Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklikləri kim və niyə təhrif etməyə çalışır?

“Torpaq icarəsi haqqında” Qanuna dəyişiklikləri kim və niyə təhrif etməyə çalışır?

16.10.2024 [09:12]

Azad edilmiş ərazilərdə torpaq islahatları çərçivəsində hər kəsə pay torpağı veriləcəkMilli Məclisin Aqrar siyasət komitəsində “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub. Layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar bu ərazidə məskunlaşan kənd və qəsəbə sakinlərinə birillik və çoxillik əkinlərin aparılması üçün güzəştli şərtlərlə icarəyə verilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qaydalara uyğun olaraq investisiya müsabiqələri vasitəsilə icarəyə verilir. Bu qaydalara görə, sahibkarlar icarəyə götürdüyü torpaqlar üçün müəyyən edilmiş ödənişləri dövlət büdcəsinə köçürürlər. Yerli sakinlərə güzəştli şərtlərlə verilən icarə torpaqları üçün isə dövlət büdcəsinə ödəniş tələb olunmur.

Ümumilikdə, azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi torpaqların boş qalmaması  məqsədini güdür və müəyyən dövr üzrə icarəni nəzərdə tutur. Hökumət həm biznes icmasını, həm də burada məskunlaşan insanları kənd təsərrüfatı təyinatlı torpaqların əkib-becərilməsinə cəlb etməklə onların gəlir əldə etmələrinə və məşğulluğuna imkan yaratmaq istəyir. Eyni zamanda, həmin torpaqların səmərəsiz qalmaması, bölgənin aqrar inkişafına töhvələr verilməsi, reinteqrasiya prosesinin təmin edilməsi məqsədilə bu tədbirlərin reallaşması nəzərdə tutulur.

Torpaqlar boş və səmərəsiz qalmamaq üçün icarəyə verilir...

Ancaq məsələ ondadır ki, torpaqların icarəyə verilməsi ilə bağlı təşəbbüslər bəzi şəxslərdə və mediada müəyyən söz-söhbətlərə yol açıb və bu qərarın azad edilmiş ərazilərin sakinlərinin gələcəkdə pay torpaqları əldə etməsinin guya qarşısını alacağı kimi yanlış təsəvvürlərə səbəb olub. Guya, icarə müqaviləsi bağlayan sakinlər gələcəkdə həyətyanı və pay torpaqları almaq imkanlarından məhrum olacaqlar. Bu, qətiyyən belə deyil və həmin fikri ortaya atanlar heç bir dəqiqləşdirmə aparmadan, torpaq islahatlarının vəziyyəti haqqında məlumatları olmadan cəmiyyətdə, o cümlədən azad edilmiş ərazilərin sakinləri arasında əsassız fikir formalaşdırmağa çalışırlar. Tahir Rzayevin bu məsələyə mövqeyi ondan ibarətdir ki, hazırda minalardan təmizlənmiş ərazilərin torpaq sərhədləri müəyyənləşir, rayonların inzibati hüdudları dəqiqləşdirilir, torpaqların, habelə digər daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması və kadastrı hazırlanır,  məlumatların elektron informasiya sisteminə inteqrasiyası həyata keçirilir. Həmin məsələlər tam yekunlaşdıqdan sonra torpaq islahatları keçiriləcək və azad edilmiş ərazilərin sakinlərinin hər biri pay torpağı ilə təmin olunacaq. İnvertarlaşdırma və məlumat bazasının yaradılması, digər hüquqi məsələlər isə vaxt aparır, bu prosesin bir neçə il çəkəcəyi gözlənilir. Bu səbəbdən həmin dövrə qədər torpaqların boş və səmərəsiz qalmaması üçün müvəqqəti olaraq icarəyə verilməsi məqsədəuyğun hesab edilir. Ancaq bu, o demək deyil ki, bu bölgədə torpaq islahatları aparılmayacaq.

“Torpaq islahatı haqqında” qanunun 24-cü maddəsi...

Azərbaycanda torpaq islahatları 1996-cı il 16 iyulda Prezident tərəfindən təsdiq edilmiş “Torpaq islahatı haqqında” qanuna əsasən həyata keçirilir. Həmin hüquqi sənədə əsasən, ölkəmizdə MDB məkanında ilk dəfə islahat həyata keçirilərək uğurlu nəticələlər və təcrübə əldə edilib. İslahatlar nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni, kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanılıb. İşğal olunmuş rayonlarımız istisna olmaqla ökəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verilib. Bu, 3.442.778 təsərrüfat subyekti deməkdir.

1997-2000-ci illəri əhatə edən torpaq islahatları dövründə Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal edildiyindən fiziki cəhətdən burada islahat aparmaq mümkün deyildi. Ancaq, bu bölgədə islahatların aparılması üçün həmin sənəddə hüquqi əsaslar müəyyən edilib. “Torpaq islahatı haqqında” Qanunun 24-cü maddəsində də qeyd edilib ki, “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir”.

Bu qanun hüquqi istinad kimi hazırda işğaldan azad edilmiş rayonlarda torpaq islahatlarının aparılmasına təminat verir və hökumət komissiyası məhz həmin qanuna söykənərək keçmiş məcburi köçkün ailələrinin üzvlərinə pay torpaqlarının verilməsini təmin edəcək.

Azad ərazilərdə islahatlar nə vaxt aparılacaq?

Yuxarıda da vurğuladıq ki, həmin bölgədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin inventarlaşdırılması, xəritələndirilməsi və elektron məlumat bazası mövcud deyil, torpaq sahələrinin uqodiyalar üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyət bölgüsü yoxdur. Bu ərazilərdə daşınmaz əmlakın vahid kadastr uçotu işləri həyata keçirilmədən, torpaqların dəqiq uçotu aparılmadan və torpaq kadastrı yaradılmadan, həmçinin regionun rəqəmsal topoqrafik xəritəsi hazırlanmadan torpaq islahatının aparılması hüquqi və texniki baxımdan mümkün deyil. Bütün bunlar qeyd edilən işlər tamamlandıqdan sonra mümkündür.

Həmin işlər isə ardıcıllıqla davam etdirilir.

Xatırlatma üçün qeyd edək ki, 2021-ci il yanvarın 25-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanması barədə müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Azərbaycanda mövcud qanunvericilik əsasında işğaldan azad olunmuş ərazilərdə torpaq islahatları həyata keçiriləcək. Vətəndaşlara pay torpaqlarının verilməsi mexanizmi də həmin hüquqi sənədlərə əsasən müəyyənləşəcək. Faktiki olaraq o bölgələrdən köçkün düşmüş soydaşlarımızın əlində mülkiyyət sənədləri yoxdur, ancaq dövlət onların həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı bütün öhdəlikləri yerinə yetirəcək.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nə deyilir?

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na dair Tədbirlər Planında müəyyən edilmiş hədəflərə uyğun olaraq (Prioritet istiqamət 5.1. Torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsi) azad edilmiş ərazilərin işğala qədər mövcud olmuş torpaq fondunun kateqoriyalar və kənd təsərrüfatı yerləri (uqodiya) üzrə bölgüsünün kameral şəraitdə dəqiqləşdirilməsi müəyyənləşib. Həmçinin Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək torpaq sahələrinin müəyyən olunması və xəritələşdirilməsinin aparılması, torpaqların elektron kadastr uçotunun və aerofotoplanalma, ortofotoxəritələrinin hazırlanması, torpaq islahatlarının aparılması ilə bağlı müvafiq işlərin görülməsi və vəzifələr müəyyən edilib. Eyni zamanda, həmin proqramda kənd təsərrüfatı təyinatlı torpaqların torpaq islahatının aparılmasına qədər müddətli icarəyə verilməsi ilə bağlı tədbirlər görülməsi barədə maddə əks olunub.

Bütün bunlar bir daha onu təsdiq edir ki, azad edilmiş ərazilərdə torpaq islahatları mütləq aparılacaq və öz doğma evlərinə qayıdan hər ailə, hər ailənin üzvü pay torpağı ilə təmin olunacaq. 

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31