Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Həyata keçirilən tədbirlər vergi borclarının azalmasına öz müsbət təsirini göstərib

Həyata keçirilən tədbirlər vergi borclarının azalmasına öz müsbət təsirini göstərib

27.11.2014 [09:40]

Tural Quliyev: Bu ilin 10 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azalıb
Son illər ölkəmizdə qanunla müəyyən olunmuş vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması, borcların alınmasında fərdi yanaşma prinsipinin tətbiqi ilə bağlı bir sıra əhəmiyyətli işlər görülüb. Bütün bunlar vergi öhdəliklərinin yerinə yetirilməsinə və vergi borclarının azalmasına da öz təsirini göstərib, 2010-cu illə müqayisədə vergi borclarının ümumi məbləği 2,5 dəfəyə qədər azaldılıb. Təkcə cari ilin 10 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azalıb, 209.988 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib. Hazırda borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 8,4 faiz təşkil edir. Bunu Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, birinci dərəcəli müfəttiş Tural Quliyev deyib.
Onun sözlərinə görə, vergi borclarının alınması prosedurları, əsasən, Vergi Məcəlləsi (VM) ilə müəyyənləşdirilir. Bununla yanaşı, həmin prosedurlar həyata keçirilərkən Mülki, Mülki-Prosessual, Cinayət məcəllələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına da istinad edilir.
Tural Quliyev bildirib ki, vergi borcları vaxtında ödənilmədikdə vergi orqanları tərəfindən bir sıra inzibati tədbirlər də həyata keçirilir: “Bunlardan biri ödənilməmiş vergi məbləğlərinə faizlərin hesablanmasıdır. VM-in 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bundan başqa, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə vergi orqanı VM-ə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərir. VM-in 65.1-ci və 65.2.1-ci maddələrinə əsasən, vergi borcları bildirişdə göstərilən müddətdə ödənilmədikdə vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilir. Borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması nəticəsində 2013-cü ildə 22,4 milyon manat, cari ilin ötən dövrü ərzində isə 27,1 milyon manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib”.
İdarə rəisi deyib ki, VM-in 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır. Məcəllənin 89.4-cü maddəsinə görə, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alınır. Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə 2014-cü ilin 10 ayı ərzində vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 67.404 sayda qərar açılıb, bu qərarlardan 72,6 faizi vergi borcu ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 478,7 min manat borc məbləğini əhatə edən 693 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə, əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 52,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
T.Quliyevin sözlərinə görə, VM-in 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən, borc məbləğinin vergi ödəyicisindən məcburi qaydada alınması məqsədi ilə aidiyyəti məhkəmə orqanlarına müraciətlər edilir. Cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən 154.040,6 min manat məbləğində vergi borcu olan 5785 vergi ödəyicisi üzrə məhkəmələrə edilmiş müraciətlər əsasında 128.922,5 min manat məbləğində vergi borcu olan 4785 vergi ödəyicisi barəsində iddialar təmin edilib, 208 vergi ödəyicisi üzrə isə 809,9 min manat məbləğində vergi borcu ödənildiyi üçün borcun ödənilməsinə dair qərardadlar qəbul olunub.
Bundan başqa, VM-in 23.1.16-cı maddəsinə əsasən, borclu fiziki şəxslərə inzibati həbs tətbiq olunması üçün məhkəmələrə təqdimat verilməsi məqsədi ilə müvafiq icra məmurlarına müraciətlər edilir. Eyni zamanda, borclu vergi ödəyiciləri cinayət məsuliyyətinə cəlb oluna bilər. Belə ki, VM-in 23.1.12-ci maddəsinə və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 11.16-cı bəndinə əsasən, cinayət tərkibi yaradan vergi borcu materialları ibtidai istintaq qaydasında araşdırılması məqsədi ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir. Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda (iki min manatdan əlli min manatadək olan məbləğ) və ya külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir.
İdarə rəisi onu da deyib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir. Məsələn, 3,2 milyon manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına görə “Azərinşaatservis” MMC-nin rəhbəri və baş mühasibi barəsində cinayət işi açılıb, yayındırılmış vergi məbləği tamamilə ödənildiyindən və həmin şəxslər cinayət əməlini ilk dəfə törətdiklərindən başlanılmış cinayət işinə xitam verilib. Ümumiyyətlə, cari ilin 10 ayı ərzində 145 iş üzrə 1 milyon 411,6 min manat məbləğində yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmayıb və ya başlanılmış cinayət işlərinə xitam verilib. Yayındırılmış vergi məbləğlərini ödəməyən vergi ödəyiciləri barəsində isə qanunvericilikdə nəzərdə tutulan daha sərt tədbirlər görülür.
Bundan başqa, VM-in 23.1.16-cı maddəsinə əsasən, borclu fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə müvafiq icra məmurlarına müraciətlər edilir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində isə göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ölkədən getmək hüququ məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytında da yerləşdirilir.
İdarə rəisi sonda onu da deyib ki, Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə təsnifləşdirilib. Borclu vergi ödəyiciləri barədə məlumat bazasının yaradılması vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, borclu vergi ödəyicilərinin müvafiq risk qruplarına ayrılması isə həmin ödəyicilər üzrə görülmüş və görüləcək işlərə nəzarətin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək edir. Məlumatlar Vergilər Nazirliyi tərəfindən hər ay yenilənərək yerli vergi orqanlarına təqdim edilir və onlara borcların dövlət büdcəsinə alınması ilə bağlı lazımi əməli köməklik göstərilir.
NADİR

Paylaş:
Baxılıb: 1082 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31