Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın 50 milyard dollardan çox valyuta ehtiyatları vardır

Azərbaycanın 50 milyard dollardan çox valyuta ehtiyatları vardır

14.01.2015 [09:43]

Prezident İlham Əliyev: Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq
Son 11 ildə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada ön sıralarda qərar tutub. Bu cəhətdən artıq tarixə dönən 2014-cü il də istisna olmayıb. Belə ki, ötən ildə də yüksək inkişaf dinamikasını saxlayan respublikamızın bütün iqtisadi göstəriciləri müsbət olub.
Ölkəmizin gələcəyi ilə bağlı nikbinlik doğuran əsas məqamlardan biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Azərbaycan həm də etibarlı maliyyə təminatına malik ölkəyə çevrilib. Hazırda respublikamız öz ümumi daxili məhsulunun təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Bu göstəriciyə görə ölkəmiz dünya miqyasında ilk iyirmilikdə qərar tutur. Strateji valyuta ehtiyatlarının indiki həcmi ölkəmizin üçillik əmtəə və xidmət idxalını qarşılamağa kifayətdir. Sevindirici haldır ki, respublikamızın heç bir ölkə qarşısında öhdəliyi yoxdur və strateji valyuta ehtiyatları xarici dövlət borcunu 8 dəfədən çox üstələyir.
Ölkəmizin etibarlı maliyyə dayanıqlılığının təmin olunması respublikamızda həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyev böyük investisiya xərcləri ilə paralel surətdə, strateji valyuta ehtiyatlarının artırılmasını da bir vəzifə kimi qarşıya qoyub. Cari il yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı bu sahədə qarşıya qoyulan vəzifənin uğurla təmin edildiyini nəzərə çatdıraraq vurğulayıb: “Valyuta ehtiyatlarımız artıb. Yadımdadır, bir il bundan əvvəl göstəriş vermişdim ki, baxmayaraq, 2014-cü ildə bizim böyük xərclərimiz - həm infrastruktur layihələrinin, neft strategiyamızın icrası, “Cənub” qaz dəhlizinin inşası ilə bağlı böyük xərclər olacaq, ancaq biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq”.
Ölkənin strateji valyuta ehtiyatlarının artması yeni layihələri bundan sonra da yerinə yetirməyə imkan verəcək
Son illərdə Azərbaycanda davamlı olaraq iri proqramlar, infrastruktur layihələri reallaşdırılır. Təkcə ötən il respublikamızda Heydər Əliyev Beynəlxalq Aeroportu yenidən qurulub, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı, Şəmkirçay su anbarı, illik istehsal gücü 2 milyon tona çatan “Norm” sement zavodu, çoxlu sayda digər sənaye müəssisələri istifadəyə verilib, ölkənin sayca ikinci-yer səthinin müşahidə peyki orbitə buraxılıb, qaçqın və məcburi köçkün soydaşlarımız üçün mənzil tikintisi, başqa sosial proqramların icrası davam etdirilib.
Belə layihələr Prezident İlham Əliyevin vurğuladığı kimi, ancaq güclü dövlətdə icra edilə bilər. Dünya ölkələri ilə paralellər apardıqda Azərbaycanın gücü, üstünlüyü aydın şəkildə nəzərə çarpır. Hazırda bir sıra ölkələrdə vəziyyət o dərəcədə ağırlaşıb ki, hətta sosial proqramlar belə ixtisara salınır, maaşlar, pensiyalar azaldılır, Azərbaycan isə sırf daxili vəsaitləri hesabına müxtəlif sahələrdə yeni-yeni layihələr reallaşdırmağa təşəbbüslər göstərir və müəyyən olunmuş vaxtda qarşıya qoyulan böyük hədəflərə çatır. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında Prezident İlham Əliyev zamanında infrastruktur layihələrinə, iqtisadiyyatın real sektoruna yönəldilən investisiyaların ölkəmizin bugünkü reallığını təmin etdiyini xüsusi nəzərə çatdırıb: “Son illərdə biz ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəltmişik. Hesab edirəm ki, bu, düzgün siyasət idi. Bu siyasət bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə, real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik”.
Ölkənin etibarlı maliyyə təminatı onu deməyə əsas verir ki, Azərbaycan 2015-ci ildə də uğurlu inkişafını davam etdirəcək və gələcəkdə nəzərdə tutulan bütün layihələr reallaşdırılacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında cari illə bağlı nikbinliyini ifadə edərək bildirib: “2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir”.
Manatın məzənnəsi bundan sonra da sabit saxlanılacaq
Milli valyuta hər bir ölkənin müstəqilliyinin əsas atributlarından biridir və daxili bazarın, makroiqtisadi və maliyyə sabitliyinin, o cümlədən də sosial sabitliyin qorunmasında mühüm amil kimi çıxış edir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır. Son illərdə qlobal miqyasda baş verən mənfi meyillər ayrı-ayrı ölkələrin milli valyutalarının məzənnəsinə də sarsıdıcı zərbə vurub və nəticədə, bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğrayıb.
Azərbaycanın nümunəsində isə başqa mənzərənin şahidi oluruq. Qlobal risklər müqabilində ölkə iqtisadiyyatının daha da genişlənməsi, strateji valyuta ehtiyatlarının ilbəil artması, eləcə də, müxtəlif seqmentlər vasitəsilə çevik tənzimləmə mexanizmləri manatın məzənnəsinin sabit qalmasını şərtləndirib. Qürurverici haldır ki, bu gün Azərbaycan manatı öz dəyərini qoruyaraq yüksək konvertasiya qabiliyyətli valyuta qismində çıxış edir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanıyıb və onun çox müsbət perspektivlərini qeyd ediblər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında manatın məzənnəsinin sabit qalmasından məmnunluğunu ifadə edərək bildirib: “Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir”.
Şübhə yoxdur ki, ölkəmizdə həyata keçirilən səmərəli tədbirlər sayəsində dünya birjalarında neftin qiymətinin ucuzlaşmasına, həmçinin, digər qlobal risklərə baxmayaraq, milli valyutamızın məzənnəsi bundan sonra da sabit qalacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Dünyada neftin qiyməti kəskin şəkildə, 2 dəfədən çox aşağı düşmüşdür. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir”.
Qlobal risklərin artması şəraitində maliyyə vəsaitlərindən qənaətlə istifadə olunması vacib şərtdir
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ölkənin dinamik sosial-iqtisadi inkişafından məmnunluğunu ifadə etməklə yanaşı, qlobal risklərin artması şəraitində maliyyə vəsaitlərindən qənaətlə istifadə olunması ilə bağlı vacib mesajlar da verib. Dövlət başçısı bildirib ki, heç bir sahədə vəsaitlərin xərclənməsində israfçılığa yol verilməməlidir, eyni zamanda, dövlət qurumlarında idarəetmə prinsipləri təkmilləşdirilməlidir: “Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31