Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Milli Su Strategiyası...

Milli Su Strategiyası...

15.10.2024 [09:20]

2040-cı ilə qədər içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçiriləcək

Məlum olduğu kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sənədi təsdiq edilib. Milli Strategiya su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, həmin sahədə idarəetmənin müasirləşdirilməsi, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

2024-2040-cı illəri əhatə edən sənəd üç mərhələ üzrə strateji hədəf çərçivəsində əsaslanır.

Birincisi, 2024-2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmənin təkmilləşdirilməsi prioritetidir. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılmasının təmin edilməsi nəzərdə tutulur.

İkinci prioritet istiqamət Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn meyarlar üzrə müəyyənləşib. 2028-2030-cu illəri əhatə edən bu mərhələdə “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi prinsiplərə nail olunması hədəflənib.

Üçüncü istiqamət 2031-2040-cı illəri əhatə etməklə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi məqsədlərini özündə əks etdirir.

Ümumilikdə, strategiyanın ana hədəfi qlobal miqyasda kəskin xarakter alan su çatışmazlığının fəsadlarına qarşı əhatəli və kompleks tədbirlərin hazırlanaraq həyata keçirilməsi, alternativ su mənbələrinin emal yolu ilə içməli suya olan tələbatın ödənilməsi imkanlarının tam səfərbər olunması və  qarşıdakı onilliklər ərzində ölkəmizin dayanıqlı su ehtiyatları fondunun yaradılmasının təmin edilməsindən ibarətdir.

Adambaşına düşən su ehtiyatı aşağı səviyyədədir...

Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faizi) yerüstü şirin su ehtiyatlarından formalaşır. Su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Ölkəmiz adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.

Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Azərbaycanda ümumilikdə 8359 çay vardır. Bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Azərbaycan ərazisinin təxminən 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır. Ölkəmizdə su anbarlarını sayı isə təxminən 140 ədəddir. Onların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir, Şəmkir, Araz çayı üzərindəki Xudafərin və Araz, eləcə də Tərtər çayı üzərindəki Sərsəng  su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır. Su təchizatında rol oynayan göllərin sayı isə 700-ə yaxındır ki, onların təxminən 70 faizi yayda quruyur. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyətli göllərin sayı cəmi 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 milyard kubmetrə yaxındır.

İl ərzində 4,6 milyard kubmetr su itkiyə gedir...

Bundan başqa, Azərbaycanda qrunt (yeraltı) suları mövcuddur ki, hazırda su təlabatında xüsusi yer tutur, içməli mənbə kimi yüksək keyfiyyəti ilə seçilir. Çaylara axan suyun 16-17 faizi yeraltı suların payına düşür. Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümum? tutumu bir il üçün 8-9 milyard kubmetr arasında hesablanıb. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.

Bütün bunlara baxmayaraq, ölkəmizdəki bütün su mənbələrinin istehlaka cəlb edilməsi yenə də təlabatı görmür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb. İllik su təsərrüfatı balansının göstəricilərinə görə, ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı məqsədilə götürülən suyun isə 37 faizi son istehlakçıya çatmır. Su itkilərinin orta illik həcmi isə təxminən ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları (4,6 milyard kubmetr) qədərdir. Su itkilərinin yaranmasının səbəblərinə əksər suvarma kanallarının torpaq məcralı olması (75 faiz), müasir suvarma sistemlərinin məhdud tətbiqi (5 faiz), içməli su infrastrukturunun köhnəlməsi, fiziki itkiləri və suların dövlət uçotunun mükəmməl olmaması, suların dövlət uçotundan yayınma, nəzarətdənkənar qoşulmalar nəticəsində yaranan kommersiya itkiləri daxildir. Ona görə də, qarşıdakı illərdə strateji hədəf çərçivəsində əsas tədbirlərdən biri itkilərə səbəb olan bütün faktorlar üzrə təxirəsalınmaz addımar atılacaq.

Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarından istifadə...

Azərbaycan hökuməti su təminatının yaxşılaşdırılmasında azad edilmiş ərazilərdəki mənbələrin də ümumi su reinteqrasiyası zəncirinə qoşmağı vacib hesab edir. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarının proqnozlaşdırılan həcmi təxminən 2,2 milyard kubmetrdir. Onların sırasında Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşməklə həmin iqtisadi rayonlarla yanaşı, ətraf bölgələrin də təminatı üçün zəngin resurs hesab edilir. 570 milyon kubmetrə qədər ehtiyatı olan bu su anbarı 100 min hektardan çox ərazinin suvarılmasına imkan verir.

Həmin resurslardan səmərəli istifadə etmək məqsədilə bu ərazilərdəki anbar və su qovşaqlarının, göl və çayların mövcud inkişaf planı hazırlanır. Hökumətin müvafiq qurumları və Dövlət Su Ehtiyatları Agentliyi həmin ərazilərdəki su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması ssenarisini müəyyən edib.

Qeyd edək ki, vaxtilə erməni vandalları tərəfindən sıradan çıxarılmış Sərsəng su anbarının infrastrukturları, sutoplama qurğuları, bəndləri, kanallarla təchizat zənciri yenidən qurulmaqdadır. Eləcə də Suqovuşan su anbarı əsaslı şəkildə yenidən qurulub və ötən il dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Qarabağdakı digər su mənbələrindən “Köndələnçay-1”, “Köndələnçay-2” “Xaçınça” və digər su anbarları və mənbələrinin də bərpası işləri davam etdirilir ki, nəticədə bölgədə və ümumilikdə respublikamızda böyük bir su ehtiyatları formalaşacaq ki, təkcə bu, iki iqtisadi rayonlardakı mənbələr hesabına 300 min hektardan çox torpaq sahəs??i suvarma suyu ilə təmin edəcək.

Süni yağış texnologiyası əsasında su emalı...

Qarşıdakı onillikdə su resursları mənbələrindən biri kimi süni yığım imkanlarına da üstünlük veriləcək. Strategiyaya əsasən, 2024-2027-ci illərdə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinet ilə birgə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Qeyd olunan qurumlar bu müddət ərzində havadan suyun əldə edilməsi üzrə tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Differensial su tariflərinin tətbiqi...

Hökumət su ehtiyatları üçün mövcud və əlavə mənbələrin imkanlarının artırılması, ölkəmizin dayanıqlı su təhlükəsizliyinin təmin edilməsi üçün kompeks tədbirlərlə yanaşı, sudan səmərəli istifadəyə də xususi diqqət və nəzarət edəcək. Belə ki, su ehtiyatlarının effektiv idarə edilməsi üçün beynəlxalq təcrübə öyrəniləcək və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi sayəsində yeni nəzarət alətləri tətbiq olunacaq.

Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılacaqdır. Şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 faizə, suvarma suyu təminatı isə 90 faizə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 faizə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 faizə, suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılmasına nail olunacaqdır.

Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi 43 faizə çatdırılacaqdır.

Milli Strategiyada vacib məsələlərdən biri suyun liberal tarif sisteminin yaradılması, yəni differensial su tariflərinin tətbiqidir. Bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin differensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır. Bunun üçün ölkədə sudan ödənişli istifadə qaydalarının təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin differensiallaşdırılması pilot layihə çərçivəsində tətbiq olunacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31