Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Asiya və Avropa arasında etibarlı körpü

Asiya və Avropa arasında etibarlı körpü

25.10.2024 [10:34]

Azərbaycan Çindən Qərbə doğru böyük iqtisadi potensialın tranzitini təmin edən strateji ölkə kimi mövqeyini gücləndirir

 Çinli ekspert, ABŞ-ın Bucknell Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professoru Zhiqun Zhu müsahibəsində bildirib ki, Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın potensialı hədsiz dərəcədə böyükdür. Rəsmi Bakı Pekini təkcə dost ölkə kimi deyil, həm də texnoloji tərəqqinin mənbəyi kimi qəbul edir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün imkanlar son illərdə genişlənir. Eyni zamanda, iki ölkə nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirmək üçün birgə işləyir. Bu güclənən təşəbbüslər isə coğrafi mövqeyinə görə Asiya ilə Avropa arasında mühüm yer tutan Azərbaycanın qitələrarası əlaqəsini artıra bilər.

Z.Zhu onu da əlavə edib ki, Azərbaycan həm də Çinin Avropa ilə artan ticarətində mühüm halqadır. Yəni Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasında və  əmtəə zəncirinin genişlənməsində Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji ölkədir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır. Bu, böyük bir qlobal nəqliyyat-logistika arxitekturasında mühüm yer tutan Azərbaycanın gələcək coğrafi potensialının genişlənəcəyinə dair nikbin dəyərləndirmədir. Çinli ekspert bununla ölkəsinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycanın bölgədə artan strateji mövqeyi və statusuna işarə edir. Eyni zamanda, mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın fəal nəqliyyat siyasətini təqdir edir, Pekinlə eyni nəqliyyat landşaftında yer almasının bütün region üçün gələcək faydalarından bəhs etmiş olur.

Naxçıvanın Orta dəhlizə birləşdirilməsi reallaşır

Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz yerini müəyyənləşdirib. 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına investisiya yatırdığımızı bəyan edib. Bildirib ki, “açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq”.

Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib.

Respublikamız “Bir kəmər, bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.

Azərbaycan 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğrafi qovşaqlarından birinə sahib olub. Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmalarının həyata keçirilməsi bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib.

Hesablamalara görə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Bu dəhlizin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər-Aralıq dənizini birləşdirən körpüyə çevrilməsidir. Naxçıvanla kommunikasiya sisteminin qurulması İpək yolunun məsafə və yüklərin çatdırılma sürəti baxımından əhəmiyyəti daha üstündür. Naxçıvan yolu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 kilometr az olmaqla daşınmaların xərcini və müddətini azaldır, Mərkəzi Asiya və Avropa arasında ən rentabelli körpü rolunu oynaya bilər.

“Bir kəmər, bir yol”un yeni dayanacağı - Zəngəzur dəhlizi

Şərq-Qərb layihəsinin ən mühüm halqası isə Orta Dəhlizdir. Bu dəhlizi geosiyasi-iqtisadi əhəmiyyətinə görə, dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.  Bu baxımdan bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik olan Türk dövlətlərini birləşdirən bir layihə olduğunu nəzərə alsaq, Azərbaycanın böyükhəcmli ticari-investisiya portfelindən əhəmiyyətli dividentlər əldə edəcəyi şəksizdir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin-Avropa arasında, hər iki istiqamət üzrə ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020-2022-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-550 min ton arası olsa da, 2023-ci ildə bu rəqəm 4,5 milyon tona qədər artıb. Yəni, bu o deməkdir ki, Türk Dövlətləri Orta Dəhlizin potensial imkanlarından böyük valyutalar əldə edərək iqtisadiyyatlarına əlavə dəyər qata biləcək.

Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu coğrafiyanın logistika xəritəsi də dəyişməkdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər.

Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinə reinteqrasiyası artıq reallıq kimi qəbul olunur və rəsmi Pekin də bu xətti Yeni İpək Yolunun əsas həlqələrindən biri hesab edir. Bu məsələ Çinin ən yüksək dövlət rəsmiləri ilə müzakirə olunub. 2021-ci il noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekununda tərəfdaş ölkələr tərəfindən yekun bəyannamə imzalanıb ki, bu, Mərkəzi Asiya-TransXəzər-Avropa marşrutunun əsas həlqəsinə çevrilən Zəngəzur dəhlizinə qoşulmağa razılığın ifadəsidir.

Göründüyü kimi Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi ilə Şərq-Qərb təhlükəsizlik və əməkdaşlıq dəhlizinin yeni formatını yaradırlar.

3 milyard dolları aşan iqtisadi dövriyyə...

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Pekin ölkəmizin bölgədə yaratdığı yeni reallıqlara uyğun iqtisadi-siyasi münasibətlərin yeni formatını müəyyən etməklə əlaqələri ən yüksək səviyyəyə çatdıran qərarlar qəbul edib. 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərin siyasi, iqtisadi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır. Birgə Bəyannamənin əsas bəndlərindən biri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin artırılmasıdır. Hazırda bu Asiya nəhəngi ilə Azərbaycan arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və s. sahələrdə münasibətlərin hərarəti durmadan artır. İki ölkə arasında qarşılıqlı iqtisadi anlaşmaların artması davamlı şəkildə mal və sərmayə dövriyyələrinin həcminin də yüksəlməsinə səbəb olub, iqtisadi əlaqələr 2010-cu ildən sonra ən yüksək səviyyəyə çatıb. 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları ötüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illrdə 2,1 milyard dollar olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar, 2023-cü ildə isə 3,1 milyard dollar təşkil edib. 2024-cü ilin yanvar-sentyabr aylarında iki ölkə arasında mal mübadiləsinin həcmi 2,7 milyard dollara yaxın olub və ilin sonuna bu rəqəmin 3,5 milyard dolları ötəcəyi gözlənilir.

ŞƏT Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırır

Mövcud iqtisadi rəqəmlər Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşı olmasını, gətirilən mal və xidmətlərin dəyərinin illik 3 milyard dolları ötdüyünü təsdiqləyir. Ümumilikdə, Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biri olmaqla 4-cü yerdə qərarlaşır. İmkanlar isə bundan bir neçə dəfə böyükdür.

İki ölkə arasında imzalanmış Birgə Bəyannamənin ən mühüm detallarından biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Çinlə siyasi, iqtisadi, nəqliyyat-tranzit təmaslarının əlaqələndirilməsi, ölkəmizin bu nəhəng təşkilatda təmsilçiliyinin təmin edilməsidir. Birgə Bəyannamə faktiki olaraq Azərbaycanın bu qlobal təşkilatlarda layiqli ölkə iştirakçılığına hüquqi təminatlar yaradır. ŞƏT-də təmsil olunmaq Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırmaqla, həm ikitərəfli, həm də regional və beynəlxalq çərçivədə təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın dərinləşməsinə dərin zəmin yaradır.

Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni imkanları üzə çıxarmağa səbəb olacaq. Çinli ekspert Zhiqun Zhunun vurğuladığı kimi iki ölkə arasında iqtisadi əməkdaşlığın potensialı hədsiz dərəcədə genişdir və müəyyən edilmiş yeni iqtisadi hədəflər, habelə transkontinental nəqliyyat zəncirində daşınmaların Azərbaycan üzərindən Avropya səmtlənməsi ticarət dövriyyəsinin də böyüməsində əsaslı rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31