Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qlobal bazarlarda ucuzlaşma

Qlobal bazarlarda ucuzlaşma

31.10.2024 [08:57]

Dünya Bankı qlobal inflyasiya proqnozunu aşağı salıb

Dünya Bankı (DB) qlobal əmtəə bazarlarındakı vəziyyətə dair yeni proqnozlarını açıqlayıb. Bankın bu günlərdə dərc edilmiş hesabatında qeyd edilir ki, müxtəlif coğrafiyalarda baş verən müharibələr və Yaxın Şərqdə davam edən münaqişələr dünya enerji bazarlarında neft tariflərini tez-tez dəyişdirir. Münaqişələrin gərginləşməsi  bir sıra təchizatçıların yanacaq tədarükü zəncirini pozur ki, bu da yanacağı bahalaşdırır. Ancaq sabitlik mühitində neft qiymətlərində əhəmiyyətli dəyişkənlik, yəni ucuzlaşma baş verir. Bu ssenariyə əsasən, münaqişələrin dərinləşmədiyi halda “Brent” markalı neftin orta illik qiymətinin 2024-cü ilin sonunda 80 dollar, 2025-ci ildə 73 dollar səviyyəsində qalacağı ehtimal olunur.

Enerji analitiklərinin fikrincə, OPEC+ üzvü olmayan bir sıra ölkələr neft hasilatını çoxaltmağı planlaşdırır ki, bu, bazara daha çox neft tədarükü fonunda yanacağın orta qiymət sabitliyini qoruyub saxlayacaq. Bununla yanaşı, bazarda mövcud olan xeyli həcmdə ehtiyatların istifadə olunması kəskin neft tələbi riskini də azaldacaq. Həmçinin, qlobal bazarlarda yeni sənaye texnologiyalarına keçidin artması, sənayenin strukturunda ənənəvi enerji və yanacaq istehlakının payının azalması da yanacaq təchizatının izafi yüksəlməsinin qarşısını alacaq. Təkcə, Çində elektrikli nəqliyyat vasitələrinin və mayeləşdirilmiş təbii qazla işləyən yük maşınlarının satışının artması neftə tələbatı getdikcə azaldır, bu tendensiya gələcəkdə istehlakın daha da azalmasına gətirib çıxara bilər. 

DB-nin analitikləri hesab edirlər ki, enerji istehlakındakı bu faktorlar mal və xidmətlərin dəyər və qiymət zəncirinin formalaşmasına da təsir edəcək. Belə ki, əmtəə tədarükündə və  xammal komponentlərində yer alan enerji xərclərinin 2025-ci ildə 6 faiz, 2026-cı ildə isə daha 2 faiz azalacağı gözlənilir ki, bu da nəticə etibarilə maya dəyərini də aşağı salacaq. Bu ehtimallara əsasən, qlobal əmtəə qiymətləri 2024-2026-cı illərdə 10 faiz ucuzlaşacaq. Əmtəələrin ucuzlaşması isə qlobal inflyasiyanın da enişinə yol açacaq, DB-nin yenilənmiş proqnozlarına əsasən, istehlak qiymətləri indeksi cari ildə 2,9 faiz təşkil edəcək. Halbuki 3 ay əvvəl dərc edilmiş hesabatda bu rəqəm 3,5 faiz müəyyənləşmişdi. Dəyərləndirmələrə görə, mal qrupları içərisində ərzağın daha çox ucuzlaşması ehtimal olunur. Belə ki, ərzaq mallarının 2024-cü ildə 9 faiz, 2025-ci ildə isə daha 4 faiz ucuzlaşması gözlənilir.

Beynəlxalq Valyuta Fondunun nikbin proqnozları...

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) da qlobal bazarlarla bağlı ssenarilərini beynəlxalq ictimaiyyətə təqdim edib. Fond tərəfindən iyul ayında açıqlanmış hesabata əsasən, 2024-cü  ilin birinci yarımilliyində  Rusiya  ilə Ukrayna arasında və Yaxın Şərq regionunda münaqişənin davam etməsi fonunda geosiyasi gərginliklərə və geoiqtisadi fraqmentasiyaya baxmayaraq, qlobal iqtisadiyyatda stabilləşmə müşahidə edilib. Avrozonada və əksər inkişaf etmiş regionlarda iqtisadi artım templəri yavaşısa da inflyasiya təhdidi artmayıb, dünyanın aparıcı ölkələrində qiymət indeksi  gözləniləndən daha aşağı hədlərdə olub.

BVF-nin hesabatına əsasən, qlobal inflyasiya cari ildə 5 faiz səviyyəsində gözlənilir ki, bu DB-nin proqnozundan 2 faizdən də çoxdur. Ancaq növbəti ildə inflyasiyanın 1 faiz azalaraq 4 faizə, 2026-cı ildə isə 3,5-4 faizə enəcəyi proqnozlaşdırılır. Hesabata əsasən, xidmət sektorundakı qiymətlərin sürətli artımı, habelə əmtəə qiymətlərindəki azalma tempinin nisbətən səngiməsi qlobal  inflyasiyanın azalma sürətini zəiflədir.

Sözsüz ki, qlobal miqyasda baş verən proseslərin, ələlxüsus da mal və əmtəələrin ucuzlaşmasının Azərbaycana da ciddi təsirləri mümkündür. Ölkəmizdə inflyasiya səbətində qlobal faktor əsas paya malikdir, inflyasiya səviyyəsi daha çox idxaldan formalaşır. Belə ki, ölkəmizdə inflyasiyanın təxminən 30 faizi yerli istehsal və daxili tələbdən, qalan 70 faizi isə idxaldan yaranır. Bu o deməkdir ki, hazırda qeydə alınmış 1,3 faizlik inflyasiyanın təxminən 0,8 faizi idxala bağlıdır. Bunun da başlıca səbəbi müxtəlif əmtəələrin, xüsusilə də ərzaq mallarının, xüsusilə də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının xaricdən gətirilməsidir.

İkirəqəmli inflyasiya dövrü arxada qaldı...

Son 3-4 ildə, 2020-2023-cü illərdə Azərbaycanda inflyasiyanın artaraq ikirəqəmli səviyyəyə çıxmasının səbəbi də həmin idxal məhsulları və xammallarının baha olması ilə bağlı olub. Dünya bazarında bir çox aqrar və sənaye mallarının qiymətləri 2023-cü ilə qədər bahalaşdığından bu, ölkəmizdə ciddi təsirlərini göstərirdi, eləcə də daşınma-nəqliyyat xərclərinin bu dövrlərdə yüksəlməzi qiymət portfelində təsirsiz ötüşmürdü.

2023-cü ilin ikinci yarısından sonra dünya bazarında qlobal xərclərin azalması Azərbaycanda idxal inflyasiyasını da yumşaldaraq ilin sonunda birrəqəmli həddə düşməsinə səbəb oldu. Cari ilin ötən aylarında isə qiymət indeksi 1-2 faiz civarında qalmaqdadır.

Ancaq bu o demək deyil ki, Azərbaycanda inflyasiyanın büsbütün azalması dünya bazarındakı mal və xidmətlərin ucuzalaşması ilə bağlı olub. Burada 2023-cü ildə hökumətin həyata keçirdiyi antiinflyasiya siyasətinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərini də xüsusi vurğulamaq lazımdır. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı  ilə ölkədə inflyasiyanın  iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya  proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası  koordinasiyanın  gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi  güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb ki, bu da 2023cü illə yanaşı, 2024-cü ildə də öz əhəmiyyətli səmərələrini verib. Qiymət bazarlarında ən önəmli nüanslardan biri olan süni qiymət artımlarının qarşısının alınması da yaddan çıxmamalıdır. Bu baxımdan 2024-cü ilin iyul ayında qüvvəyə minən Rəqabət Məcəlləsi də süni qiymət artımlarının qarşısının alınmasında mühüm rol oynayıb.

Azərbaycanda inflyasiya azalmağa doğru gedəcək

Beləliklə, qlobal bazarlarda əmtəələrin ucuzlaşması dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edəcək və inflyasiyanın azalması gözləniləndir.  Beynəlxalq iqtisadi institutların proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 3,9 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarına görə, ölkəmizdə istehlak qiyməti indeksi 2025-ci ildə 3,5 faiz,  2026-cı ildə 4 faiz təşkil edəcək. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.

Azərbaycan hökumətinin ssenarisinə əsasən, inflyasiya 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz, 2027-ci ildə 3,8 faiz çərçivəsində müəyyənləşib. Bütün bunlara rəğmən, hökumət 2025-ci ildə inflyasiyanı qlobal bazar amilləri ilə yanaşı, yenə də monetar alətlərlə nizamlamaq, mübarizə tədbirlərini gələn ildə də prioritet kimi diqqətdə saxlayacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumları bu prosesə cəlb edəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31