Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan dünya iqtisadiyyatının lokomotivlərindən birinə çevrilir

Azərbaycan dünya iqtisadiyyatının lokomotivlərindən birinə çevrilir

07.09.2013 [09:29]

Beynəlxalq maliyyə institutları, aparıcı strateji araşdırma mərkəzləri Azərbaycan iqtisadiyyatını ən dinamik və sabit ekonomik sistemlər sırasında səciyyələndirirlər
Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı” rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilib. Hesabata əsasən, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. Ölkəmiz rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-2013-cü il hesabatında isə Azərbaycan 144 ölkə arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Qeyd etmək lazımdır ki, qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması təsadüfi xarakter daşımır.
Bir məqama xüsusi olaraq toxunmaq lazımdır ki, Azərbaycan bu göstərici ilə nəinki çoxsaylı inkişafda olan ölkələri geridə qoymuşdur, eyni zamanda, Avropanın nəhəng iqtisadi aktorlarını da üstələmişdir. Postsovet və ya MDB məkanında isə Azərbaycanın mövcud göstəricisi olduqca pozitivdir. Məlumat üçün qeyd edək ki, reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu pillələrdə qərarlaşıblar.
Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Məhz bu göstəricilər də həyata keçirilən çoxşaxəli iqtisadi strategiyanın səmərəliliyinə dəlalət etməkdədir.
Ümumiyyətlə, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycanın qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləməsini şərtləndirən faktorlara kompleks şəkildə nəzər yetirmək məqsədəmüvafiqdir.
Praqmatik iqtisadi strategiya inkişafın Azərbaycan modelini formalaşdırıb
Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Həyata keçirilən rasional iqtisadi strategiyanın qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modeli formalaşdırılıb və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanıb.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə-beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub-saxlamağı bacarmışdır.
Makroiqtisadi sabitliyi və dinamik inkişafı təmin edən strateji faktorlar...
Qeyd etdiyimiz kimi, qlobal iqtisadi mənzərənin səciyyəsindən asılı olmayaraq ölkəmizin praqmatik iqtisadi strategiyasının pozitiv nəticələr verməsi təsadüfi xarakter daşımır. Bütün dünyanı cənginə alan qlobal maliyyə böhranı zamanı da müşahidə edilən mikro və makroiqtisadi sabitlik deyilənləri təsdiqləyən ən bariz arqument kimi çıxış edir. Belə ki, həyata keçirilən operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlıq nümayiş etdirdi, eləcə də, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etdi. Doğrudur, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası dünya maliyyə böhranının ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir etməsinə səbəb oldu. Amma neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin inkişafı, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizdə iqtisadiyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu isə nəticə etibarilə ÜDM-in, xarici ticarət dövriyyəsinin müsbət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşlarının artmasını təmin edib. Bütün bunlar isə Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyini gücləndirir, ölkəmizin beynəlxalq iqtisadi nüfuzunu artıran əhəmiyyətli faktor qismində çıxış edir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları, aparıcı strateji araşdırma mərkəzləri Azərbaycan iqtisadiyyatını ən dinamik və sabit ekonomik sistemləri sırasında səciyyələndirirlər. Digər tərəfdən, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı” da deyilənləri təsdiq edir.
Rasional iqtisadi islahatlar inkişafı şərtləndirən faktor kimi...
Eyni zamanda, rasional iqtisadi islahatlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdəndir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Yəni, Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir.
Onu da qeyd etmək lazımdır ki, dünyanın üç aparıcı reytinq agentliyi - “Standard & Poor’s”, “Fitch” və “Moody’s” - mütəmadi olaraq Azərbaycanın kredit reytinqini artırmaqdadırlar.
Növbəti strateji hədəf inkişaf etmiş ölkələr sırasına qoşulmaqdır
Beləliklə, sadalananların qanunauyğun nəticəsi kimi, ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin, eləcə də milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir. Miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli layihələrdə Azərbaycan lokomotiv aktor kimi çıxış etməkdə və ölkələrarası ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının formalaşmasında, inkişafında müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirir.
Bütün bunların fonunda qarşıya daha ali bir məqsəd qoyulmuşdur: perspektivdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması. Bunun üçün artıq konseptual əsaslar da formalaşdırılıb. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib, eyni zamanda, Azərbaycanın nəzərdə tutulmuş müddətdə inkişaf etmiş ölkələr sırasına daxil olması nəzərdə tutulub.
Başqa sözlə, 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr arasına daxil etməkdir. Daha dəqiq desək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması əsas məqsəd kimi nəzərdə tutulan sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rihaf, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq və ölkəmizin intensiv inkişaf dinamikası ilə inkişaf etmiş ölkələr sırasında qərarlaşa biləcək.
Azərbaycanın İKT üzrə göstəriciləri də əhəmiyyətli dərəcədə yüksəlib
Bir məqama da xüsusilə toxunmaq lazımdır ki, praqmatik iqtisadi inkişaf strategiyası bu sektorla bilavasitə əlaqəsi olan digər sahələrin də intensiv tərəqqisini təmin etməkdədir. Bu, beynəlxalq maliyyə institutlarının hesabatlarında da əks olunub. Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri də əhəmiyyətli dərəcədə yüksəlib. Ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8 faiz artıb. Hazırda Azərbaycanda hər 100 nəfərə 33,3 genişzolaqlı mobil internet istifadəçisi düşür və bu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutur.
Həmçinin, ölkədə hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olub. Fərdi internet istifadəçilərinin sayına görə isə ölkəmiz ötən illə müqayisədə mövqeyini 8,4 faiz yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşıb. Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşür və bu göstərici üzrə ölkəmiz 78-ci yeri tutub.
Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri isə ötən illə müqayisədə 1,6 faiz yüksəlib. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedə qərarlaşıb. Hazırda hər 100 nəfərdən 18,4 faizi stasionar rabitə istifadəçisidir. Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayına görə isə Azərbaycan 47-ci yerdədir. Bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir.
NURLAN

Paylaş:
Baxılıb: 1351 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31