Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sosial məsələlər uğurla həll edilir

Azərbaycanda sosial məsələlər uğurla həll edilir

14.10.2014 [10:09]

Prezident İlham Əliyev: Biz, əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik
Müasir dövrdə Azərbaycanın dinamik inkişafını xarakterizə edən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə insanların rifah halının yaxşılaşması, onların sosial ehtiyaclarının daha dolğun şəkildə ödənilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanır. Respublikamızın büdcəsi sosialyönümlüdür. Bunu cari ilin büdcə xərclərinin əsas istiqamətləri bir daha təsdiqləyir. Cari ilin arxada qalan doqquz ayında ölkəmizdə dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı məhz sosial istiqamətə yönəldilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252 milyon manat və ya 8,9 faiz çoxdur.
Respublikada iqtisadiyyatın dinamik inkişafı sosial məsələlərin həlli ilə məharətlə uzlaşdırılır. Oktyabrın 8-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlətimizin başçısı bu cəhəti bir daha vurğulayaraq deyib: “Biz, əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən, sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik”.
Azərbaycanda işsizlik 5 faizə düşüb, maaşlar, pensiyalar, orta aylıq əməkhaqqı artıb
Ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətin konkret nəticələrini ilk növbədə işsizlik probleminin qısa müddətdə aradan qaldırılmasında görmək mümkündür. Məlumdur ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində prezident seçiləcəyi təqdirdə ölkədə işsizlik probleminin həllinə nail olacağını vəd etmişdi. Ötən 10 ildə ölkə ictimaiyyəti Prezident İlham Əliyevin respublikada əhalinin məşğulluğunun dolğun şəkildə təmin edilməsi üçün böyükmiqyaslı əməli tədbirlər gördüyünün şahidi olub. Nəticə, əlbəttə ki, sevindiricidir. Hazırda dünya miqyasında fəal əhalinin işsizlik probleminin dərinləşdiyi, hətta ayrı-ayrı ölkələrdə 25-30 faizə çatdığı halda Azərbaycanda bu göstərici 5 faiz həddinə düşüb. Son 10 ildə respublikamızda 1 milyon 300 min yeni iş yeri açılıb ki, onların da böyük hissəsi daimi olmaqla regionların payına düşür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında ölkəmizdə işsizlik probleminin aradan qaldırılmasından məmnunluğunu ifadə edib. Dövlət başçısı respublikada əhalinin məşğulluğunun təmin edilməsinə təsir göstərən amilləri diqqətə çatdırıb: “Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır”.
Prezident İlham Əliyev işsizlik probleminin aradan qaldırılmasında, həmçinin, 2004-cü ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının da böyük rol oynadığını bildirib. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının uğurla icra edilməsi bunu bir daha təsdiqləyir. Qeyd edək ki, sözügedən Dövlət Proqramının icrası nəticəsində cari ilin əvvəlindən bəri ölkəmizdə 100 mindən çox yeni iş yeri açılıb ki, bunun da 80 mindən çoxu daimi iş yeridir.
Onu da vurğulamaq lazımdır ki, son illərdə respublikamızda yeni iş yerləri əsasən qeyri-neft sektorunda yaradılıb. Bu da ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlıdır. Neft gəlirlərinin davamlı olaraq iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi sayəsində ölkəmizdə qeyri-neft sektorunun potensialı əhəmiyyətli dərəcədə artıb və hazırda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 55 faizə çatıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev respublikamızda qeyri-neft sektorunun inkişafının işsizliyin azalmasına böyük təsir göstərdiyini xüsusi vurğulayıb: “Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması, əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir”.
Ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətin məntiqi nəticəsi olaraq əməkhaqları, pensiyalar, orta aylıq əməkhaqqı da artır. İnflyasiyanın aşağı səviyyədə saxlanılmasının müqabilində insanların pul gəlirlərinin artması ölkədə həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı çıxışında vurğuladığı kimi: “İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir”.
Ölkənin investisiya portfelində sosial layihələrə kifayət qədər böyük həcmdə vəsait yönəldilir
Məlumdur ki, hazırda ölkəmizdə paralel olaraq həm regionların, həm də Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Sözügedən proqramlarda yerlərdə sosial təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsi, yeni sosial obyektlərin inşası və yaxud əsaslı şəkildə yenidən qurulması prioritet istiqamət təşkil edir. Prezident İlham Əliyev bunu ayrıca vurğulayaraq deyib: “Sosial layihələr icra edilir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları - bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür”.
Son illərdə intensiv surətdə reallaşdırılan infrastruktur layihələri içərisində yeni məktəb binalarının inşa olunması və yaxud əsaslı şəkildə təmir edilməsini xüsusi vurğulamaq gərəkdir. Son 10 ildə ölkəmizdə təhsillə bağlı layihələrin reallaşdırılmasına, öz növbəsində, sanballı töhfələr verən Heydər Əliyev Fondunun yaxından iştirakı ilə təxminən 3 min məktəb binası tikilib və yaxud yenidən qurulub. Əlamətdar haldır ki, şagirdlərin istifadəsinə verilən yeni məktəblərin hamısı müasir avadanlıqlarla, o cümlədən, kompüterlərlə təchiz edilib ki, bu da, öz növbəsində, təhsil ocaqlarında tədrisin səmərəliliyinin artmasına böyük təsir göstərib. Prezident İlham Əliyev sözügedən iclasda çıxışında ölkəmizdə məktəb tikintisinin, o cümlədən də, qəzalı vəziyyətdə olan təhsil ocaqlarının təmirinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirib: “Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək”.
Eyni müsbət fikirləri ölkəmizdə yeni səhiyyə ocaqlarının tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması haqqında da söyləmək mümkündür. Son illərdə respublikanın əksər bölgələrində müasir standartlara tam cavab verən yeni xəstəxanalar tikilib və yaxud mövcud səhiyyə ocaqlarında əsaslı yenidənqurma aparılıb. Təkcə cari ildə Bakı Sağlamlıq Mərkəzi, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu və bu kimi digər müasir tibb müəssisələri öz qapılarını sakinlərin üzünə açıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasında ölkənin bütün bölgələrində səhiyyə ocaqlarının müasir səviyyədə yenidən qurulmasının yaxın bir neçə ildə başa çatdırılacağını bildirib: “Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da k, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq”.
Respublikada uşaq bağçaları ilə təminat 100 faizə çatdırılacaq
Hazırda ölkəmizdə reallaşdırılan sosial infrastruktur layihələri içərisində uşaq bağçalarının tikintisinə diqqətin artması təqdirəlayiq haldır. Qeyd edək ki, Prezident İlham Əliyevin ciddi diqqət yetirdiyi bu sahəyə ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Nəticədə, respublikamızda uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə yüksəlib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı çıxışında bildirib ki, ölkəmizdə uşaq baxçaları ilə təminatın yaxşılaşdırılmasına bundan sonra da böyük diqqət yetiriləcək. Dövlət başçısı uşaq bağçaları ilə təminat sahəsində qarşıya yeni hədəflər qoyub: “Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun”.
Vəfa İsgəndərova

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31