Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sənaye sektoru uğurla inkişaf edir

Azərbaycanda sənaye sektoru uğurla inkişaf edir

30.10.2014 [10:38]

Prezident İlham Əliyev: Bu il "Sənaye ili"dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir
Məlum olduğu kimi, Azərbaycan hazırda dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub. Heç şübhəsiz, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir sektor üzərində qurulması və iqtisadiyyatın yalnız bir amildən asılılığı inkişafa xidmət etmir. Bu baxımdan, Azərbaycanda da iqtisadiyyatın neft amilindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində ildən-ilə fəal, məqsədyönlü işlər aparılır. Əsas hədəf növbəti illərdə ümumi daxili məhsulun məhz qeyri-neft sektoru hesabına artırılmasına yönəlib.
Prezident İlham Əliyev bildirib ki, biz öz neft gəlirlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq: "Bunu söylədikdə biz daha çox iqtisadiyyatımızın şaxələndirilməsinə səylər göstəririk, iqtisadiyyatın enerji sahəsindən asılılığını azaldırıq, ölkənin və iqtisadiyyatın davamlı inkişafını təmin etməyə çalışırıq. Çünki neft və qaz tükənən bir sərvətdir. Azərbaycana gəldikdə, bizim sərvətlər hələ bir 100 il bizə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz bu "qara qızıl"ı insan kapitalına çevirməyə çalışırıq. Biz artıq bu işlərə başlamışıq. Biz aparıcı mütərəqqi texnologiyalara sərmayə qoyuruq, qeyri-neft sektoruna sərmayələr yatırırıq".
Bütövlükdə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Nəticədə ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb.  Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Cari ilin fevralında "Azərspace-1" ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. 
Əlavə edək ki, müstəqilliyin ilkin dövrlərində Azərbaycan iqtisadiyyatında neft sektorundan fərqli olaraq qeyri-neft sektorunda istehsalın real artımı zəif inkişaf etməkdə idi. Bu xüsusilə, neft sektoru ilə müqayisədə həmin sektora daha az xarici investisiyaların cəlb olunması və bu sektorun məhsullarına qarşı xarici tələbin zəif olması ilə əlaqədar olub. Lakin neftdən əldə edilən gəlirlərin qeyri-neft sahəsinə yatırılması və konkret islahatların aparılması nəticəsində sözügedən sahə inkişaf etdi. Bir sözlə, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb.
Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son illər xeyli kəskin azalıb.
İrəlidə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən, yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Azərbaycanda Sumqayıt və Balaxanıda sənaye və yüksək texnologiyalar parkının yaradılması iqtisadi artımın qeyri-neft sektoru amili hesabına təmin edilməsi ilə yanaşı, həm də ölkə iqtisadiyyatının modernizasiyasının həyata keçirilməsi, ölkə iqtisadiyyatının gələcək inkişafının innovativ trayektoriyaya çıxarılması istiqamətində həyata keçirilən çox ciddi addımlardan biridir. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, ölkəmizdə sənayeləşmə prosesi sürətlə gedir, texnoparklar yaradılır, yeni sənaye müəssisələri fəaliyyət göstərir. Bu da iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına xidmət göstərir: "Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr inkişaf edir - informasiya-kommunikasiya texnologiyaları, digər sahələr. Neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Yəni, gələcək illərdə bu proses davam etdiriləcəkdir".
Demək olar ki, Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Yəni, milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də inkişaf demək deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir.
Beləliklə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son 10 ildə respublikamızda qeyri-neft sektoru 2,6 faiz artıb, cari ilin arxada qalan doqquz ayında isə bu sahədə 6 faiz artım müşahidə edilib. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyərək 55 faizə yüksəlib. Prezident İlham Əliyev oktyabrın 8-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında ölkə iqtisadiyyatının çoxşaxəli olmasından, respublikada dayanıqlı inkişaf tempinin qorunub saxlanılmasından məmnunluğunu ifadə edərək deyib: "Bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir".
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan, elmtutumlu sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasında Prezident İlham Əliyev son illərdə ölkəmizdə sənaye quruculuğu istiqamətində görülən işləri xüsusi vurğulayaraq deyib: "Bu il "Sənaye ili"dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır".
Ölkəmizdə uğurlu sənaye quruculuğu siyasətindən söhbət açarkən bu məqsədlə möhkəm hüquqi bazanın yaradılmasını ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyevin ölkəmizdə modern sənaye quruculuğu ilə bağlı nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq qeyri-neft sahəsinin inkişafının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" müvafiq Fərman imzalayıb. Ölkəmizdə "Xüsusi iqtisadi zonalar haqqında" ayrıca Qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsidir. Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Dövlət başçısının imzaladığı yuxarıda bəhs olunan Sərəncama uyğun olaraq, ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb. Hazırda ölkədə cari il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiya siyasəti sayəsində respublikanın sənaye xəritəsi daha da zənginləşib, həmçinin, regionlar iqtisadi güc amilinə çevrilib. 
Nardar BAYRAMLI
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31