinin açıq mənbəli yeni nəsil modeli olan “Kimi K3” rəsmi olaraq təqdim edildi. Yeni versiya 2,8 trilyona qədər parametrə malikdir ki, bu da onu parametr sayına görə dünyada ən böyük açıq mənbəli modelə çevirir.
Eyni zamanda, bu ölkənin dünyada süni intellektin inkişafına yanaşması fərqli baxış bucağından diqqət çəkir. Məlumdur ki, bəzi ölkələr süni intellekt sahəsində rəqib tanımaq istəmir. Çin isə burada qlobal həmrəylik mövqeyindən çıxış edir. Səfirin məqaləsində bildirildiyi kimi, Çin Xalq Respublikasının Sədri Si Cinpin konfransın açılış mərasimindəki əsas çıxışında bütün ölkələrin “İnsan amili ilk yerdədir, xeyirxahlıq üçün süni intellekt və tərəqqi” prinsipinə riayət etməli və birlikdə ədalətli və rasional qlobal süni intellekt idarəetmə sistemi qurmalı olduğunu vurğulayıb. “Süni intellektin inkişafı tək bir ölkənin səyi deyil, qlobal əməkdaşlığın simfoniyası olmalıdır. Biz bu nadir tarixi fürsətdən istifadə etməli və açıqlığı, əlçatanlığı, əməkdaşlığı və paylaşımı təşviq etməliyik”, - deyə Çin lideri bildirib.
Qeyd edək ki, hazırda Çinin açıq genişmiqyaslı modellərinin qlobal yükləmə həcmi 10 milyard dəfəni keçərək dünyada birinci yerdədir. “DeepSeek” tərəfindən təqdim edilən Çinin açıq modelləri texnoloji əlçatanlığa və ümumi rifaha əhəmiyyətli dərəcədə töhfə verir.
Si Cinpin qlobal süni intellektin inkişafını daha da dəstəkləmək və bu sahədə potensialı artırmaq üçün konkret tədbirləri elan edib. Növbəti beş il ərzində Çin inkişaf etməkdə olan ölkələrə süni intellektlə bağlı kurslarda iştirak etmək üçün 5000 kvota təmin edəcək, ASEAN, Ərəb Liqası, Afrika İttifaqı, CELAC, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-dən olan tərəfdaşlarla süni intellekt tətbiqində beynəlxalq əməkdaşlıq mərkəzləri yaradacaq, həmçinin 30 ölkədə “Matszu” ağıllı meteoroloji erkən xəbərdarlıq sisteminin tətbiqini təşviq edəcək.
O cümlədən Çinin təşəbbüsü ilə süni intellekt üzrə əməkdaşlığa dair Ümumdünya Təşkilatının yaradılması AI-nin inkişafı tarixində mühüm mərhələdir. “Çin variantı” süni intellektin beynəlxalq idarəetməsində yeni fəsil açır. Çin ardıcıl olaraq süni intellekt sahəsində daha güclü beynəlxalq idarəetmə və əməkdaşlıq tərəfdarı qismində bu texnologiyanın bütün bəşəriyyətin rifahı üçün faydalı istifadəsini təmin edərək və AI-nin “varlı ölkələr və fərdlər üçün oyuna” çevrilməsinin qarşısını alaraq, beynəlxalq idarəetmənin və əməkdaşlığın gücləndirilməsini müdafiə edir. 2023-cü ildə Çinin Sədri Si Cinpin süni intellekt inkişafının insan mərkəzli konsepsiyasına, “xeyirxahlıq üçün zəka” prinsipinə və “qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda” normalarına riayət etməli olduğunu açıq şəkildə bildirərək vurğulayıb ki, “ölçüsündən, gücündən və ya sosial sistemindən asılı olmayaraq, bütün ölkələr süni intellektin inkişafı və istifadəsində bərabər hüquqa malik olmalıdır”.
Azərbaycanın gündəliyinin əsas prioritetlərindən biri - süni intellekt
Müasir dövlət kimi inkişaf edən Azərbaycan da rəqəmsal idarəçilik modelinə keçidi özünün gündəliyinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 2025-ci il 19 mart tarixində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” sənədi təsdiqlənib. Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu artırmaq məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır. Eyni zamanda, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə rəqəmsal inkişaf üçün yol xəritəsi rolunu oynayan mühüm qərarlar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 - 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin təmin olunmasına mühüm töhfə verəcək. 29 iyun 2026-cı il tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları istiqamətində görülən işlər müzakirə olunub.
Fəaliyyət Planı sənədi ölkənin növbəti üç il üzrə rəqəmsal transformasiya və texnoloji inkişaf prioritetlərini müəyyən edir. Onun icrası üzrə bir sıra tədbirlər görülüb və proses davam etdirilir. Hazırda dövlət xidmətlərinin vətəndaşlar və biznes subyektləri üçün daha əlçatan olması məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində iş aparılır. Dövlət qurumlarının xidmətləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilir, rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proaktiv xidmətlərin payının artırılması istiqamətində addımlar atılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən verilən məlumata görə, innovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də prioritetlər arasındadır. Bu məqsədlə texnoloji inkişafı dəstəkləyən və qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutan geniş islahat paketi hazırlanıb.
Süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə tətbiqi Fəaliyyət Planının əsas istiqamətlərindəndir. Bu sahədə yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur. “Qarşıya qoyulan strateji hədəflərin uğurlu icrası ölkəmizin texnoloji potensialının gücləndirilməsinə, rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına mühüm töhfə verəcək”, - deyə nazirliyin məlumatında vurğulanır.
Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir
Səfirin məqaləsində vurğulanır ki, Çin və Azərbaycan Qlobal Cənub ölkələri olaraq çoxtərəfliliyi dəstəkləmək, inkişaf etməkdə olan ölkələrin qanuni hüquq və mənafelərini qorumaq üçün ortaq öhdəliklərə malikdir. Tərəflər süni intellekt də daxil olmaqla, müxtəlif qlobal idarəetmə məsələlərində oxşar mövqelər nümayiş etdirir. Azərbaycan Çinin süni intellekt təşəbbüslərini fəal şəkildə dəstəkləyir, Pekinin təşəbbüsü ilə yaradılmış süni intellekt potensialının gücləndirilməsi üzrə beynəlxalq əməkdaşlıq üzrə Dostlar Qrupunda iştirak edir, müvafiq təlim və mübadilə fəaliyyətlərinə qatılmaq üçün nümayəndələrini dəfələrlə Çinə göndərib. Çin 2026-cı il Süni İntellekt üzrə Ümumdünya Konfransında təklif olunan əməkdaşlıq təşəbbüslərində Azərbaycanın iştirakına fəal şəkildə kömək edəcək.
Məqalədə Azərbaycan hökumətinin iqtisadi və sosial inkişafın rəqəmsal transformasiyasına böyük əhəmiyyət verdiyinə xüsusi diqqət çəkilir. Çin və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlıq bir-birini tamamlayan üstünlüklərlə xarakterizə olunur və geniş perspektivlər təklif edir. Çinin Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüşündə qeyd etdiyi kimi, iki ölkə inkişaf və dirçəliş yolunda yoldaşdır. Çin süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək naminə süni intellektin inkişafı sahəsindəki təcrübəsini bölüşməyə və birlikdə irəliləmək üçün Azərbaycanla işləməyə hazırdır. Süni intellekt sahəsində Çinlə əməkdaşlıq Azərbaycana bu sahədə hədəflərinə çatmaq üçün bir sıra üstünlüklər yaradır. Burada mütəxəssislərin hazırlanması, milli ekosistemin qurulması, yüksəksəviyyəli infrastruktur təminatı, süni intellektin iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi kimi istiqamətləri vurğulamaq mümkündür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

