Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib
29.11.2017 [10:22]
Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur. Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın və Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışlarında iştirak edib. Daha sonra dövlətimizin başçısı Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Pakizə Məmmədova: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sizi təbrik edirəm.
Pakizə Məmmədova: Çox sağ olun. Bizə belə bir şərait yaratdığınıza görə çox minnətdaram.
Prezident İlham Əliyev: Şərait necədir, xoşunuza gəlir?
Pakizə Məmmədova: Çox xoşumuza gəlir. Gələndə buralara baxdım, heç gözümə inanmadım. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, yerində belə davamçı qoyub. Allah-Təala Sizi həmişə uca eləsin, bayrağımızı Xankəndidə, Şuşada, Kəlbəcərdə yüksəltsin. Mehriban xanımla bərabər başınızın üstündən heç vaxt yaman yellər əsməsin. O da əlil uşaqlara, böyüklərə şərait yaradır, bizim üçün əziyyət çəkir, çox sağ olsun. Allah Sizə də, ona da uzun ömür versin. Allah həmişə Sizdən razı olsun. Xalqın, köçkünlərin qeydinə qaldığınıza görə çox sağ olun.
Prezident İlham Əliyev: İndi yeni, çox gözəl, yaraşıqlı mənziliniz var. Burada rahat yaşamaq olar.
Pakizə Məmmədova: Çox gözəldir, çox yaxşıdır. Allah Sizə həmişə ömür versin.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün biz Tərtər rayonunda köçkünlər üçün salınmış yeni şəhərciyin açılışında görüşürük. Burada yaşayacaq bütün köçkünləri bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Bu, çox böyük layihədir, 1170 ailə bundan sonra 34 çoxmərtəbəli binadan ibarət bu şəhərcikdə rahat yaşayacaq. Burada 1200 şagird yerlik bu gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi tikilib. Burada rahat yaşamaq üçün bütün şərait var, infrastruktur yaradılıb - istilik, qaz, işıq, su.
Bu, bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir və bizim üçün prioritet təşkil edir. Bu, sayca 97-ci qəsəbədir ki, Azərbaycan dövləti köçkünlər üçün istifadəyə verir. Bu qəsəbələrdə 250 mindən çox insan evlərlə, mənzillərlə təmin edilibdir. Bu il 2300 ailə yeni mənzillərə, evlərə köçürülür, gələn il də bu proses davam etdiriləcəkdir. Gələn il ən azı 4 min köçkün ailəsi yeni mənzillərə, evlərə köçürüləcəkdir. Bu, Azərbaycan dövlətinin siyasətini göstərir. Onu göstərir ki, məcburi köçkünlərin problemlərinin həlli bizim üçün əsas məsələdir. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti Ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz köçkünlərin problemlərinin həllinə istiqamətləndirilmişdir. Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Qeyd etdiyim kimi, gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilir. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var.
Dövlət Neft Fondunun fəaliyyətinin bir istiqaməti də ölkə üçün ən önəmli layihələrdə maliyyə mənbəyi kimi iştirak etməkdir. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir neçə layihənin maliyyə mənbəyi Dövlət Neft Fondudur. O cümlədən, ilk növbədə, köçkünlərin problemlərinin həlli üçün salınan qəsəbələrin mütləq əksəriyyəti Dövlət Neft Fondunun maliyyə mənbələri hesabına yaradılmışdır. Bu, onu göstərir ki, - mən həmişə bunu demişəm, - biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Neftdən əldə edilən gəlirlər həm ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin icrasına, eyni zamanda, sosial məsələlərin həllinə yönəldilibdir və beləliklə, bu ağır problem tədricən öz həllini tapır.
Bu il köçkünlərin həyatında digər önəmli hadisə baş vermişdir. Uzun fasilədən sonra Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində indi son addımlar atılır. Birinci mərhələdə biz bu il 50 evin istifadəyə verilməsini qeyd etmişik. Mən o mərasimdə iştirak etmişəm. İndi isə əlavə 100 evin tikintisi başa çatıb və tezliklə o evlərə də Cocuq Mərcanlı kəndinin sakinləri yerləşəcəklər. Orada da bütün infrastruktur yaradılıb, məktəb, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər yerlərdə yaşayan Cocuq Mərcanlı sakinləri imkan yarandıqca öz doğma kəndinə qayıtmışlar. Onlar bu arzu ilə yaşamışlar və artıq bu arzu həyatda öz əksini tapdı. Onlar bu arzuya çatdılar. Ona görə Cocuq Mərcanlının bərpası çox böyük rəmzi məna daşıyan bir hadisədir.
Eyni zamanda, Cocuq Mərcanlının bərpası aprel döyüşlərinin uğurlu nəticəsi hesabına mümkün olmuşdur. Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olmuşdur. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmədirlər, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər - biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.
Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın.
Vaxtilə işğal edilmiş və tamamilə dağıdılmış Cocuq Mərcanlıya aprel döyüşləri nəticəsində bu il Azərbaycan vətəndaşları qayıdıblar. Eyni zamanda, vaxtilə işğal altında olmuş bu ərazidə bu gün, bax, bu gözəl şəhərcik salınıb. Bu, bir daha onu göstərir ki, biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda - işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır.
Mən Tərtər rayonuna müntəzəm olaraq gəlirəm. Keçən il iki dəfə gəlmişdim. Keçən il içməli su layihəsinin açılışını birlikdə qeyd etmişik. Şadam ki, bu layihə indi Tərtər sakinlərinə gözəl xidmət edir. İndi şəhər əhalisi içməli su ilə tam təmin olunub, bir neçə kəndə də içməli su xətti çəkilibdir. Bu, çox gözəl layihədir, gözəl hadisədir. Eyni zamanda, digər infrastruktur layihələri də uğurla icra edilir. Qazlaşdırma artıq 94 faizə çatıbdır və əminəm ki, yaxın gələcəkdə Tərtərin bütün yaşayış məntəqələri qazla tam təmin ediləcək. Elektrik enerjisi ilə problem yoxdur. Kənd yolları salınır. Bir yolun açılışını bu gün qeyd etdik. Artıq bir neçə kənd yolu layihəsi icra edilibdir. Gələn il də bir neçə kəndi birləşdirən yolların salınması nəzərdə tutulub. Bir sözlə, əminəm ki, gələn ilin sonuna qədər Tərtər rayonunun kəndlərinin mütləq əksəriyyəti gözəl yollarla təmin ediləcəkdir. Sənaye istehsalı, sosial məsələlər öz həllini tapır. Gözəl xəstəxana, Gənclər Mərkəzi, Şahmat Məktəbi tikilmişdir. Bu gün Tarix-Diyarşünaslıq Muzeyi açıldı.
Tərtərdə kənd təsərrüfatı uğurla inkişaf edir. Pambıqçılıq bərpa edilir. Onu da qeyd etməliyəm ki, mənə mütəmadi olaraq pambıq yığımı ilə bağlı məlumat verilir. Görürəm ki, Tərtər rayonu məhsuldarlığa görə birinci yerdədir. Bu, çox gözəl hadisədir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Pambıqçılığın ənənələri bərpa edilir. Gələcəkdə daha da böyük ərazidə kənd təsərrüfatı məhsulları yetişdiriləcəkdir. Bu, həm məşğulluq deməkdir, həm də maddi rifahı yaxşılaşdıran təşəbbüsdür. Biz hamımız yaxşı bilirik ki, Ulu öndər Heydər Əliyevin dövründə pambıqçılıq nə qədər inkişaf etmişdi. Əfsuslar olsun ki, ondan sonra biz demək olar, bu sahəni itirmişdik, indi isə bərpa edirik. Biz iki il ərzində çox böyük uğurlara imza atdıq. Əgər 2015-ci ildə təqribən 30 min ton pambıq yığılmışdırsa, artıq bu gün, - hələ ki, yığım davam edir, ilin sonuna qədər davam edəcəkdir, - 190 min tondan çox pambıq tədarük olunub. Planlarımız isə ondan ibarətdir ki, biz istehsalı artıraq, xüsusilə məhsuldarlıq hesabına. Ona görə hesab edirəm ki, Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil. Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin. Mən bu tapşırığı verirəm. Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki, Tərtər o hədəfə artıqlaması ilə çatdı. Tərtər hədəfi təqribən 25 faiz səviyyəsində üstələdi. Bu, çox sevindirici haldır. Kənd təsərrüfatının digər sahələrində də yaxşı nəticələr var.
Bir sözlə, bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
Bu gün, eyni zamanda, mən yeni tikilmiş hərbi hissənin açılışında da olacağam. Azərbaycanın hərbi qüdrəti gündən-günə artır. Qeyd etdiyim kimi, bizim Ordumuz beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır. Ordumuzun bütün ehtiyacları təmin edilir. Ən müasir silahlar, texnikalar alınır, şəhərciklər salınır, infrastruktur, hərbi bazalar yaradılır. Əlbəttə, bir daha qeyd etmək istəyirəm ki, Tərtər və tərtərlilər düşmənlə üz-üzə ön xətdə möhkəm dayanıblar.
Sizi bir daha salamlayıram və belə gözəl hadisə münasibətilə təbrik edirəm”.
Ağdərə rayonundan məcburi köçkün İlqar Qasımov və Tərtər sakini Tofiq Hacıyev çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə də tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib, cəbhədəki əməliyyat şəraiti barədə ətraflı məlumat verib.
* * *
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, son dövrlərdə Ağcabədidə abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Həmin gün Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında və Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub, Ağcabədi Olimpiya İdman Kompleksinin açılışını edib.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Ağcabədidə gözəl, böyük, möhtəşəm Olimpiya İdman Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Çox gözəl hadisədir, gözəl mərkəzdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Demək olar ki, idmanın bütün növləri ilə həm idmançılar, həm də rayon sakinləri məşğul ola bilərlər. Gözəl idman zalları, üzgüçülük hovuzu, böyük stadion, açıq idman meydançaları və 1000 nəfərlik qapalı idman salonu. Yəni, bu, çox gözəl idman obyektidir. Çox şadam ki, Ağcabədidə belə gözəl idman mərkəzi yaradılıbdır.
İdman Azərbaycanda dövlət siyasətidir. Bildiyiniz kimi, idmançılarımız bizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər, dünya, Avropa, Olimpiya çempionlarımız var. İndi demək olar ki, bütün mötəbər beynəlxalq yarışlarda Azərbaycanın bayrağı dalğalanır. Biz, eyni zamanda, böyük idman tədbirlərini Azərbaycanda uğurla keçirmişik. Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları, iki il bundan əvvəl isə Avropa Oyunları ən yüksək səviyyədə keçirilmişdir.
Deyə bilərəm ki, Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Həm Avropa, həm İslam Həmrəyliyi oyunlarında Avropanı və müsəlman aləmini təmsil edən 100-dən çox ölkə iştirak etmişdir. Bu, bir daha Azərbaycanı mədəniyyətlərarası dialoqun mərkəzi kimi dünyada təqdim etmişdir və bu, tarixi nailiyyətdir. Çünki iki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa, həm İslam Həmrəyliyi oyunları yüksək səviyyədə keçirilmiş, dünyanın bütün idman ictimaiyyəti bu oyunları maraqla izləmişdir. Bizim idmançılarımız da bu oyunlarda ən yüksək nəticələr göstərmiş, Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə layiq görülmüşlər. Bu, Azərbaycanı bir daha dünyaya güclü idman dövləti kimi təqdim edir, bir daha göstərir ki, Azərbaycan idmançıları güclü idmançılardır və onlar istənilən yarışda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Əlbəttə, bu uğurlara nail olmaq üçün biz gərək müntəzəm olaraq bu məsələlərlə bağlı öz işlərimizi düzgün quraydıq və belə də oldu. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar çox fəal işləyirlər, yeniyetmə idmanı, uşaq idmanı inkişaf edir, gənc nəsil yetişir. Bu gün bizim qələbələrimizi şərtləndirən əsas amillər idman infrastrukturu, təlim-məşq toplanışları, beynəlxalq yarışların Azərbaycanda keçirilməsidir. Bütün bu amillər Azərbaycanda var və təsadüfi deyil ki, biz, eyni zamanda, Yay Olimpiya Oyunlarında da yüksək nəticə göstəririk.
Avropa və İslam Həmrəyliyi oyunları Azərbaycanda keçirilmişdir. Adətən deyirlər ki, öz ölkəsində idmançılara hətta divarlar da kömək edir. Ancaq Rio Yay Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerə qalxmaq təsdiqləyir ki, həm Avropa, həm İslam Həmrəyliyi oyunlarındakı qələbələr təsadüfi deyildi. Bu qələbələr bizim gördüyümüz işlərin məntiqi nəticəsi idi.
Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu gözəl şərait yaradılır. Ağcabədidə möhtəşəm Olimpiya İdman Mərkəzi açılır. Bu, bölgələrdə açılan mərkəzlər arasında sayca 43-cüdür. Demək olar ki, bizim bütün bölgələrimizdə gözəl Olimpiya İdman mərkəzləri var. Qarşıya məqsəd qoyulub ki, hər bir şəhərdə belə komplekslər yaradılsın. Növbəti illərdə də bu istiqamətdə işlər aparılacaq.
İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir. Ağcabədidə belə bir mərkəzin yaradılması onu göstərir ki, biz hətta iqtisadi cəhətdən o qədər asan olmayan illərdə də sosial sahəyə, idman sahəsinə böyük investisiyalar qoyuruq.
İdman ictimai həyatımızın tərkib hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür. Ağcabədi rayonunda da belə obyektlərin sayı getdikcə çoxalır. Vaxtilə burada Azərbaycanın ən böyük xəstəxanalarından biri - Ağcabədi Mərkəzi Rayon Xəstəxanası tikilib istifadəyə verilmişdir. Mən bu gün maraqlandım, xəstəxana çox uğurla fəaliyyət göstərir, burada hər il pulsuz müayinə keçirilir və rayon sakinləri bu imkanlardan istifadə edirlər. Ağcabədidə Gənclər Mərkəzi, Şahmat Məktəbi, Qarabağ Muğam Mərkəzi və digər obyektlər açılmışdır, 28 məktəb tikilmişdir, 11 məktəb əsaslı təmir olunmuşdur. Bütün bu işləri görmək üçün vəsait lazımdır. Azərbaycan iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur. Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək.
Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcəkdir.
Burada kənd təsərrüfatı ilə bağlı yaxşı nəticələr var. Aqroparklar salınır, böyük taxılçılıq təsərrüfatları yaradılır. Bilirsiniz ki, mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl iri fermer təsərrüfatlarının yaradılması haqqında qərar verildi və ilk belə təsərrüfat - “Qarabağ Taxıl” müəssisəsi Ağcabədidə yaradılmışdır. Mən o müəssisənin fəaliyyəti ilə tanış olmuşam. Müəssisə öz fəaliyyətini genişləndirir və heyvandarlıq, bitkiçilik sahələrində də böyük imkanlar var. Ağcabədi heyvandarlıq sahəsində ənənəvi mərkəzlərdən biridir, bitkiçiliyə gəldikdə isə, pambıqçılığın da şöhrəti Ağcabədidə bərpa edilir. Sovet vaxtında Ağcabədi iri pambıqçılıq rayonlarından biri idi. İndi biz bu statusu qaytarırıq. Builki nəticələr də yaxşıdır, ağcabədililər müəyyən edilmiş hədəfə çatıblar. Əminəm ki, növbəti illərdə əlavə tədbirlərin, o cümlədən meliorativ tədbirlərin görülməsi nəticəsində məhsuldarlıq daha da artmalıdır və artacaq. Biz növbəti illərdə, ilk növbədə, məhsuldarlığa fikir verməliyik. Bunun üçün bütün tədbirlər vaxtında görülməlidir ki, məhsuldarlıq artsın.
Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var. İlin sonunda biz belə gözəl idman mərkəzinin açılışını da qeyd edirik. Bu gün açılışda idmançılar da iştirak edirlər, ilk növbədə, onları təbrik edirəm və tövsiyə edirəm ki, hər bir insan idmanla müntəzəm surətdə məşğul olsun. Sizi bir daha təbrik edirəm”.
Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov çıxış edib.
Prezident İlham Əliyev: Sağ olun. Hansı idman növü ilə məşğulsan?
Əli Cəfərov: Karate ilə.
Prezident İlham Əliyev: Karate də bu il Olimpiya idman növü oldu.
Əli Cəfərov: Bəli, çox sevindik.
Prezident İlham Əliyev: Hesab edirəm ki, bu işdə Azərbaycan karateçilərinin də zəhməti var. Çünki biz karateni ilk dəfə olaraq Avropa Oyunlarının, sonra isə İslam Həmrəyliyi Oyunlarının proqramlarına daxil etdik. Bundan sonra karate Olimpiya idman növünə çevrildi. Ona görə 2020-ci ilə yaxşı hazırlaşın.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov: Cənab Prezident, Minayə Əkbərova taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatında ikinci yeri tutub.
Prezident İlham Əliyev: Çox yaxşı, medallarınız da çoxdur. İndi burada gözəl idman zalları var, həm uşaqlar, yeniyetmələr, həm idmançılar, həm də rayon sakinləri istifadə edə bilərlər. İndi fiziki hazırlıq hər bir insan üçün çox vacib olan məsələdir.
İdmançılar: Allah Sizdən razı olsun. Sizə çox minnətdarıq.
Şahin Məmmədov: Cənab Prezident, Yeni Qaradolaq kəndinin sakini Tofiq İsmayılov hektardan 50 sentner pambıq yığıb.
Prezident İlham Əliyev: Bu yaxınlarda “Əmək” ordenini təsis etdik ki, zəhmətkeşlərə verilsin. Ona görə yüksək məhsuldarlığı təmin edən zəhmətkeşlərə, əlbəttə, dövlət tərəfindən mükafat verilməlidir.
Tofiq İsmayılov: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Böyük sahəniz var?
Tofiq İsmayılov: Qırx hektar sahədə pambıq əkmişdim, hektardan 52 sentner məhsul götürdüm. Cəmi 208 ton pambıq tədarük etmişəm.
Prezident İlham Əliyev: Belə yüksək məhsuldarlığa nəyin hesabına nail olmusunuz?
Tofiq İsmayılov: Bütün aqrotexniki qaydalara əməl etmişik. Mən 1979-cu ildən pambıqçılıqla məşğulam. Pambıq əkilməyən vaxtlarda da mən pambıq əkirdim.
Prezident İlham Əliyev: Təcrübəniz var. Biz indi pambıqçılığı bərpa etdik. Bu il pambıq tədarükü təqribən 200 min tona çatacaq. İki il ərzində biz pambıq tədarükünü demək olar ki, 8 dəfə artırırıq. Çox gəlirli sahədir. İnsanlar çalışır, işləyir, əməkhaqqı alırlar. Dolanışıq, məşğulluq üçün də çox vacib sahədir. Təsadüfi deyil ki, sovet vaxtında Ulu öndərin təşəbbüsü ilə Azərbaycanda pambıqçılıq çox sürətlə inkişaf etmişdir. İllər var idi ki, bir milyon ton yığılırdı, 800 min ton, demək olar ki, standart rəqəm idi. Ağcabədi də o vaxt ən iri pambıqçılıq rayonlarından biri idi. O vaxt bir rayon təqribən 100 min ton pambıq verirdi. Sizin kimi vətəndaşların hesabına pambıqçılığı bərpa edəcəyik. Gərək sizin təcrübəniz həm rayonda, həm də başqa yerlərdə öyrənilsin. Çünki hazırda Ağcabədidə hektardan məhsuldarlıq təqribən 20 sentnerdir. Amma hələ yığım davam edir, bu rəqəm arta bilər.
Şahin Məmmədov: Bəli, artacaq. Ötən il hektardan 24,2 sentner vermişik. Bu il bir az su qıtlığı problemi yaranıb. Tofiq İsmayılov müşavirələrdə çıxış edib öz tövsiyələrini verir.
Prezident İlham Əliyev: İndi su məsələsi ilə bağlı problemi icra başçısı məruzə etdi. Biz bu problemi həll edəcəyik ki, su qıtlığı olmasın. Maksimum meliorativ tədbirlər görüləcək. İndi meliorasiya ilə bağlı bizim bir neçə böyük layihəmiz var: kanalların çəkilişi, yeni su mənbələrinin dövriyyəyə daxil edilməsi. Çünki siz yaxşı bilirsiniz ki, su və müasir texnika pambıqçılıq üçün əsasdır. Texnikanız varmı?
Tofiq İsmayılov: Texnika var və vaxtında çatdırılır.
Prezident İlham Əliyev: Kombayn müasirdir?
Tofiq İsmayılov: Hamısı yenidir.
Prezident İlham Əliyev: Əlbəttə, sovet vaxtının kombaynlarını yaxşı xatırlayırsınız.
Tofiq İsmayılov: Bəli, özüm işlətmişəm.
Prezident İlham Əliyev: İndi fərqi görürsünüz. İtki və əziyyət az, məhsuldarlıq isə çox. Özü də rahat, kabinənin içi böyük, kondisionerli. Sizə bir daha uğurlar arzu edirəm.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.
Ali Baş Komandan İlham Əliyev hərbi hissənin yeməkxanasında olub, hərbi qulluqçuların qidalanma şəraiti ilə maraqlanıb.
Həmin gün dövlətimizin başçısı Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun da açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev müəssisəni işə salıb, istehsal prosesinə və hazır məhsullara baxıb.
* * *
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Həmin gün Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Dövlətimizin başçısı Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Sabirabad rayonunda Bayraq Muzeyinin, rayon Mərkəzi Xəstəxanasının, yenidən qurulan Suqovuşan-Həşimxanlı və Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan-Gəncəli avtomobil yollarının açılışlarında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Sabirabad rayonunun Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

