Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Doing Business-2015” hesabatında Azərbaycandakı sahibkarlıq mühiti və aparılan islahatlar yüksək qiymətləndirilir

“Doing Business-2015” hesabatında Azərbaycandakı sahibkarlıq mühiti və aparılan islahatlar yüksək qiymətləndirilir

06.11.2014 [09:46]

Anar Eminov: Azad biznes və özəl sektora dövlət dəstəyi faktorları Azərbaycanda ümumi inkişafın göstəricisinə çevrilib
Bildiyimiz kimi, hər il Azərbaycan iqtisadiyyatına böyük həcmdə daxili və xarici investisiyalar yatırılmaqdadır. Əlbəttə ki, bu prosesin davamlı olması, ilk növbədə, ölkədə sahibkarlıq mühitinə yaradılan şəraitin əlverişli olmasının nəticəsidir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının yüksələn göstəriciləri nüfuzlu beynəlxalq qurumların hər il hazırladıqları hesabatlarda da əksini tapır.
Belə ki, məlumatlara görə, Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik “Doing Business-2015” reytinqində Azərbaycan biznesin açılmasının sadəliyi üzrə ilk 20-liyə daxil olub. Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin (128-ci yer), Avstriya (101-ci yer), Belçika (14-cü yer), Braziliya (167-ci yer), Xorvatiya (88-ci yer), Çexiya (110-cu yer) kimi dövlətləri qabaqlayıb.
Hesabatda bildirilir ki, Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb. Qeyd edilir ki, Azərbaycan biznesin açılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənişi sahəsində dəyişikliklər həyata keçirərək ən çox sayda islahatlara görə ölkələrin onluğuna daxil olub.
Biznesin qurulması üzrə bir çox prosedurların sadələşdiyi Azərbaycan ötənilki nəticələrlə müqayisədə vergilərin ödənişində 77-ci yerdən 33-cü yerə yüksəlib. Hesabata əsasən, Azərbaycan yüklülük haqqında arayışın alınması üçün elektron sistemin tətbiqi vasitəsilə daşınmaz əmlakın mülkiyyətə verilməsini sadələşdirib. Bundan başqa, ölkədə qeydiyyatın və sosial sığorta haqlarının ödənişinin elektron sisteminin tətbiqi yolu ilə şirkətlər üçün vergilərin ödənişi də sadələşdirilib.
Xatırladaq ki, “Doing Business-2015” məruzəsi artıq 12-ci dəfədir tərtib olunur və 189 ölkəni əhatə edir. Məruzədə biznesin fəaliyyətinin bütün dövrü ərzində müəssisənin yaradılması, biznesin idarə edilməsi, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi, vergilərin ödənişi, həmçinin investorların hüquqlarının müdafiəsi səviyyəsi daxil olmaqla, biznesin inkişafına imkan yaradan və ya mane olan nizamlama normaları araşdırılır.
Qeyd olunan hesabatı şərh edən iqtisadçı ekspert Anar Eminov Azərbaycanda son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyasının daha da genişləndiyini deyib: “Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb. Bir neçə beynəlxalq təşkilatların hesabatlarının nəticələrindən bunu açıq-aydın görmək mümkündür. Məsələn, bu il “Economist İntelligence Unit” beynəlxalq təşkilatı biznes mühiti reytinqini açıqlayıb. Azərbaycan inkişaf etmiş dünya ölkələri içərisində 73-cü yeri tutur. Hesab edirəm ki, iqtisadi inkişafın əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları Azərbaycanda ümumi inkişafın göstəricisinə çevrilib. Həmçinin, Prezident İlham Əliyevin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirləri əhəmiyyətli hesab edirəm”.
Qeyd edək ki, əvvəlki illərin müvafiq hesabatlarında da Azərbaycan əksər ölkələri qabaqlayan yüksək pillələrdə yer tutub. Bu isə təsadüfi deyil, çünki Azərbaycanda yaradılan azad biznes mühiti, özəl sektorun inkişafına dövlət dəstəyi iqtisadiyyatın çox vacib hissəsini təşkil edən sahibkarlığın çəkisinin artmasına şərait yaradır. Sahibkarlıq fəaliyyətinə yaradılan azad şəraitin göstəricisi olaraq bu gün respublika iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorun payına düşür. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olaraq regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində paytaxtda və regionlarda orta və kiçik sahibkarlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər görülür. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu bölgələrdə sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində gerçəkləşdirilən tədbirlərin əsas məqsədlərindən biri ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, daha əlverişli investisiya üçün bütün investorlara azad rəqabət mühitinin yaradılmasıdır.
Qeyd etməliyik ki, sahibkarlığın inkişafı təkcə iqtisadiyyata deyil, sosial rifaha çox böyük təsir göstərir. Belə ki, hər yaradılan müəssisə, fabrik, emal zavodu onlarla, yüzlərlə yeni iş yerinin açılması deməkdir. Ölkədə işsizliyin səviyyəsinin 5 faiz həddinə enməsində, heç şübhəsiz, çoxsaylı sahibkarlıq müəssisələrinin yaradılmasının böyük rolu var. Bundan əlavə, yerli istehsalın artması xarici ölkələrlə ticarətdə müsbət saldoya təsir etməklə yanaşı, ölkədə məhsul bolluğu yaradır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi deməkdir.
Beləliklə, Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkənin müasir bir dövlət kimi formalaşmasına, əhalinin daha yaxşı yaşayışını təmin etməyə imkan verir. Bu baxımdan, sahibkarlığın inkişafı da ölkəmizin hərtərəfli inkişafının, müasirləşməsinin çoxsaylı göstəricilərindən biri kimi çıxış edir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1490 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31