Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Müasir Azərbaycanın tarixində ilk dəfə ABŞ-a məhsul ixrac etmiş BTE bu gün həm də sosial yönümlü fəaliyyət göstərir

Müasir Azərbaycanın tarixində ilk dəfə ABŞ-a məhsul ixrac etmiş BTE bu gün həm də sosial yönümlü fəaliyyət göstərir

18.09.2012 [17:11]

Çoxsaylı dövlət sifarişlərini yüksək səviyyədə reallaşdıran “Bakı Tikiş Evi” respublika şagirdlərini keyfiyyətli məktəbli forması ilə də təmin edir
Son günlər ərzində həm cəmiyyətdə, həm də mətbuatda vahid məktəbli formaları ilə bağlı aktiv müzakirələrin getməsi diqqəti bu məsələyə yönəldib. İctimaiyyətin maarifləndirilməsində və insanların daha səhih informasiya ilə təmin olunmasında fəal rol oynayan “Yeni Azərbaycan” qəzeti də ənənəsinə sadiq qalaraq, bu sahədə araşdırmalara başladı. İlk araşdırmamızı keçən həftə oxucularımızın diqqətinə çatdırdıq və buna cavab olaraq, aldığımız ictimai mesajları nəzərə alaraq, araşdırmalarımızı davam etdiririk. Məhz, daxil olan zənglərə və elektron məktublara əsasən, ölkədə məktəbli formalarını rəsmi şəkildə istehsal edən “Bakı Tikiş Evi”ndə (BTİ) olduq. İstehsal müəssisəsinin tarixi, istehsal etdiyi məhsullar, xüsusilə də, məktəbli formasının ərsəyə gətirilməsi yolları, həmin formaların parçalarının tərkibi və qiymətləri haqqında dolğun məlumatlar əldə etdik. Beləliklə, saxta formaların bazara daxil olması və vətəndaşlar arasında böyük narazılıq yaratmasını nəzərə alaraq, insanlar üçün çox faydalı olan informasiyaları oxucularımızla bölüşürük.
BTE müasir Azərbaycanın tarixində ilk dəfə ABŞ-a məhsul ixrac edən müəssisədir
Qeyd edək ki, “Bakı Tikiş Evi”nin inşası ilə bağlı qərar 1930-cu ildə verilib və fabrik “Valadarski” adı ilə 1934-cü ildə fəaliyyətə başlayıb. “Valadarski” termini isə 27 yaşında öldürülmüş bir inqilabçının adı ilə əlaqədar olub. BTE keçmiş SSRİ ərazisində azsaylı xüsusi fabriklərdən biri kimi fəaliyyət göstərib. Əlbəttə ki, həmin dövrdə fabriklər çox olub, lakin onların hər biri müəyyən sahə üzrə ixtisaslaşmışdı. Amma BTE mövcud olmuş 5-6 fabriklərdən biri idi ki, üst geyimə aid bütün məhsulları istehsal edirdi. Həmçinin, BTE-nin Sovet dönəmində hərbçilər üçün fəaliyyət göstərən xüsusi sexi də var idi ki, o, SSRİ dağılanadək mövcud olub.
Təbii ki, Sovet dönəmində fabriklərin fəaliyyət prinsipi hər kəsə aydın idi. Yəni, vahid mərkəzdən sifarişlər və parçalar gəlirdi, fabriklər isə həmin sifarişləri vaxtında çatdırmalı idi. 1991-ci ilədək fəaliyyət göstərən bu mexanizm SSRİ-nin parçalanması və Azərbaycanın müstəqillik qazanması ilə dağıldı. Artıq fabrik və zavodlar müstəqil dövlətə xidmət etməli idi. Lakin 1992-ci ildəki siyasi hakimiyyətin səriştəsizliyi ucbatından keçmiş SSRİ dönəmində yüzminlik sifarişləri reallaşdırmış fabriklər də dağılmağa başlamışdı. Bəzi fabrik rəhbərləri isə istehsal müssisəsinin qorunub saxlanılması üçün o zaman üçün əlçatmaz görünən fəaliyyətlərə baş vururdular. Əlbəttə ki, digər istehsal müəssisələri kimi müharibə relsinə keçən “Bakı Tikiş Evi” də fərqli yola baş vurmaqla, müasir fabrikə çevrilib.
Belə ki, ölkədə siyasi sabitliyin yenicə bərqərar olduğu dönəmdə BTE-nin sədri Fədail Rəhimov fabrikin həm mövcudluğunu, həm də işçi qüvvəsini qoruyub saxlamaq üçün Çindəki yüngül sənaye bazarının iştirakçıları ilə müqavilələr imzalayıb və müstəqillik tariximizdə ilkə imza atıb. Yəni, BTE rəhbərliyi Çinin Şanxay şəhərindən təmiz pambıq parça və mütəxəssisləri ölkəyə gətirməklə, yeni məhsul istehsalına start verib. O dövr üçün qeyri-adi tikiş məhsulları hazırlayan BTE-də, həmçinin, Almaniyanın “Durko fab” və Yaponiyanın “Juki brother” yüksək sürətli və keyfiyyətli maşınları quraşdırılıb. Xüsusi olaraq, vurğulanmalıdır ki, hazırda İngiltərədə, Yaponiyada, hətta Çində adıçəkilən tikiş maşınlarından istifadə olunur. Eyni zamanda, deyək ki, bu maşınlar dövlət sifarişlərinin reallaşdırılmasına imkan verən yeganə texnologiyalardır. On il ərzində 800-dən çox avadanlıq alan BTE bu gün demək olar ki, müasir texnologiyalara sahib olan yeganə istehsal müəssisələrindəndir.
Beləliklə də, istehsala müasir texnologiya cəlb edən BTE Çindən və Almaniyadan gətirilmiş mütəxəssislərin köməyilə dünya standartlarına uyğun məhsul istehsal etməyə və müasir Azərbaycanın tarixində ilk dəfə olaraq, Avropa ölkələrinə, Çinə, hətta ABŞ-a məhsul ixrac etməyə başlayıb.
Heç şübhəsiz bu, Azərbaycanın uğurudur və dünyada istehsal sahəsində vurulmuş möhürdür. Bu möhürü isə yarım əsrdən çox tarixi olan BTE vurub ki, hazırda da böyük istehsal müəssisəsi kimi fəaliyyətini uğurla davam etdirir.
Doqquz sexdən ibarət olan “Bakı Tikiş Evi” 700 nəfərlik iş yeridir
Qeyd edək ki, “Bakı Tikiş Evi” hazırda 5 tikiş və 4 əlavə sexlərdən (biçim, sınaq, hazırlıq, xüsusi geyimlər) ibarət olan, 700 nəfərdən çox adamın çalışdığı iri bir fabrikdir. Vurğulandığı kimi, bu fabrik hazırda daha çox dövlət sifarişlərini yerinə yetirir və dövlət büdcəsinə vergi ödəyən bir müəssisədir. Təkcə ötən il ərzində 1 milyon 478 min manat əlavə dəyər vergisi ödəyən BTE 300 min manat gəlir və eyni məbləğdə də sosial sığorta vergisini dövlət büdcəsinə keçirib. Məhz çoxşaxəli istehsala sahib olan BTE-də fəaliyyət göstərən 9 sex keyfiyyətli məhsul istehsalına imkan yaradır.
“Bakı Tikiş Evi”ndə sistemli iş mexanizmi var. Əlbəttə ki, bəzi istehsal yerlərində tikiş sifarişlərini eyni komanda yerinə yetirir. Lakin BTE daxil olmuş sifarişi reallaşdırmaq üçün əvvəlcə onu modelyer-konstrukturlar vasitəsilə dəyərləndirir, sonra həmin model sınaqdan keçirilir, ilkin nümunələr hazırlanır və sifarişçiyə təqdim olunur. Yalnız bu mərhələdən - sifarişçinin müsbət rəyi alınandan sonra müqavilə əsasında çoxsaylı istehsala başlanılır. Burada həm də Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəyi də nəzərə alınır. Məhz BTE-nin yüksək keyfiyyətli məhsul istehsalı sirri bu iş mexanizmilə bağlıdır. Bu səbəbdəndir ki, hazırda BTE güc strukturlarının və məktəblilərin formalarının hazırlanması və tikişilə məşğuldur...
Güc strukturlarının geyimlərini BTE hazırlayır
Məlumdur ki, 1997-ci ildən başlayaraq, Ümummilli lider Heydər Əliyevin göstərişilə NATO sisteminə keçən ordumuzun yeni geyimlərinin də hazırlanması BTE-nin xidmətidir. Həmin dövrdə verilmiş məlum qərardan sonra ordumuzun geyimlərinin hazırlanması işi BTE-yə tapşırılmışdı. Əlbəttə ki, müasir texnologiyalara malik olan BTE ayrı-ayrı ölkələrin təcrübəsindən də istifadə edərək, daha çox qardaş ölkə Türkiyənin ordusunun geyim modellərindən yararlanmaqla, hərbçilərimizin müasir geyimlərini hazırladı. Bu iş üzərində il yarım işləyən BTE sonda ölkə rəhbərliyi tərəfindən bəyənilmiş geyim formaları hazırladı. Buraya sıravi əsgərdən tutmuş ali rütbəli hərbçilərin yaz və qış geyiminə qədər bütün elementlər daxil idi.
2006-cı ildən isə Daxili Qoşunların formalarını hazırlayan BTE artıq Daxili İşlər Nazirliyinin polis işçilərinin, Daxili Qoşunların hərbçilərinin, Xüsusi təyinatlıların, Müdafiə Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının, Milli Qvardiyanın üzvlərinin və dənizçilərin formalarını hazırlayır.
Bir sözlə, hazırda güc strukturları üçün vacib olan bütün tikiş məhsullarını BTE istehsal edir.
Məktəbli formalarının tikişini BTE-nin sosial layihəsi də adlandırmaq olar
“Bakı Tikiş Evi”nin daha bir töhfəsi isə məktəbli formalarının istehsalı ilə bağlıdır. Təbii ki, sözügedən formaların istehsalının mürəkkəb yoluna nəzər saldıqda bir daha bəlli olur ki, vahid məktəbli formalarının istehsalını BTE-nin sosial layihəsi də adlandırmaq mümkündür. Çünki bu formaların istehsalı və satışı arasında məbləğ fərqi həddindən artıq cüzi olduğu üçün BTE bu işdən demək olar ki, gəlir götürmür. Yalnız məhsulun maya dəyərini və işçilərin maaşlarını, eyni zamanda, ödənilməli olan vergilərin məbləğini çıxaran BTE bu funksiyanı üzərinə götürməklə, yalnız azərbaycanlı şagirdlərin keyfiyyətli forma ilə təminatını məqsəd kimi qarşısına qoyub. Aydındır ki, bu gün BTE tikdiyi formaların maya dəyərinin üzərinə 5-7 faiz məbləğ qoyur ki, digər xərcləri qarşılaya bilsin...
Hazırda 26-38 ölçülü bütün formaların qiyməti 40 manatdır. Buraya köynək, sviter və kostyum daxildir. 54 ölçüsünə qədər isə formaların qiyməti 53 manatdır. Burada isə ölçünün böyük olması, parçanın çox işlənməsi səbəbindən kostyum 40, köynək 6, sviter isə 7 manatadır.
Lakin nəzərə alınmalıdır ki, birinci il forma alan ailələr növbəti ildə yalnız köynək və ya şalvar alır. Bunun da qiyməti 5-10 manatdır.
Əlbəttə ki, BTE-nin burada gəlir götürmək məqsədini güdmədiyi göz önündədir. Əgər belə bir niyyət olsaydı, müəssisə tikilmiş formaların qiymətini 30 deyil, 35 manat edərdi. Buradakı 5 manatlıq gəlir təbii ki, böyük məbləğdir. Yəni, 100 minlik formadan əldə olunan gəlir 500 min manata bərabər ola bilərdi ki, bu da, əlavə gəlir demək olardı. Amma BTE bu gəlirdən imtina edərək, keyfiyyətli məhsul istehsal etməklə, Azərbaycan ailələrini düşünüb.
BTE, eyni zamanda, sayının fərqinə varmadan forma almaq imkanında olmayan, qaçqın və məcburi köçkün, şəhid ailələrinə məktəbli paltarı paylayır. Təkcə ötən il ərzində sözügedən kateqoriyadan olan ailələrə 500-dən artıq forma verilib. Bu mənada da, əminliklə demək olar ki, BTE məktəbli formalarının tikişini üzərinə götürməklə sosial layihə reallaşdırmış olur.
Formalar yüksək keyfiyyətli parçadan və tikiş məmulatlarından hazırlanır
Məlumat üçün bildirək ki, BTE rəhbərliyi yüksək keyfiyyətli məktəbli forması istehsal etmək üçün bir çox məktəblərdə görüşlər keçirməklə, bütün siniflərdən olan müxtəlif bədən ölçülü şagirdlərin ölçülərini götürməklə modellər formalaşdırıb. 2011-ci ildə isə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası ilə birgə “Bakı Tikiş Evi”nin keçirdiyi ictimai müzakirələrdə vahid məktəbli formalarının tikilməsi haqqında ortaq rəy əldə olunub. Həmin rəyə əsasən də, məktəblilər üçün vahid forma tikişi başlanıb. Bu iş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq qərarı ilə “Bakı Tikiş Evi”nə həvalə edilib. “Bakı Tikiş Evi” isə ictimai müzakirələrin nəticəsi olaraq, hazırlanmış texniki şərtlərə əsasən vahid məktəbli formalarının tikişini həyata keçirməyə başlayıb.
BTE əsasən, ailələrin imkanlarını və şagirdlərin sağlamlığını nəzərə alaraq, günəş şüalarının, suyun təsirlərini hesablamaqla, yüksək keyfiyyətli forma tikişini qarşısına hədəf kimi qoyub. Bunun üçün də, BTE rəhbərliyi İngiltərə və İtaliya fabriklərilə əlaqəli işləyən və əsasən Avropa ölkələrinə, ABŞ-a məhsul ixrac edən “Bossa”dan parça sifariş verib. Təbii ki, bu parça növü Avropa Laboratoriyalar Birliyinin keyfiyyət sertifikatına layiq görülüb. Pambıq və poliyesterdən ibarət olan bu parça növü bu gün Azərbaycan məktəblərində oxuyan şagirdlərin formalarının hazırlanması üçün yalnız BTE tərəfindən ölkəmizə gətirilir. Sual oluna bilər ki, niyə, məhz yalnız BTE tərəfindən?
Çünki ildə 50 milyon metr parça istehsal edən “Bossa” Avropa və ABŞ-dan başqa digər ölkələrə məhsul ixrac etmir. Lakin “Bossa”nın nümayəndələrinin BTE-yə gəlməsi və buradakı vəziyyətlə tanış olmasından sonra parça ixracına razılıq veriblər. Qeyd edək ki, sözügedən parçanı almaq üçün istənilən müəssisə 95 gün əvvəlcədən sifariş verməlidir...
Beləliklə də, BTE həmin parçanı aldıqdan sonra İstanbul şəhərində yerləşən laboratoriyada yoxlatdırır. Çünki məktəblilər üçün formanın tikilməsi üçün lazım olan parçanın tərkibi pambıqdan və poliyesterdən ibarət olmalıdır. Eyni zamanda, istifadə olunası parçanın 1 kv.metri 260-265 qramdan ibarət olmalıdır.
Parçasının keyfiyyətinə və tikilişinə inanan BTE formalara 2 il zəmanət də verir. Bu səbəbdəndir ki, ötən il forma almış valideynlər bu il artıq yalnız köynək və ya şalvar alırlar. Hətta BTE-dən bildirilib ki, bu il formaların satışında 40 faiz azalma var. Bu da əlbəttə ki, birbaşa olaraq, formanın keyfiyyətinə dəlalət edir.
BTE rəhbərliyinin bazara saxta forma çıxaranlara sözü...
“Bakı Tikiş Evi” SC-nin sədri Fədail Rəhimov bizimlə söhbəti zamanı vurğulayıb ki, onun arzusu ondan ibarətdir ki, BTE kimi istehsal müəssisələri Azərbaycanda çox olsun: “Çox təəssüflər olsun ki, bu gün bazarda saxta formalar satılır. Əlbəttə ki, BTE bu məsələdən yalnız imicini qorumaq üçün narahatlıq keçirir. Biz istəyirik ki, forma istehsal edən fabriklər çox olsun, rəqabət yaransın. Lakin bazara saxta formalar çıxaranlar keyfiyyətsiz məhsulları ilə bizi zərbə altında qoyurlar. Çünki həmin saxta formaları BTE-nin istehsal etdiyi formalarla eyni qiymətə alan ailələr sonradan korlanmış geyimlərə görə, bizə müraciət edirlər. Təbii ki, bu da qəbul edilən hal deyil”.
F.Rəhimov, həmçinin, məqsədli şəkildə yayılmış şayiələrə də münasibət bildirib: “Bir də eşidirik ki, insanlar formaların bahalaşacağından danışırlar. Bu da bizi narahat etdiyindən mətbuat konfransı keçiririk. Bununla da, bir daha bəyan etmiş oluruq ki, bu formaları biz istehsal edirik və qiymətini də artırmırıq. Qiymət artıranlar saxta formaları başqa ölkələrdən gətirənlərdir”.
BTE sədri vurğulayıb ki, bazara saxta formalar çıxaranlar çalışırlar ki, müxtəlif vasitələrlə qiymət artımına nail olsunlar və əziyyətsiz gəlir əldə etsinlər, vergidən yayınsınlar: “Amma biz çalışacağıq ki, ailələrin imkanına uyğun qiymət saxlanılsın və hər zaman olduğu kimi, bundan sonra da dövlətçiliyə xidməti uğurla davam etdirək”.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1936 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31