Azərbaycan yeni dünya nizamında: Enerji, təhlükəsizlik və qlobal tərəfdaşlığın yüksələn ünvanı
30.07.2026 [11:25]
Yeni geosiyasi reallıqlarda Bakının yüksələn rolu
Prezident İlham Əliyevin bu ilin 6 ayında səsləndirdiyi prioritetlər...
2026-cı ilin ilk altı ayı qlobal iqtisadi və geosiyasi sistemdə dərin dəyişikliklərlə müşayiət olundu. Müxtəlif regionlarda davam edən münaqişələr, enerji bazarındakı qeyri-müəyyənlik, nəqliyyat marşrutlarının yenidən formalaşması və dövlətlərin enerji təhlükəsizliyinə artan diqqəti beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaratdı. Belə mürəkkəb şəraitdə Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və məsuliyyətli aktor kimi öz mövqeyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət və uzunmüddətli enerji strategiyası ölkəmizin yeni iqtisadi-siyasi nizamda rolunu əhəmiyyətli dərəcədə artırdı. Son altı ay ərzində Azərbaycanın enerji diplomatiyası, nəqliyyat-logistika imkanları və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildi. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rol daha da aktuallaşdı. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə gərginliyin artması və qlobal enerji bazarındakı risklər fonunda Azərbaycan sabit, etibarlı və uzunmüddətli enerji təchizatçısı kimi öz öhdəliklərini uğurla yerinə yetirdi. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının formalaşmasına da mühüm töhfə verdi.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
2022-ci ildə Avropa İttifaqı ilə imzalanan strateji enerji tərəfdaşlığı bu gün artıq konkret nəticələr verən və gələcəyə hesablanmış əməkdaşlıq modelinə çevrilib. Eyni zamanda, bərpaolunan enerji sahəsinə yatırılan investisiyalar, “yaşıl enerji” layihələrinin genişləndirilməsi və Azərbaycanın enerji ixrac marşrutlarının şaxələndirilməsi ölkənin qlobal enerji xəritəsində əhəmiyyətini daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycan yeni dünya nizamında yalnız enerji resursları ixrac edən dövlət deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən, strateji qərarlar qəbul edən və qlobal iqtisadi proseslərə təsir göstərən mühüm oyunçulardan biridir. Bu mənada, ilin əvvəlində səsaləndirilən mesajlar özünün praktik həllini tapmaqdadır. Belə ki, bu ilin martında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyev gələcək planlarımızla bağlı bildirmişdi ki, “Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.
Bəli, bu prioritet Azərybaycan üçün olduqca vacibdir. Avropanın enerji təminatında yüksək rol oynamaq ölkəmiz üçün paralel olaraq siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Siyasət və iqtisadiyyatın bir-birinə bağlı nəsnələr olduğunu göz önünə gətirsək, Bakı ilə Brüssel arasında enerji dialoqunun inkişafı vacib perspektivlər vəd edir. Bu dialoqun inkişafı isə mümkün reallıqdır. İyulun 21-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Berlində baş tutan mətbuat konfransında Almaniya kansleri Fridrix Merts bildirdi ki, “dörd il yarım əvvəl Rusiyadan qaz idxalını dayandırdıqdan sonra biz təbii ki, yeni təchizat mənbələrini axtarmağa başladıq və Azərbaycan bu baxımdan mühüm rol oynayır. Bu, iqtisadi baxımdan bizim üçün maraqlı perspektivdir. Biz, həmçinin digər təchizat mənbələrini də axtardıq və müəyyən etdik. Bu baxımdan mən bir daha Prezident Əliyevə təşəkkür edirəm ki, bu məsələni bu gün müzakirə edə bildik və Azərbaycandan daha böyük həcmdə qazın əldə olunması imkanlarını araşdırdıq. Bu, həmçinin birgə razılaşmamızın bir hissəsidir və Azərbaycanla aparacağımız növbəti müzakirələrin mövzusu olaraq qalacaq”.
“Yaşıl enerji” gündəliyi: Azərbaycanın gələcəyə hesablanmış investisiyası
Aİ-nin lider dövləti sayılan Almaniyanın belə bir perspektivə “isti yanaşması” bütövlükdə region üçün yeni bir mərhələ başladır. Bu mərhələ isə yalnız ənənəvi enerji resurslarından ibarət olmayacaq. Bakı bu gün uğurla özünün yaşıl gündəliyini qlobal mühitə təqdim edir. Həm bərpaolunan enerji, həm də elektrik enerjisinin ixracı məsələsi artıq gündəmin aparıcı mövzularındandır. Enerji tərəfdaşlığının aparıcı xətti bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın “yaşıl potensialı”nın Avropaya tədarükü, Qara dəniz sualtı kabeli layihəsinin qlobal bağlantıya çevrilməsinin başa çatdırılması ilə bağlıdır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu da bu prioritetləri əks etdirir. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək və Günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutur. “Həmrəylik halqası” marşrutu sxeminə əsasən, Xəzər-Aİ “yaşıl enerji” dəhlizi Avropaya təhlükəsiz və etibarlı mənbədən bərpaolunan enerji resurslarını nəql etməklə, Azərbaycanın ixracının şaxələnməsini təmin edəcək. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyev bu məsələ haqqında demişdi ki, artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik: “Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var. Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır”.
Artıq bizim yaşıl gündəliyimizlə, yaşıl enerji təqdimatımızla maraqlanan ölkələrin sırası durmadan genişlənir. Prezident İlham Əliyevin fikirləri 4 aydan sonra Aİ-nin aparıcı siyasi paytaxtlarından birində - Berlində təsdiqlənir. Almaniyada keçirilən mətbuat konfransı zamanı kansler Merts ölkəsinin Bakı ilə yaşıl və elektrik enerjisi əməkdaşlığının inkişafı prioritetlərini açıqlayır. Sitat: “Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpaolunan enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik”.
Bəli, Azərbaycanın yaşıl gündəliyi sürətli şəkildə inkişaf etdirilir. Artıq bir sıra layihələr istismar mərhələsindədir - gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Fəal şəkildə inkişaf etdirilən hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilib. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Bu potensial imkan verir ki, Azərbaycan tərəfdaşları ilə enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq etsin. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Ölkəmiz həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarıyla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyir. Bütün görülən işlərin aparıcı məqsədi isə Prezident İlham Əliyev tərəfindən açıq əşkildə bildirilib: “Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik”.
Sabitlik və təhlükəsizlik: Azərbaycanın beynəlxalq siyasətinin əsas prioriteti
Təbii ki, uğurlu iqtisadi inkişaf, möhkəm enerji dialoqu, fasiləsiz və kəsintisiz qlobal bağlantılar yalnız və yalnız təhlükəsizlik mühitində mövcud ola bilər. Qlobal mühitdə təhlükəsizliyə qarşı yaranan təhdidlər isə günü-gündən artmaqdadır. Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi gündəmlərin ortaya çıxdığı, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu ilin əvvəllində Bakıda baş tutan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev bildirib ki, “Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”.
Azərbaycan hər zaman dünyaya sülh və təhlükəsizlik çağırışları ilə yadda qalıb. Hətta 30 illik işğala məruz qaldığı dövrdə belə ölkəmiz regionun təhlükəsizlik arxitekturasına zərər gətirən bu amili belə sülh yolu ilə aradan qaldırmağa çalışıb. Bu mənada, Azərbaycan dünyaya ədalətli, beynəlxalq hüquqa söykənən, humanist, antoqonizmin inkar edilməsini hədəfləyən, daha çox danışıqlar və müzakirələr yolu ilə həll planlarının müəyyənləşdirilməsini özündə ehtiva edən siyasi yanaşma təqdim edir. Azərbaycan həm sivilizasiyalar, həm siyasi qütblər, həm də iqtisadi güc mərkəzləri arasında dialoqun mümkün olduğunu təlqin edir. Dövlət başçısı sözügedən Forumda bildirib ki, “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq”.
Bəli, Bakının son 6 ildə yaratdığı siyasi mənzərə özündə mühüm komponentləri birləşdirir - regional baxımdan Cənubi Qafqazda, ümumən geosiyasi baxımdan Avrasiyada yeni bir nizamın şərtləri və gündəmi müəyyənləşib. Ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya, beynəlxalq tərəfdaşlıq platformaları və təhlükəsizlik təşəbbüsləri Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasətin yalnız regional deyil, qlobal təhlükəsizlik indeksinin artırılmasına yönəlməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu və strateji əhəmiyyətini təsdiqləyir. Bakı platforması beynəlxalq miqyasda sülhün qorunması, risklərin azaldılması və gələcək təhlükəsizlik modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Son 6 ayda baş verənlər bu fikirlərin əyani sübütüdür:
- Son 6 ayda sübut olundu ki, Qərb dünyası özünün iqtisadi gələcəyini Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı təhlükəsizlik arxitekturasının inkişafında görür;
- Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin siyasi nəticələrindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi (TRİPP) layihəsi, eləcə də, Orta Dəhlizin daha işlək status qazanması Avrasiyanın ticari imkanlarını genişləndirir;
- Nəhayət, Azərbaycan son 6 ayda davam edən regional konfliktlərin fonunda Cənubi Qafqazda formalaşdırıdığı situasiya ilə yeni bir nümunə ortaya qoyur. “Ən yaxşısı sülhdür” şüarı son 6 ayda həm iqtisadi, həm ticari, həm də siyasi - hərbi kontekstdə öz təsdiqini tapır...
Azərbaycan nümunəsində Cənubi Qafqazda artıq müharibə riski aradan qaldırılıb - separatizm məhv edilib. Ən əsası, Ermənistanın destruktiv siyasətdən uzaqlaşması üçün real mexanizm formalaşdırılıb. Azərbaycanın təhlükəsizlik fəlsəfəsi paralel inkişaf trayektoriyasına əsaslanır - biz sülh üçün beynəlxalq hüquq çərçivəsində mübarizəmizi ortaya qoyaraq, həm də digər vasitələri diqqətdə saxlayırıq.
Orta Dəhliz və Zəngəzur təşəbbüsü: Azərbaycanın qlobal bağlantı strategiyası
Hazırki mənzərədə geosiyasi transformasiyalar, yeni nəqliyyat marşrutlarına artan tələbat Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Ölkənin malik olduğu inkişaf etmiş nəqliyyat infrastrukturu, etibarlı tərəfdaş imici və praqmatik xarici siyasət kursu onu regionun sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında əsas iştirakçı kimi ön plana çıxarır. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda oynadığı rol yalnız milli maraqların təmin edilməsi ilə məhdudlaşmır, həm də daha geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə xidmət edir. Xüsusilə, Orta Dəhlizin diversifikasiyası məsələsi real iqtisadi dialoqun qlobal miqyasda ən mühüm mövzusudur. Bu səbəbdəndir ki, Orta Dəhlizin inkişafı, Bakının Zəngəzur dəhlizi (TRİPP) təşəbbüsü həm Vaşinqtonda təsdiqlənir, həm Brüsseldə dəstəklənir, həm də Pekində yüksək səviyyədə qarşılanır. Prezident İlham Əliyev ilin əvvəlində bildirmişdi ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır: “Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır”.
Bakının nəqliyyat imkanlarının təşviqi məsələsinin qlobal güc mərkəzləri tərəfindən təsdiqlənməsi isə bizim irəli sürdüyümüz priorietlərin vacib nüanslara əsaslanmasını bir daha sübut edir:
- Zəngəzur dəhlizi (TRİPP) layihəsinin Vaşinqtoqnda təsdiqlənməsi olduqca vacib amildir. Bu ilin fevralında ABŞ-ın vitse-prezidenti Cey.Di.Vensin Bakıya səfəri çərçivəsində keçirilən mətbuat konfransındakı çıxışında Prezident İlham Əliyev bildirmişdi ki, “Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir”.
- Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Bakıda mətbuata bəyanatında bildirmişdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir: “Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.
- Yeni iqtisadi nizamın ən strateji məqamlarından olan Şərq-Qərb dəhlizi üzrə əlaqələr Bakı-Pekin münasibətlərinə xüsusi rəngarənglik qatır. Ötən ilin aprelində iki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bu əməkədaşlığın istiqamətlərini tam şəkildə özündə əks etdirir. Vurğulamaq lazımdır ki, Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması ölkəmizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir. Paralel olaraq iki ölkə bu əlaqələrin şaxələndirilməsi istiqamətində davamlı işlər görürlər. Prezident İlham Əliyev ilin əvvəlində bildirmişdi ki, Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur: “Orada relyef çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək”.
Qlobal proseslərin mərkəzində Azərbaycan modeli
Beləliklə, 2026-cı ilin ilk altı ayı göstərdi ki, Azərbaycan artıq qlobal siyasi və iqtisadi proseslərin passiv iştirakçısı deyil, onların formalaşmasına təsir göstərən strateji aktorlardan biridir. Enerji təhlükəsizliyi, “yaşıl enerji” layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və regional təhlükəsizlik sahəsində həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin etibarlı tərəfdaş statusunu daha da gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uzunmüddətli inkişaf strategiyası Azərbaycanın milli maraqlarını qlobal çağırışlarla uzlaşdıraraq yeni əməkdaşlıq imkanları yaradır. Mövcud reallıq təsdiqləyir ki, Azərbaycan yeni dünya nizamında sabitlik, etibarlılıq və davamlı inkişafın aparıcı mərkəzlərindən biri kimi öz mövqeyini ardıcıl şəkildə möhkəmləndirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31

