Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni məzənnə siyasəti iqtisadiyyatın inkişafına müsbət təsir göstərib

Yeni məzənnə siyasəti iqtisadiyyatın inkişafına müsbət təsir göstərib

10.07.2015 [09:57]

Vüqar Bayramov: Manatın devalvasiyası ölkəmizin valyuta ehtiyatlarının həcmindəki stabilliyi qoruyub saxlamağa imkan verdi
Məlum olduğu kimi, son illərdə dünya üzrə müşahidə edilən arzuolunmaz tendensiyalar, o cümlədən də, iqtisadi aktivliyin azalması qlobal miqyasda ticarət və əmtəə bazarlarına öz mənfi təsirlərini göstərib. Qlobal risklərin artdığı indiki şəraitdə hər bir ölkə öz milli maraqlarından çıxış edərək daxili bazarın dünyadakı mənfi iqtisadi konyukturun təsirlərindən qorunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin zəifləməsinin qarşısının alınması qayğısına qalmalı və bu məqsədlə adekvat tədbirlər görməlidir. Bu mənada Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarı ilə ölkəmizdə cari il fevralın 16-dan tətbiqinə start verilən yeni məzənnə siyasəti çox aktual idi. Başqa sözlə desək, yeni məzənnə siyasətinin tətbiqinə start verilməsi ilə milli valyutanın - manatın dollara nisbətdə dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət edir. Doğrudur, bəzi “ekspertlər” ilkin vaxtlarda bu vəziyyətin ciddi problemlər yaradacağını iddia etsələr də, amma hazırda proseslərin müsbət məcrada inkişaf etdiyini söyləyə bilərik.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında milli valyutaların son 2 ildə məzənnəsinin dəyişmə tendensiyasının təhlili göstərir ki, bütün tərəfdaş ölkələrdə milli valyutalar dəyər itirib. Belə ki, son 2 ildə qardaş Türkiyədə milli valyuta 34 faiz dəyərini itirib, şimal qonşumuz olan Rusiyada rubl 2 dəfəyə yaxın ucuzlaşıb. Qonşu Gürcüstanda isə milli valyuta sözügedən dövrdə 40 faizə yaxın dəyər itirib. Ukraynada isə vəziyyət daha acınacaqlıdır: son 2 ildə bu ölkənin milli valyutası 6 dəfə ucuzlaşıb. Əsas ticarət tərəfdaşımız olan Avrozona ölkələrində isə avro dollara nisbətən yalnız son 1 ildə 30 faizdən artıq dəyər itirib. Bir il öncə 1,40 dollara təklif edilən avro indi cəmi 1,05 dollara satılır: “Göründüyü kimi, ölkəmizin əsas ticarət tərəfdaşları öz milli valyutalarının kəskin devalvasiyasını həyata keçirib. Bununla yanaşı, Ukrayna və Rusiya istisna olmaqla, sözügedən dövrdə həmin ölkələrdə inflyasiya səviyyəsi birrəqəmli olub. Bu isə o deməkdir ki, hətta inflyasiya səviyyəsi nəzərə alındıqda belə, tərəfdaş dövlətlərdən Azərbaycana idxal edilən məhsulların manat ifadəsində xərci kəskin aşağı düşmüşdü. Əksinə, milli valyutamızın uzun müddət stabil qalması və əsas tərəfdaş ölkələrdə müşahidə edilən devalvasiya yerli ixrac mallarının bahalaşması nəticəsində onların ixrac qabiliyyətini xeyli azaltmışdı. Avrozonada milli valyutanın dəyərdən düşməsi bir daha təsdiq edir ki, qlobal dəyişikliklər fonunda manatın yumşalması qaçılmaz idi”.
V.Bayramov qeyd edib ki, manatın xarici valyutalara nisbətən dəyərinin yumşalmasının pozitiv təsirləri artıq müşahidə edilməkdədir. Belə ki, 2015-ci ilin yanvar-aprel aylarında ölkəmizin ticarət dövriyyəsinin həcmi, statistik məlumatlara əsasən, 9387,2 milyon ABŞ dolları, o cümlədən, ixracın həcmi 5984,1 milyon dollar, idxalın həcmi 3403,1 milyon dollar təşkil edib, nəticədə 2581,0 milyon dollarlıq müsbət saldo yaranıb. Manatın məzənnəsinin yumşalması ölkənin qeyri-neft ixracatının yüksəlməsinə səbəb olub. Belə ki, bu müddətdə qeyri-neft məhsullarının ixracı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 34,9 faiz artaraq 596,5 milyon dollar təşkil edib. Eyni zamanda, yeni kənd təsərrüfatı mövsümünün başlanması ilə bağlı olaraq qeyri-neft sektorunun ixrac qabiliyyətinin daha da yüksələcəyi gözlənilir. “Manatın devalvasiyası ölkəmizin valyuta ehtiyatlarının həcmindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Mövcud beynəlxalq iqtisadi dəyişiklikləri nəzərə aldıqda bu, olduqca müsbət məqam kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycanın dövlət rezervləri xarici borclarından 8 dəfə çoxdur və bu, Azərbaycanın özünü uzunmüddətli böhrandan sığortalamasından xəbər verir. Növbəti illərdə neftin qiymətindəki azalma tendensiyası davam edərsə belə, Azərbaycan artıq böhranlardan və durğunluqdan sığortalanır və iqtisadiyyatı nəinki qısamüddətli, hətta uzunmüddətli sığortalanmış olur. 45 milyard dollar rezervə malik olan ölkəmiz MDB-də adambaşına düşən rezervin həcminə görə birincidir, ümumi rezervlərin mütləq ifadədə həcminə görə isə yalnız Rusiyadan geri qalır. Azərbaycanın dövlət rezervləri Ermənistanın dövlət rezervlərindən 25 dəfə, Gürcüstanın dövlət rezervlərindən 17 dəfə, Belarusun dövlət rezervlərindən 6 dəfə çoxdur. Neftin dünya bazar qiyməti fonunda 2014-cü ilin iqtisadi yekunları göstərdi ki, ölkə Prezidentinin siyası iradəsi və düzgün iqtisadi siyasət nəticəsində ölkəmiz özünü uzunmüddətli dövrdə böhrandan sığortalaya bilib. Azərbaycan Mərkəzi və Şərqi Avropa və MDB-də xarici borcun ÜDM-də payı birrəqəmli olan yeganə ölkədir. Xarici borcun ÜDM-də payı Ermənistanda ÜDM-in 60 faizinə yaxınlaşır, Gürcüstandan isə ÜDM-in yarısından çoxdur. Hətta MDB-nin neft ixrac edən ölkələrindən olan Qazaxıstanda bu göstərici 65 faizdən artıqdır. Praktik olaraq, Azərbaycan MDB ölkələri arasında böhrandan sığortalanmaq üçün təhlükəsizlik yastığına malik olmaq baxımdan ən yaxşı vəziyyətdə olan ölkədir”, - deyə V.Bayramov vurğulayıb.
Ekspert bildirib ki, bir tərəfdən, iqtisadi-maliyyə stabilliyi, digər tərəfdən, ixracın stimullaşdırılmasına xidmət edən monetar siyasət Azərbaycan sahibkarlarının ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. İxrac imkanlarının genişləndirilməsi isə iqtisadi diversifikasiyanın əsas prioritetlərindəndir. Deməli, ixrac potensialını genişləndirən sahibkarlarımız, eyni zamanda, ölkəmizin əsas iqtisadi prioritetlərinin reallaşmasına töhfə vermiş olacaqlar.
Nardar BAYRAMLI

 
Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31