Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı və Bağdad yeni iqtisadi hədəflər müəyyən edib

Bakı və Bağdad yeni iqtisadi hədəflər müəyyən edib

20.09.2024 [10:46]

Azərbaycan və İraq yaxın dost və etibarlı tərəfdaş ölkələr kimi siyasi-iqtisadi sahələrdə son illərdə təmasları artırmaqdadır. Tərəflər müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləyir, qarşılıqlı olaraq bir çox layihələrin reallaşmasında fəal mövqe nümayiş etdirir.

Ötən ilin noyabr ayında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri Azərbaycan-İraq münasibətlərində yeni mərhələ açaraq əlaqələrin yeni gündəliyini müəyyən edib. Səfər çərçivəsində imzalanmış sənədlər, o cümlədən əmək və sosial müdafiə, turizm, nəqliyyat bölmələrinə aid sazişlər, ümumilikdə, iqtisadi tərəfdaşlığın güclənməsinə yönəlmiş birgə iradəni nümayiş etdirir.

Azərbaycan-İraq Biznes Şurası sahibkarlar arasında körpüyə çevriləcək

İki ölkə arasında iqtisadi münasibətlərin hərarətinə 2011-ci ildən fəaliyyət göstərən Ticarət, iqtisadiyyat, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyası da mühüm töhfə verib. Komissiya bir çox istiqamətlər üzrə real addımların atılmasında təşviqedici və dəstəkləyici fəaliyyət göstərib. Nəticədə iki ölkə arasında iqtisadi dövriyyənin artımında müsbət dinamika daha da güclənib. 2024-cü ilin yanvar-iyul aylarında ticarət dövriyyəsində 49 faizlik artımın qeydə alınması da ticari mübadilənin dinamikasından xəbər verir.

İki ölkənin qarşılıqlı investisiya planları da öz müsbət bəhrəsini göstərməkdədir.

Hazırda 170-ə yaxın İraq şirkəti Azərbaycanda müxtəlif sektorlar üzrə fəaliyyət göstərir. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və bu ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu şirkətlərin İraqda fəaliyyəti üçün yeni imkanlar açır.

İki ölkənin biznes icmasının və iqtisadi sahələri təmsil edən dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən Biznes-forumlar isə ticari-iqtisadi əlaqələrin artırılması, investisiya imkanlarının qiymətləndirilməsi, yeni layihələrdə əməkdaşlığın təmin edilməsi istiqamətində mühüm platforma rolunu oynamaqdadır. Bu baxımdan Azərbaycan İqtisadiyyat Nazirliyi, İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 17-də Bakıda keçirilən Azərbaycan-İraq Biznes-forumu perspektiv potensialların əlaqələndirilməsində yeni fürsət kimi dəyərləndirilə bilər. Tədbirdə kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamının iştirakı iqtisadi gündəliyin kifayət qədər əhatəli olmasına işarə edir və qarşılıqlı səylərin artırılmasına zəmin yaradır.

Azərbaycan İraqa qızıl ixracını planlaşdırır

İraqın Ticarət Palataları Federasiyasının prezidenti Əbdülrəzaq Əl-Zuheyrinin bəyan etdiyi kimi imkanlar böyükdür və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndirərək konkret layihələrin icrasına keçmək lazımdır. İraq-Azərbaycan Biznes Şurasının sədri Məhəmməd Əl-Davudi da işgüzar dairələr arasında keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsindəki əhəmiyyətini vurğulayaraq nəqliyyat-logistika və digər sahələr üzrə anlaşmalar əsasında addımlar atmağın vacibliyinə diqqət çəkib. Habelə, investisiyaların cəlb edilməsi və ixracın artırılması üçün strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar arasından birbaşa əməkdaşlığının gücləndirilməsi də qarşıya vəzifə kimi qoyulub. Bu hədəflərə çatmaq üçün İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.

Biznes-forum çərçivəsində Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palataları Federasiyası arasında Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında razılaşma sənədinin imzalanması tərəflər arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından irəli gəlir. Biznes Şura sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət imkanlarının artırılması istiqamətində mühüm rol oyanayacaq və iqtisadi əlaqələrin çoxtərəfli formatını təmin edəcək.

İraq “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmaqda maraqlıdır

Azərbaycan son illərdə ixracın diversifikasiyasına xüsusi yer ayırır və yeni xarici bazarlarda mövqe tutmağa çalışır. Orta Şərq-Afrika regionuna ixracın təmin edilməsi istiqamətində aparılan araşdırmalar da məhz ixracın şaxələndirilməsinə xidmət edir. İraq bazarı da ölkəmizin ixracatçıları üçün maraqlıdır, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin qeyd etdiyi kimi bir sıra qeyri-neft məhsullarının ixracında İraq bazarı cəlbedici görünür. Xüsusilə də tütün məhsullarından böyük asılı olan İraqa Azərbaycan şirkətlərinin daxil olması realdır. İraqın qızıl məhsullarından asılılığı da böyükdür, Azərbaycanın qızıl sənayesindəki yüksəliş və ixracını artırılması bu ölkəni potensial tərəfdaşa çevirir. Artıq bu ticari əməliyyatlar razılaşdırılıb və yaxın günlərdə İraqdan bir neçə böyük qızıl istehsalçısı və idxalçısı Azərbaycana səfər edəcək.Ölkəmiz İraqa mineral süfrə suları da ixrac etməyi planlaşdırır, su istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən, ilk ixrac təmin edilib. Bundan başqa, tikinti məhsulları, aliminium və qənnadı məmulatları ixracı çox önəmli istiqamət ola bilər.

İraq Orta Şərq-Asiya regionunda strateji coğrafi mövqeyə malikdir və böyük bir coğrafiyanın tranzit-nəqliyyat əlaqələrinin birləşməsində qovşaqlardan biridir. Bu baxımdan İraqın Orta Dəhlizə inteqrasiyası realdır və Azərbaycanla nəqliyyat sahəsində əlaqələrin artırılması da buna xidmət edir. İraq həm də Orta-Mərkəzi Asiya regionu ölkələri üçün də xüsusi tranzit qapısıdır. İranın və Azərbaycanın əsas yer aldığı “Şimal-Cənub” nəqliyyat dəhlizinə çıxış üşün də əlverişli geocoğrafi imkanlara malikdir. Rəsmi Bağdad dəfərlərlə regional dəhlzilərə inteqrasiya, o cümlədən “Şimal-Cənub” dəhlizinə qoşulmağa hazır olduğunu bəyan edib. Ona görə də, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlzilərinin strateji kəsişməsində mühüm mövqe tutan Azərbaycanın İraqla bu bağlantılarda sıx birləşməsi getdikcə aktuallaşır.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31