Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hər müəllif bir memardır...

Hər müəllif bir memardır...

23.04.2026 [08:33]

Dünya Kitab və Müəllif Hüquqları Günüdür

Kitablar sadəcə kağız üzərində yazılmış sözlər deyil, onlar zamanın, mədəniyyətlərin və insanların duyğularının daşıyıcısıdır. Hər dəfə bir kitabı əlimizə alanda əslində başqa bir həyat yaşayır, başqa bir baxış bucağından dünyaya baxır və öz düşüncələrimizi daha da zənginləşdiririk. Bu isə insanın mənəvi inkişafı üçün əvəzolunmaz bir təcrübədir.

Bu gün sözlərin sehrinin, düşüncələrin azadlığının və insan ruhunun ən dərin qatlarına toxunan ideyaların bayramı olan Dünya Kitab və Müəllif Hüquqları Günüdür. Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq UNESCO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan edib. Bu əlamətdar gündə yalnız kitabların səhifələrində gizlənmiş hekayələri deyil, həm də o hekayələri yaradan müəlliflərin əvəzsiz zəhmətini və yaradıcılıq gücünü xatırlayırıq. Çünki hər bir kitab bir dünyanın qapısını açır və hər bir müəllif bu qapının memarıdır.

Ümumiyyətlə, kitab, müəllif və müəlliflik hüququ anlayışları yaranandan bəri bir-biri ilə qırılmaz təmasda olub. Bugünkü rəqəmsal dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunub. Bu mənada, qayda pozuntularının  “piratlıq” adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş verib. 1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan “Statue of Anne” fərmanına qədər 1557-ci ildə “Stationer’s Company of London” şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkanı yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır.

Nə üçün 23 aprel?

23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitab dostları daha yaxşı bilir. Belə ki, həmin gün söz sənəti dahilərindən Şekspir, İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Moris Droqon, X.Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər isə aprelin 23-də dünyaya göz açıblar.

Ölkəmizdə bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Azərbaycanda müəllif hüquqları sahəsi təsadüfi qaydalarla deyil, kifayət qədər sistemli və beynəlxalq standartlara uyğun şəkildə tənzimlənir. Bu sistemin əsasında həm milli qanunvericilik, həm də ölkənin qoşulduğu beynəlxalq müqavilələr dayanır ki, bu da yaradıcı fəaliyyətlə məşğul olan şəxslərin hüquqlarının qorunmasını daha etibarlı edir.

Əsas hüquqi baza kimi Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun çıxış edir. Bu qanun müəlliflərin əsərləri üzərində şəxsi (mənəvi) və əmlak hüquqlarını müəyyənləşdirərək onların necə istifadə oluna biləcəyini, hansı hallarda icazə tələb olunduğunu və hüquq pozuntularına görə hansı məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini geniş şəkildə izah edir.

Bu sahədə dövlət nəzarətini və siyasətin həyata keçirilməsini Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi həyata keçirir. Agentlik müəllif hüquqlarının qeydiyyatı, mübahisələrin araşdırılması, hüquq pozuntularına qarşı tədbirlərin görülməsi və ictimai maarifləndirmə istiqamətində mühüm rol oynayır.

Azərbaycanda müəllif hüquqları yalnız kitablarla məhdudlaşmır, ədəbi əsərlərdən əlavə musiqi, film, rəsm, proqram təminatı və digər yaradıcılıq məhsulları da bu hüquqların predmetinə daxildir. Bu, o deməkdir ki, istənilən yaradıcı məhsul müəllifin icazəsi olmadan istifadə edildikdə hüquqi məsuliyyət yarana bilər.

Bundan əlavə, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara, o cümlədən Bern Konvensiyası kimi sənədlərə qoşulub. Bu, yerli müəlliflərin hüquqlarının xaricdə, xarici müəlliflərin hüquqlarının isə Azərbaycanda qorunmasına imkan yaradır. Yəni müəllif hüquqları artıq yalnız milli deyil, qlobal müstəvidə də təmin olunur.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30