Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir
27.10.2014 [10:17]
Görülən məqsədyönlü işlərin nəticəsində ölkəmizdə sənaye sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub
Hazırda müstəqil Azərbaycan bütün dünyada sabitlik və inkişaf adası kimi səciyyələnir. Ölkə iqtisadiyyatının potensialının ilbəil artması, həmçinin müsbət makroiqtisadi göstəricilər respublikamızın hərtərəfli dinamik inkişafını təsdiqləyir.
Ümumi daxili məhsulun artım dinamikası hər bir ölkənin iqtisadiyyatının dayanıqlığını şərtləndirən əsas amillərdəndir. Bu mənada Azərbaycanda ümumi daxili məhsulun ilbəil artması məmnunluq doğurur. Belə ki, son 10 ildə ölkəmizdə ÜDM istehsalında 3 dəfədən çox artıma nail olunub.
Ölkə iqtisadiyyatının inkişaf dinamikasında müşahidə edilən əsas cəhət isə qeyri-neft sektorunun, o cümlədən sənayenin üstün artımı ilə bağlıdır. Məlumdur ki, uzun illər ərzində neft sektoru Azərbaycan iqtisadiyyatında lokomotiv rolunda çıxış edib və bu gün də üstün mövqeyini qoruyub saxlamaqdadır. Bununla belə, ölkəmizdə iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Ölkəmizin gələcək inkişafı ilə bağlı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni paradiqmalar sırasında modern, innovasiyalara əsaslanan, elm tutumlu sənaye quruculuğu siyasəti mühüm yer tutur. Təsadüfi deyil ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Azərbaycanın iqtisadi sahədə yeni hədəfinin sənayenin inkişafı ilə bağlı olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir”. Ölkəmizdə sənaye inkişafına göstərilən diqqət bu sahədə dinamik artıma səbəb olub. Nəticədə, 10 il ərzində ölkəmizdə qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən sənaye məhsulu istehsalı 3,1 dəfə artıb.
Məqsədyönlü investisiya siyasəti sayəsində ölkənin sənaye xəritəsinə yeni müəssisələr əlavə olunub, respublikanın ixrac potensialı artıb
Son 10 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi rekord səviyyəyə-28 milyard dollara çatıb.
Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş praqmatik siyasətlə bağlıdır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər sayəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni sənaye müəssisələri yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətləri kimi ağir sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, qida-emal sənayesi, logistika, turizm kimi sahələr əsas götürür.
Azərbaycanın sərmayə bazarına yönəldilən investisiyaların strukturu da müxtəlifdir. Ölkəmizdə müxtəlif sahələrə yatırılan investisiyaların bir qismini xarici sərmayələr təşkil edir. Beynəlxalq miqyasda yüksək imic qazanan bir sıra xarici şirkətlər Azərbaycandakı əlverişli investisiya mühitindən bəhrələnməyə çalışaraq müxtəlif sahələrə sərmayələr yönəldirlər. Diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, ölkəmizə yatırılan investisiyaların strukturunda daxili investisiyaların həcmi ilbəil artaraq xarici sərmayələri üstələyib. Bu da ilk növbədə ölkəmizin iqtisadi gücünün artması, maliyyə imkasnlarının genişlənməsi ilə bağlıdır.
Əlamətdar haldır ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması qısa müddətdə ölkənin sənaye xəritəsində bir sıra yeni müəssisələrin yaranması və ölkənin ixrac potensialının artması ilə nəticələnib. Qeyd edək ki, ölkəmizdə daxili investisiya təminatının artmasında dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2006-cı ildə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar Cəmiyyəti böyük rol oynayıb. Ötən dövrdə Azərbaycan İnvestisiya Şirkəti ölkədə yeni müəssisələrin yaradılmasına mühüm töhfələr verib. Azərbaycanda və digər Xəzəryanı ölkələrdə gəmi tikintisinə olan tələbatı təmin etmək üçün yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə zavodun inşasını buna nümunə göstərmək mümkündür. AİŞ bu müəssisədə 25% paya sahibdir. Müəssisənin digər səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Keppel Offshore and Marine (Sinqapur) şirkətidir.
Bundan başqa, AİŞ-in iştirakı ilə “M-Pro” şirkətinin Hövsan qəsəbəsindəki süd zavodunun, “Qaradağ Sement” zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni sobanın, “Sənqəçal Qaradağ Neft və Qaz terminalı” layihəsinin başlanğıc fazasının inşası başa çatdırılıb. AİŞ həmçinin “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi Broyler”də həyata keçirilən layihələrdə iştirak edib.
Ümumiyyətlə, son 10 il ərzində respublikamızda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər müəssisə fəaliyyətə başlayıb.
Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.
Ötən 10 ildə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılıb, quş əti istehsalı 51 faiz artaraq 97 min tona çatdırılıb və nəticədə quş əti idxalı 73 faiz azalıb.
Ölkədə innovativ, elm tutumlu sənaye quruculuğu diqqət mərkəzində saxlanılır
Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan verib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb.
Prezident İlham Əliyevin 8 noyabr 2008-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamı və bununla bağlı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində ölkəmiz kosmik sənaye sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarıldı. Azərbaycanın ilk milli telekommunikasiya peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, 2020-ci ilədək isə bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması nəzərdə tutulub.
Prezident İlham Əliyev 5 noyabr 2012-ci il tarixində “Yüksək Texnologiyalar Parkının yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını təmin etmək məqsədilə müasir komplekslər - Yüksək Texnologiyalar Parkının yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi modern sənayeləşdirmə strategiyasında qarşıya qoyulan yeni hədəflər sırasında ölkədə sənaye klasterlərinin, hər rayonda sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən sənaye məhəllələrinin yaradılması sahəsində müasir təcrübə öyrənilib və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılıb.
Yeni sənayeləşmə siyasətində əsas hədəflərdən biri də güclü milli hərbi-sənaye kompleksinin yaradılmasıdır
Prezident İlham Əliyev müəyyənləşdirdiyi yeni sənayeləşdirmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi də prioritet hədəflərdən biri kimi qarşıya qoyub. Dövlət başçısının 16 dekabr 2005-ci il tarixli müvafiq Sərəncamına əsasən yaradılan Müdafiə Sənayesi Nazirliyi ölkənin Silahlı Qüvvələrini lazımi silah, hərbi texnika, sursatla təmin etmək üçün yeni istehsal sahələrinin işə salınması istiqamətində uğurlu addımlar atıb. Ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrin böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılıb. “İqlim”, “Dalğa” və “Sənayecihaz” Elmi İstehsalat Müəssisələri, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar, “Radioquraşdırma”, Şirvan “Araz”, Bakı “Cihazqayırma”, Xaçmaz “Kondensator” zavodları, “AZAD Systems Co.” müəssisəsi və Elmi–Tədqiqat İnstitutu əsaslı təmir və yenidənqurmadan sonra istismara verilib.
Ümumiyyətlə, müdafiə- sənayesi nazirliyinin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb. Artıq ölkənin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-i ötüb.
Sevindirici haldır ki, Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası ordumuzun tələbatını ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılır, beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir. İlk dəfə beynəlxalq sərgilərə cəmi 27 adda məhsulla qatılan MSN ötən ilin mayında İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində 130 növ döyüş texnikası ilə çıxış edib. Cari il sentyabrın 11-13-də Bakıda keçirilən “ADEX-2014” sərgisi isə Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun təsdiqlənməsi istiqamətində daha bir addım oldu.
Mübariz ABDULLAYEV
“İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38

