Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kiçik və orta biznesin inkişafı naminə...

Kiçik və orta biznesin inkişafı naminə...

24.10.2024 [09:20]

Mikromaliyyə Konfransında biznesin maliyyə təminatı ilə bağlı yeni hədəflər elan edilib

Ölkəmizdə kiçik və orta biznesin (KOB) inkişafı sahəsində yürüdülən iqtisadi siyasət prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılmaqdadır. Dövlət tərəfindən bu sahəyə müxtəlif institusional və maliyyə dəstəyi tədbirləri həyata keçirilir, KOB layihələrinin sayının artırılması üçün müxtəlif təşviqedici alətlərdən istifadə olunur. Hazırda ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,7 faizini kiçik və orta biznes subyektləri təşkil edir. Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunduğundan onların fəaliyyətinin daha da yaxşılaşdırılması və şaxələndirilməsi, yeni iqtisadi reallıqlar şəraitində innovasiya proseslərinə cəlb edilməsi, habelə maliyyə təchizatının gücləndirilməsi əsas çağırışlardandır.

Mikrosahibkarlara verilən kreditlərin həcmi 33 faiz artıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib ki, 2023-cü il və 2024-cü ilin ötən dövrlərində, mikro sahibkarlara verilən kreditlər 33 faiz artıb. Qeyd edək ki, 2024-cü il oktyabrın 1-nə Azərbaycanda mikrokredit portfeli 630 milyon manat təşkil edib. Bu, ölkə üzrə kredit qoyuluşunun 2,4 faizi deməkdir. Bu rəqəm qanedici olmasa da, son dövrlərdə mikromaliyyə şəbəkəsinin böyüməsi üçün imaknlar artır, banklar və digər maliyyə təşkilatlarının bu sahənin maliyyələşdirilməsində həmrəyliyi mövcuddur.

Mikromaliyyələşmədə müsbət tendensiyanın davam etməsinə baxmayaraq, qeyd edilən dövrdə bankların orta və kiçik sahibkarlara verdiyi kreditlərin məbləğində müəyyən azalma olub. Dövlət xətti ilə yəni Sahibkarlığın İnkişafı Fondu vasitəsilə kiçik və orta biznesə verilən güzəştli kreditlərin məbləği və iqtisadi rayonlar üzrə coğrafiyası artsa da, kommersiya bankları bu məsələdə xəsislik edir, öz portfelindən biznes kreditlərindən daha çox istehlak kreditlərinə vəsait yönəldir. Ölkəmizin müasir iqtisadi inkişaf ehtiyacları, xüsusilə də regionlarda qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət dəstəyi tədbirləri müqabilində bankların da bu sahəyə xüsusi diqqətinin artmasına ehtiyac duyulur. Onu da nəzərə alsaq ki, Mərkəzi Bank tərəfindən son bir ildə uçot dərəcələri davamlı olaraq aşağı salınır ki, bu amil də bankların kredit faizlərini aşağı salmasına imkan verir. Ona görə də bank və bank olmayan kredit təşkilatlarının KOB-ların maliyyələşməsi və regionların kreditləşməsində fəaliyyətini artırmasına ehtiyac var.

Kiçik sahibkarların maliyyə əlçatanlığı asanlaşdırılacaq

KOBİA ölkədə kiçik sahibkarlığa dəstəyin artrılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu ilə daha çox əməkdaşlıq edir və davamlı yeni mexanizmlər işlənilib hazırlanır. Məsələn, KOBİA ilə Fond birgə anlaşma əldə edərək ötən ildən etibarən kiçik məbləğli güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə start verib. Həmin mexanizm çərçivəsində kiçik sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib ki, onun 3 milyon manatlıq 514 bildiriş hissəsi 2024-cü ilin ötən 9 ayında təqdim olunub. Bu mexanizm özünün müsbət effektini göstərdiyindən daha da genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə də bu model əsasında regionlarda çalışan kiçik biznes subyektlərinin maliyyə əlçatanlığını asanlaşdırmaqda ən yaxşı alətlərdən biri hesab olunur, eyni zamanda, risk amilini azaldır.

KOBİA mikromaliyyələşmə xidmətləri sahəsində vacib sayılan təkmilləşdirmələrin bir istiqaməti kimi bank və kredit təşkilatlarının faizlərinin də aşağı salınmasını məqsədəuyğun hesab edir. Biznes sektorunun KOBİA-ya müraciətlərinin təhlili göstərir ki, sahibkarlıq subyektləri yüksək faiz dərəcələri səbəbindən maliyyə ehtiyaclarını təmin edə bilmir, daha münasib şərtlərlə və aşağı faizli kreditlərə çıxışları mümkündür. Ona görə də bank-sahibkar dialoqunun artırılması, yeni faiz dəhlizlərinin formalaşması ilə əlaqədar msələhətləşmələr aparılır. 

Ümumilikdə, KOBİA kiçik və orta biznesin dəstəkləyicisi kimi maliyyə ehtiyaclarının ödənilməsinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində bütün tərəflərlə konstruktiv əməkdaşlığı artıraraq münasib çərçivənin hazırlanmasına çalışacaq. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda KOB  subyektləri ilə bağlı nəzərdə tutulan hədəflərin reallaşması istiqamətində tədbirlər davam etdiriləcək.

Məsafədən kreditləşmənin şərtləri müəyyən ediləcək

Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev isə bildirib ki, kiçik və orta biznesə maliyyə dəstəyinin artırılması məqsədilə  müxtəlif təchizat kanalları yaradılması nəzərdə tutulur ki, onlardan biri yeni mikromaliyyə modelinin təşk?lidir. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulan bu model qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla mikromaliyyə sektorunda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətləri göstərilməsini nəzərdə tutur. Bundan başqa, sözügedən strategiyada dayanıqlı mikromaliyyə və bank olmayan kredit təşkilatlarının (BOKT) modellərinin araşdırılması və mikromaliyyə institutlarının fəaliyyətinin gücləndirilməsi, biznes modellərinin təkmilləşdirilməsi və yeni tənzimləyici mexanizmlərin hazırlanması, maliyyələşmə mənbələrinin diversifikasiyası kimi layihələr öz əksini tapıb. Bu prosesdə əsas maliyyə donoru kimi banklarla yanaşı, BOKT-ların da bizneslə təmaslarının artırılmasının təşviqi də prioritlərdən biridir. Buna həmin qurumların maliyyə portfeli də imkan verir. Belə ki, 302-yə yaxın filial şəbəkəsinə malik olan BOKT-ların aktivləri hazırda 500 milyon manatdan çoxdur və bu sektorun aktivləri artmaqda davam edir. 2025-ci ildə BOKT-ların maliyyə portfelinin 1 milyard manata çatacağı gözlənilir, bu da kiçik biznesin maliyyə təminatında onların da üzərinə əlavə öhdəliklər qoyur. Yeri gəlmişkən, yaxın vaxtlarda BOKT-lara bank xidmətlərinin bəzi çeşidlərinin tətbiqi icazəsinin verilməsi, o cümlədən hesab açmadan pul köçürmələrinin həyata keçirilməsi və valyuta mübadiləsinin aparılmasında iştirakının təmin olunması gözlənilir ki, bu da onların maliyyə iştirakçılığında rolunu artıra bilər.

Mikrosahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üçün nəzərdə tutulan alətlərdən biri də məsafədən kreditləşmənin tənzimlənməsidir. MB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılovun sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir və yerli bank prioritetləri nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Qeyd edək ki, məsafədən kreditləşmə rəqəmsal bankçılıq xidmətlərinin müasir vasitələrindən biridir və biznesin elektron bank xidmətləri ilə daha yaxşı əhatə edilməsini nəzərdə tutur. Bu, sahibkarlıq sektoru təmsilçilərinin banka getmədən kredit xidmətlərinə çıxışını təmin etməklə vaxt və inzibati xərcləri azaldır, risklərin daha effektiv idarə olunmasına imkan verir.

Rəqəmsal və “yaşıl layihələr”ə mikrokreditlər veriləcək

Biznes icması bu dəstəkləyici tədbirləri yüksək dəyərləndirərək bununla yanaşı, bank və kredit təşkilatlarından, sahibkarlığa dəstək fondlarından daha çox maliyyə axınının təmin edilməsi üçün təşviqedici və stimullaşdırıcı addımların atılmasını, alternativ maliyyə alətlərinin tətbiqini istəyir. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası bununla bağlı müvafiq təkliflər hazırlayaraq kredit institutlarına və müvafiq qurumlarına təqdim edib. Təkliflərdə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdıra, maliyyə imkanlarını optimallaşdıra biləcək daha innovativ layihələrə motivasiyaların yaradılması əks olunub. Xüsusilə də, ənənəvi biznesdən fərqli olaraq, müasir rəqəmsal layihələrə, o cümlədən “yaşıl iqtisadiyyat”a keçidin tələblərinə uyğun olaraq ətraf mühitə zəzərləri azaldan sənaye və “yaşıl sektor”a güzəştli və asan maliyyənin ayrılması vacib hesab edilir.

Ümumiyyətlə, yaxın dövrün əsas strateji prioritetlərindən biri Azərbaycanda mikromaliyyə şəbəkəsinin genişləndirilməsi, bu sahədə cəmləşən biznes icmasını daha innovativ və rəqəmsal layihələrə motivasiya etmək üçün onlara müxtəlif iqtisadi stimulların verilməsi, rəqəmsal mikromaliyyə landşaftının möhkəmləndirilməsi nəzərdə tutulur. Həmçinin, güzəştli kredit mexanizminin tam elektron platforma üzərindən həyata keçirilməsi planlaşdırılır. Bu, sahibkarların maliyyəyə, xüsusilə güzəştli maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31